Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-12/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, qanunla müəyyən edilmiş qaydada götürülməmiş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,041 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə saat 10:47-də yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,041 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xəstəliyi səbəbindən danışmaqda çətinlik çəkir, təqsirini etiraf edir, əməlindən peşmandır.İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə kiçik inspektoru polis kiçik serjantı Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİnin 15-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, Zabrat qəsəbəsi ərazisində alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə 06 noyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə saat 10:47-də yaşadığı ünvan 2 ünvanın yaxınlığında müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, satması barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gəlməyə razılaşmış və həmin şəxsi bölməyə aparmışlar. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparılana kimi müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddə metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümün içərisində olan maddənin “patı” kimi tanığı psixotrop maddə olduğunu və həmin maddəni 06 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin digər sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli selofan bükümdə içərisində xırda kristal formada olan maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.51-53); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:47 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); şəxsi axtarış və götürmə aparılması haqqında 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf siqaret selofana bükülmüş xırda kristal formada, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoydu. Həmin maddəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf siqaret selofana bükülmüş xırda kristal formada, narkotik maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş bir ədəd metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.30-31); məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5928 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər №161...” dairəvi möhür əksi, “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; şübhəli şəxs - Təqsirləndirilən şəxs-imza, iştirakçılar: iki-imza, Təhqiqatçı:Rauf Əfəndiyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,041 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v.36-39); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.76-78); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.79-80); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (i.v.87-88; 90-93); Diskə baxış keçirilməsi haqqında 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 06 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümün içərisində olan maddənin “patı” kimi tanığı psixotrop maddə olduğunu və həmin maddəni 06 noyabr 2023cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin digər sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli selofan bükümdə içərisində xırda kristal formada olan maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, üzəri möhürlənərək götürülür (i.v.94); Qətimkan tədbirinin seçilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v.107-108); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 688 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11,04.2000-ci il tarixli 32 saylı əmrinə əlavə narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə yol verməyən xəstəliklərin siyahısına 7-ci bəndinə uyğun olaraq Sinir sisteminin davamlı və proqrisivləşən gedişli, kobud funksiya pozğunluqları (Yan amitrofik skleroz, proqrisivləşən əzələ distofiyası, atrofik miotoniya, sirinqomieliya) ilə əlaqədar Təqsirləndirilən şəxs hal-hazırda narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.121-122); Sübutların qiymətləndirilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,041 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra psixotrop maddə metamfetamindən qalıq qalmış 0,991 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.133-138); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 06 noyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1022/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X1 şöbəsində məhkəmə-tibbi müayinəsi keçirilmişdir. “Miasteniya” xəstəliyindən əziyyət çəkir. 2023-cü ildən X8 “Nazoqastral” zond qoyulub, zondla qidalanır. 2024-cü ilin yanvar ayında X6 eyni diaqnozla stasionar müalicədə olmuşdur. Təkrar xx.xx.2024xx.xx.2024-cü il tarixədək X8 stasionar müalicə almışdır. 2 aydan bir nazoqastral zond dəyişdirilir. Şikayətləri hava çatmamazlığından, zondla qidalanmasından və özünü idarə edə bilməməsindəndir. Rəyin nəticə hissəsindən görünür ki: 1. Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Miastenia gravis generaliza olunmuş forma. Bulbar və tənəffüs çatmamazlığı. Diastenik kriz. Disfagiya. Distrofıya” kimi xəstəliklərinin olduğu müəyyən edildi. 2. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklərlə əlaqədar onun cəza çəkilməsinə mane olan ağır xəstəliklər siyahısına aid olubolmamasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. 3. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu və düçar olduğu xəstəliklərlə əlaqədar onun müalicəyə ehtiyacı vardır. Şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin mümkünlüyü (imkanı) haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,041 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı"nın 5.4.8-ci bəndinə əsasən “miasteniya” məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin siyahısına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ağır xəstəliklərdən əziyyət çəkməsini, hazırki sağlamlıq durumunu və düçar olduğu xəstəliklərlə əlaqədar onun hazırda daimi müalicəyə və qulluğa ehtiyacı olduğunu CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, onda mövcud olan xəstəliklərin "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı"na aid olmasını, hazırki sağlamlıq durumunu(nazoqastral zond qoyulub, yalnız zondla qidalanması mümkündür) və düçar olduğu xəstəliklərlə əlaqədar onun hazırda daimi müalicəyə və qulluğa ehtiyacı olduğunu və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, yuxarıda qeyd edilmiş məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,041 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,991 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş təmiz çəkisi 1,041 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,991 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-12/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-12/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver