Məhkəmə qərarları › İş №1(008)-122/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-122/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-122/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri, Vidadi küçəsi ev 29-da qeydiyyatda olan və hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, Yeni Y/S-i, nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,586 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 iyul 2023-cü il tarixdə saat 21:10-da şübhəli şəxs qismində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Məhərrəmli küçəsində yerləşən «Orxan» adlı kafenin yaxınlığında saxlanılaraq ərazi aidiyyəti üzrə 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə ümumi təmiz çəkisi - 0,586 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən istifadə etmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata 01 ədəd bükümdə heroin almışdır. xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitə heroin üzərində olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Məhərrəmli küçəsində yerləşən «Orxan» adlı kafenin yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Üzərində narkotik maddə olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları ondan şübhələnmiş və getməsinin qarşısını alaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə getməyi təklif etmişlər. Ancaq o, polis əməkdaşlarının suallarına cavab olaraq təkrarən tələsdiyini və getməyinə icazə vermələrini xahiş etmişdir. Lakin polis əməkdaşları üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirərək şəxsi axtarış keçirilməsi üçün şöbəyə getməyinin zəruri olduğunu bildirmişlər. Bundan sonra o, məcbur olub polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-nə getmişdir. Şöbəyə çatdıqdan sonra onu saxlayan polis əməkdaşları raport yazmş və bundan sonra araşdırmanın aparılması təhqiqatçıya tapşırılmışdır. Təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilərək tutulması ilə əlaqədar hüquq və vəzifələri izah edilmiş, daha sonra dövlət hesabına vəkillə təmin edilmiş, bundan sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı ilə keçirilməsinə etirazının olmadığını bildirmiş, şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş, polis əməkdaşları tərəfindən bükümə baxış keçirilmiş və orada tünd qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşduqda, suala cavab olaraq o, təqdim etdiyi həmin bükümdəki maddəsinin “kakos”, yəni heroin olduğunu, onu bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını, soyadını, ata adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin bükümünü 15 manata aldığını, həmin maddədən heç kimə vermədiyini və onun satışını həyata keçirmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini, həmçinin zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Sabunçu RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində, Təqsirləndirilən şəxs saxlanılarkən isə Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 05 iyul 2023-cü il tarixdə, saat 21 radələrində bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-karxanası, E.Məhərrəmli küçəsində yerləşən “Orxan” adlı kafenin yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin dayandığını, özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş, o isə üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək onlardan yayınmağa çalışmışdır. Onlar Təqsirləndirilən şəxs özünü həyəcanlı aparmasından şübhələnmiş və ona şəxsiyyəti barədə məlumatları dəqiqləşdirməsi üçün bölməyə getməyi təklif etmişlər. Bu zaman o, həyəcanlı şəkildə təkrarən tələsdiyini deyərək oradan yenidən getmək istəmiş, ancaq onlar Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnmiş və üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-nə getməyi tələb etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılaşmış və Sabunçu RPİ-nin 14-cü PŞ-nə getmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar dəqiqləşdirilmiş və gətirilməsi ilə bağlı raport yazaraq növbətçi hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi ona təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş, bükümə baxış keçirilən zaman tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümdə olanın “kakos” olduğunu, onu bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddə qablaşdırılmış, qablaşmanın üzəri təhqiqatçı tərəfindən imzalanmış və daha sonra müvafiq protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər, eləcə də hazırda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda məlumatlar olduğunu, lakin onu cinayət başında tuta bilmədiklərini, həmçinin ondan narkotik vasitə və ya psixotrop maddə alan şəxsi müəyyən edə bilmədiklərini, hazırda bu istiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyin bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 4-5 il olar ki, Vüsalı tanıyır. Belə ki, o, kanal üstü deyilən ərazidə moykada işləmiş, onunla moykaya gələrkən tanış olmuşdur. Onunla münasibət yarandıqdan sonra onun narkotik vasitə istifadə etdiyini öyrənmiş, həmin vaxt ondan ilk olaraq pulsuz olaraq, kola, yəni kakos-heroin götürmüş, daha sonra ondan 10 manat 1 çet heroin almışdır. 2023-cü ilin may ayının sonlarında onu Savalanda olan Araz marketin yanında görmüş, o yaşlı bir kişidən heroin götürdüyünü və satdığını demişdir. 2 gün sonra ona zəng edib onunla Arazın arxasında görüşmüş, ondan 10 manatlıq bir büküm kakos, yəni heroin götürmüşdür. Sonuncu dəfə Arazın arxasında görüşmüş, ondan kakos-heroin almışdır. Onunla hər zaman Arazın arxasında görüşürmüş, Vüsal başqa yerə gəlməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 2023-cü ilin yanvar ayından may ayının sonu, iyun ayının əvvəli tez-tez Təqsirləndirilən şəxs heroin almışdır, keçən ilin iyun ayında bir neçə günlük əlaqələri kəsilmiş, sonra görüşərkən onun tutulduğunu bilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2004-cü ildən yuxarıda qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 3-4 il bundan qabaq həmin məhlədə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Belə ki, o, həmin vaxt yaxınlıqda “Real” marketdə qəssab kimi işləmiş, 3-4 il bundan qabaq Vüsal o, işləyən marketə gələrək ondan ət almışdır. 5 ilə yaxın müddətdir ki, özü adətən narkotik vasitə saylan kakos, yəni heroindən, arada isə patı kimi tanınan metamfetamindən istifadə edir. Vüsal hər dəfə marketə gəlib ət alarkən onun xarici görünüşünə baxdıqda onun da narkotik vasitə və psixotrop maddə qəbul etməsi aydın şəkildə büruzə olunmuş, arada ona atmacalar atmış, o isə etiraz etməmişdir. Get-gəl yarandıqdan sonra bir-birinə nömrələrini vermişlər. Ondan heroinin 1 “çetini” 10 manat almışdır. Adətən onun yaşadığı evin qapısına gedir, orada görüşüb almışdır. Pulu olan vaxt isə ondan birdəfəyə 30 manatlıq heroin almış, Vüsal patını ona əlavə 5 manata vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş içərisində toz şəkilli, tünd qəhvəyi rəngdə maddə təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “Kakos” olduğunu, bir neçə gün əvvəl tarixi dəqiq bilmir, Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq narkotik vasitədən 2 aya yaxındır ki, istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsdən götürülmüş telefon qablaşdırılaraq DİNin 100 saylı möhürləndi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edildi (i.v.31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 06 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3647 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza; iştirakçılar-iki imza, Təhqiqatçı: T.Vəliyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-0,586 qram olan tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı’na daxildir (İ Siyahı) (i.v.38-41); CD diskə baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis mayoru Tahir Vəliyev saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan, eləcə də videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim edir. Təhqiqatçı tərəfindən bükümdə olan maddənin nə olduğu soruşulur, Təqsirləndirilən şəxs isə bükümdəki maddənin “kakos” olduğunu bildirir. Təhqiqatçı bükümdə olan maddəni haradan, kimdən və nə vaxt əldə etməsini soruşur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı kəndində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Bükümə baxış keçirildiyi zaman qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilir (i.v.63); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-526/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamışdır (i.v.69); Qətimkan tədbirinin seçilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.70-71); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli-Bayramlı şəhər məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilərək 03 il müddətinə azadlıqdan məhrum edilməklə 02 il sınaq müddəti ilə şərti cəza təyin edilmiş, Şirvan rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci, 177.2.4-cü maddələri ilə təqsirləndirilərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 1 il 07 ay 6 gün azadlığın məhdudlaşdıırlması cəzası ilə əvəz olunmuş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasını çəkmiş hesab edilərək azad olunmuşdur. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir (i.v.79-81); CD diskə baxış keçirilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı yazışmalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs digər şəxslərə göndərilmiş sms mətnləri.

1. xx-xx-2023 21:02:57 **********55 - **********42 - Salam necesiz 130m

2. xx-xx-2023 18:13:24 **********55 - **********06 - kapital 4169 7388 3229 2266

3. xx-xx-2023 01:53:06 **********55 - **********06 - salam qaqa bağışla çatdıra bilmedim gelim senin pulunu verim borcumu qaqa seher inşallah işe gedende tezden deyecem. Digər şəxslərdən Təqsirləndirilən şəxs göndərilmiş sms mətnləri

1. xx-xx-2023 02:56:59 1.1.**********23 1.1.**********55 abi salam şehriyardi yatmamisansa isim var

2. 0-06-2023 10:37:06 xx-xx-2023 10:37:06 1.1.**********93 1.1.**********55 Sən istəyən nardaran karlikindən tapmisam.belə ətki gecikmə tələs

3. xx-xx-2023 21:52:08 1.1.**********31 1.1.**********55 Qaqaw gelirem qurban sene 15diy elede qaqawun cun, Ay qa 15 diy ele de zehmet olmasa 20mi alin madi gelirem men

4. xx-xx-2023 22:31:55 xx-xx-2023 22:31:55 1.1.**********64 1.1.**********55 QAQAS.SENİS.GOREN.DEYİLSEN.MENE.BİRDE.İS.HAQİNDA.HECNE.DİME.SUKUR. MEN.OZUM.OZ.İSİMİ.YAXSİ.BİLİREM.SENCİN.FERHAD.ELE.ZORDU.GUNDE.5.MANA İSQİRİRDA.İ. PİLUS.QABAGVA.ZAKONDA.QOYUR.SENİ.QİNAMİRAM.

5. xx-xx-2023 00:48:07 xx-xx-2023 00:48:07 1.1.**********48 1.1.**********55 Qaqa liste pul catmir yarm list alinar (i.v.93); Tanınma aparılması haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirib 3 nömrəli şəkildən keçəl saç düzümü olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir(i.v.101-102); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X2 X3 Komissiyasının 02 oktyabr 2023-cü il tarixli 6245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.114-115); 18 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid2 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid2 üzləşdirmə prosesində Vüsal Məmmədoun üzünə qarşı istintaqa verdiyi ifadəni bildirərək ondan narkotik vasitə və psixotrop maddə aldığını bildirmişdir (i.v.118-120); Sübutların qiymətləndirilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, ona elan edilmiş ilkin ittihama əlavə və dəyişikliklər edilməklə həmin Məcəllənin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,586 qram heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,536 qram heroin təqsirləndirilən şəxs və müdafiəçisi tanış olduqdan sonra məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir.İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd “CD” disk, "xxxx" MMC-dən 3061/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v.121-129); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X1 adlı bir azyaşlı övladı var (i.v.143); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-122/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Sabunçu rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əliövsət oğlu hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 Saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Biləsuvar rayon məhkəməsinin 4(022)-12/2024 saylı, 07 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsetmənin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-122/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinə baxış keçirilərkən ayrı ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu sms yazışmaları müəyyən edilmişdir. Eyni zamanda, iş üzrə şahidlər Şahid2 və Şahid3 oğu ifadə verərək müxtəlif vaxtlarda dəfələrlə Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə aldıqlarını göstərmişlər. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Əli-Bayramlı şəhər məhkəməsinin xx.xx.2004cü il tarixli, Şirvan rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, Lənkəran Ağır cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmləri üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), Biləsuvar rayon məhkəməsinin 1(022)-12/2024 saylı, 07 fevral 2024cü il tarixli qərarına əsasən barəsində digər cinayət işi üzrə həbs seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,586 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 0,536 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03(üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin 4(022)-12/2024 saylı, 07 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində digər cinayət işi üzrə həbs seçilməsi nəzərə alınsın, hazırki iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,586 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 0,536 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar