Məhkəmə qərarları › İş №1(008)-124/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-124/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-124/2023 03.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə, saat 16:40 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh yolu ilə üzü Nardaran qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «X7» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə riayət etməyərək yəni, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın, lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə Bilgəh qəsəbəsi, Bilgəh yolu ilə üzü Nardaran qəsəbəsi istiqamətində avtomobili yolun sağ hərəkəthissəsində saxladıqdan sonra avtomobili arxaya hərəkət etdirərkən, üzü Nardaran qəsəbəsi istiqamətində X2 idarə etdiyi üç təkərli motorolleri vurması nəticəsində sonuncuya, baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol alm-qaş və sol said nahiyələrinin əzilmiş yaraları, sifətin, sol sağrı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə, saat təxminən 16:30 radələrində idarə etdiyi VAZ- 21011 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Bilgəh yolu ilə üzü Nardaran istiqamətində hərəkətdə olan zaman avtomobildə qabaq oturacaqda iş yoldaşı Xəyal, arxada isə bacısının oğlu Şahid1 Niyazi oğlu əyləşmişdir. Başqa avtomobildə heç kəs olmamışdır. Avtomobili sağdan birinci hərəkət zolağı ilə idarə edən zaman yolun sağ ehtiyyat hissəsində olan marketdən su almaq istədikləri üçün avtomobili marketdən bir neçə metr qarşıda öz hərəkət yolunda sağda saxlamış, daha sonra avtomobili geri arxaya hərəkət etdirməyə başlamışdır. Bu zaman arxadan gələn üç təkərli motoroller onun avtomobilinin arxa hissəsindən dəymişdir. Avtomobildən düşdükdən sonra görmüşdür ki, motorollerin kişi cinsli tanımadığı sürücüsü yerdə yıxılı vəziyyətdədir və bədəninin müxtəlif yerlərindən xəsarətlər almışdır. Sonra hadisə yerinə tanımadığı şəxslər toplaşmış və təcili tibbi yardıma zəng vurub dəvət etmişlər. Təcili tibbi yardım avtomobili gəlib həmin şəxsi xəstəxanaya aparmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və özü də protokolun doğruluğunu imza ilə təsdiq etmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək növbəti məhkəmə iclalarına gələ bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Niyazi oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Elnurun özünə məxsus VAZ-21011 markalı, 45-BL- 613 qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 16:30 radələrində Elnurun idarə etdiyi VAZ-21011 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Bilgəh yolu ilə üzü Nardaran istiqamətində hərəkətdə olan zaman avtomobili Elnur idarə etmiş, özü avtomobildə arxada, Elnurun iş yoldaşı Xəyal isə qabaqda əyləşmişdir. Başqa maşında heç kəs olmamışdır. Elnur avtomobili yolun sağ ehtiyyat hissəsində marketdən su almaq üçün saxlamış, daha sonra avtomobili geri arxaya hərəkət etdirməyə başlamış, bir neçə metr sonra arxadan gələn üç təkərli motoroller avtomobilin arxa hissəsindən dəymişdir. Avtomobildən düşdükdən sonra görmüşdür ki, motorollerin kişi cinsli tanımadığı sürücüsü yerdə yıxılı vəziyyətdədir və bədəninin müxtəlif yerlərindən xəsarətlər almışdır. Sonra hadisə yerinə tanımadığı şəxslər toplaşıb təcili tibbi yardıma zəng vurub dəvət etmişlər. Təcili tibbi yardım avtomobili gəlib həmin şəxsi xəstəxanaya aparmış, sonradan eşitmişdir ki, həmin şəxs yəni, Mahir adlı şəxs hadisə nəticəsində almış olduğu xəsarətlərdən bir neçə gün sonra xəstəxanada ölmüşdür. Hadisə zamanı özü, Elnur və Xəyal heç bir xəsarət almamışlar. Şahid X4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yolun hərəkət hissəsinin sağdan sarı xətdən 1,5 metr birinci hərəkət zolağında baş vermişdir (i.v.5-10). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 17 iyun 2022-ci il tarixli, 1/2906 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.11). DİN-nin BDYPİ Web portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi 05 oktyabr 2031-ci il tarixədək qüvvədədir (i.v. 18). Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən alınmış Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-149 nömrəli kameralarının qeydə aldığı görüntülər olan 01 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat 16:40 radələrində Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi VAZ-21011 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh yolu ilə üzü Nardaran qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtomobili yolun sağ hərəkət hissəsində saxlamış, bundan sonra avtomobili arxaya hərəkət etdirərkən, üzü Nardaran qəsəbəsi istiqamətində X2 idarə etdiyi üç təkərli motorollerlə toqquşmuşdur (i.v.39-40). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli, 136 nömrəli rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol alın-qaş və sol said nahiyələrinin əzilmiş yaraları, sifətin, sol sağrı nahiyəsinin sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən, X2 xəstəxanaya daxil olmasından (xx.xx.2022-ci il saat 17:30) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 17:00-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasə öz təsdiqini tapır. X1 adma X5 tərtib olunan xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən sərxoş olması qeyd olunmuşdur (i.v.45-50). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 8/2240 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21011 markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən motorollerin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Sürücü M.Əliyev motorolleri dövlət qeydiyyat nişanı olmadan idarə etməsi şəraitində onun hərəkətlərində “X7” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü M.Əliyev motorolleri sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X7” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.62-65). “Sübutların qiymətləndirilməsi barədə” 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, hadisə yerinə baxış protokolunun, yol nəqliyyat hadisəsinin sxeminin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinin, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut kimi qiymətləndirilmişdir (i.v.66-71). Məhkəmə istintaqı zamanı Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-149 nömrəli kameralarının qeydə aldığı görüntülər əsasında təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 8/2974-4/1529 saylı rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 05 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.38). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.94-95). Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (i.v.102). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 manat və 230 manat olmaqla, cəmi 315 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar