Məhkəmə qərarları › İş №1(008)-13/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-13/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-13/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Talıbov Təyyar Talıb oğlunun, Zərərçəkmiş şəxs Hacıbəyli Anara Kamil qızının iştirakı ilə, 22 aprel 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küç., döngə 01, ev 21 ünvanda qeydiyyatda olan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Atababayev Əlibala Əlibaba oğlunun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Şəhər şossesi ilə H.Hacıyev küçəsinin kəsişməsində yerləşən, qardaşı C.Təqsirləndirilən şəxs icarəyə götürüb ət satışını həyata keçirdiyi dükanda olarkən heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib borc üzrə öhdəliklərinin yerinə yetirilməsindən yayınan qardaşı C.Təqsirləndirilən şəxs yerini öyrənmək üçün bir neçə dəqiqə əvvəl həmin dükana gəlmiş Zərərçəkmiş şəxs2 təkrar dükana gəlib qardaşının olduğu yerini səhvən göstərdiyinə görə ona irad tutmasını cüzi səbəb kimi bəhanə gətirib, onun uca səslə nəlayiq ifadələrlə təhqir etməklə yanaşı piştaxtanın arxasından çıxıb silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətlərə yol vermiş, anasının həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə qeyd olunan dükana daxil olub Ə.Ə. Atababayevin hərəkətlərini dəf etməyə çalışan Zərərçəkmiş şəxs1 müqavimət göstərib qərəzli hərəkətlərini davam etdirərək istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs1 sağ qolundan bir zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ saidin bir ədəd kəsilmiş yarası ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan xəsarətlərrə aid olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlinin V barmağının bir ədəd kəsilmiş yarası ilə müşaiyət olunan xəsarətlər yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Atababayev Əlibala Əlibaba oğlu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən bir neçə müddət qabaq kiçik qardaşı C.Ə. Atababayev Kürdəxanı qəsəbəsində yerləşən svetoforun yanında olan ət dükanını icarəyə götürüb işlətməyə başlamışdır. Özü də orada qəssab kimi işləyirdi. Xəstəliyi ilə bağlı həkim ona işləməyə icazə vermədiyi üçün o, arabir həmin dükana gəlib-getmiş, lazım olduqda qardaşını əvəz etmişdir. Təxminən 1 il əvvəl qardaşı Canbalanın tanışı Kamili tanımışdır. Sonradan öyrənmişdir ki, Kamil qardaşı Canbalanın fermasında mal-qara saxlayır və onlar birgə iş görürlər. Lakin son vaxtlarda Kamil polis tərəfindən tutulduğu üçün, Zərərçəkmiş şəxs2 bildiyi həyat yoldaşı gəlib Kamilin payına düşən pulu geri istəmişdir. Bu səbəbdən də Canbalanın Zərərçəkmiş şəxs2 borcu yaranmışdır. Onlar öz aralarında borcun ödənilməsini razılaşdırmışdılar. O, isə həmin ərəfədə ümumiyyətlə nə Kamilin həyat yoldaşını, nə də başqa bir ailə üzvünü tanımışdır. Yalnız bir neçə dəfə Zərərçəkmiş şəxs2 ət alarkən ət mağazalarında görmüş və Kamilin bir qızı olduğunu eşitmişdir. 02 avqust 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində dünənki gündən qardaşı Canbalanın tapşırığı ilə həmin ət mağazasına gəlmiş və işi ilə məşğul olmağa başlamışdır. Təxminən saat 17-18 radələrində Zərərçəkmiş şəxs2 tək mağazaya daxil olmuş və ondan qardaşı Canbalanın yerini soruşmuşdur. O, Canbalanın xəstə olduğunu və evində olduğunu demişdir. Bundan sonra o, Canbalanın evinə gedəcəyini deyərək ondan evin yerini soruşmuşdur. O, həmin mağazada çalışan Nofəl adlı qəssabdan həmin evi Zərərçəkmiş şəxs2 göstərməyi xahiş etmişdir. Nofəl etiraz etmədən Zərərçəkmiş şəxs2 ilə birlikdə çıxıb getmiş və o, öz işinə davam etməyə başlamışdır. Təxminən yarım saat sonra Zərərçəkmiş şəxs2 qayıdaraq ət mağazasına daxil olmuş və daxil olan kimi də qışqırmağa başlamışdır. O, bu zaman mağazadakı piştaxtanın arxasında, yəni satıcı dayanan tərəfdə olmuşdur. Zərərçəkmiş şəxs2 onu təhqir edir, qardaşı Canbalanın evdə olmadığını bildirir, onun Zərərçəkmiş şəxs2 aldatdığını demişdir. O, Zərərçəkmiş şəxs2 çıxıb getməyini deyərək, onun bununla heç bir əlaqəsi olmadığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 bıçaq və ya balta götürüb ona hədə qorxu gəlməyə başlamışdır. Yaranmış səs-küyə görə sonradan adının Anara olduğunu bildiyi qız mağazaya daxil olmuşdur. Anara da içəri daxil olan kimi onu söyüşlərlə təhqir etməyə başlamış, Canbalanın onlara olan borcunu ondan tələb etmiş, Canbalanın borcu ödəməkdən yayınmağında onun rolunun olduğunu söyləmişdir. Anara mağazanın sol divarın qarşısındakı dolabın üstündə olan 3 litrlik şüşə bankaları götürərək ətrafa atıb sındırmağa başlamışdır. Anara şüşə bankaları divar və döşəməyə ataraq onları sındırırdı. O, Anaraya yaxınlaşıb bankaları götürmək istəmişdir ki, sındırmasın. Bu zaman Anara həmin bankalardan birini götürüb onun başına atmış və həmin banka başına dəyərək sınmışdır. Həmin səs küyə ətrafdan bir neçə nəfər adam gələrək dükana girib müşahidə edib çıxıb getmişdir. Lakin, bu adamların kim olması ona məlum deyil. O, qadınların sakitləşmədiyini görüb Azərbaycan Respublikasının D.İ.N-in «102» xidməti-zəng mərkəzinə zəng vurmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıbəyli Anara Kamil qızı ifadəsində göstərmişdir ki, Bakı şəh., Kürdəxanı qəsəbəsində yerləşən, Atababayev qardaşlarına məxsus fermada onun ailəsinə məxsus iri və xırdabuynuzlu heyvanlar saxlanılırdı. Qarşılıqlı razılaşma əsasında həmin heyvanlar satılmış və fermanın sahiblərinin onlara borcu yaranmışdır. Əvvəlcə onlar həmin borcu vaxtında bir qismini ödəsələr də, sonradan atasının vəfatından sonra onlara qalan 12.000 manat borcu ödəməkdən yayınmışlar. Onların bu borcu ödəməkdən yayındıqlarını görüb ödənişi tezləşdirmək üçün borcu hissələrlə ödənilməsinə razılıq vermiş, əks halda həmin borcun faizi müqabilində bir ədəd qoyun götürəcəyi demişdir. Razılaşmaya görə hər ayın 15-i Atababayevlər ödəniş etməli olmuşlar. Birinci ayın ödənişini vaxtında etsələr də, növbəti ayın, yəni iyulun ödənişini gecikdirmişlər. «Qurban bayramı» ilə əlaqədar alış-verişin çox olduğunu əsas gətirərək həmin tarixlərdə ödəyəcəklərinə söz vermişlər. Lakin «Qurban bayramı» bitsə də, yenə də Atababayevlər heç bir borc qaytarmamışlar. Sonuncu dəfə Atababayevlər onlara olan borcundan 2019-cu ilin sentyabr ayında bir hissə ödəmişdilər. Dəfələrlə o və anası Atababayevlərə müraciət edərək bu borcun qaytarılmasını tələb etmişdilər. Nəhayət ki, onların açıq aşkar şəkildə borc ödəməkdən yayınmalarını görüb qərara gəlmişlər ki, özləri gedib bir başa Canbaladan borcun ödənilməsini istəsinlər. 02 avqust 2020-ci il tarixdə təxminən saat 18:00 radələrində anası Dilşad ilə birlikdə Atababayevlərin Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Kürdəxanı» marketlə üzbəüz ət mağazasına yollanmışlar. Həmin mağazaya daxil olduqda Canbalanın qardaşı Əlibalanın orada olmağını görmüşlər. Əlibaladan niyə görə telefona cavab vermədiklərini soruşmuşlar. O pulun qardaşı Canbalada olduğunu, Canbalanın isə «koronavirus»a yoluxduğunu, öz evində olduğunu demişdir. Anası Dilşad qardaşının yaşadığı evin yerini soruşduqda Əlibala qardaşının Zabrat qəsəbəsində yaşadığını demişdir. Anası Dilşad oranın uzaq olduğunu deyərək çıxıb getmək qərarına gəlmiş, lakin Əlibalanın işçisindən qardaşı Canbalanın yaşadığı ünvanı soruşduqda o, Canbalanın Kürdəxanı qəsəbəsində yaşadığını demişdir. Sonra Əlibalanın işçisi ondan Canbalanın evini göstərməyi icazə almış və onlar birlikdə Canbalanın evinə yollanmışlar. Əvvəl Əlibala onları Kürdəxanı qəsəbəsində yerləşən fermaya göndərmişdir. Fermaya gəldikdə orada Canbalanı aşkar etməməmiş və Əlibalanın işçisi onlara Canbalanın evini göstərərək xahiş etmişdir ki, onlar evin onun tərəfindən göstərilməsini heç kəsə deməsinlər. Canbalanın evinə gəldikdə Canbalanın həyat yoldaşı onun xəstələnmədiyini, hal-hazırda evdə olmadığını, ət mağazalarına getdiyini demişdir. Onlar Canbalanı tapmaq üçün yenidən həmin ət mağazasına yollanmışdılar. O, idarə etdiyi avtomobildə qalmış, anası Dilşad isə həmin ət mağazasına daxil olmuşdur. Anası dükana daxil olduqda Əlibala ilə danışmağa başlamışdır. Bu zaman Əlibala əlində ət doğradığı iri bıçaqla piştaxtanın arxasından çıxaraq anasının üzərinə gəlmişdir. O, bunu gördükdə anasını müdafiə etmək üçün avtomobildən düşüb mağazaya daxil olmuşdur. Artıq piştaxtanın arxasından çıxıb anasının üzərinə gəldiyini görüb Təqsirləndirilən şəxs hər iki əli ilə sinəsindən itələmişdir. Əlibala itələdikdən sonra o bir az arxaya getmiş və onu vurmaq üçün həmin bıçağı yuxarı qaldıraraq yenidən onun üzərinə gəlmişdir. O, özünü müdafiə etmək üçün sağ qolunu qaldırmış, Əlibala həmin bıçağın iti kənarı ilə onun sağ qoluna zərbə vurub xəsarət yetirmişdir. Bıçaq iti olduğundan zərbədən bir neçə saniyə sonra o, əvvəl ağrı hiss etməsə də, sonradan görmüşdür ki, Əlibala onun qoluna baxır. Bu anda o, ağrı hiss edib qoluna baxdıqda qan gəldiyini görmüşdür. Əlibala duruxmuş və o əsəbləşərək sonuncunun ona çox yaxın olduğu üçün Əlibala ilə məsafə saxlamaq məqsədilə sağında olan şüşə balonlarından biriikisini sağ əliylə götürüb yerə çırpmışdır. Bu zaman mağazaya Əlibalanın qardaşının adını bilmədiyi oğlu daxil olmuşdur. Belə olduqda Əlibala da əsəbi halda həmin balonlardan götürüb yerə atmışdır. O, hələ də Əlibalanın əlində bıçaq olduğu üçün onun qardaşı oğlundan Əlibaladan bıçağı almasını tələb etmişdir. Əlibalanın qardaşı oğlu bıçağı Əlibaladan aldıqdan sonra onunla sözlə mübahisə davam etmişdir. Bu səs-küyə kənardan bir neçə nəfər tanımadığı insanlar gəlmişdilər. O, bu zaman həyat yoldaşına zəng vurub hadisə barədə danışmış, Əlibala isə onun polisə zəng vurmağını zənn edib mobil telefonuyla «102» xidmətinə zəng etmişdir. Bundan sonra polis əməkdaşları gələnə qədər Əlibala üzrxahlıq etməyə başlamışdır. Bu zaman Əlibalanın əlindən bıçağı alan oğlan, yəni onun qardaşı oğlu harasa getmiş və təxminən 5-10 dəqiqədən sonra, Əlibalanın qardaşı oğlu Fərid gələrək əynindəki köynəyin döş cibindən 1.000 manat pulu çıxarıb götürməyini və məsələni şişirtməməsi üçün heç hara müraciət etməməyini xahiş etmişdir O, isə pulu götürməyindən imtina edərək, polisi gözləyəcəyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş qismində dindirilmiş Ağayeva Dilşad Bəybala qızı ifadəsində göstərmişdir ki, həyat yoldaşı Kamillə Atababayevlər ailəsi arasında müəyyən işgüzar münasibətlər olmuş, daha sonra həyat yoldaşı Kamil xəstələnərək vəfat etmişdir. Bundan sonra onlar Canbalanın həyat yoldaşına borclu olduğunu öyrənmiş və Canbaladan həmin borcu istəmişdilər. Aralarında olan razılaşma əsasında Canbala 2019-cu ilin noyabr ayından etibarən hər ayın 15-ci günü borcunun bir qismini onlara ödəməli olmuşdur. Lakin bundan sonra Canbala müxtəlif bəhanələrlə ödənişlərdən yayınıb, verməli olduğu pul məbləğlərinin ödənişini gecikdirmişdir. Bu səbəbdən demək olar ki, hər ay Canbala ilə əlaqə saxlayır və onun çalışdığı Kürdəxanı qəsəbəsində yerləşən ət mağazasına getmişdir. Belə olduqda Canbala yenə də müxtəlif bəhanələrlə ödənişi təxirə salmağa cəhd edərək, ödəmədən yayınmışdır. Sonuncu dəfə «Qurban bayramın»dan sonra, təxminən avqust ayının əvvəllərində Canbalanın telefon zənglərinə cavab vermədiyinə görə Anaranın uşaqlarını bağ evlərinə aparan zaman yolu Kürdəxanı qəsəbəsindən keçdiyindən qərara gəlmişlər ki, Canbala onlardan yayınmasın deyə ona zəng vurmadan yol üstü dükanına gəlsinlər. Onlar həmin dükana daxil olduqda Canbalanın orada olmadığını, qardaşı Əlibalanın və daha bir nəfər adını bilmədiyi işçisinin orada olduğunu görmüşlər. Əlibaladan qardaşı Canbalanın harada olduğunu soruşduqda o Canbalanın xəstə olduğunu və öz evində müalicə olunduğunu demişdir. O, Canbalanın özü ilə danışmaq qərarına gəlib həmin evə getməyə istəmişdir. O, Əlibalaya bir nəfərə onlara Canbalanın evi göstərməyi tapşırmağı demişdir. Əlibala əvvəl qardaşının evinin yerləşdiyi yeri onlara səhv söyləsədə, sonradan onun işçisindən Canbalanın evinin Kürdəxanı qəsəbəsində olmasını öyrənmişlər və Əlibalanın işçisi onlarla birlikdə yola düşmüşdür. Əvvəl həmin işçi onları Canbalanın fermasına aparmışdır. Orada kiminləsə danışandan sonra Canbalanın orada olmadığını söyləmişdir. Bundan sonra onlar Canbalanın yaşadığı evinə gəlib çatmışlar. Qapını döydükdə qapını bir qadın açmış, Canbalanın həyat yoldaşı olduğunu və Canbalanın hal-hazırda evdə yox işdə olduğunu, həmçinin xəstə olmadığını demişdir. O, Əlibalanın onları aldatdığını başa düşüb Canbalanın həmin vaxt mağazada olacağını güman edərək yenidən həmin mağazaya qayıtmaq qərarına gəlmişdir. Mağazanın qarşısına çatdıqda qızı Anara avtomobildə övladları ilə birlikdə gözləmiş, o, isə mağazaya daxil olmuşdur. Bu zaman Əlibala mağazada tək olmuş və piştaxtanın arxasında ət doğramışdır. Əlibala onu görüb gileylənməyə başlayaraq, «məni bezdirdiniz», «Canbalanın yerini dedim, burda yoxdu», «çıxın gedin buradan» söylədikdən sonra o, onun bu sözlərinə görə və onları aldatdığına görə «şərəfsiz» sözü işlətmişdir. Bu vaxt Əlibala ona qarşı təhqiramiz sözləri ucadan işlədərək əlindəki iri ölçülü, tutacaq yeri qara rəngli bıçaqla piştaxtanın arxasından çıxıb həmin bıçaqla ona xəsarət yetirmək istədiyini nümayiş etdirərək üstünə gəlməyə başlamışdır. O, isə onun hərəkətlərindən qorxub hərəkətsiz yerində qalmışdır. Dükanın ön divarı şüşədən olduğundan Anara bunu görüb azyaşlı uşaqlarını maşında tək qoyaraq tez dükana daxil olmuş və aralarına girib Əlibalanı əli ilə sinəsindən itələmişdir. Əlibala isə bir qədər arxaya çəkildikdən sonra bıçağı yuxarı yenidən qaldırmış və Anaranın üstünə gəlməyə başlamışdır. Bu zaman Anara özünü qorumaq üçün sağ əlini yuxarı qaldırmış və bu anda Əlibala əlindəki bıçaqla Anaranın sağ qolundan bıçaqla bir zərbə vurmuşdur. Daha sonra Anara yanındakı masanın üzərində olan şüşə bankaların bir neçəsini götürüb yerə çırparaq sındırmışdır. Bu zaman Əlibalanın duruxduğunu, Anaranın sağ qolunda qan gəldiyini, qan ləkələrinin əynindəki paltarın üzərinə axdığını görmüşdür. Bu vaxtı mağazaya bir nəfər, adı onlara sonradan istintaq zamanı Atababa məlum olan oğlan daxil olmuş və Əlibala da əsəbi halda həmin balonlardan bir neçəsini götürüb yerə atmışdır. Anara Atababadan kömək istəyərək Əlibalanın əlindən bıçaq almağı xahiş etmişdir. Həmin oğlan bıçağı Əlibaladan aldıqdan sonra Anaraya kağız salfeti vermişdir ki, qolunu silsin. Yaranmış səsküyə kənardan bir neçə nəfər tanımadığı insanlar gəlmişdilər. Sonra Anara həyat yoldaşı Turala zəng vuraraq hadisə barədə danışmış, Əlibala isə polisə zəng vurmağını zənn edib mobil telefonla «102» xidmətinə zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmrahov Emin Akif oğlu ifadəsində göstərmişdir ki, 02 avqust 2020-ci il tarixdə o, xidmət etdiyi bölmənin əməliyyat qrupunda olan zaman saat 18:00 radələrində bölmənin növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, ona təhkim olunmuş ərazidə, yəni Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən svetoforun yanında olan ət dükanında münaqişə baş verib. Məlumatı yoxlamaq üçün təhqiqatçı və bölmənin digər əməliyyat müvəkkili Şahid4la birlikdə hadisə yerinə gəlmişdir. Hadisə yerinə yaxınlaşdıqda onların diqqətini qeyd olunan ət dükanın qarşısında bir neçə nəfər şəxsin toplaşıb dükanda baş verənləri izləmələri olmuşdur. Onlar dükana daxil olduqda yerdə şüşə qırıntıların olduğunu görmüşlər. Dükanda iki nəfər qadın və orada işləyən Əlibala adlı şəxslər olmuşlar. Məsələni şifahi qaydada araşdıran zaman onlara məlum olmuşdur ki, Əlibala adlı şəxsin qardaşının həmin iki qadına borcu olmuş, o borcu qaytarmadığı üçün qadınlar həmin dükana gəlmiş və bu zəminində aralarında münaqişə baş vermişdir. Qadınlardan cavan olan onlara qolundaki kəsiyi göstərərək Əlibala adlı şəxsin onu bıçaqla qolundan vurub xəsarət yetirdiyini bildirmişdir. Eyni zamanda Əlibala adlı şəxs həmin qadının onun dükanında olan şüşə balonları sındırdığını demişdir. Bu hadisə kriminal hadisələrə aid olunduğundan məsələnin araşdırılması üçün tərəflər 15-ci Polis Bölməsinə dəvət olunmuşlar. Əlibala adlı şəxs onların xidməti avtomobillə, cavan qadın isə digər avtomobillə bölməyə gəlmişlər. Bundan sonra hadisənin araşdırılması Bölmənin təhqiqatçısına həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Arif Yurif oğlu, Qurbanov İsmayıl Füzuli oğlu Əmrahov Emin Akif oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Hacıbəyli Tural Bəhruz oğlu ifadəsində göstərmişdir ki, 2015-ci ildə Anara ilə ailə həyatı qurmuş, o vaxtdan da birgə nıkah dövründə 2 uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı Anaranın mərhum atası Kamilin Əlibala və onun qardaşları ilə heyvandarlıq sahəsində birgə biznes fəaliyyətinin olmasını o, Anara ilə ailə həyatı qurduqdan sonra bilmişdir. Qayın atasının vəfatından sonra Atababayev qardaşlarının həmin biznes fəaliyyətindən külli miqdarda Anaragilin ailəsinə borcu qalmışdır. Həmin borcun bir qismi ödənilsə də, sonradan yerdə qalan 12.000 məbləğində borcu ödənilməmişdir. Bu səbəbdən də Anara dəfələrlə onlardan borcun qaytarılmasını şifahi tələb etsə də buna nail ola bilməmişdir. Aralarında biznes fəaliyyəti nəticəsində əldə olunmuş borc şifahi şəkildə öz əksini tapdığı üçün Anara müvafiq orqanları müraciət edə bilməmiş və şifahi olaraq borcun qaytarılmasını istəmişdir. Sonuncu dəfə 02 avqust 2020-ci il tarixdə günorta saatlarından sonra o, Görədil bağlar massivində olarkən Anara ona zəng vurub demişdir ki, qayınanası Dilşad və uşaqları ilə birlikdə Əlibalanın işlətdiyi ət dükanın yanından keçərkən həmin dükana yol üstü girmiş və borcunun qaytarılmaması səbəbindən aralarında yaranmış sözlə mübahisə zamanı Əlibala Anaranın sağ əlinə bıçaqla bilə-bilə xəsarət yetirmişdir. Bu səbəbdən də o, dərhal bağdan çıxıb həmin dükana yola düşmüşdür. Təxminən 20 dəqiqəyə o, həmin dükanın qarşısına çatmış və görmüşdür ki, dükanın ətrafına xeyli insanlar, o cümlədən polis işçiləri toplaşmışdır. Həmin vaxt yoldaşı Anara dükanın içərisində olmuş və sağ qolundan qan axmışdır. Eləcə də Anaranın əynindəki paltarın üzərində və yerdə də qan izləri olmuşdur. Anara ona vuran adamı, yəni Əlibalanı göstərmişdir. O başını aşağı salıb orada dayanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dhindirilmiş Məmmədov Nofəl Şahmar oğlu ifadəsində göstərmişdir ki, hazırda Badamdar qəsəbəsindəət dükanında mal kəsən işləməklə gündəlik məvacib alır. Əvvəl Pirşağı qəsəbəsində yaşadığı üçün həmin qəsəbəsinin sakini Vüsal adlı oğlanla tanış olmuş və onun qəssab işlədiyini bilib ona əmisi Canbalanın ət dükanında qəssab kimi işləməyi təklif etmişdir. O, həmin vaxtı Pirşağı qəsəbəsində yerləşən restoranda işləyirmiş və artıq işdən çıxmaq üzrə olmuşdur. Bu səbəbdən də o, Vüsalın təklifi ilə razılaşmış və 2020-ci ilin fevral ayından etibarən Canbalanın Kürdəxanı qəsəbəsində yerləşən dükanda qəssab işləməyə başlamışdır. Həmin dükana Canbalanın qardaşı Əlibala da gəlib köməklik edirdi. O, olmadıqda Əlibala qəssab kimi işləmişdir. Orada işlədiyi dövrdə o, iki qadının tez-tez dükana gəlib Canbalanın onlara olan borc əvəzinə hissə-hissə pul ya da ki, ət məhsulları götürmələrinin şahidi olmuşdur. Həmin qadınlar ana-bala olmuşlar. Canbala ilə həmin qadınların arasında münasibət həmişə normal olmuşdur. 2020-ci ilin yay ayları olardı ki, həmin adlarını xatırlamadığı qadınlar avtomobillə gəlib dükanın qarşısında avtomobili saxlamış və ikisi də dükana girib Canbalanı soruşmuşlar. Əlibala Canbalanın xəstə olduğunu, evdə müalicə aldığını demişdir. Yaşlı qadın Əlibaladan Canbalanın yaşadığı yeri göstərməyi tələb etmiş və Əlibala ona tapşırmışdı ki, o həmin qadınlara Canbalanın evini göstərsin. O, onların avtomobilində oturmuşdur. O, əvvəl qadınları Canbalanın Kürdəxanı qəsəbəsində yerləşən fermaya aparmışdır. Canbalanı çobandan soruşmuş, çoban Canbalanın harada olduğunu bilmədiyini, fermaya gəlmədiyini bildirmişdir Sonra yaşlı qadın onları Canbalanın evinə aparmağı demişdir. Ona görə də o, qadınların avtomobil ilə fermadan bir qədər aralı yerləşən Canbalanın evinə qədər gedib evin yerini göstərmişdir. Yaşlı qadın avtomobildən çıxıb Canbalanın evin qapısını döymüş, qapını Canbalanın həyat yoldaşı açandan sonra Canbalanın evində olmadığını bildirmişdir. Bundan sonra yaşlı qadın Canbalanın qadın arxasında gizləndiyindən, qadına olan borcu qaytarmadığından gileylənmiş, Canbalanın həyat yoldaşı isə borcun ona heç bir aidiyyəti olmadığını demişdir. Sonra həmin yaşlı qadın avtomobilə qayıdıb Canbala ilə bacarmadığını deyərək çıxıb getməsini bildirmişdir. Yolda gedərkən o, xahiş etmişdir ki, qadınlar onu Canbalanın dükanından təxminən 150 metr aralıda yerləşən yem dükanın yanında düşürtsünlər. O, orada düşmüş və qadınlar üzü şəhər istiqamətinə çıxıb getmişdilər. Qadınların onu düşürtdükdən təqribən 10 dəqiqə sonra o, dükana gəldikdə görmüşdür ki, həmin qadınların avtomobili dükanın qarşısındadır. O, dükana daxil olduqda görmüşdür ki, Əlibala piştaxtanın arxasındadır, yerdə balon qırıqları var, digər balonları da qadınlar yerə çırpıb sındırırlar. Əlibala və həmin qadınlar uca səslə sözlə mübahisə edirmişlər. Həmin vaxtı küçədə dayanacaqda olan tanımadığı insanlar və çörək sexində işləyən, adını bilmədiyi qadınlardan biri də səs-küyə gəlib dükanın ətrafında fırlanırmışlar. Sonra Əlibalanın qohumu Atababa dükana girmiş və qadınları sakitləşdirmişdir. Bundan sonra Əlibala polisin «102» xidmətinə zəng vurmuşdur. Həmin qadınlar da harasa zəng vurmağa başlamışlar. Təxminən 20 dəqiqəyə ət dükanına polis zabiti gəlmiş və Əlibala ilə həmin qadınları şifahi sorğu-sual etdikdən sonra onların hamısı polis bölməsinə yollanmışlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 07 sentyabr 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Atababayev Əlibala Əlibaba oğlu Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 il, 06 ay islah işləri cəzasına məhkum edilmişdir. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məcləsinini 07 may 2013-cü il tarixli Amnistiya qərarının 1 bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyi Publik Huquqi Şəxsin 1177 saylı, 05 avqust 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 sağ saidin bir ədəd və sağ əlin V barmağının bir ədəd (cəmi iki ədəd) kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər kəsici alətin (əşyanın) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən 02 avqust 2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ saidin bir ədəd kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ əlin V barmağının bir ədəd kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər,bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Əlibaba oğlunun verdiyi ifadə araşdırılmış digər sübutlar-ifadələr, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əlibaba oğlu Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasənxuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Atababayev Əlibala Əlibaba oğlunun himayəsində 04 yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Atababayev Əlibala Əlibaba oğlunun əməlində Ctinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 14 may 2021-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Atababayev Əlibala Əlibaba oğlu 14 may 2021-ci il tarixdə tutulmuşdur (səh., 207) Cinayət işinin materiallarında olan 16 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Atababayev Əlibala Əlibaba oğlu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 225). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsindən imtina olunması haqqında Bakı şəh., Sabunçu Rayon Prokurorunun 16 may 2021-ci il tarixli qərarından görünür ki, Atababayev Əlibala Əlibaba oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafəi olunmasından imtina olunmuşdur (səh., 242). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Atababayev Əlibala Əlibaba oğlu barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (səh., 253). Məhkəmə, Atababayev Əlibala Əlibaba oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Atababayev Əlibala Əlibaba oğlu Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Atababayev Əlibala Əlibaba oğlunun 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Atababayev Əlibala Əlibaba oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və o məhkəmə iclas zalından həbs edilməlidir. Atababayev Əlibala Əlibaba oğlunun cəza çəkmə müddətinin başlanğıcı «17» yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Atababayev Əlibala Əlibaba oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Atababayev Əlibala Əlibaba oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğluna Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Atababayev Əlibala Əlibaba oğlunun 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixə kimi (02 gün) şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınsın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğlunun üzərində 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğlunun cəza çəkmə müddətinin başlanğıcı «17» yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Atababayev Əlibala Əlibaba oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar