Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-120/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1993-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,158 qram narkotik vasitə heroini və təmiz çəkisi 1,013 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla 17 avqust 2023-cü il tarixdə, saat 16:30 radələrində özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 01 bükümdə təmiz çəkisi 1,158 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Narkotik vasitələrdən bir neçə müddətdir istifadə edir. O, 17 avqust 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşına «online» satış qaydasında 81 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin sifariş vermiş, həmin şəxsin göndərdiyi bank kartının hesabına ödəniş etdikdən sonra ona narkotik vasitəni gizlətdiyi yerin lokasiyasını və şəklini göndərmişdir. O, həmin gün, saat 15 radələrində lokasiya üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisinə gedərək “Whatsapp” tətbiqi vasitəsi ilə şəkli ona göndərilmiş dibinə narkotik vasitə qoyulmuş ağaca yaxınlaşmaq istəmiş, lakin, həmin vaxt, Sabunçu RPİ-nin “Rasim” və “Səlim” adlı polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim edib, onu Sabunçu RPİ-yə dəvət etmiş, o, etiraz etməyərək polis əməkdaşının idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə əyləşmişdir. Polis əməkdaşları başqa ərazidən kibrit qutusu götürdükdən sonra onu Sabunçu RPİ-yə aparmış, təxminən 1-2 saat polis idarəsində saxlanıldıqan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmışdır. Polis şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. O, narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisinə getmiş, lakin, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün lokasiyası “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərilmiş yerdən narkotik vasitə və psixotrop maddəni götürə bilməmişdir. Polis Şöbəsində Şahid1 və Şahid2 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə baxmayaraq, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılmamış, ümumiyyətlə, qeyd olunan polis əməkdaşları onun saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində edir və polis baş leytenantı rütbəsi daşıyır. 2023-cü ilin yay aylarında, dəqiq xatırlmadığı tarixdə və saatda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində xidmət apararkən bir nəfər şəxsin davranışları onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş, həmin şəxs etiraz etməyərək xidməti nəqliyyat vasitəsi “Daewoo Gentra” marakalı, **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobil vasitəsi ilə onlarla birlikdə polis bölməsinə getmişdir. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsində göstərilən xüsusatlara uyğun ifadə vermişdir. Cinayət işinin 10-cu vərəqəsində olan 17 avqust 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqəsində olan 17 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən şəffaf rəngli selofana bükülmüş 01 ədəd bükümdə qəhvəyi rəngli maddə, 01 ədəd bükümdə ağ rəngli kristallik maddə kustar üsulla maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 35-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/1-6/4434 nömrəli, 18 avqust 2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “...vət.Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,158 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,013 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1.058 qram, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.913 qramdır. Cinayət işinin 58-ci vərəqələrində olan 19 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rauf Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSYdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 59-cu vərəqələrində olan 19 avqust 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 5619 nömrəli, 01 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixomulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-76-cı vərəqəsində olan 01 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.058 qram narkotik vasitə heroin, 0.913 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 65-66-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 120/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-2556/2024 nömrəli, 10 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 30 mart 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 21-1/3109605 nömrəli, 29 may 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 aprel 2022-ci il tarixdə cəza müddəti başa çatdığından idarənin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 120/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə dair təkrar ambulator məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 120/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrənin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrə olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 15587 nömrəli, 24 iyul 2024-cü il tarixli məktubu və ona əlavə olunmuş məlumatlardan görünür ki, ********** GSM nömrəsinin xx.xx.2023-xx.xx.2023-cü il müddətində Azercell şəbəkəsində istifadəsi, sms mətni aşkar edilməmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 15587 nömrəli, 24 iyul 2024-cü il tarixli məktubu və ona əlavə olunmuş məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 17 avqust 2023-cü il, saat 16:32-dən 17 avqust 2023-cü il, saat 20:05-dək olan müddət ərzində anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 4826 nömrəli, 15 iyul 20243-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Remissiya (Sağalma) mərhələsində olan Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ibtidai araşdırma orqanı tərəfindən əməlinin düzgün tövsif edilməməsi qənaətinə gəlir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin başa çatdırılması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır. İlk olaraq məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdiklərı ifadələrı arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşımada təqsirli bilməmiş və narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisinə getmiş, lakin, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün lokasiyası “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərilmiş yerdən narkotik vasitə və psixotrop maddəni götürə bilməmiş, Polis Şöbəsində Şahid1 və Şahid2 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə baxmayaraq, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılmamış, ümumiyyətlə, qeyd olunan polis əməkdaşları onun saxlanılmasında iştirak etmədiyini, Sabunçu RPİ-nin “Rasim” və “Səlim” adlı polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Sabunçu RPİ-nin Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 ittihamı təsdiq edən ifadələr versələr də, məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı, Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrənin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrə olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmiş, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2023-xx.xx.2023-cü il müddətində Azercell şəbəkəsində istifadəsi, sms mətni aşkar edilməmiş, Şahid1 istifadəsində olan ***-***-**- ** mobil nömrənin Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyataxtarış tədbirləri zamanı anten əhatə dairəsinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisi olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis əməkdaşları Şahid1 Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyataxtarış tədbirində iştirak etməmiş, əməliyyat-axtarış tədbirinin keçirildiyi tarixdə və saatda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində deyil Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində olmuşdur. Qeyd olunanlar ittihamın əsasını təşkil edən Bakı şəhəri Sabunçu RPİ-nin 12-cü PŞ-nin polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən verilmiş şahid ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu hal həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 17 avqust 2023-cü il tarixli, saat 17:20-dən saat 17:40-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə Şahid1 və Şahid2 iştirakları ilə saat 17:20-də başlanmış və saat 17:40-da başa çatmışdır. Halbuki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, yəni, 17 avqust 2023-cü il tarixdə, saat 16:30 radələrində anten əhatə dairəsinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisi olduğu müəyyən edilmişdir. Göstərilən bu halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə getdiyi, lakin, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün narkotik vasitəni götürə bilməməsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin satış məqsədi olmadan psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayətə cəhd başa çatmış cinayətdən, məlum olduğu kimi, Azərbaycan Respublikası CM-in Xüsusi hissəsi ilə nəzərdə tutulmuş konkret maddi tərkibli cinayətlər üzrə ictimai təhlükəli nəticənin obyektiv olaraq meydana çıxmaması, formal tərkibli cinayətlərdə isə, əməlin obyektiv cəhətini təşkil edən bütün hərəkətlərin cinayətkardan asılı olmayan səbəblərdən başa çatdırıla bilməməsi ilə fərqlənir. Belə hallarda səbəbli əlaqə: maddi tərkibli cinayətlərdə cinayət törətməyə yönəlmiş qəsdən əməl (hərəkət və ya hərəkətsizlik) və nəzərdə tutulmuş nəticənin təqsirkardan asılı olmayan hallar üzündən baş verməməsi faktı; formal tərkibli cinayətlərdə isə, cinayət törətməyə yönəlmiş qəsdən əməl (hərəkət və ya hərəkətsizlik) və cinayətin obyektiv cəhətini təşkil edən bu hərəkətlərin (və ya hərəkətsizliyin) təqsirkardan asılı olmayan səbəblərdən başa çatdırıla bilməməsi faktı arasında qurulmalıdır. Cinayət etməyə cəhddə verilən tərif onun obyektiv və subyektiv əlamətlərinə əsaslanır. Cinayət etməyə cəhdin, adətən 3 obyektiv əlaməti fərqləndirilir. Birinci – əməl bilavasitə cinayət törətməyə yönəldilir. Cinayət etməyə cəhdə – törədilməsi əvvəlcədən qət edilən cinayətin faktiki edilməsi ilə başlanır. Cinayət qanunu ilə qorunan ictimai münasibətlər qismən ziyan çəkmiş olur. Cinayət etməyə cəhddə törədilən əməllərə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin obyektiv əlaməti əməlin başa çatmasında ifadə olunur. Qanunun belə mövqeyi onu göstərir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi, həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai-təhlükəli nəticə baş vermir. Cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai-təhlükəli nəticə baş vermir. Lakin, buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə, ümumiyyətlə, nəticə olmur. "Cinayətə cəhd – nəticəsi cinayətdir" dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Bəzən cinayətə cəhddə yol verilən hərəkətlər cinayəti başa çatdırmasa da müəyyən nəticələr doğura bilər. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti – qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, qəsdin başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Cinayət etməyə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Cinayətə hazırlıq kimi cinayətə cəhd də məqsədəuyğun kriminal fəaliyyətdir. Lakin, cinayət etməyə cəhd cinayətə hazırlıqdan fərqli olaraq, cinayətin icrasına başlanğıc formasında olan kriminal fəaliyyətdir. Şəxs hərəkətinin (hərəkətsizliyinin) müəyyən cinayəti törətməyə yönəldiyini dərk edir və cinayəti başa çatdırmağı arzu edir. Əgər şəxs "maddi cinayəti" törətməyə cəhd edirsə, onun qəsdinin məzmununu ictimai-təhlükəli nəticənin baş verəcəyini əvvəlcədən görməsi və belə nəticənin baş verməsini arzu etməsi əhatə edəcəkdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma əməlini törətmədiyi, lakin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşımaya cəhd etdiyi qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsinə əsasən həm narkotik vasitənin, həm də psixotrop maddənin sifariş edilməsi və sifariş üçün 81 (səksən bir) manat ödənilməsi bu xüsusatı təsdiq edən dəlillərdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşına «online» satış qaydasında 81 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin sifariş vermiş, həmin şəxsin göndərdiyi bank kartının hesabına ödəniş edib, lokasiya üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisinə gedərək “Whatsap” tətbiqi vasitəsi ilə şəkli ona göndərilmiş dibinə narkotik vasitə qoyulmuş ağaca yaxınlaşmaqla əvvəlcədən qət edilən cinayətin faktiki törədilməsinə başlamış, dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş, lakin, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün qəsd şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamışdır. Qəsdin başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmamış, polis əməkdaşlarının müdaxiləsi nəticəsində qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hərəkətinin (hərəkətsizliyinin) müəyyən cinayəti törətməyə yönəldiyini dərk edərək cinayəti başa çatdırmağı arzu etmiş, lakin, cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1 maddəsinin deyil, həmin Məcəllənin 29, 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 29, 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə istintaqında müəyyən edilmədi, ibtidai istintaqda belə sübut əldə etməmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi olmadan narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi olmadan narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1 maddəsindən həmin Məcəllənin 29, 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.1 maddəsindən həmin Məcəllənin 29, 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 29, 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 29, 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 30 mart 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 1.058 qram narkotik vasitə heroin, 0.913 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 1.058 qram narkotik vasitə heroin, 0.913 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-120/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-120/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver