Məhkəmə qərarları › İş №1(008)-128/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-128/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-128/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi qaydada qazmaçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində 2 rabitə dirəyi arasından dövlət və ictimai əhəmiyyətli rabitə xətləri hesab olunan, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus 45 metr uzunluğunda, bir metrinin dəyəri 3,30 manat, ümumi dəyəri 148,50 manat dəyərində «TPP 50x2» tipli dövlət əhəmiyyətli asma rabitə kabelini dəmir kəsən qayçı ilə kəsib gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 148,50 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində 2 rabitə dirəyi arasından dövlət və ictimai əhəmiyyətli rabitə xətləri hesab olunan, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus 45 metr uzunluğunda, bir metrinin dəyəri 5,81 manat, ümumi dəyəri 261,45 manat dəyərində «TPP 100x2» tipli dövlət əhəmiyyətli asma rabitə kabelini dəmir kəsən qayçı ilə kəsib gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 261,45 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tərtər Hərbi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.2, 232.1, 338.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2018-ci il tarixli qərarı ilə cəzası 01 (bir) ilə endirilmiş, 18 dekabr 2018-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Həbsdən azad olunduqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamış, ilk vaxtlar işi olduğu üçün narkotik vasitələri rahatlıqla əldə etmiş, lakin, sonradan işsiz qaldığı üçün narkotik vasitələri əldə etməkdə çətinlik çəkmişdir. O, narkotik vasitə əldə etmək üçün rabitə kabellərini kəsərək onları satmağı qərara almışdır. Bu məqsədlə, 01 iyun 2022-ci il tarixində, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində 2 rabitə dirəyi arasından rabitə xətlərini kəsərək satmağı qərarlaşdırmış, ilkin olaraq ətrafa nəzər yetirərək heç kəsin olmadığını müəyyən etmiş, daha sonra üzərində olan qayçı ilə kabelləri kəsərək yaşadığı, ünvan 1 ünvanına aparmışdır. O, 03 iyun 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə gəlmiş, ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra 2 rabitə dirəyi arasından asma rabitə kabelini dəmir kəsən qayçı ilə kəsərək yaşadığı ünvana aparmışdır. Növbəti gün, oğurladığı kabelləri əridərək misə çevirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə apararaq 81 manata satmış, əldə etdiyi pulu şəxsi məsrəflərinə sərf etmişdir. Törətdiyi əməldən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 rabitə dirəyi arasından Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus olan “TPP 50x2” tipli dövlət əhəmiyyətli rabitə kabelin ümumilikdə 45 metr uzunluğunda olan hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını 01 iyun 2022-ci il tarixində müəyyən edilərək qeyd edilən faktın aşkar edilməsinə dair müvafiq müraciət hazırlanaraq Sabunçu RPl-nin 42-ci PB-yə ünvanlamışdır. Bu hadisədən iki gün sonra, yəni, 03 iyun 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 2 rabitə dirəyi arasından Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus olan “TPP 100x2” tipli dövlət əhəmiyyətli rabitə kabelin ümumilikdə 45 metr uzunluğunda olan hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını müəyyən edilərək qeyd edilən faktın aşkar edilməsinə dair müvafiq müraciət hazırlanaraq Sabunçu RPl-nin 42-ci PB-yə ünvanlamışdır. Qeyd olunan tarixlərdə xətlərin bərpasına qədər qəsəbədə yüzlərlə abunəçi, o cümlədən, idarə və təşkilatlar rabitə (internet) xidmətindən məhrum olmuş və 4 saylı RXM-nin göstərdiyi xidmətə görə xeyli miqdarda maddi ziyan dəymişdir. Faktla bağlı hadisə yerinə yuxarıda qeyd edilən tarixlərdə baxış keçirilmiş, 4 saylı Rabitə Xidmətləri Mərkəzinin işçiləri və 42-ci Polis Bölməsinin polis əməkdaşlarının (əməliyyatçı, təhqiqatçı və sahə müvəkkili və s.) iştirakı ilə faktın təsdiq olunması barədə akt (aktlar) tərtib edilmişdir. Sabunçu rayonu, Nardaran qəsəbəsinin abunəçilərinə göstərilən telefon rabitə xidmətinin fasiləsizliyini təmin etmək üçün oğurlanmış rabitə kabelləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin öz vəsaiti hesabına bərpa edilmiş və həmin zərər üçün hesablanmış smetalara əsasən 648,80 (altı yüz qırx səkkiz manat, səksən qəpik) manat məbləğində vəsait tələb olunur. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidirlər. Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 648,80 (altı yüz qırx səkkiz manat, səksən qəpik) manat və mülki iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nə ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzində Xətt qurğularının istismarı şöbəsi EATS-455 (Bilgəh-Nardaran) xəttində mühəndis vəzifəsində işləyir. 01 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 rabitə dirəyi arasından Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus olan “TPP 50x2” tipli dövlət əhəmiyyətli rabitə kabelin ümumilikdə 45 metr uzunluğunda olan hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını müəyyən etmişdir. Bununla bağlı, Mərkəzin rəhbərliyinə və Sabunçu RPİ-nin 42-ci PB-yə müraciət etmişdir. Qeyd olunan hadisədən iki gün sonra, yəni, 03 iyun 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 2 rabitə dirəyi arasından Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus olan “TPP 100x2” tipli dövlət əhəmiyyətli rabitə kabelin ümumilikdə 45 metr uzunluğunda olan hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını aşkar etmiş, bununla bağlı, yenidən Mərkəzin rəhbərliyinə və Sabunçu RPİ-nin 42-ci PB-yə müraciət etmişdir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə ümumilikdə 648,80 manat maddi ziyan dəydiyini, belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsindən oğurlanmış “TPP 50x2” markalı, 45 metr elektrik kabelinin dəyərinin 148,50 manat olduğunu, həmin kabelin yenidən quraşdırılması üçün isə işçi pulu olaraq 81,40 manat pul lazım olduğu üçün həmin faktla bağlı 229,90 manat maddi ziyan dəydiyini, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsindən oğurlanmış “TPP 100x2” markalı, 45 metr elektrik kabelinin dəyəri 261,45 manat olduğunu, həmin kabelin yenidən quraşdırılması üçün isə işçi pulu olaraq 157,45 manat pul lazım olduğu üçün həmin faktla bağlı 418,90 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər küçəsində yerləşən metal qəbulu sexini işlədir. 03 iyun 2022-ci il tarixində, gündüz saatlarında işlədiyi sexə ağ rəngli “Hyundai” markalı avtomobil gəlmişdir. Avtomobilin ön sərnişin oturacağında oturan şəxs avtomobildən düşmüş və avtomobilin yük yerindən mislər və bir ədəd alüminium karniz gətirmişdir. O, gətirdiyi metalları satmaq istədiyini bildirmiş və o, gətirilən misləri tərəzidə çəkmişdir. Misin çəkisinin 6 kiloqram olduğunu müəyyən etmiş və malları gətirən, sonradan adının Salam olduğunu bildiyi şəxsə karnizlə birlikdə metallara 81 manat verə biləcəyini bildirmişdir. Salam adlı şəxs onunla razılaşmış və bundan sonra o, 81 manat pulu ona ödəmişdir. Salam pulları götürdükdən sonra saymış və oradan çıxaraq getmişdir. Salam getdikdən bir gün sonra işlətdiyi sexə polis əməkdaşları Salam adlı şəxslə birlikdə gəlmişlər və bundan sonra Salamın satdığı mislərin oğurluq olduğunu bilmişdir. Salamın ona satdığı metalları polis əməkdaşlarına təqdim etmiş və bununla bağlı izahat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, özünə məxsus olan “Hyundai Accent” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 03 iyun 2022-ci il tarixində, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yan-yana yerləşən “Al” və “Oba” marketlərin qarşısında dayandığı zaman qəsəbədə yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Salam onunla salamlaşdıqdan sonra yaşadığı evdə metallar olduğunu, onları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər məhəlləsində yerləşən metal qəbulu sexinə aparmaq lazım olduğunu bildirmişdir. O, Salama yük apardığı halda qiymətin baha olduğunu bildirmişdir. Salam yükün aparılmasının xərcinin nə qədər olduğunu soruşmuş və o, Salama 12 manat xərci çıxacağını demişdir. Salam onunla razılaşmış və birlikdə Salamın yaşadığı fərdi evin qarşısına getmişdir. Orada Salam avtomobildən düşərək yaşadığı evə keçmiş və bir neçə dəqiqə sonra açıq halda bir topa yandırılmış mis, bir ədəd qara sellofan torbada yandırılmış mis və bir ədəd alüminium materialından olan karniz gətirmişdir. Onları avtomobilin yük yerinə yığmış və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər məhəlləsində yerləşən metal qəbulu sexinə getmişdir. Orada Salam avtomobildən düşərək gətirdiyi metalları sexə təqdim etmişdir. Metal qəbulu sexində yüklər çəkilmiş və Salama yadında qalmayan miqdarda pul verilmişdir. Bundan sonra yenidən Salamla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə qayıtmışdır. Qəsəbəyə çatdıqdan sonra Salam ona 12 manat pul ödəmiş və oradan çıxaraq getmişdir. Bu hadisədən bir gün sonra polis əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. Bölməyə getdikdən sonra Salamın idarə etdiyi avtomobillə metal qəbulu sexinə apararaq satdığı mislərin oğurluq olduğunu öyrənmişdir. Cinayət işinin 43-45-ci vərəqəsində olan 04 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-64-cü vərəqəsində olan 05 iyun 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini düzgünlüyü və dəqiqliyi yoxlanılmaq məqsədi ilə ifadəsi onun iştirakı ilə hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 87-89-cu vərəqələrində olan 06 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 91-93-cü vərəqələrində olan 06 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-150-ci vərəqəsində olan 06 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı rabitə kabellərinin yandırılması nəticəsində əldə edərək satdığı metal qəbulu sexindən götürülmüş 6 kiloqram mis maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİnin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 119-120-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.2, 232.1, 338.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2018ci il tarixli qərarı ilə cəzası 01 (bir) ilə endirilmiş, 18 dekabr 2018-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbsetmənin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablanılmaqla 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini gizli olaraq təkrar talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 409 (dörd yüz doqquz) manat 95 (doxsan beş) qəpik, mülki iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinə ödənilməlidir. Mülki iddia mötəbər sübutların təqdim edilməməsi ilə əlaqədar digər hissələrdə təmin edilməməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs oğurladığı rabitə kabellərinin yandırılması nəticəsində əldə edərək satdığı metal qəbulu sexindən götürülmüş 6 kiloqram mis Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə təhvil verilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-532/2022 saylı, 19 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 409 (dörd yüz doqquz) manat 95 (doxsan beş) qəpik, mülki iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs oğurladığı rabitə kabellərinin yandırılması nəticəsində əldə edərək satdığı metal qəbulu sexindən götürülmüş 6 kiloqram mis Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə təhvil verilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar