Məhkəmə qərarları › İş №1(008)-121/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-121/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-121/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz şəkisi 1,200 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara boz rəngli şalvarın sağ yan cibindən 05 ədəd sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,256 qram, 0,211 qram, 0,222 qram, 0,230 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə, səhər saat 10 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsinə getmiş və İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsin ona göndərdiyi 05 büküm psixotrop maddə olan metamfetamini oradan götürmüşdür. Həmin psixotrop maddənin müqabilində 200 manat pulu İran İslam Respublikasının vətəndaşına göndərmişdir. Aldığı psixotrop maddəni üzərində saxlamışdır ki, istədiyi vaxt istifadə edər. 06 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən nömrəsiz evin qarşısında dayandığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər əvvəl ondan anket məlumatlarını soruşmuş, o, polis əməkdaşlarına adının Rauf, soyadının Hüseynov olduğunu bildirəndə polis əməkdaşları ona 15-ci polis bölməsinə onlarla birlikdə getməyini və orada üzərinə şəxsi axtarş keçirəcəklərini bildirmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 15-ci polis bölməsinə gəlmişlər. Polis bölməsində ona dəvət olunmuş vəkilin iştirakı ilə hüquqları izah edildikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparmışlar. Özünün razılığı ilə axtarış vəkilin işitrakı olmadan aparılmışdır. Əvvəlcə ona üzərində olan bütün əşyaları təqdim etməsini təklif etmişlər. Əynində olan qara boz rəngli şalvarının sağ yan cibindən 05 ədəd bükümdə olan psixotrop maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonunu və 02 ədəd “Leobank”a aid plastik bank kartlarını təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları üzərinə şəxsi axtarış aparmış və başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra polis əməkdaşları üzərindən aşkar olunan bükümlərin nə olmasını soruşduqda, o, həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetaminin olmasını, həmin maddəni şəxsi istifadəsi üçün aldığını, özünün psixtrop maddə istifadəçisi olduğunu bildirmişdir. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almış və heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs özünün fəhlə işlədiyini və yaxşı qazancının olduğunu, bu səbəbdən psixotrop maddələri alarkən qram olaraq bir neçə dəfə istifadə etməsi üçün birdəfəlik çox miqdarda aldığını, əvvəllər hətta bir dəfəyə 20 büküm belə psixotrop maddəni bir dəfəyə aldığını, əslində psixotrop maddəni satan şəxsdən həmin maddəni bükümlərdə istəmədiyini, həmin şəxsin özünün hər dəfə psixotrop maddəni bükümlərə bölərək göndərdiyini, psixotrop maddəni bir neçə dəfə istifadə etmək məqsədi ilə almasının səbəbinin hər dəfə gedib psixotrop maddəni götürməsinin riskli olması ilə əlaqədar olduğunu, bu səbəbdən pulu olan zaman psixotrop maddəni bir neçə dəfə istifadə üçün kifayət edəcək miqdarda aldığını, pulu olmadığı zamanlarda qardaşının ona pul göndərdiyini və həmin pula psixotrop maddə aldığını, psixotrop maddəni satan şəxsi tanımadığını, həmin şəxsin özünü ona İran vətəndaşı kimi təqdim etdiyini, özünün heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş psixotrop maddəni saxlanıldığı gün, yəni 06 iyun 2023-cü il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində öncədən ona deyilmiş yerdən götürdüyünü, elə götürüb qayıdan zaman saxlanıldığını, iş materiallarında olan sənədlərdə onun ifadələrində düzgün olmayaraq psixotrop maddəni 03 iyun 2023-cü il tarixdə saxlanıldığının göstərildiyini, özünün adına bank kartının olmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kartların birinin işlək olmadığını, digərinin isə Elşən adlı tanışına məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zabrat qəsəbəsində fərdi qaydada dərzilik fəaliyyəti ilə məğul olur. Təqsirləndirilən şəxs onun yaşadığı ünvandakı fərdi yaşayış evində ayrı otaqda kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs mobil telefonu olmadığından təxminən Rauf saxlanılmadan öncəki son bir ay ərzində öz istifadəsində olan Redmi 10A markalı mobil telefonu istifadə etməsi üçün Raufa vermişdir. Həmin telefonun içərisində ***-***-**-** saylı nömrə olmuşdur. Telefonun “Qalareya” bölməsində fotoşəkillər barədə məlumatı yoxdur. O, Raufun nəinki narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını bilməmiş və hiss etməmiş, ümumiyyətlə Raufun özünün psixotrop maddələrdən istifadə etməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid ibtidai istintaq zamanı Raufun psixotrop maddələrin satışı ilə məşğul olmasından şübhələnməsi və Raufun yanına çoxlu şəxslərin gəlib-getməsinə dair ifadə vermədiyini, onun ifadəsinin həmin hissədə təhrif edildiyini, Raufun psixotrop maddə istifadəçisi olmasından belə xəbərinin olmadığını, arada bir Raufun dostunun evə gələrək Raufu çağırdığını, lakin Raufun kiminləsə narkotik vasitə və ya psixotrop maddə ilə bağlı danışığının, kiməsə narkotik vasitə və ya psixotrop maddə verməsinin şahidi olmadığını, belə hallar barədə heç bir zaman şübhəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 06 iyun 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumat barədə həmin tarixdə tərəfindən Sabunçu RPİ-nin 15-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və 06 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində tərəflərindən saxlanılmışdır. Saxlanılan şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 15-ci PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, bölməyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı maddə, əşya və predmet atmağa imkanı olmamışdır. Bölmədə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara boz rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən açılaraq baxış keçirildikdə içərilərində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bundan sonra əynində olan şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon və Leobanka məxsus **********525985 və **********964586 nömrəli plastik bank kartlarını çıxararaq təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 büküm psixotrop maddə olan metamfetamini İran İslam Respublikası vətəndaşının ona göndərdiyini, həmin maddələrin müqabilində sonuncuya 200 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞnin təhqiqatçısı vəzifəsində xidmət edən polis baş leytenantı Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, avtomobilində, əşyalarında və ya bədənində'olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara boz rəngli şalvarının sağ yan cibindən 05 (beş) ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddələri könüllü şəkildə təqdim etmişdir. Bundan sonra əynində olan şalvarının sol yan cibindən bir ədəd qara rəngli, “Redmi” markalı mobil telefonu və “Leobank”a aid **********525985 və **********964586 nömrəli plastik kartları könüllü təqdim etmişdir. Aşkar olunmuş pxisotrop maddəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 32- 33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/3198 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 161 "dairəvi möhür əksləri olan , “Saxlanılan şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 5 (beş) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,256 qram, 0,211 qram, 0,222 qram, 0,230 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.41-45). “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş “Redmi 10A” markalı mobil telefon İMEİ 1 - **********78120, İMEİ 2 - **********78138 saylıdır və üzərində Azerfon mobil şəbəkəsinə məxsus işlək olmayan simkart vardır. Mobil telefonun “Zənglər” bölməsinə daxil olduqda 05 iyun 2023-cü il tarixdə kontaktlar siyahısında “Baba” adı ilə qeydə alınmış İran İslam Respublikası mobil şəbəkəsinə məxsus +98 914 *** **** mobil nömrədən daxil olmuş buraxılmış zənglər olması müəyyən edilmişdir. Mobil telefonda quraşdırılmış Whatsapp Business mobil tətbiqinin deaktiv olduğu müəyyən edildiyindən həmin tətbiqə daxil olmaq və məlumatlar əldə etmək mümkün olmamışdır. Telefonun “Qalareya” bölməsində olan fayllara baxan zaman iş üzrə sübut əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Belə ki, “Qalareya” bölməsində saxlanılmış fotoşəkillərdə sonradan mobil telefonun fotoredaktor funksiyası ilə müəyyən yerləri bildirən istiqamətləndirici işarələr əlavə edilmişdir. “Qalareya” bölməsində Whatsap mesajlaşma proqramın söhbətlər pəncərəsindən əldə edilmiş ekran görüntüsündən görünür ki, “Baba” adı ilə qeydə alınmış kontaktla söhbət pəncərəsində ‘‘texnikuma tərəf gedəndə solda EKO MEN kişi geyimləri magazasi ile uzbeuz yolda ara mehleye girir duz gelir sonra balaca dongeye girir dongeden ci xanda uzbeuz 10m qabağda balaca Palma kollari gorecek ortadaki palmanin arxasinda 5k3p” məzmunlu yazılar, psixotrop maddələrin' əvvəlcədən qoyulduğu yerləri göstərən istiqamətləndirici işarələrin əks edildiyi fotoşəkillərin olması müəyyən edilmişdir. Bundan başqa, “Qalareya” bölməsində müxtəlif ərazilərdə müxtəlif məbləğdə pulların bank kartlarına ödənilməsini əks etdirən qəbzlərin fotoşəkilləri müəyyən edilmişdir. Mobil telefonun “Mesajlar” bölməsinə baxış zamanı hər hansı məlumat aşkar edilməmişdir (i.v.117-120). Məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 7221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.134-135). “Sübutların qiymətləndirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR Cinayər Məcəllənin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 05 bükümdə ümumi təmiz çəkisi 1,200 qram olan psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması, həmin metamfetaminin tədqiqatdan sonra 0,950 qram qalığın saxlanılması üçün Sabunçu RPİnin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd diskin maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.148-157). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: -İlk növbədə iş materiallarında olan 06 iyun 2023-cü il tarixli raportdan və “Əməliyyataxtarış fəaliyyətinin həyata keçirilməsi haqqında” həmin tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə yox, psixotrop maddələri saxlaması və daşıması ilə bağlı olmuş və o, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şəxsi axtarış və götürmə zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş, o, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bununla yanaşı, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata 08 iyun 2023-cü il tarixdə məhkəmə iclasında baxılan zaman da Təqsirləndirilən şəxs izahatında 3 ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş 5 büküm metamfetamini öz şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Hazırki məhkəmə iclasında da təqsirləndirilən şəxs üzərindən 5 bükümdə psixotrop maddə metamfetaminin aşkar olunduğunu etiraf edərək həmin psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını, özünün mütəmadi olaraq psixotrop maddələrə alaraq istifadə etdiyini, heç bir zaman narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, psixotrop maddəni bükümlərdə sifariş etməsə də, satan şəxsin həmişə psixotrop maddəni ona bükümlərə bölərək göndərdiyini, bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən bu günədək özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə edərək daşıdığını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümlərin sayına münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin bükümlərdə olması həmin psixotrop maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq psixotrop maddələri alarkən qram olaraq bir neçə dəfə istifadə etməsi üçün birdəfəlik çox aldığını, əvvəllər hətta bir dəfəyə 20 büküm belə psixotrop maddəni bir dəfəyə aldığını, əslində psixotrop maddəni satan şəxsdən həmin maddəni bükümlərdə istəmədiyini, həmin şəxsin özünün hər dəfə psixotrop maddəni bükümlərə bölərək göndərdiyini, psixotrop maddəni bir neçə dəfə istifadə etmək məqsədi ilə almasının səbəbinin hər dəfə gedib psixotrop maddəni götürməsinin riskli olması ilə əlaqədar olduğunu, bu səbəbdən pulu olan zaman psixotrop maddəni bir neçə dəfə istifadə üçün kifayət edəcək miqdarda aldığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddələrin bükümlərdə olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə, ona həmin psixotrop maddəni ona satan şəxsin psixotrop maddəni bükümlərə bölərək satmasına dəlalət edir (Belə ki, psixotrop maddənin özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən pul müqabilində alınması işin sübut edilmiş halıdır). Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin bir neçə bükümdə olması həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,200 qram metamfetaminin 5 bükümdə olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun psixotrop maddələrin satışı ilə məşğul olması, psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin aşkarlanması və həmin maddənin bükümlərdə olması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. -Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə psixotrop maddə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən beş büküm psixotrop maddənin aşkar edilməsinə əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. -İstintaq orqanın ifadəsinə sübut kimi istinad etdiyi Şahid1 isə məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı komputer vasitəsi ilə yazılmış ifadəsini təsdiq etmədiyini, ifadəsinin təhrif edildiyini qeyd edərək Təqsirləndirilən şəxs nəinki psixotrop maddələrin satışı ilə, heç onun özünün qanunsuz maddələrin istifadəçisi olmasından xəbərsiz olduğunu, heç bir zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasından şübhələnmədiyini bildirmişdir. -İstintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi digər sübut növü məhkəmə-kimyəvi ekspertizasının rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi işin mübahisəsiz halıdır (təqsirləndirilən şəxs özü də bunu təsdiq edir) və həmin rəy təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin növünü və miqdarını təsdiq etməklə həmin maddənin hansı məqsədlə əldə edilərək saxlanılmasını müəyyən edən sübut növü kimi qiymətləndirilə bilməz. -Bundan savayı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Şahid1 məxsus olan mobil telefonu və nömrəni işlətməsi müəyyən edildiyindən müstəntiqin vəsatəti əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 5(008)-616/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 01 yanvar 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin, SMS mətnlərinin "xxxx" MMC-dən götürülməsinə icazə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş məktubla ***-***-**-** mobil nömrəsinin sorğulanan tarixlərdə "xxxx" şəbəkəsində istifadə edilmədiyi müəyyən edilmişdir. -Bununla yanaşı, “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokolda telefonun “Qalareya” bölməsində “Whatsapp” mesajlaşma proqramın söhbətlər pəncərəsindən əldə edilmiş ekran görüntüsündən görünür ki, “Baba” adı ilə qeydə alınmış kontaktla söhbət pəncərəsində ‘‘texnikuma tərəf gedəndə solda EKO MEN kişi geyimləri magazasi ile uzbeuz yolda ara mehleye girir duz gelir sonra balaca dongeye girir dongeden ci xanda uzbeuz 10m qabağda balaca Palma kollari gorecek ortadaki palmanin arxasinda 5k3p” məzmunlu yazılar, psixotrop maddələrin' əvvəlcədən qoyulduğu yerləri göstərən istiqamətləndirici işarələrin əks edildiyi fotoşəkillərin olmasının müəyyən edildiyi göstərilsə də, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin fotoşəkillərin hazırda onun üzərində aşkar edilmiş psixotrop maddə ilə heç bir əlaqəsinin olmadığını, onun hazırda üzərində aşkar edilmiş maddələri Hövsan qəsəbəsində binanın içərisindən götürdüyünü, Şahid1 telefonunu arada bir işlətsə də, həmin müddət ərzində Ehtibarın özünün də həmin telefondan istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin sorğusuna əsasən müstəntiq tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilmiş, mobil telefonun qovluq bölməsində olan fotoşəkillərdə olan həmin “Whatsapp” yazışmasının və psixotrop maddələrin' əvvəlcədən qoyulduğu yerləri göstərən istiqamətləndirici işarələrin olduğu fotoşəkillərin əks olunduğu ekran görüntüsünün 21 may 2023-cü il tarixdə ekrandan “screen” edilərək saxlanıldığı, yazışmaların yuxarısında olan tarix hissəsində isə “son görünmə bugün 19:17” əks olunmuşdur ki, bu da həmin yazışmanın və fotoşəkillərin 21 may 2023-cü il tarixə aid olmaqla hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmamasına dəlalət edir. Bununla yanaşı, həmin qovluqda Şahid1 3 may, 07 may, 15 may və 17 may 2023-cü il tarixlərdə çəkilmiş selfie şəkillərinin olması müəyyən olunmuşdur ki, bu hal özü də həmin telefonun Təqsirləndirilən şəxs saxlanılmadan öncəki 01 ay ərzində yalnız Təqsirləndirilən şəxs tərəfindən deyil, eyni zamanda hazırda məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün də göstərdiyi kimi telefonun mülkiyyətçisi Şahid1 də istifadə etməsinin göstəricisidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 06 iyun 2023-cü il tarixdə, yəni saxlanıldığı gün səhər radələrində Hövsan qəsəbəsində binanın içərisindən götürdüyünü, ifadələrinin istintaq orqanı tərəfindən təhrif edilərək guya həmin psixotrop maddəni 03 iyun 2023-cü il tarixdə əldə etməsinin göstərildiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş mobil telefonun qovluq bölməsində olan fotoşəkillərə baxış keçirilən zaman “Whatsapp” yazışmalarından 05 iyun 2023-cü il tarixdə screen edilərək saxlanılmış fotoşəkillərdə binaya giriş və binanın içərisində olan üzərində istiqamətləndirici ox olan fotoşəkillər aşkar olunmuş, həmin fotoşəkillər təqsirləndirilən şəxsə təqdim edilmiş, təqsirləndirilən şəxs həmin fotoşəkillərin ona 05 iyun 2023-cü il tarixdə adını Baba kimi bildiyi şəxs tərəfindən göndərildiyini, həmin günün səhərisi, yəni 06 iyun 2023-cü il tarixdə həmin yerə gedərək hazırda üzərində aşkar edilmiş psixotrop maddəni götürdüyünü bildirmişdir. Göstərilən bu hal təqsirləndirilən şəxsin ifadələrində səmimi olmasına, onun psixotrop maddəni əldə etdiyi gün saxlanılmasına dəlalət etməklə, eyni zamanda istintaq orqanının təqsirləndirilən şəxsin psixotrop maddəni saxlanılmasından 03 gün öncə, yəni 03 iyun 2023-cü il tarixdə götürməsini göstərməklə sanki təqsirləndirilən şəxsin 03 gün öncə əldə etdiyi 5 büküm psixotrop maddəni üzərində şəxsi istifadəsi üçün gəzdirməsinin inandırıcı olmamaqla məhz satış niyyəti ilə üzərində gəzdirməsi təəssüratı yaratmağa cəhd etməsininin göstəricisidir. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdikdən qısa müddət sonra saxlanılması, həmin müddətdə psixotrop maddəni istifadə etmək imkanının olmaması, uzun müddət həmin psixotrop maddəni üzərində saxlayıb daşımaması da, sonuncunun psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edən hal kimi nəzərə alınmalıdır. -Bununla yanaşı, “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokolda qeyd olunan mobil telefonun “Qalareya” bölməsində müxtəlif ərazilərdə müxtəlif məbləğdə pulların bank kartlarına ödənilməsini əks etdirən qəbzlərin fotoşəkillərin olmasının müəyyən edildiyi göstərilsə də, həmin fotoşəkillər cinayət işinin materiallarına əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə istintaqı zamanı məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış zamanı Qovluq bölməsində müxtəlif vaxtlarda müxtəlif bank hesablarına köçürülmüş məbləğlərin fotoşəkilləri müəyyən olunmuş, həmin qəbzlərlə əlaqədar təqsirləndirilən şəxsə ünvanlanmış suallara cavab olaraq o, online qumar oyunu oynadığını, hər dəfə oyuna qoşulmaq üçün ən az 5 manat pul köçürdüyünü, bu səbəbdən qəbzlərin əksəriyyətində 5 manat göndərilməsinin əks olunduğunu, 75, 100, 350 manat olan ödənişlərin isə qumar oyununda qalib gələn şəxslərin hesabına göndərildiyini bildirmişdir. Məhkəmə həqiqətən də göndərilən məbləğlərin əksəriyyətinin 5 manat olmasını, müxtəlif bank hesablarına göndərildiyini, 5 manata narkotik vasitə və ya psixotrop maddənin satılmasının real olmamasını, ən əsası isə həmin pulların məhz narkotik vasitə və ya psixotrop maddələrin satışı nəticəsində göndərilməsini təsdiq edən heç bir sübutun olmamasını nəzərə alaraq qeyd edir ki, sadəcə telefonda qəbzlərin fotoşəkillərinin olmasına istinad edərək şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məğul olması qənaətinə gəlinməsi və ehtimallar əsasında şəxsə həmin maddə ilə cəza təyin edilməsi nə cinayət qanunvericiliyinin qanunçuluq, nə də ədalət prinsipləri ilə bir araya sığmır. -Bununla yanaşı, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 7221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Göründüyü kimi, təqsirləndirilən şəxsdə məhz psixotrop maddələrin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur ki, bu hal özü də təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddənin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümlərin sayına istifadə etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Psixotrop maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə, saat 12:00-dan tutulmuş hesab edilmişdir (i.v.20). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 4(008)- 456/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (i.v.75-80). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.81-82). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 15 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və iş hazırda icraatdadır (i.v.101-102). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 4(008)- 267/2023 saylı qərarından görünür ki, AR CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.144-147). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin, AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Sabirabad Rayon Məhkəməsinin icraatındadır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)- 550/2023 saylı hökmündən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 19 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)- 550/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən ona Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)-550/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, onun hazrıki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət (iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə, saat 12:00-dan tutulmuş hesab edilmiş, təqsirləndiriən şəxs qismində 08 iyun 2023cü il tarixdə, saat 09:50-dən 10:25-dək dindirildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimatla məhkəməyə müraciət olunmuş, məhkəmənin elektron sistemindən çıxarılmış sənədlə isə müvafiq vəsatət və təqdimat 08 iyun 2023-cü il tarixdə, saat 11:49-da məhkəməyə daxil olması, saat 11:56-da materialın hakimə təhvil verilməsi, saat 12:00-a məhkəmə iclasının təyin edilməsi və 14:43-də məhkəmə aktının çıxarılması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin 48 saatdan artıq azadlığın məhdudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlanılma müddəti 03 gün hesablanmalıdır) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, onun başqa cinayət işi ilə əlaqədar azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, 01 ədəd “Redmi 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)-550/2023 saylı hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)-550/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,950 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın, 01 ədəd “Redmi 10” markalı mobil telefon qanuni sahibi Şahid1 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar