Məhkəmə qərarları › İş №1(008)-122/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-122/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-122/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 02 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsurov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin xüsusi olaraq mişar daşı ilə çəpərlənmiş hasarından keçib, həyətdə başqa saxlanc yeri olan köməkçi otaq kimi istifadə edilən otağın giriş qapısı üzərində olmuş qıfılı sındırmaqla otağa qanunsuz daxil olub oradan 01 ədəd qızılı rəngli, 7 litr həcimli, latun tərkibli, üzərində “БАТЫШЕВЫ” yazıları olan, 1907-ci ildə Rusiya Federasiyası Tula şəhərində istehsal olunmuş 1000 manat dəyərində samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işsiz olduğundan və maddi vəziyyəti zəif olduğundan 02 dekabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsurov küçəsində yerləşən evlərdən birinə daxil olaraq oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. 02 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsurov küçəsində yerləşən 16 saylı evin həyətinə hasardan keçməklə evin həyətində sağ tərəfdə yerləşən əl damının qapısınln üzərində olmuş qıfılı həyətdən götürdüyü dəmir alətlə sındırıb köməkçi otağa daxil olaraq oradan 01 ədəd samovarı oğurlayaraq oranı tərk etmişdir. Oğurluğu tək törətmişdir. Samovarı alarkən şəxsiyyətini təsdiq edən sənəd istəniləcəyini bilərək metal qəbulu sexinə getməmişdən əvvəl samovarı daş ilə əzərək yararsız vəziyyətə salmışdır ki, metal kimi qəbul etdikdə sənəd istəməyə ehtiyac qalmasın. Həmin günü, saat 12 radələrində Balaxanı qəsəbəsində yerləşən, Feyzi adlı şəxsin işlədiyi metal qəbulu sexinə aparıb Feyziyə samovarın özünə məxsus olduğunu, yararsız vəziyyətə düşdüyü üçün satmaq qərarına gəldiyini deyib samovarı ona 20 manata satmış, lakin samovarın oğurluq olması barədə məlumat verməmişdir. Həmin pula adını və anket məlumatlarını bilmədiyi şəxsdən, dəqiq xatırlamadığı ünvandan özü istifadə etmək üçün narkotik vasitə alıb istifadə etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında anası X1 ilə birlikdə yaşayır. 01 dekabr 2021ci il tarixdə anası Səkinə ilə birlikdə evdən çıxıb qohumlarıgilə qonaq getmiş, 02 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evə gəldikdə həyətdə köməkçi otaq kimi istifadə etdiyi otağın qapısı üzərində olmuş qıfılın sınmış vəziyyətdə olduğunu görüb, otağa keçdikdə orada olmuş atasından xatirə qalmış, 1907-ci ildə Rusiya Federasiyasının Tula şəhərində istehsal olunmuş qədimi samovarın yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, evdə olmadığı müddətdə naməlum şəxs hasardan keçməklə həyətinə daxil olmuş, qıfılı sındırıb, həmin samovarı oğurlamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən öna dəymiş ziyan tam ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının həyətində yerləşən əl damıdır. Baxış zamanı naməlum şəxslərin həmin əl damının qapısının qıdılının sındırılaraq həmin yerdən 1500-2000 manat dəyərində samovarı oğurladıqları aşkar edilmişdir (i.v. 10-12). “Götürmə və baxış keçirilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs tərəfindən 02 ədəd A4 formatlı kağız üzərində printer vasitəsilə 03 ədəd samovarın fotoşəkillərinin əks olunması, samovarın rənginin qızılı, sağ və sol yan hissələrində qara rəngli asılqan tutucaqlarının, üzərində “BATİŞEVİ” yazılarının olması müəyyən edilmişdir (i.v.37-39). “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı samovarı götürdüyü yeri əyani olaraq göstərmişdir (i.v.60-61). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 avqust 2022-ci il tarixli, 9/5652 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd qızılı rəngli, 7 İtr həcimli, latun tərkibli, üzərində “BATİŞEVİ” yazıları olan, 1907-ci ildə Rusiya Federasiyası Tula şəhərində istehsal olunmuş samovarın 2021- ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1000 manat müəyyən olunmuşdur (i.v.119-121). “Sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v 123-129). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, müvafiq ekspert rəyi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə, saat 13:30-da tutulmuşdur (i.v.73). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.98-100). “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.101-102). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 15 mart 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v.107-109). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(008)- 390/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduöu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-794/2022 saylı,. 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, xx/xx-8746 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə Sabunçu RPİnin əməkdaşları tərəfindən tutularaq 06 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. 2191, 4385, 8290, 5057 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2015-ci il təvəllüdlü (Əli-zadə Nuray Raqib qızı), 08 iyun 2017-ci il təvəllüdlü (Əli-zadə Nadir Raqib oğlu), 02 mart 2020-ci il təvəllüdlü (Əli-zadə Nihat Raqib oğlu) və 07 oktyabr 2022-ci il təvəllüdlü (Əli-zadə Tunar Raqib oğlu) övladları var. Zərərçəkmiş şəxs tərəfindən 02 noyabr 2022-ci il tarixdə verilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində dörd azyaşlı övladının olmasını (AR CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (AR CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi dövrdə yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin edilməsi üçün kifayət etməsi qənaətinə gəlir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı, o cümlədən, məhkəmə istintaqı dövründə həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 26 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət, 05 dekabr 2022-ci il tarixdən 25 yanvar 2023-cü il tarixədək həbsdə saxlandığı 01 ay 20 gün, cəmi 01 ay 21 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 ay 12 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 08 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar