Məhkəmə qərarları › İş №1(008)-12/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-12/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-12/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1999-cu il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 1990-cı il tarixdə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olan və ünvan 1, mənzil 51 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 30 oktyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vermiş olduğu borcu qaytarmamasını bəhanə edərək, özlərinin üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmalarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyətilə Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamış və ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, orada yaşayan şəxslərin gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı fənd işlədərək onu yerə yıxıb ona boyun və sol bazu nahiyələrinin qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, E.Ş. Xəlilov isə Zərərçəkmiş şəxs ağız nahiyəsindən yumruqla bir dəfə vuraraq ona üst və alt dodağın iç səthinin əzilmiş yaraları və həmin səviyyədə alt çənədə öndə sol 2-ci və sağ 1-ci kəsici dişlərin travmatik itirilməsi, sol 1-ci kəsici dişin isə travmatik laxlaması ilə müşayiət edilən xəsarətlər yetirərək sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla bir qrup şəxs tərəfindən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 30 oktyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vermiş olduğu borcu qaytarmamasını bəhanə edərək, özlərinin üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmalarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyətilə onunla mübahisə etməyə başlamış açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı fənd işlədərək onu yerə yıxıb ona boyun və sol bazu nahiyələrinin qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs ağız nahiyəsindən yumruqla bir dəfə vuraraq ona üst və alt dodağın iç səthinin əzilmiş yaraları və həmin səviyyədə alt çənədə öndə sol 2-ci və sağ 1-ci kəsici dişlərin travmatik itirilməsi, sol 1-ci kəsici dişin isə travmatik laxlaması ilə müşayiət edilən xəsarətlər yetirərək sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla bir qrup şəxs tərəfindən xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 oktyabr 2020-ci il tarixdə Rəşad ondan borc şəklində 10 manat məbləğində pul almış və həmin gün qaytaracağını bildirmişdir. Lakin Rəşad ona olan borcu qaytarmadığı üçün o, 30 oktyabr 2020-ci il tarixdə, saat 19:45 radələrində Rəşadın yaşadığı evin qarşısında onunla qarşılaşmış və bu zaman borc şəklində verdiyi 10 manat məbləğində pulu qaytarmasını bildirmişdir. Rəşad pulunun olmadığını bildirərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, o həmin ifadələri işlətdiyi üçün Rəşadı yerə yıxmış, ardınca orada olan Elvin onun ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra isə o və Elvin həmin yeri tərk etmişlər. Halhazırda törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə, saat 19:45 radələrində tanışları Emin və Mükərrəm ilə birlikdə yaşadığı məhəllədə olarkən Emin Rəşada borc şəklində 10 manat məbləğində pul verdiyini demişdir. Bundan bir müddət sonra Emin Rəşadı yaşadığı evin qarşısında görüb borc şəklində verdiyi 10 manat məbləğində pulu qaytarmasını ona bildirmişdir. Rəşad isə pulun olmadığını deyərək Eminin ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Emində həmin ifadələri işlətdiyi üçün Rəşadı yerə yıxmış, ardınca isə o, Rəşadın ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Mükərrəm yaxınlaşıb onları aralaşdırmışdır və bundan sonra isə o və Emin həmin yeri tərk etmişlər. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 oktyabr 2020-ci il tarixdə Emindən borc şəklində 10 manat məbləğində pul almışdır. Bundan bir neçə gün sonra 30 oktyabr 2020-ci il tarixdə, saat 19:45 radələrində yaşadığı evin qarşısında olan zaman Təqsirləndirilən şəxs1 borc şəklində verdiyi 10 manat məbləğində pulu qaytarmalı olduğunu ona bildirmiş, o isə üzərində 100 manatlıq əsginasın olduğunu və həmin pulu xırdalayıb qaytaracağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onu yerə yıxmış, Təqsirləndirilən şəxs2 isə onun ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuş və ardınca da hər ikisi həmin yeri tərk etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayəti, mülki iddası və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə, saat 19:45 radələrində tanışları Emin və Elvin ilə birlikdə Rəşadın yaşadığı məhəllədə dayanan zaman Emin onlara Rəşada borc şəklində 10 manat pul verdiyini bildirmişdir. Bundan bir müddət sonra Rəşadın yaşadığı evin qarşısında olan zaman Emin Rəşadı görərək borc şəklində verdiyi 10 manat məbləğində pulu qaytarmasını xahiş etmişdir. Rəşad isə Eminin ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Emin Rəşadı yerə yıxmışdır. Orada olan Elvin isə Rəşadın ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuş və ardınca da hər ikisi həmin yeri tərk etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya X1 X4 Sabunçu Rayon Şöbəsinin 1670 saylı, 03 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs üst və alt dodağın iç səthinin əzilmiş yaraları və həmin səviyyədə alt çənədə öndə sol 2-ci və sağ 1-ci kəsici dişlərin travmatik itirilməsi, sol 1-ci kəsici dişin isə travmatik laxlaması, boyun və sol bazu nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 30 oktyabr 2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə üst və alt dodağın iç səthinin əzilmiş yaraları və həmin səviyyədə alt çənədə öndə sol 2-ci və sağ 1-ci kəsici dişlərin travmatik itirilməsi, sol 1-ci kəsici dişin travmatik laxlaması ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, boyun və sol bazu nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 fevral 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 fevral 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəh., Səbail Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və «28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarına əsasən 20 iyun 2016-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasənxuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə dən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasənxuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə dən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin materiallarında olan 22 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,79). Cinayət işinin materiallarında olan 24 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,104). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 24 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (səh., 127). Cinayət işinin materiallarında olan 24 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 130). Cinayət işinin materiallarında olan 16 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,144). Cinayət işinin materiallarında olan 16 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 163). Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını və işdə olan digər halları nəzərə alaraq, onlara «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını və işdə olan digər halları nəzərə alaraq, onlara «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cəza təyin olunarkən Təqsirləndirilən şəxs1 22 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanılma müddəti nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 22 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar