Məhkəmə qərarları › İş №1(008)-119/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-119/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-119/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X19 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:05 radələrində “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 190” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə üzü Sabunçu Rayon İcra Hakimiyyəti istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Yavər Əliyev küçəsi 132 saylı ünvanda yerləşən “Bakıxanov Mail” Ticarət Mərkəzinin qarşında yolu sağ tərəfindən sol tərəfə keçmək istəyən piyada X6 idarə etdiyi avtomobilinin ön sol hissəsi ilə ehtiyyatsızlıqdan vurub ona baş beyinin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, baş beyinin sağ təpə-gicgah və alın paylarının subdural hematoması (sağ beyin yarımkürəsi üzərində sərt qişa altına qanın yığılması), ənsə nahiyəsinin dərialtı hematoması, sağ təpə-gicgah və alın sümüklərinin kəllə əsasına keçən açıq, xətti sınıqları, ağciyərlərin kontuziyası, ikitərəfli pnevmotoraks (sağ və sol döş boşluğuna hava yığılması), sol körpücük və sol kürək sümüklərinin, hər iki qasıq, sağ oturaq və sol baldır sümüklərinin yerini dəyişən qapalıqəlpəli sınıqları, başın, sifətin və sol aşağı ətrafın əzilmiş-cırılmış yaraları və sıyrıqları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, bu xəsarətlərdən sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən açıq, xətti sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, iltihabı və ödemi Ramazan Danaçıyevin xx.xx.2024-cü il tarixdə X17 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Mercedes Benz 190” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil Nəbi-zadə Amil Kərəm oğlunun adına olsa da faktiki avtomobil onun olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 01:05 radələrində “Mercedes Benz 190” minik markalı avtomaşını ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə üzü Sabunçu Rayon İcra Hakimiyyəti istiqamətində 50 saat km sürətlə hərəkət edirdi. Yavər Əliyev küçəsindəki 3 zolaqlı yolun 1-ci zolağı ilə hərəkət edib, “Bakıxanov Mall”ın qarşısında sola doğru dönmə əməliyyatı etmək üçün sol güzgüdən arxadan gələn avtomobillərin gəlməsinə nəzarət edib, 50 km saat sürətlə sola doğru zolağı dəyişərkən yolun sağ tərəfindən qaçaraq sol tərəfə doğru yolu keçmək istəyən piyadanı avtomobilinin qabaq sol hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən həmin piyada yola yıxılmışdır. O, dərhal avtomobilini saxlayıb, yerə düşərək həmin piyadaya tibbi yardım göstərilməsi üçün X20 çağırmış və bir qədər sonra X20 avtomobili gəlmişdir. Həmin piyadanın X20 avtomobilinə yerləşdirilməsinə kömək edib, onu xəstəxanaya yola salmış və özü də polis əməkdaşlarını gözləmişdir. Bir müddət sonra hadisə yerinə gələn polis əməkdaşları gəlmişdir. Vurulmuş piyada Ramazan Danaçıyev xəstəxanada qalmış və müalicə almağa başlamışdır. O, 17 sentyabr 2024-cü il tarixədək X17 müalicə alsa da, həmin tarixdə vəfat etmişdir. Göstərilən müddət ərzində Ramazan Danaçıyevin xəstəxana xərclərini və vəfat etdikdən sonra bütün yas mərasimlərinin, həmçinin zəruri digər xərcləri qarşılamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi Manana Danachıeva ifadəsində göstərdi ki, o, Gürcüstan Respublikasında doğulsa da, 1985-ci il tarixdən Azərbaycan Respublikasında yaşayır və milliyətcə Azərbaycanlıdır. Gürcü dilini yaxşı bilmir. Latin qrafikalı əlifba ilə sərbəst yaza və oxuya bilir. Buna görə də tərcüməçiyə ehtiyacı yoxdur. X2 onun doğma oğludur. Mərhum oğlu orta məktəbi bitirsə də ayağında olan fiziki problemə görə hərbi xidmətə getməmiş və müalicə almışdır. Ramazan yeriyərkən nisbətən sağ ayağını düzgün ata bilməmişdir. 21 iyul 2024-cü il tarixdə oğlu Ramazan təxminən saat 16 radələrində evdən çıxmış və “Məscid”ə gedəcəyini demişdir. O, namaz qılmasa da tez-tez məscidə gedib, orada oturaraq söhbətlərə qulaq asarmış. Həmin gün Ramazan evə gəlməmiş və sabahı gün polisdən bir nəfər zəng edib, Ramazan Danaçıyevin oğlu olub-olmamasını soruşmuş və o da təsdiq edərkən oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması və X11masını demişlər. O, xəstəxanaya getmişdir. Ramazan xəstəxanada müalicə alırmış və artıq “koma”da imiş. Onunla danışa bilməmişdir. Hadisə barəsində isə sonradan öyrənmiş və Ramazanın Bakıxanov qəsəbəsində yolu keçmək istəyərkən avtomobilin oğlunu vurmasını bilmişdir. Mərhum oğlu Ramazan xəstəxanada olarkən onun bütün xərclərini hadisəni törətmiş Təqsirləndirilən şəxs və ailə qarşılamışdır. Lakin 17 sentyabr 2024-cü il tarixdə oğlu artıq vəfat etmişdir. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi Manana Danachıeva Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 10-14-cü vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki “Kontakt Home” mağazasının qarşısıdır. Yolun hərəkət hissəsi – düz, örtüyün növü – asvalt beton, örtüyün vəziyyəti – quru, yol örtüyünün eni – 18 metr, hərəkət zolaqlarının sayı -6, hərəkət hissəsinin eni – 18 metrdir. Cinayət işinin 26-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 209 nömrəli rəydən görünür ki, mərhum X4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyinin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və qişalarına qansızma. Baş beyinin sağ təpə-gicgah və alın paylarının subdural hematoması (sağ beyin yarımkürəsi üzərində sərt qişa altına qanın yığılması). Ənsə nahiyəsinin dərialtı hematoması. Sağ təpə-gicgah və alın sümüklərinin kəllə əsasına keçən açıq, xətti sınıqları. Ağciyərlərin kontuziyası, ikitərəfli pnevmotoraks (sağ və sol döş boşluğuna hava yığılması). Sol körpücük və sol kürək sümüklərinin, hər iki qasıq, sağ oturaq və sol baldır sümüklərinin yerini dəyişən qapalı-qəlpəli sınıqları. Başın, sifətin və sol aşağı ətrafın əzilmiş-cırılmış yaraları və sıyrıqları. Xəsarətlər həyati olub, X5 X18 daxil olmasından (xx.xx.2024-cü il tarixdə, saat 01:25) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomaşını vurması nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən açıq, xətti sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, iltihabı və ödemi olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 18:00-da X17 baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X3 uzun müddət xəstəxanada stasionar şəraitdə müalicə aldığından meyitdən etil spirtinin təyini üçün məhkəmə-kimyəvi müayinəyə qan nümunəsi götürülməmişdir. Mərhumun adına X17 tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur. Cinayət işinin 35-ci vərəqində olan zərəçəkmiş şəxsin hüquqi varisi Manana Danachıevanın notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərzəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı həyatını itirmiş X5 vəfatı ilə əlaqədar hadisəni törədən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyam ödənilmişdir, onunla barışmışlar, ona qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli, 8/2359 nömrəli rəydən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Mercedes Benz 190” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 72-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-84-cü vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Mercedes Benz 190” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və həmin avtomobilin Təqsirləndirilən şəxs olmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan – “Mercedes Benz 190” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – “Mercedes Benz 190” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar