Məhkəmə qərarları › İş №1(008)-120/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-120/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-120/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 (bir) ədəd “Zəfər K”, “Mətin”, “Parabellum”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN MkT’ Sterling L2A3”, “Bergmann MP34-1” “Erma”, “Schmeisser CR 18-1”, “MP-38", “MP-40”, “UZİ” markalı tapança pulemyotlarda və 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Luger P08”(PARABELLUM) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 9x19 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı və 01 (bir) ədəd “Makarov” (PM), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROCOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (APS) və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, 9x18 mm kalibrli, təyinatı üzrə istifadəyə (atəşə) yararlı patronları tapıb, qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyaraq üzərində gəzdirmiş və xx.xx.2020-ci il saat 22:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsində Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmiş, bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində gəzdirdiyi həmin 02 ədəd döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il səhər saatlarında yaşadığı Mingəçevir şəhərindən işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində bir-neçə saat gəzdikdən sonra Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getməyi qərara almışdır. Saat 22:30 radələrində Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsində piyada olaraq hərəkət edərkən 2 nəfər polis geyimində olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və hərbi vəziyyət recimi ilə əlaqədar olaraq ölkədə tətbiq edilən komendant saatı ilə bağlı icazəsinin olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına icazəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 13-cü PB-nə gəlmişdir. Bölmədə qanunsuz olaraq dövriyyəsi qanunla qadağan edilmiş əşyaları daşımada şübhəli olduğu ona bildirilmiş və o, şübhəli şəxs qismində tutulmuş, sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ondan üzərində daşınması və saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən yaşıl rəngli özünə məxsus ümumvətəndaş pasportunu, həmin şalvarın sağ yan cibindən iki ədəd müxtəlif növ tapança gülləsini və əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd qara rəngli “Ulefone” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş güllələri haradan əldə etdiyini soruşduqda, o, həmin güllələri birneçə il əvvəl Mingəçevir şəhərində küçədən tapıb evdə saxladığını, xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gələrkən evdən götürüb üzərində Bakı şəhərinə gətirdiyini bildirmişdir. Üzərindən aşkar edilən iki ədəd güllə götürülərək qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2020-ci il saat 22:30 radələrində polis yoldaşı polis sercantı Şahid2 ilə 13-cü Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsində bir nəfər şəxsin piyada olaraq hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşmışlar, özlərini həmin şəxsə təqdim edərək kim olduğunu, komendant saatında hansı səbəbdən hərəkət etdiyini, üzərində şəxsiyyət vəsiqəinin olub-olmadığını soruşmuşlar. Bu zaman həmin şəxs onlara dağınıq cavablar vermiş və onlardan yayınmağa çalışmışdır. Həmin şəxsin üzərində qanunla qadağan edilmiş əşya olduğu ehtimalınına görə şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. İlkin araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, bölməyə müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs hüquqları təmin edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra Fərhəng Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın keçirilməsi zamanı müdafiəçinin iştirakı olmadan, eyni zamanda videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli ümumvətəndaş pasportunu, həmin şalvarın sol yan cibindən iki ədəd patronu, qara rəngli gödəkcənin sol iç cibindən isə bir ədəd mobil telefonu təqdim etmişdir. Bundan sonra, vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş patronların haradan əldə edildiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin patronları Mingəçevir şəhərindən tapdığını və Bakı şəhərinə gələrkən üzərində gətirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirimiş Şahid1 ilə oxşar məzmunlu analoji ifadə vermişdir. Cinayət işinin 278-29-cu vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmiş, üzərinə axtarış keçirilməzdən əvvəl üstündə qeyri qanuni əşya olub-olmadığını soruşulmuş və bu zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində gəzdirdiyi 02 ədəd döyüş sursatı hesab edilən patronu polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin patronları bir neçə il əvvəl Mingəçevir şəhərində küçədən tapdığını bildirmişdir. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin 20/523R saylı, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Azərbaycan dövlətində 2009cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronudur, döyüş sursatıdır. Bütövlüyünün pozulmamasına, alışdırıcı kapsulun tam şəkildə və bütün lazımi komponentləri yerində olmasına görə həmin patron istifadəyə və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Azərbaycan dövlətində 2010-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatıdır. Bütövlüyünün pozulmamasına, alışdırıcı kapsulun tam şəkildə və bütün lazımi komponentləri yerində olmasına görə həmin patron istifadəyə və atəşə yararlıdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-616/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik-kimyəvi ekspertizasının 3/1353 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş 01 (bir) ədəd “Zəfər K”, “Mətin”, “Parabellum”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1” Sterling L2A3”, “Bergmann MP34-1” “Erma”, “Schmeisser CR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança pulemyotlarda və 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Luger P08”(PARABELLUM) konstruksiyalı və s.uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 9x19 mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş “2” rəqəmi ilə işarələnmiş 01 (bir) ədəd “Makarov” (PM), “PA63”, “P64", “RK59”, “CESKA ZBROCOVKA” konstruksiyalı tapançalarda, “Steçkin" konstruksiyalı avtomatik tapançalarda (APS) və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, 9x18 mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Cinayət işinin 96-97-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd patron cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən maddi sübut kimi tanınmış və cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir, bir ədəd JD disk maddi sübut kimi tanınaraq jinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 81-83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə qanunsuz olaraq döyüş sursatını əldə etmə, daşıma və saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli əfv sərəncamına əsasən cəzadan azad olunmuşdur. Hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi recimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 9x19 mm kalibrli və 9x18 mm kalibrli 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd JD disk jinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs götürülmüş 9x19 mm kalibrli və 9x18 mm kalibrli 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar