Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-124/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Tərcüməçi – X1 dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 1996-cı ildə Bakı şəhərində doğulmuş, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 06 avqust 2024-cü il tarixdə saat 05:40 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısına sərxoş halda gəlmiş və orada qardaşı Şahid icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs məxsus olan “Toyota Prius” markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görərək evə daxil olub qardaşı Şahid xəbəri və icazəsi olmadan mətbəxdə asılmış sonuncunun şalvarının cibindən “Toyota Prius” markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilin açarını götürmüşdür. Evi tərk etdikdən sonra evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus olan “Toyota Prius” markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilin salonuna avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs icazəsi olmadan daxil olduqdan sonra avtomobili işə salıb sərxoş halda hərəkət etdirməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmış, saat 07 radələrində həmin avtomobilin idarəetməsini itirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində aşırdıb zədələyərək “Toyota Prius” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sahiblik edən Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda yəni 5035 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avqust ayının 6-da qardaşı Şahid paltarının cibindən açarı götürmüş və “Toyota Prius” markalı, sahibini tanımadığı maşını işə salaraq Ramanaya, Qala-Ramana adlanan yerdə qalan nənəsigilə getmişdir. Nənəsigildən qayıdan zaman isə maşının idarəçiliyini itirməsi səbəbindən qəza baş vermiş və maşın aşmışdır. Daha sonrasında qardaşının gəlməsindən qorxmuş və hadisə yerindən qaçmışdır. 2 gün sonra qardaşı ilə qarşılaşmış və polis bölməsinə getmişlər. Qardaşı Şahid ziyanı ödəməkçün maşının sahibi olan Coşqunla danışmış və ona zərərin əvəzinin aylıq ödəniş formasında olmasını təklif etmiş, lakin həmin şəxs aylıq ödənişə razı olmamışdır. Ziyanı tam ödəmək üçün imkanı olmasa da, müəyyən bir hissəsinin ödənməsi üçün təşəbbüs göstərdiyini, irəlidə də işləyərək vurulan zərərin əvəzini ödəyəcəyini və hətta artıq işə qəbul olunduğunu söyləyərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 avqust 2024-cü il tarixdə evdə yatmış olduğu zaman bir nəfər işçi ona zəng edərək və sms göndərməklə maşının aşdığını bildirmişdir. Maşını kimin aşırdığını soruşduqda, Viktorun aşırdığını söyləmişlər. Ancaq hadisə yerinə gedib Viktordan soruşduqda, o bildirmişdir ki, maşını aşırdan qardaşı Təqsirləndirilən şəxs olmuşdur. Zərərçəkmiş olaraq 102 xidmətinə zəng edərək maşınının qaçırıldığını bildirərək polis çağırmışdır. “Toyota Prius” markalı avtomobilinin 2013-cü ilin təzə priusu olması ilə əlaqədar 20000 manata yaxın dəyəri olduğunu bildirmişdir. Cinayət işi matriallarında olan Avtotəmir qiymətləndirmə aktında 5035 manatın ehtiyyat hissəsinin qiyməti, olduğunu, 3800 manatın isə ustanın ödənişi olduğunu bildirmişdir. Həmin qiymətləndirmə Aktının rəsmi servis mərkəzindən verildiyinə görə qiymətlərin yuxarı göstərildiyini və buna görə də özünün avtomobili başqa təmir mərkəzində daha ucuz qiymətə təmir etdirdiyini və 5000 manatdan çox xərcinin çıxdığını və hadisə nəticəsində avtomobil çox yararsız hala düşdüyündən, bu qədər xərc çəkilməsinə baxmayaraq hələ də tam saz vəziyyətə gətirməyin mümkün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi ilk dəfə məhkəmə iclas zalında görmüşdür. Ödənişlə bağlı təqsirləndirilən şəxsin ayda 100-200 manat ödəniş etməsi təklifini qəbul etməmişdir. Amma birdəfəlik ödəniş edərsə 3000 manat ödəniş qarşılığında təqsirləndirilən şəxslə barışığa razı olduğunu bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Fon – X6 elan edilmiş ifadəsində göstərilmişdir ki, hazırda özü “Babək Plaza”nın qarşısına işləyir, anası evdar qadın, atası isə fəhləliklə məşğul olur. Qadaşı Dmitriy isə heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2023-cü ildən bəri tanış olmuşlar. Belə ki, Coşğun özünə məxsus olan bir neçə ədəd «Toyota Prius» markalı avtomobillləri müxtəlif şəxslərə icarəyə verirmiş və həmin şəxslərdən biri də o olmuşdur. Coşğunun avtomobilini icarəyə götürüb ona gündəlik 35 manat məbləğində icarə haqqını ödəməklə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 22 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olan «Toyota Prius» markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobili Coşğunun ona verdiyi etibarnamə əsasında icarəyə götürüb idarə etməyə başlamışdır. 06 avqust 2024-cü il tarixdə gecə saat 01 radələrində o yaşadığı ünvan 2 ünvanda yerləşən evinə gəlmiş, «Toyota Prius» markalı **- FG-*** dövlət nömrə nişanlı avtomobili evinin həyətində saxlamışdı. Həmin gün avtomobilinin açarını şalvarının cibinə qoymuşdur. Daha sonra paltarını dəyişmiş və onları mətbəxdə asaraq öz otağına keçərək yatmışdır. Səhər saat 7 radələrində anasının qışqırıq səslərinə oyanmış və nə baş verdiyini soruşmuş daha sonra həyətə çıxmış və artıq həyətdə saxladığı «Toyota Prius» markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilin orada olmadığını görmüşdür. Atası ilə danışdıqdan sonra, qardaşı Təqsirləndirilən şəxs həmin avtomobil ilə yol nəqliyyat hadisəsini törətdiyini bildirmişdir. O özü dərhal hadisə yerinə getmiş və Muxtarov qəsəbəsində yolun kənarında «Toyota Prius» markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilinin aşırdılmış vəziyyətdə olduğunu görmüş, Dmitriyi isə orada tapa bilməmişdir. Sonrasında avtomobilin sahibi H.Coşğuna zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 3 gündən sonra Dmitriy evə qayıtmış və ona etiraf etmişdir ki, sərxoş vəziyyətdə olmuş, mətbəxdə onun şalvarının cibindən avtomobilinin açarını götürüb ondan icazəsiz olaraq avtomobilini sürüb atası İqorun yanına Ramana qəsəbəsində yerləşən nənəsinin evinə getmişdir. Sonra oradan qayıdanda səhər saat 07 radələrində sərxoş olduğuna görə avtomobilin idarə etməsini itirərək avtomobili aşırtmışdır. X11-Pernese «Toyota Prius» markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobili idarə etməyə görə icazə verməmişdir. Dmitriy ondan xəbərsiz və icazəsiz avtomobilin açarını şalvarının cibindən götürüb avtomobili qaçırtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Sabunçu rayonu, Muxtarov qəsəbəsində, avtomobillərin hərəkət etdiyi magistral yolda baş vermişdir. Avtomobilin fotoşəkilləri çəkilmişdir. (i.v.3-7); Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.26); Axtarışda olan şəxsin tutulması haqqında 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. (i.v.49); Cinayət əməlinin tövsif edilməsi haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət əməli həmin məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.50-51); Tərcüməçinin təqdim edilməsi haqqında 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, rus və azərbaycan dillərini mükəmməl bilən, Azərbaycan Respublikası CPM-nin 99-cu maddəsinə əsasən dəvət olunmuş tərcüməçi X3 təqsirləndirilən şəxsə təqdim olunmuş və təqsirləndirilən şəxs tərəfindən ona etiraz edilməmişdir; (i.v. 60) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.70); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.91); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmamışdır (i.v.45); Sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 185.2.1 və 263-cü maddələrinin tərkib əlamətləri yoxdur. Şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində protokol tərtib edilərək qərarın surəti icra edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır (i.v.94-98); Cinayət işinin materiallarına əlavə olunmuş 232 nömrəli 14 sentyabr 2024-cü il tarixli avtotəmir qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 5035,00 manat tələb olunur. Dəmirçi, rəngsaz, armatur, çilingər, elektrik işlərinin həyata keçirilməsi üçün ümumi olaraq 3800,00 manat tələb olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını (CM-59.2) nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 06 dekabr 2024-cü il tarixdən 07 dekabr 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu (şəxs 06 dekabr 2024-cü il tarixdə, saat 10:30-dan tutulmuş hesab edilmiş, 07 dekabr 2024-cü il tarixdə, saat 11:00-dan 12:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığının mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən saatlarla müddətin hesablanması nəzərə alınmaqla Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdən 07 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-124/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-124/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver