Məhkəmə qərarları › İş №1(008)-129/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-129/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-129/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR-nın Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, Naxçıvan MR-nın ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,994 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq Sabunçu RPİ 15-ci PB-nin inzibati ərazisi olan Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “Məmmədli” dairəsinə qədər daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,994 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutularkən onun üzərində narkotik vasitə olmamışdır, arada bir narkotik vasitələrdən istifadə edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona polis əməkdaşları tərəfindən tutularkən və ya polis bölməsində olarkən hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 2da yaşayır. O, narkotik vasitələrdən aradabir istifadə edir. xx.xx.2023-cü il tarixdə ağrıları olduğundan narkotik almaq qərarına gəlmiş, həmin tarixdə saat 17 radələrində evdən çıxaraq birbaşa Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Orada heç bir anket məlumatını bilmədiyi, narkotik alüdəçisi görünüşü yaradan, hazırda üzdən görsə belə tanıya bilməyəcəyi şəxsə yaxınlaşaraq narkotik alüdəçisi olduğunu bildirmiş, həmin şəxsdən xahiş etmişdir ki, ona 20 manatlıq “kakos", yəni heroin tapsın. Həmin şəxs ondan 20 manatı alaraq uzaqlaşmış, təxminən 10 dəqiqə sonra ona yaxınlaşaraq şəffaf sellofanda bir ədəd büküm vermiş, bildirmişdir ki, bükümdəki heroindir. O, bükümü alaraq əynində olan şalvarının sağ yan cibinə qoyub geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sabunçu rayonunun inzibatı ərazisi olan Abşeron rayonu, Məhəmmədi qəsəbəsində piyada gedərkən “Məmmədli” dairəsi yaxınlığında iki şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan anket məlumatlarını soruşmuşlar, o, Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları onu Sabunçu RPİ 15-ci PB-yə getməsini təklif etmişlər, polis bölməsində üzərinə baxış keçiriləcəyini bildirmişlər. Başa düşmüşdür ki, polis əməkdaşları cibində heroin olmasını bilirlər, odur ki, cibindəki heroini tullamasına şərait yaratmamışlar. O, etiraz etmədən həmin əməkdaşlarla birgə 15-ci Polis bölməsinə, inzibatı binaya gəlmişdir. 15-ci PB-də ona özünün siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri, həmçinin vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağı izah edilmişdir. O, bildirmişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir. Bu barədə ərizə yazmış, vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən metamfetaminin aşkar olunmasını görsəydi məhkəmədə onu əminliklə müdafiyə etməyəcəkdir. X1 xidməti otağında üzərinə videogörüntü ilə baxış keçirilərkən sonuncu ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu halda təqdim etməsini təklif edilmişdir O, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən heç bir əşya aşkar edilməmişdir. X2 tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, bükümdəki maddə “kakos”dur, yəni narkotik vasitə heroindir, özünün istifadəsi üçün Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata almışdır. Onun təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, və polis əməkdaşları tərtib edilmiş protokolu və zərfi imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 19:30 radələrində Sabunçu rayonu, Məmmədli dairəsi yaxınlığında onun və 15-ci PB-nin əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə saxlanılmışdır. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 15-ci PB-yə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 15-ci PB-nin baş təhqiqatçısına tapşırılmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən andan şəxsi axtarışı aparılanadək müşahidələri altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. 15-ci PB-nin inzibati binasında təhqiqatçının xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən baş təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Baş X2 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərində digər hər-hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos”dur, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata almışdır. Həmin büküm özü, Təqsirləndirilən şəxs və həmkarı Şahid2 iştirakı ilə zərfə qoyulmuş, zərfin ağzı bağlanılmış, möhürlə möhürlənmiş və həmin zərfi imzalamışlar. Bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzaları ilə təsdiqləmişlər. Məhkəməkimyəvi ekspertizasının rəyindən sonra məlum olmuşdur ki, həmin bükümdə narkotik vasitə heroin olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.84-85); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23); şəxsi axtarış və götürmə aparılması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, qara rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan tiryəkə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş qara rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan tiryəkə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinəə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/4586 nömrəli 29 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,994 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v.33-36); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.67-69); Qətimkan tədbirinin seçilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.70-71); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 15-ci PB-nin baş təhqiqatçısı Anar Kərimov saxlanılan Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir. Baş təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirir, bununla əlaqədar etirazının olub- olmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Baş təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bükümü çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və üzərindən heç bir əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, uzun illərdir narkotik tərkibli maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş büküm narkotik tərkibli maddə “kakos”dur, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Baş təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 1 ədəd büküm baş təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır (i.v.74-76); Maddi sübut kimi tanıma haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,994 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,944 qram heroin qalıqları saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 6261 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatortarın birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 86-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.94); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 28 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 19:30 radələrində Sabunçu rayonu, Məmmədli dairəsi yaxınlığında onun və 15-ci PB-nin əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə saxlanılmışdır. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 15ci PB-yə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 15-ci PB-nin baş təhqiqatçısına tapşırılmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən andan şəxsi axtarışı aparılanadək müşahidələri altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. 15-ci PB-nin inzibati binasında təhqiqatçının xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən baş təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Baş X2 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərində digər hərhansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos”dur, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata almışdır. Həmin büküm özü, Təqsirləndirilən şəxs və həmkarı Şahid2 iştirakı ilə zərfə qoyulmuş, zərfin ağzı bağlanılmış, möhürlə möhürlənmiş və həmin zərfi imzalamışlar. Bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzaları ilə təsdiqləmişlər. Məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra məlum olmuşdur ki, həmin bükümdə narkotik vasitə heroin olmuşdur. Digər Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiqləmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,994 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 2ında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron ayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 0,994 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,944 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar