Məhkəmə qərarları › İş №1(008)-127/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-127/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-127/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, vergi ödəyicisi olan fiziki şəxs kimi qeydiyyatda olan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi nömrəsiz evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilən zaman işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs kimi qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti həyata keçirirkən X3 "xxxx" ASC ilə arasında bağlanmış 03 iyun 2024-cü il tarixli, EAC-XM-220/24 nömrəli “Xidmət” müqaviləsinə əsasən ona işçilər üçün təhlükəsiz iş şəraitini yaratmaq, işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmək, işçilərin və digər şəxslər tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılmasına və onların bu qaydalara riayət etmələrinə görə tam məsuliyyət daşımaq, işin icrası zamanı tərəfindən cəlb edilmiş fiziki şəxslərin müvafiq təhsilə, biliyə, səriştəyə malik olmalarını təmin etmək, onlara işin təhlükəsiz yerinə yetirilməsi metodları və üsullarını öyrədərək nəzarət etmək kimi texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmasına baxmayaraq Böyükşor-Pirşağı avtomobil yolunun lahiyələndirilməsi və tikintisi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə yerləşən 3 nömrəli Pirşağı körpüsünün istinad divarında öz işçi qüvvəsi hesabına həyata keçirdiyi tikinti-quraşdırma işlərinə aid dəmir-beton işlərinin aparılmasına rəhbərlik edən zaman peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçməmiş, bilik səviyyəsi yoxlanılmamış X17 qəlibçi usta kimi işə cəlb edib körpünün istinad divarına bərkidilmiş panolun (qəlibin) sökülməsi kimi sərbəst işə buraxaraq onu həmin işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış etməyib, təhlükəsiz üsulla (kran tətbiq edilməklə) aparılmasını təmin etməyərək, işçi tərəfindən əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət etməklə təhlükəli halların qarşısını almadığına görə 09 iyun 1980-cı il tarixdə təsdiq edilmiş İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.20 bəndlərinin və bu qaydalara 1 saylı Əlavənin 10-cu bəndində göstərilən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının tələblərinə riayət etməyərək işləri aparılmasının təhlükəsizliyi qaydalarını pozmuş, nəticədə onun ehtiyatsızlığından X21 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə yerləşən 3 nömrəli Pirşağı körpüsünün istinad divarına işlərin lahiyə üzrə aparılma texnologiyasına uyğun olaraq quraşdırılmış panolu (qəlibi) açmaqdan ötrü panolun baş tərəfi qarmaqlar vasitəsi ilə krana qoşulmaqla panolun yerdəyişməzliyi və dayanıqlığı təmin edilmədən əvvəlcə qəlibi betona bərkitmiş tayrot boltları açmış, sonra isə panolun başına tərəf dırmaşmaq istəyərkən həmin an sığortalanma bağlantısı olmayan panol yerində çıxaraq üzərinə aşması nəticəsində iki bərk səthə malik əşya arasında sıxılaraq baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma ilə müşayət olunan hər iki gicgah, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınıqları, üz sklet sümüklərinin çoxqəlpəli, yerini dəyişən qapalı sınıqları, sağ tərəfli lll-İV və V qabırğaların yerini dəyişən qapalı sınıqları, hər iki gözyuvası ətrafı, sağ gicgah sifət nahiyəsinin qançırı, sol almacıq nahiyəsinin səthi əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlər alıb hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tikinti sahəsində təcili qəlibçi ustaya ehtiyacı olduğuna görə X17 bilik səviyyəsini yoxlamadan işə qəbul edib, panolun sökülməsinə işinə cəlb etsə də, panolun söküntüsü zamanı işə başlamazdan əvvəl onu işi hansı qaydada icra etməli olması ilə bağlı şifahi məlumatlandırmış, lakin başı başqa ustaların işinə qarışdığına görə onun tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsinə tam nəzarəti həyata keçirə bilmədiyi üçün Yaşar Qasımov işi düzgün icra etməmiş, panolun tayrot boltlarını açıb panolun üstünə çıxdığı üçün belə bir hadisə baş vermişdir. Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə X4 "xxxx" ASC tərəfindən X28 Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi həyata keçirilir. 2024-cü ilin may ayının sonlarında həmin şirkətdən ona təklif olunmuşdur ki, şirkətlə xidmət müqaviləsi bağlayaraq inşa olunacaq körpünün istinad divarında dəmir-beton işlərini görsün. O, buna razılıq verdikdən sonra 03 iyun 2024-cü il tarixdə "xxxx" ASC ilə onun arasında 220/24 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, əvvəlcə svay armokarkaslarının hazırlanması işlərini icra etməli idi. Həmin işlər təhvil verildikdən sonra isə dəmir-beton işləri həyata keçirilməli idi. O, svay armokarkaslarının hazırlanması işlərini 5 nəfər dəmirçisi ilə birlikdə 03 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə icra edib başa çatdırmışdır. Sentyabr ayının sonlarından isə dəmir-beton işlərinə başlamışlar. O özü tikinti sahəsində briqadir kimi nəzarəti həyata keçirmişdir. Onların əsas işləri körpünün istinad divarının inşası üçün dəmir torlar hörmək, qəlib qurub sonradan arasını betonlamaqdan ibarət olmuşdur. İş sahəsində ümumilikdə 4 nəfər işləmişdir ki, onlardan 2 nəfəri usta, 2 nəfəri isə fəhlə olmuşlar. Həmin işçiləri tikinti sahəsinə özü dəvət etmiş, hər biri ilə arasında əmək müqaviləsi bağlanmışdır. O, işçilərin gündəlik olaraq işlərinə nəzarəti həyata keçirmiş, onlar arasında iş bölgüsü aparmışdır. İşçilərin hər biri tərəfindən xüsusi geyim forması, qoruyucu vasitələr olan dəbilqə, əlçək ilə təmin edilmişlər. Həmin fərdi mühafizə vasitələrini onlara özü paylamış, lakin buna dair hər hansı bir jurnal tərtib etməmişdir. Bundan başqa hər gün işə başlamazdan əvvəl işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış etmiş, şifahi şəkildə təlimatlandırma aparmışdır. Təlimatlandırmanın keçirilməsinə dair də hər hansı bir jurnalı yoxdur. İş vaxtı hər gün saat 08-dən saat 18-ə qədər davam etmiş, 13-14-ə qədər isə nahar fasiləsi olmuş, arada çay içməyə də vaxt verilmişdir. X21 da onlara həvalə edilmiş tikinti aparılan sahədə qəlibçi usta kimi fəaliyyət göstərmişdir. Hazırda xatırlayır ki, Yaşar Qasımov ilk dəfə xx.xx.2024-cü il tarixdə tikinti sahəsinə gəlib işə qəbul olunmaq istədiyini bildirmişdir. O, Yaşara aralarında müqavilə bağlanmasını təklif etdikdə, Yaşar sosial yardım aldığını, buna görə də müqavilə bağlamaq istəmədiyini bildirmişdir. O isə müqaviləsi olmadan onu işə götürə bilməyəcəyini demiş, həmin gün Yaşar heç bir iş görməyərək çıxıb getmişdir. Növbəti dəfə isə xx.xx.2024-cü il tarixdə tikinti sahəsinə gələrək yenidən işləmək istədiyini bildirmişdir. O isə qəlibçiyə ehtiyac olduğunda hər hansı bir müqavilə bağlamadan onu iş sahəsinə buraxmışdır. Yaşarı sakit, mədəni insan kimi tanımış, hər hansı bir qeyri-adi hərəkətlərinin şahidi olmamışdır. O, tikinti sahəsində qəlib işləri görmüş və onun işi xoşuna gəlmişdir. İki gün işlədikdən sonra hərbi xidmət keçən oğluna baş çəkmək üçün rayona getmiş və növbəti dəfə xx.xx.2024-cü il tarixdə saat 08 radələrində işə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində həmişə olduğu kimi işə başlamazdan əvvəl işçiləri şifahi olaraq təlimatlandırdıqdan sonra onlar arasında iş bölgüsü aparmışdır. Həmin gün 2 nəfəri dəmir işlərini icra etməkdən ötrü istinad divarının hələ betonlanmamış hissəsinə tərəf göndərmişdir. Yaşar Qasımov və fəhlə Şahid1 adlı şəxsi isə istinad divarının qəlib söküntüsünə cəlb etmişdir. Onlar betonlanmış hissəyə bərkidilmiş dəmir panolu açmalı idilər. Belə ki, istintad divarının inşası üçün dəmir tor hörüldükdən sonra hər iki tərəfdən dəmir panol bağlanmış, arası isə betonlanmışdır. Beton quruduqdan sonra onlara həmin panolu bərkidildiyi yerdən açıb kran vasitəsi ilə kənara qoyurdular. Bunun üçün kran hazır vəziyyətə gətirilir, panolun baş tərəfində olan dəmir qarmaqlar krana qolulduqdan sonra panolu divara bərkitmiş tayrot boltlar qəlibçi tərəfindən açılır, yalnız bundan sonra kran həmin panolu yerindən çıxardıb kənara qoyurdu. Panolun baş tərəfinə çıxmaq üçün isə nərdivandan istifadə edilirdi. Həmin gün də o, Yaşar Qasımova həmin tapşırığı göstərilən qaydada icra etməsini bildirmişdir. Təxminən saat 08:30-dan etibarən iş icra olunmağa başlanmışdır. O, öz tapşırıqlarını verib işçilərə yemək sifariş etmək üçün piyada bir qədər aralıda yerləşən depoya getmişdir. Onların yeməklərini sifariş verib istinad divarının arxa tərəfi ilə dəmir torları toxuyan ustalara baş çəkmək üçün onların yanlarına getmişdir. Həmin vaxtı torların ölçüsü düz gəlmədiyi üçün o, Şahid2 İskəndər oğlu və X5 adında şəxslər ilə birlikdə torları ölçüb onlara toru düzgün toxumalarını tapşırmışdır. Elə bu zaman sağ tərəfdə betonlanmış hissədən möhkəm gurultu səsinin gəldiyini eşitmişdir. Sağa tərəf çönəndə görmüşdür ki, panol yerə düşdüyü üçün toz qalxıb. Ələddin adlı şəxsin əli ilə onu səslədiyini görüb həmin istiqamətdə getmiş, ora çatanda görmüşdür ki, Yaşar Qasımov adlı şəxs panolun altında qalıb. O, nə baş verdiyini soruşduqda Ələddin ona bildirmişdir ki, Yaşar panola dırmaşaraq onun betona bərkidildiyi tayrot boltları açmış, sonra isə kranın qarmağını panolun üst hissəsində olan qarmağa keçirmək üçün panolun baş tərəfinə dırmaşan zaman panol yerindən çıxıb onunla birlikdə yerə aşmışdır. Onlar tez köməkləşib panolu yerdən qaldırmış, Yaşarı onun altından çıxarıb kənara uzatmışlar. Həmin vaxtı Yaşar başından xəsarət aldığı üçün artıq ölmüşdür. Dərhal TTYS-na zəng vurmuş, lakin həkimlər gəlib ona baxan kimi öldüyünü bildirmişlər. Onun başı panolun dəmiri ilə torpaq örtüyü arasında qaldığı üçün hətta başında olan dəbilqə də deformasiyaya uğramışdır. Hadisə barədə baş heç bir məlumatı yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə yerləşən 3 nömrəli Pirşağı körpüsünün istinad divarında dəmir-beton işlərini X3 "xxxx" ASC ilə arasında bağlanmış 03 iyun 2024-cü il tarixli, EAC-XM- 220/24 nömrəli “Xidmət” müqaviləsinə əsasən o öz işçi qüvvəsi əsasında həyata keçirmişdir. X16 heç bir tanışlığı olmamışdır. O, tikinti sahəsinə ilk dəfə xx.xx.2024-cü il tarixdə gəlib işə qəbul olunmaq istədiyini bildirmişdir. Aralarında heç bir əmək müqaviləsi bağlanmamışdır. X21 iş sahəsinə gələrək uzun illər qəlibçi kimi işlədiyini, bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu bildirmişdir. O da həmin dövrdə qəlibçi ustaya ehtiyacı olduğuna görə onu iş sahəsinə buraxmışdır. O, Yaşara ayrıca olaraq peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçməmişdir. Yalnız iş bölgüsü apardıqdan sonra hər bir işçisinə işi hansı qaydada icra etməli olduğunu izah edib əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə şifahi tanış etmişdir. Avro- X9 "xxxx" ASC-nin iş icraçısı (və ya sahə rəisi) tərəfindən onun işçi qüvvəsinin işinə nəzarət edilməmişdir, işçilərinə özü nəzarət etmiş, onlar tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə özü cavabdehlik daşımışdır. Hadisəyə yalnız Şahid1 adlı şəxs şahidlik etmişdir. Məhkəmə iclasında zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, oğlu X22 və qızı X14 ilə birlikdə yaşayır. Mərhum əri X21 ilə 2000-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki övladı var. Əri Yaşar Bakı şəhərində müxtəlif tikinti sahələrində əvvəllər usta köməkçisi kimi, sonradan isə fərdi qaydada qəlibçi usta kimi işləməyə başlamışdır. Təxminən 20 il olar ki, tikinti sahələrində qəlibçiliklə məşğul olur. Bu illər ərzində onun heç bir problemi olmamış, öz sənətində kifayət qədər təcrübəyə malik olmuşdur. Son aylarda o, “Sea breeze” istirahət mərkəzində inşa edilən yaşayış binalarında qəlibçi kimi işləmiş, hər hansı bir şirkətin rəsmi işçisi olmamışdır. Təxminən sentyabr ayının sonlarından etibarən o, X28 Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Pirşağı körpüsünün inşasında qəlibçi usta kimi işləməyə başlamışdır. Onun dəqiq olararaq hansı tarixdən işə başladığını, işə onu kimin cəlb etdiyini dəqiq bilmir. Hadisədən sonra bildiyinə görə əri Yaşar tanış ustaların köməkliyi ilə həmin sahədə işə başlamış, onun işinə rəhbərliyi Təqsirləndirilən şəxs adlı şəxs etmişdir. O, Aydın adlı şəxsi əvvəllər tanımamış, Yaşar özü də onun barəsində onlara heç bir söz danışmamışdır. O, tikinti sahəsində ümumilikdə 4-5 gün işləmiş, işi isə qəlibçilik olmuşdur. Əri ilə əmək müqaviləsi bağlanmamış, ona gündəlik olaraq 50 manat əmək haqqı vermişlər. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində əri Yaşar evdən çıxıb iş sahəsinə getmişdir. Həmin gün onun hansı işi icra edəcəyindən məlumatı olmamışdır. Təxminən saat 12 radələrində o, evdə olan zaman onun iş yoldaşları onların evlərinə gəlib Yaşarın iş vaxtı yıxıldığını, yaralanması səbəbindən X25 PHŞ-nə aparıldığını bildirmişlər. Onlar dərhal evdən çıxıb həmin xəstəxanaya getmiş, orada olan zaman eşitmişlər ki, əri Yaşar dəmir qəlibin onun üzərində aşması nəticəsində ölmüşdür. O özü hadisənin şahidi olmamış, buna görə də hadisə barədə dəqiq heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən 20000 manat maddi yardım kimi ona ödənilmiş, uşaqlarını işlə təmin edəcəyinə söz vermişdir. Hazırda Təqsirləndirilən şəxs Vilayə oğlundan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 3-4 il olar ki, tikinti sahələrində fəhləlik edib ailəsini saxlayır. O, xx.xx.2024-cü il tarixdə Pirşağı dairəsi adlanan ərazidə körpünün inşası aparılan tikinti sahəsinə gələrək iş olub-olmaması ilə maraqlanmışdır. Həmin ərazidə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Aydın ona özünü briqadir kimi təqdim edib körpünün istinad divarında dəmir-beton işləri gördüklərini, onu fəhlə kimi işə qəbul edə biləcəyini demişdir. Bundan sonra o, öz şəxsiyyət vəsiqəsinin surətini ona göndərmiş ki, onunla əmək müqaviləsi bağlansın. Aydın adlı şəxs səhəri gündən etibarən işə çıxa biləcəyini demişdir. Hətta ona Sima portalına daxil olub qeydiyyatda keçmək istəsə də, nasazlıq olması səbəbindən xəta baş vermişdir. Buna görə də müqavilənin sonradan nə zaman qeydiyyata alındığını bilmir. xx.xx.2024-cü il tarixdə o, ilk iş günündə işə başlamışdır. Onlar saat 08 radələrində tikinti sahəsinə gəlmişlər. Aydın adlı şəxs onu və ərazidən çalışan ümumilikdə 5 nəfər şəxsi qəbul edib, onlara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair şifahi təlimatlandırma keçmişdir. Sonra isə xüsusi geyim forması və fərdi mühafizə vasitələri paylamışdır. Həmin gün o, 3 nəfər şəxsə tapşırmışdır ki, körpünün sol tərəfində dəmir tor hörsünlər. Onu və qəlibçi işləyən X17 isə istinad divarının qəlib söküntüsünə cəlb etmişdir. Onlar həmin gün betonlanmış hissəyə bərkidilmiş dəmir panolu açmalıymışlar. Belə ki, istinad divarının inşası üçün dəmir tor hörüldükdən sonra hər iki tərəfdən dəmir panol bağlanmış, arası isə betonlanmışdır. Beton quruduqdan sonra həmin panolu bərkidildiyi yerdən açıb kran vasitəsi ilə kənara qoyurmuşlar. Aydın Yaşar adlı şəxsə tapşırmışdır ki, kranın qarmağının panolun baş hissəsində olan qarmağa bəkitdikdən sonra panolun divara bərkidildiyi boltları açsın. O, tapşırığını verib körpünün baş tərəfində işləyən digər işçilərə nəzarət etmək üçün onların yanına getmişdir. Həmin vaxtı kran yerdə olan daş panelləri daşımaqla məşğul olmuşdur. Yaşar adlı şəxs əvvəlcə panolu divara bəkidən armaturu kəsib boltları açmışdır. O, Yaşara bunun təhlükəli olduğunu, panolun aşa biləcəyini bildirmişdir. Yaşar isə cavabında həmin panolun divara möhkəm yapışdığını, aşmaq şansının olmadığını demişdir. Bundan sonra o, onun panolun üzərinə dırmaşmaq istədiyini görüb ona nərdivan gətirməyi üçün onu gözləməsini bildirmişdir. Yaşar isə cavabında bunun gec olacağını deyib, özünə də təklif etmişdir ki, onunla birlikdə panola qalxsın. O isə hündürlükdən qorxduğu üçün Yaşarın bu təklifinə etiraz etmişdir. Yaşar adlı şəxs başını yelləyə-yelləyə panola dırmaşmağa başlamışdır. Yaşar kran gələndə qırmağı həmin panola qoşmaq istəmişdir. Elə panolun baş tərəfinə çatmışdır ki, o, panolun yelləndiyini görün “aşdı” deyə qışqırmış, Yaşar panol qarışıq arxası üstə yerə aşmış, panolun altında qalmışdır. O, tez səs-küy salıb ətrafda işləyən ustaları köməyə çağırmışdır. Onlar köməkləşib panolu yerdən qaldırmış və Yaşarı onun altından çıxarıb kənara uzatmışlar. Həmin vaxtı Yaşar başından xəsarət aldığı üçün hərəkətsiz vəziyyətdə olmuş, ağzından, qulaqlarından qan gəlmişdir. Onun halı pisləşdiyi üçün ərazidən uzaqlaşmışdır. TTYS-nin həkimlər gəlib ona baxan kimi öldüyünü bildirmişlər. Onun başını panolun dəmiri ilə torpaq örtüyü arasında qaldığı üçün hətta başında olan dəbilqə də deformasiyaya uğramışdır. Hadisə barədə baş heç bir məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 20 il olar ki, tikinti sahələrində dəmirçi usta kimi işləyib ailəsini saxlayır. xx.xx.2024-cü il tarixdən etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə körpülərin inşasında dəmirçi usta kimi işləyir. Onu işə fiziki şəxs kimi qeydiyyata alınaraq tikinti sahəsinə çalışan Təqsirləndirilən şəxs qəbul etmişdir. Bildiyinə görə onunla yolun tikintisini həyata keçirən X4 "xxxx" ASC arasında xidmət müqaviləsi bağlanılmış, bu məqsədlə Təqsirləndirilən şəxs onu və digər 3-4 nəfər ustanı tikinti sahəsinə cəlb etmişdir. O, işə başlamazdan əvvəl Aydınla arasında əmək müqaviləsi bağlanmışdır. Onlar işə başlayan gündən yəni 03 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə svay armokarkaslartnm hazırlanması işlərini icra etmişlər. xx.xx.2024-cü il tarixdən isə dəmir-beton işlərinin icrasına başlamışlar. Aydın tikinti sahəsində briqadir kimi fəaliyyət göstərmiş, onların əsas işi körpünün istinad divarının inşası üçün dəmir torlar hörmək, qəlib qurub sonradan arasını betonlamaqdan ibarət olmuşdur, iş sahəsində ümumilikdə 4 nəfər işləmişdir ki, onlardan 2 nəfəri usta, 2 nəfəri isə fəhlə olmuşlar. Aydın işçilərin gündəlik olaraq işlərinə nəzarəti həyata keçirmiş, aralarında iş bölgüsü aparmışdır. İşçilərin hər biri onun tərəfindən xüsusi geyim forması, qoruyucu vasitələr və fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Aydın hər gün işə başlamazdan əvvəl onları əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış etmiş, şifahi şəkildə təlimatlandırma aparmışdır. Bununla bağlı hər hansı bir jurnala imza atmamışlar. İşlədikləri bir neçə ay ərzində hər hansı bir problem olmamışdır. X17 o, ilk dəfə tikinti sahəsində xx.xx.2024-cü il tarixdə görmüşdür. Buna qədər onunla heç bir tanışlığı olmamışdır. Bildiyinə görə onun özü də işə qəlibçi usta kimi qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində tikinti sahəsinə gəlmişlər. Aydın onu və ərazidən çalışan ümumilikdə 4 nəfər şəxsi qəbul edib, onlara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair şifahi təlimatlandırma keçmiş, sonra isə xüsusi geyim forması və fərdi mühafizə vasitələri paylamışdır. Həmin gün Aydın ona və İsmixan İsmayılov adlı şəxsə tapşırmışdır ki, körpünün sol tərəfində dəmir tor hörsünlər. Qəlibçi işləyən X17 və tikinti sahəsinə yeni gəlmiş fəhlə Şahid1 adlı şəxsi isə istinad divarının qəlib söküntüsünə cəlb etmişdir. Onlar ayrı- ayrı yerdə işlədikləri üçün Yaşargildən ayrılıb körpünün sol tərəfinə gedib dəmir torlar hörməyə başlamışlar. Bir qədər sonra Aydın özü də onlara yaxınlaşaraq hördükləri toru ölçüb ölçülərinin düz gəlmədiyini görüb onlara həmin toru yenidən hörmələrinə dair öz tapşırıqlarını vermişdir. Həmin vaxtı təxminən saat 10 radələri olmuşdur. Onlar birlikdə iş görən zaman qəflətən sağ tərəfdən betonlanmış hissədən möhkəm gurultu səsinin gəldiyini eşitmişlər. Sağa tərəf çönəndə görmüşlər ki, panol yerə düşdüyü üçün toz qalxmışdır. Ələddin adlı fəhlə isə əli ilə onlara işarə etmişdir. Onlar tez həmin istiqamətdə getmiş, ora çatanda görmüşlər ki, Yaşar Qasımov adlı şəxs panolun altında qalmışdır. Aydın nə baş verdiyini soruşduqda Ələddin bildirmişdir ki, Yaşar panola dırmaşaraq onun betona bərkidildiyi tayrot boltları açmış, sonra isə kranın qarmağını panolun üst hissəsində olan qarmağa keçirmək üçün panolun baş tərəfinə dırmaşan zaman panol yerindən çıxıb onunla birlikdə yerə aşmışdır. Onlar tez köməkləşib panolu yerdən qaldırmış, Yaşarı onun altından çıxarıb kənara uzatmışlar. Həmin vaxtı Yaşar başından xəsarət aldığı üçün artıq ölmüşdür. Dərhal TTYS-na zəng vurmuş, lakin həkimlər gəlib ona baxan kimi öldüyünü bildirmişlər. Onun başın panolun dəmiri ilə torpaq örtüyü arasında qaldığı üçün hətta başında olan dəbilqə də deformasiyaya uğramışdır. Hadisə barədə baş heç bir məlumatı yoxdur. Hadisə baş verən günü X15 heç kimlə mübahisəsi, davası olmamışdır. İşə başlamazdan əvvəl də onda sərxoşluq əlaməti hiss etməmişdir. Yaşar Qasımov adlı şəxsi hadisə baş verən günü ikinci dəfə idi ki, görmüşdür. Əvvəllər onunla heç bir tanışlığı olmamışdır. Onun tikinti sahəsinə işə kimin qəbul etdiyini, onunla əmək müqaviləsinin bağlanılıb- bağlanılmadığını bilmir. Ona həmin panolu sökmək tapşırığını Təqsirləndirilən şəxs adlı şəxs hələ işə başlamazdan əvvəl vermiş, işi hansı qaydada icra etməli olduğunu da izah etmişdir. Lakin fəhlə Şahid1 dediklərindən belə başa düşür ki, Yaşar Qasımov kranın həmin vaxtı daş piltələr daşıdığını görüb səbirsizlik edərək hətta nərdivan belə gətirməyini gözləmədən panolun boltlarını açmış, sonra isə üzərinə qalxanda belə bir hadisə baş vermişdir. O özü hadisənin şəxsən şahidi olmamış, lakin hesab edir ki, hadisə onun öz səhlənkar davranışından baş vermişdir. Hadisəyə yalnız Ələddin adlı şəxs şahidlik etmişdir. O, İsmixan və Aydın isə sol tərəfdə təxminən 50-60 metr məsafədə dəmir tor hörülən yerdə olmuş, buna görə də hadisə baş verən yerə panol yerə düşəndən sonra gəlmişlər (i.v.136-139); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan yerdə Pirşağı körpüsünün inşa edildiyi ərazidir. Həmin ərazi Bilgəh-Pirşağı magistral yolunun sol tərəfində əsas yoldan 500 metr içəridə torpaq sahədə yerləşir. Körpünün inşa edildiyi yerin sol tərəfində mişar daşlan ilə inşa edilmiş fərdi yaşayış evləri vardır. Baxış zamanı müəyyən edildi ki, ərazidə çalışan qəlibçilər tərəfindən körpünün inşası məqsədi ilə dəmir profillərdən istifadə etməklə tor qurulmuş, həmin torların betonlanması üçün qabaq və arxa tərəfindən 6x6 metr ölçüdə panolar bərkidilmişdir. Torların bir hissəsi betonlandığı üçün həmin hissələrdə panolar açılaraq çıxarılmışdır. Beton tökülmüş hissədə yalnız iki ədəd pano qalmışdır ki, onlardan biri betona bərkidilmiş vəziyyətdə, digər panol isə yerə aşmış vəziyyətdədir. Həmin panonun aşdığı yerdə torpaq örtüyü üzərində qanabənzər ləkələr vardır. Betonlanmış hissədən 7 metr aralıda **-VL-*** nömrə nişanlı kran dayanmışdır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs verdiyi məlumata görə qəlibçi Yaşar Qasımov betona bərkidilmiş panolu açmaq məqsədi ilə üzərinə çıxmış, həmin vaxtı kranın panolu saxlamaq üçün hazır vəziyyətə gətirilməsini gözləmədən panolu betonta bərkitmiş tayrot boltları açan zaman panol yerindən çıxaraq yerə aşması nəticəsində Yaşar Qasımov onun altında qalaraq ölmüşdür. Meyit yerə aşmış panonun sağ tərəfində sağ böyrü üstə uzanılıq vəziyyətdədir. Meyitin yanında bir ədəd qorucuyu dəbilqə vardır ki, həmin dəbilqə sarı rəngdə olmaqla deformasiyaya uğramışdır (i.v.3-11); Hüquqi şəxslərin övlət qeydiyyatı idarəsi dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx"xxxx" ASC-nin qanuni təmsilçisi X20-Əfəndiyeviçdir (i.v.33); 03 iyun 2024-cü il tarixli EAC-XM-220/24 nömrəli xidmət müqaviləsindən görünür ki, bir tərəfdən “Sifarişçi” "xxxx"xxxx" ASC, nizamnamə əsasında fəaliyyət göstərən baş direktor Həmzət İsmiyevin şəxsində, digər tərəfdən “İcraçı” Təqsirləndirilən şəxs arasında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə yerləşən Pirşağı körpüsünün tikintisi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır (i.v.112-126); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v.146) Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs verilir ondan ötrü ki, o, həqiqətən Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsində qeydiyyatsız yaşayır. Qəsəbədə yaşadığı müddətdə onun haqqında İcra Nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır (i.v.150) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 220 saylı rəyindən görünür ki, 1. X2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma ilə müşayiət olunan hər iki gicgah, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınıqları. Üz skelet sümüklərinin çoxqəlpəli, yerini dəyişən qapalı sınıqları. Sağ tərəfli lll-İV-V qabırğaların yerini dəyişməyən qapalı sınıqları. Hər iki gözyuvasıətrafı, sağ gicgah-sifət nahiyəsinin qançırı. Sol almacıq nahiyəsinin əzilmiş səthi yarası. -Xəsarətlər həyati olub, Y.Ə.Qasımovun ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni hündürlükdən qəlib panası (panel) ilə birlikdə düşərək başın və gövdənin iki bərk səthə malik əşya arasında sıxılması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. X2 ölümünə kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvəllə uyğun gəlir.

3. X1 götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.154-159); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 14 noyabr 2024-cü il tarixli 10/8153 nömrəli ekspert rəyindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi adlanan ərazidə X28 Böyükşor-Pirşağı avtomobil yolunda inşa edilən körpünün istinad divarında dəmir-beton işlərinin aparılmasına peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə müvafiq qaydalara uyğun şəkildə təlim və təlimatlandırma keçməmiş və bilik səviyyəsi yoxlanılmamış işçi cəlb edilərək sərbəst işə buraxıldığına və qəliblərin sökülməsi işinin təhlükəsiz üsulla aparılmasına nəzarət olunmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Tikintinin təşkili” AzDTN 1.6-2-nin 5.3 bəndinin, İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 1.20, 12.12, 12.14 bəndlərinin və bu qaydalara 1 saylı Əlavənin 10-cu bəndinin tələbləri pozulmuşdur. Qeyd edilən normativ aktların tələblərinin pozulması hadisələrin baş verməsinin təşkilati və texniki səbəbi olmuşdur. Peşə təlimi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçinin işə cəlb edilərək sərbəst işə buraxılmalarına yol verildiyinə və panolların (qəliblərin) sökülməsi işlərinin əməyin təhlükəsizliyi qaydalarına uyğun aparılmasına nəzarət edilmədiyinə görə “Tikintinin təşkili” AzDTN 1.6-2-nin 5.3 bəndinin və İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2, 1.4 bəndlərinin tələbləri X4 "xxxx" ASC-nin körpü tikintisinin hadisə baş vermiş sahə üzrə iş icraçısı (və ya sahə rəisi) tərəfindən pozulmuşdur. Peşə təlimi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçini işə cəlb edilərək sərbəst işə buraxdığına, panolun (qəlibin) sökülməsi işinin təhlükəsiz üsulla (təsdiq edilmiş iş icra layihəsi və ya texnoloji xəritə əsasında) aparılmasını təmin etmədiyinə və fəhlələrin əməyin mühafizəsi qaydalarına riayət etmələrinə nəzarət etməklə təhlükəli halların qarşısını almadığına görə İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.20 bəndinin və bu qaydalara 1 saylı Əlavənin 10-cu bəndinin tələbləri körpünün istinad divarında dəmirbeton işlərinin görülməsini xidmət müqaviləsi bağlanmaqla öz üzərinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur; Fərdi şəkildə qəlibçi işləyən X21 panolun (qəlibin) sökülməsi işini tapşırılmış qaydada (kran vasitəsi ilə panolun yerdəyişməzliyini və dayanıqlığını təmin edildikdən sonra) aparmadığına və sökülməsi nəzərdə tutulan panolun üzərinə çıxaraq öz fərdi təhlükəsizliyini qorumadığına görə onun hərəkətləri İİİ-4-80*, «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 12.12, 12.14 bəndlərinin tələblərinə zidd olmuşdur (163-168); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 18 dekabr 2024-cü il tarixli 10/9604 nömrəli ekspert rəyindən görünür ki, işlərin lahiyə üzrə aparılma texnologiyasına uyğun olaraq quraşdırılmış panolların sökülməsi işi, qaldırıcı kran gətirilmədən, panolun baş tərəfi qarmaqlar vasitəsi ilə krana qoşulmaqla panolun yerdəyişməzliyi və dayanıqlığı təmin edilmədən bərkidici elementlərin (tayrot boltların) qəlibçilər tərəfindən açılması və bu zaman sığorlanma bağlantısı olmayan konstruksiyanın üstündə insanların olması baş vermiş hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Tapşırılmış iş sahəsi dairəsində təhlükəsiz iş şəraitinin təmin edilməsinin ustabriqadirlərin vəzifələrinə aid olduğunu nəzərə aldıqda, hadisənin texniki səbəbi olmuş qeyd edilən təhlükə faktorlarını yaradan amillərin aradan qaldırılması üçün öz vəzifə funksiyalarına uyğun olaraq tədbirlər görmədiyinə, yəni peşə təlimi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçinin işə cəlb edilərək sərbəst işə buraxdığına, panolun (qəlibin) sökülməsi işinin təhlükəsiz üsulla (kran tətbiq edilməklə) aparılmasını təmin etmədiyinə və fəhlələrin əməyin mühafizəsi qaydalarına riayət etmələrinə nəzarət etməklə təhlükəli halların qarşısını almadığına görə İİİ-4-80*, «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.20 bəndinin və bu qaydalara 1 saylı Əlavənin 10-cu bəndinin tələbləri körpünün istinad divarında dəmir-beton işlərinin görülməsini öz üzərinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur və bu pozuntular hadisənin texniki səbəbi ilə bilavasitə əlaqəli olmaqla, hadisənin baş verməsini şərtləndirmişdir. Peşə təlimi və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırma keçməmiş, bilik səviyyəsi yoxlanılmamış işçinin işə cəlb edilərək sərbəst işə buraxılmasına yol verildiyinə və panolların (qəliblərin) sökülməsi işlərinin əməyin təhlükəsizliyi qaydalarına uyğun aparılmasına davamlı nəzarət olunması təşkil edilmədiyinə görə “Tikintinin təşkili” AzDNT 1.6-2-nin 5.3 bəndinin və İİİ-4-80*, «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2, 1.4 bəndlərinin tələbləri X3 "xxxx" ASC-nin körpü tikintisinin hadisə baş vermiş sahə üzrə iş icraçısı (və ya sahə rəisi) tərəfindən pozulmuşdur ki, bu da hadisənin təşkilati səbəbi olmuşdur (i.v.198-203); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.248-249); xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilərək işə başlamazdan əvvəl X18 iş hansı qaydada icra etməli olması barədə şifahi şəkildə təlimatlandırması, panolun bərkidildiyi yerdən hansı qaydada açılmalı olduğunu izah etməsi, hadisənin Yaşar Qasımovun öz səhlənkar davranışı səbəbindən baş verməsini bildirməsi barədə göstərdiklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs özünün ifadəsi, eləcə də iş üzrə təyin edilmiş məhkəmə texniki təhlükəsizlik ekspertizasının rəylərinin təhlilinən də görünür ki, Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə cavabdeh şəxs olmasına baxmayaraq Yaşar Qasımovun əvvəllər bu tip işləri sərbəst şəkildə icra edibetməməsini aydınlaşdırmadan, bilik səviyyəsini yoxlamadan, eləcə də yazılı şəkildə peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə müvafiq təlim və təlimatlandırmalar keçmədən qəlibçi usta kimi körpünün istinad divarına bərkidilmiş panolun (qəlibin) sökülməsi kimi sərbəst işə buraxmış, hadisə günü onu işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə yazılı şəkildə tanış etməyərək, təhlükəsiz üsulla (kran tətbiq edilməklə) aparılmasını təmin etməyib, onun tərəfindən əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət etməyərək təhlükəli halların qarşısını almamamış, nəticədə də belə bir bədbəxt hadisə baş vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 222.1-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 222.3-cü maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edildiyindən, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən tikinti sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən tikinti sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar