Məhkəmə qərarları › İş №1(008)-120/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-120/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-120/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,376 qram psixotrop maddə metamfetamini xeyli miqdarda ümumi təmiz çəkisi 0,361 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,17 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayıb Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən MS OİL YDMnin yaxınlığına qədər daşımış və özünü şübhəli apardığı üçün 30 oktyabr 2024-cü il tarixdə saat 22:00-da həmin ünvanda Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və videoçəkilişiə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,035 qram, 0,102 qram və 0,176 qram ümumi təmiz çəkisi xeyli miqdarda 0,376 qram olan ağ rəngli kristailik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,131 qram ümumi təmiz çəkisi xeyli miqdarda 0,361 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,20 qram, 0,10 qram, 0,12 qram, 0,13 qram, 0,18 qram, 0,17 qram, 0,16 qram, 0,11 qram ümumi təmiz çəkisi 1,17 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir, onda aşkar olunmuş narkotik vasitə bir bükümdə olmuşdur, bükümlərə ayrılmamışdır, satışı ilə məşğul olmur. Onu tutanda şəxsiyyətini təqdim etmişdir, onu zor şəklində saxlayıb bölməyə gətirmişlər, onu MS OİL YDM-nin məntəqəsinin yaxınlığında saxlamışlar, üzərində marixuana və heroin olmuşdur, metamfetamin olmamışdır. Həmin maddələri 35 manata tanımadığı şəxsdən bir gün qabaq almışdır, o marixuana və heroin istifadə etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hər gün bir büküm istifadə etmişdir. 6 ildir narkotik maddələrdən istifadə edir. Onda 8 büküm marixuana və 2 büküm kakos olmuşdur. Qalanları onun deyil. Nəyə görə narkotik vasitələrin hamısını üzərində daşımasını izah edə bilmir. Bir dəfə bir nəfərə verib narkotik vasitəni, həmin şəxs onun dostu Elməddin olmuşdur. İş materiallarında olan yazışma onunla dostu Elməddin arasında olmuşdur, o da narkotik vasitələrdən istifadə edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 30 oktyabr 2024-cü il tarixdə narkotik vasitəyə ehtiyacı olduğu üçün təsadüfən sosial şəbəkələrin birində tanış olduğu, adını bilmədiyi və tanımadığı İran İslam Respublikası vətəndaşına ona dediyi xatırlamadağı hesaba 55 manat pul köçürtmüş və iranlı ona gedib narkotik vasitəni götürəcəyi ünvanın konumunu atmışdır. O, iranlının atdığı konum üzrə Binəqədi rayonuna getmiş və oradan iranlının onun üçün qoydurduğu metamfetamini, heroini və qurudulmuş marixuananı şəxsi istifadəsi üçün götürüb cibinə qoymuşdur. Həmin tarixdə saat 22 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsinə gəlmiş və təxminən saat 22 radələrində o, MS OİL YDM-nin məntəqəsinin yaxınlığı ilə gedən zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Sabunçu RPİ-nin post patrul xidmətinin polis nəfərləri olmuşlar. Polislər ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini təklif etmişlər, lakin onlara sənədinin olmadığnı bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər, polis şöbəsində barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, hüquq vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Həmin vaxt o, vəkilin iştirak etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkilişlə onu saxlayıb gətirən polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Polis əməkdaşı ondan üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, o, isə əynində olan şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitəni və psixotrop maddələr olan qutunu və sol yan cibindən bir ədəd Samsung və bir ədəd Redmi markalı mobil telefonları çıxardıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı təqdim etdiyi qutunun içərisində olan bükümləri çıxardıb ondan nə olduğunu soruşmuş o, isə metamfetamin, heroin və marixuana olduğunu öz istifadəsi üçün iranlıdan 55 manata aldığını demişdir. Ondan aşkar edilən bükümlərə baxış keçirilmiş və daha sonra zərfə qoyularaq möhürlənmişdir, bu barədə protokol tərtib edilmişdir. O, həmin zərfi və tərtib edilmiş protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç bir vaxtda satmamışdır, sadəcə olaraq bir iki dəfə dostuna istifadə etməsi üçün vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 30 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi MS OİL yanacaq doldurma məntəqəsinin yaxınlığında iş yoldaşı Şahid2la xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən sənədlərini təqdim etməsini tələb etmişlər, lakin o, heç bir sənədinin olmadığını bildirib onlardan yayınmağa çalışmışdır. Həmin şəxsin nəsə gizlətməyə çalışdığını görüb onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Sabunçu RPİnin 12-ci PŞ-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş və onun üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman vəkilin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan olunan nəsə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd çəhrayı rəngdə qab və içərsində 14 ədəd kağıza bükülmüş bükülüləri çıxarıb təqdim etmişdir. Həmin şalvarın sol yan cibindən bir ədəd balaca Samsung markalı mobil telefon və bir ədəd REDMİ markalı mobil telefonu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri iran vətəndaşından 55 manat ödəməklə şəxsi istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Onun təqdim etdiyi bükümlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, spesifik iyə malik olan maddələr aşkar edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.9); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd çəhrayı rəngdə qab və içərisində 08 ədəd ağ kağıza bükülmüş tünd yaşıl rəngli spesifik iyə malik olan ot kütləsi, 02 ədəd siqaretin qızılı kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngə maddə, 03 ədəd siqaretin qızılı kağızına və bir ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə həmin şalvarın sol yan cibindən bir ədəd samsung markalı və bir ədəd Mi markalı mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Nəyşə” “Kola” “Daş” olduğunu, İran vətəndaşına 55 manat pul köçürərək Binəqədi rayonundan götürdüyünü və istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 5-6 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddələr qablaşdırılaraq Azərbaycan Respublikası Dİn-in “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 31 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/5086 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,035 qram, 0,102 qram, 0,176 qram ümumi təmiz çəkisi 0,376 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,131 qram, ümumi təmiz çəkisi 0,361 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir (i.v.36-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 31 oktyabr 2024-cü il tarixli 3-16-16/2-7/1807 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə 08 (səkkiz) ədəd kağız bükülülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,20 qram, 0,10 qram, 0,12 qram, 0,13 qram, 0,18 qram, 0,17 qram, 0,16 qram, 0,11 qram, ümumi çəkisi 1,17 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (i.v.43-46); Videodiskə baxış keçirilməsi haqqında 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, polis şöbəsində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilir, barəsində şəxsi axtarış və götürmə aparılması barədə qəbul edildiyini bildirir və Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan olunmuş əşyanın olub-olmaması əgər varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd çəhrayı qabda 08 ədəd ağ kağıza bükülü spesifik iyə malik olan ot kütləsi, 02 ədəd qızılı kağıza bükülü tünd qəhvəyi rəngdə maddə, 03 ədəd qızılı kağızı bükülü və bir ədəd ağ kağıza bükülü ağ rəgdə kristalşəkilli maddə, həmin şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və bir ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir.Həmin maddələrin narkotik vasitələr olduğunu və şəxsi istifadəsi üçün 55 manata aldığını bildirir (i.v.58); Mobil telefona baxış keçirilməsi haqqında 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd Samsung markalı mobil telefona baxış zamanı həmin mobil telefonda sim kart yeri boşdur və mobil telefonda istintaq əhəmiyyəti üçün kəsb edən hər hansı bir məlumat yoxdur (i.v.59); Mobil telefona baxış keçirilməsi haqqında 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd Redmi markalı mobil telefona baxış zamanı həmin mobil telefonda sim kart yeri boşdur, mobil telefonda Vhastapp ani mesajlaşma xidməti ***-***-**-** nömrəsi ilə istifadə edilir, həmin xidmətə baxış zamanı "emi mehle k” adı altında qeyd edilən ***-***-**-** nömrəsi ilə yazılan mesajlardan görünür ki, 29 oktyabr 2024-cü il tarixdə saat 23:28-də “Kola istiyirdiler”, saat 23:28 Təqsirləndirilən şəxs cavab verir" He bildim”, saat 23:28 “emi mehle k" yazır "səndə yox idin setdə”, saat 23:28 Təqsirləndirilən şəxs cavab verir “ Daş isdiyen olsa də emi”, saat 23:29 “emi mehle k" yazır “Daşda istiyirdiler” saat 23:32 Daş senin özündədir” saat 23:32 Təqsirləndirilən şəxs cavab verir “İsdiyen var?” “emi mehle k” yazır saat 23:32 “Men istiyirem” kimi mesajlar vardır (i.v.60); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-677/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.76-80); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X1 X2 Komissiyasının 18 noyabr 2024-cü il tarixli 7328 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların və Opioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.97-98); Sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,361 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,17 qram narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 0,376 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizaları keçiriləndən sonra qalıq qalmış 0,261 qram heroin və 0,276 qram psixotrop maddə metamfetamin, o cümlədən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,01 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə bir ədəd Redmi markalı mobil telefon maddi sübut hesab edilmiş və digər Samsung markalı mobil telefonla birlikdə saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir.İş üzrə bir ədəd videodisk sübut növü hesab edilmiş və cinayət işində saxlanılmışdır (i.v.99-104); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 30 oktyabr 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı maddi sübut olan bir ədəd Redmi markalı mobil telefona baxış keçirilmiş, aşkar edilmiş yazışmaların mobil telefona baxış keçirilməsi haqqında 01 noyabr 2024-cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil telefonun vhatsap proqramı vasitəsilə narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu smslər yazdığı müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq məhkəmə istintaqı zamanı göstərmişdir ki, “ bir dəfə bir nəfərə verib narkotik vasitəni, həmin şəxs onun dostu Elməddin olmuşdur. İş materiallarında olan yazışma onunla dostu Elməddin arasında olmuşdur, o da narkotik vasitələrdən istifadə edir.” Bundan başqa, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bir gün əvvəl əldə etdiyi narkotik vasitələri niyə görə hamısını üzərində daşımasını izah edə bilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadəsi alınarkən narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmiş, həmin ifadələr özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,376 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,261 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən təmiz çəkisi 1,17 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarında hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, (CM- 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar - ilkin təmiz çəkisi 0,361 qram narkotk vasitə heroin, ümumi təmiz çəkisi 1,17 qram narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 0,376 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 0,261 qram heroin, 1,01 qram narkotik vasitə qurudulmuş marixuana və 0, 276 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 153 (yüz əlli üç) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,361 qram narkotk vasitə heroin, ümumi təmiz çəkisi 1,17 qram narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 0,376 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 0,261 qram heroin, 1,01 qram narkotik vasitə qurudulmuş marixuana və 0, 276 qram psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar