Məhkəmə qərarları › İş №1(008)-119/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-119/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-119/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsəi, Yataqxana 22, məhəllə 14/15, ev 9-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının əvvəllərində, 26.07.2007-ci ildə ölmüş və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatının yaxınlığında olan qəbirstanlıqda (dəfn olunmuş) basdırılmış X2 qəbiri üzərində quraşdırılmış məzar daşının ön və arxa hissəsinə, qəsdən qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız söz və ifadələr olan mətnlər yazaraq mərhum X3 qəbiri üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 onun qaynı olub və o, 2007-ci il tarixdə vəfat edib. X4 vəfat etdikdən sonra onun həyat yoldaşı Sücayətlə uzun illərdir ki, aralarında ev və torpaqla bağlı mübahisələr var. Ev və torpağa görə dəfələrlə Faizə və Sücayətlə arasında münaqişələr olmuş və münaqişələri davam edir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə baldızı Faizə və qaynının həyat yoldaşı Sücayətlə söhbət etmək istəsə də, Faizə və Sücayət onunla görüşərək söhbət etməkdən yayınmışlar. Sonuncu dəfə iyul ayının əvvəllərində Faizə və Sücayətlə söhbət etmək istəmiş, lakin onlar yenidən onunla görüşərək söhbət etməkdən yayındıqları üçün əsəbiləşmiş və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatının yaxınlığında yerləşən qəbirstanlıqda dəfn edilmiş qaynı X2 məzarının üstünə gəlmişdir. Məzara gəldiyi zaman yoldan qırmızı rəngli marker qələm almış və onu da özü ilə götürmüşdür. Vəfat etmiş qaynı X2 məzar daşının ön və arxa hissəsinə ajığından qırmızı rəngli marker flomasterlə Faizə və Sücayət barəsində nəlayiq ifadələr yazmışdır. Daha sonra, markeri tullayaraq baldızı Faizənin həyata yoldaşı İsanın yanına gələrək onunla görüşmüşdür. İsa ilə görüşündə ev və torpaqla bağlı söhbətlər apararaq onun payına düşən evi və torpağın verilməsini tələb edərək uzun söhbətlər aparmışdır. İsa ilə söhbət etdikdən sonra oradan çıxaraq yaşadığı evə getmişdir. Dərgahın məzar daşına nəlayiq ifadələr yazmaqda məqsədi, öz sözlərini Faizə və Sücayətə çatdırmaq olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynının yoldaşıdır. Kifayətlə aralarında dəfələrlə mübahisə olmuş, Kifayət müxtəlif vaxtlarda onun evinə gələrək nəlayiq ifadələrlə onu təhqir etmişdir. 11.08.2020-ci il saat 13:30 radələrində yaşadığı evdə olduğu zaman baldızı Şahid1 onun mobil telefonuna zəng etmiş, telefona cavab verdiyi zaman baldızı Faizə mərhum həyat yoldaşı X2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığında yerləşən qəbirstanlıqdakı məzarını ziyarətə getdiyini, bu zaman qəbir üstü abidənin üzərində qırmızı rəngli qələmlə nəlayiq ifadələrin yazıldığını bildirmişdir. O, baldızına qəbirstanlığa gələcəyini bildirmiş və dərhal hazırlaşaraq evdən çıxaraq mərhum həyat yoldaşının məzarı yerləşən qəbirstanlığa gəlmişdir. Ora çatdıqdan sonra baldızı Faizənin orada onu gözlədiyini, mərhum həyat yoldaşının məzarına yaxınlaşdığı zaman qəbirüstü abidənin üzərində qırmızı rəngli qələmlə gözlə kənardan görünən şəkildə nəlayiq ifadələr yazıldığını görmüşdür. Bundan sonra, yazının qaynının keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən yazıldığını başa düşmüşdür. İlk əvvəl qəbirüstü abidənin üzərində yazılanları silmək istəmiş, lakin sonradan polisə bu barədə məlumat verəcəkləri üçün bunu etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 onun ögey qardaşıdır. 11.08.2020-ci il saat 13:00 radələrində ögey qardaşı X2 məzarını ziyarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığında yerləşən qəbirstanlığa getmişdir. Orada qardaşının qəbirüstü abidəsinə yaxınlaşdığı zaman qırmızı rəngli qələmlə abidənin üzərinə yazılar yazıldığını görmüşdür. Həmin yazıları oxuduğu zaman qardaşının qəbirüstü abidəsinin üzərinə yazılan yazıların nəlayiq sözlər olduğunu görmüşdür. Bundan sonra, dərhal mərhum qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs zəng etmiş, ona gördükləri ilə bağlı məlumat vermiş və Sücayət ona qəbirstanlığa gələcəyini bildirmişdir. Bir müddət sonra Sücayət qəbirstanlığa gəlmiş, o, gəldikdən sonra yazıların Təqsirləndirilən şəxs tərəfindən yazıldığını bildirmişdir. Bundan sonra, ilk əvvəl qəbirüstü abidənin üzərində yazılanları silmək istəmişlər. Lakin, sonradan polisə bu barədə məlumat verməyi planlaşdırdıqları üçün bunu etməmişlər. Cinayət işinin 7-8-ci vərəqəsində olan 12 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, B.Şükürovun, M.Mirzəyevin, M.Sadıqovun və F.Osmanovun iştirakı ilə 12 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatının yaxınlığında olan qəbirstanlıqda (dəfn olunmuş) basdırılmış X2 qəbiri üzərində quraşdırılmış məzar daşının üzərinə baxış keçirilmiş, baxış zamanı məzar daşının ön və arxa hissəsinə qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız söz və ifadələr olan mətnlərin yazıldığı müəyyən edilmişdir. Cinayət işinin 51-54-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 467/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri müddətinin əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-ci vərəqəsində olan 01 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 140-cı vərəqəsində olan 20 oktyabr 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixdə tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 150-153-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 624/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 111-112-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 avqust 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Hüseynova X1 Rayon Məhkəməsinin 02 dekabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məvləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Və Reablitasiya Xidmətinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işinin 168-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 119 saylı, 13.11.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəlik müşahidə edilir. Təqsirləndirilən şəxs düçar olduğu «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəlik onu qərarın təsviri hissəsində göstərilən və ona ittiham edilən cinayət hadisəsini törətdiyi dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və tam idarə etmək iqtidarından məhrum etmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla belə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniyaya xas əlamətlər müəyyən edilir. Lakin, həmin patologiya hazırda davamlı kompensasiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən hallan, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun qəbir üzərində təhqiredici hərəkət etməsi əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, İİ qrup əlil olmaqla xəstəliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 20 oktyabr 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki işin istintaqı zamanı azadlığının məhdudlaşdırıldığı vaxtı, yəni 01 (bir) ay 19 (on doqquz) gün (tutulduğu və ev dustaqlığı qətimkan tədbiri seçilmiş vaxt) müddətinin 01 günü azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutulmaqla onun jəzasından çıxılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1000 manat məbləğində jərimə cəzası hazırki hökmə tamamilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında olduğu 01 (bir) ay 19 (on doqquz) gün onun cəzasından çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar