Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-130/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cüi maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində tərəvəz bazarının qarşısında dayanmış, işlək vəziyyətdə olan Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Ford-Tranzit” markalı **-FT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib talama məqsədi olmadan ələ keçirərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində “Grandmarket”in qarşısındakı yola kimi idarə edib orada idarəetməni itirərək əks yola çıxıb hərəkətdə olan Şahid1 məxsus “Toyota-Prius” markalı **-UY-*** dövlət qeydiyyat nömrəli avtomobilə, sonra dayanmış vəziyyətdə olan Şahid2 məxsus “Chevrolet-cruze” markalı, **- OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşduqdan sonra isə “Ford-Tranzit” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili aşırdaraq yol nəqliyyat hadisəsi törətməklə Zərərçəkmiş şəxs 6195 manat xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən bazara özünə geyim əşyaları almaq üçün getmiş, bazarda olduğu zaman bir neçə tərkibində spirt olan energetik içki qəbul etmiş, saat 21 radələrində bazarın qarşısında gəzişərkən işlək vəziyyətdə olan “Ford-Tranzit” markalı avtomobili görərək, həmin avtomobili idarə etmək istəmişdir. Bu məqsədlə, o, sürücü tərəfdən avtomobilin qapısını açaraq sükan arxasına əyləşmiş, avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. O, Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi ilə hərəkətdə olarkən qarşı istiqamətdən gələn “Prado” markalı avtomobilin yan güzgüsünü idarə etdiyi avtomobilin yan güzgüsü ilə vuraraq sındırmış, oradan uzaqlaşmaq üçün avtomobilin sürətini artırmışdır. Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Grand” marketin qarşısında avtomobilin təkəri səkiyə dəydiyi üçün idarə etməni itirərək əks istiqamətdə hərəkətdə olan “Toyota Prius” və “Chevrolit” markalı avtomobilli sürtmüş, idarə etdiyi avtomobil aşaraq içərisində olan pomidorlar yola dağılmışdır. Hadisə yerinə toplaşmış insanlar onu avtomobildən çıxarmış, oradan uzaqlaşmaq istədiyi zaman mülki geyimli polis əməkdaşı onu saxlayaraq hadisə uzaqlaşmasına mane olmuş, daha sonra onu hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil vermişdir. O, avtomobilin sahibini əvvəllər tanımamış, avtomobili idarə etmək üçün ondan icazə almamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Köhnəkənd kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. O, bir neçə ildir ki, etibarnamə əsasında idarə etdiyi “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə meyvətərəvəz məhsullarının satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 170 kasetdə 1,540 kiloqram çəkidə pomidoru “Ford-Tranzit” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazara aparmış, bazara çatdığı zaman yük yerində olan pomidor kasetlərini boşaltmaq üçün avtomobildən enmiş, lakin, avtomobilini işlək vəziyyətdə saxlamışdır. O, avtomobilin yük yerini açaraq yükü boşaltdığı zaman anidən bir nəfər gənc oğlan onun avtomobilinin sükanı arxasına əyləşərək avtomobili hərəkət etdirmiş, o, avtomobili saxlaması üçün həmin şəxsə səslənsə də, həmin şəxs ona məhəl qoymayaraq avtomobilin sürətini artırmaqla oradan uzaqlaşmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları ona zəng edərək avtomobili qaçıran şəxsin Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində yol-nəqliyyat hadisəsi törətdiyini, tərəflərindən saxlanıldığını bildirmişlər. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 15500 manat məbləğin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, nömrəsiz evdə yaşayır. “Chevrolet Cruze” minik markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avrtomobil qızı Aygün Qarayevaya məxsusdur və o, həmin avtomobili etibarnamə əsasında idarə edir. 18 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində “Grandmarket”in qarşısında saxlayaraq marketə daxil olmuş, bir neçə dəqiqə sonra toqquşma səsi eşidərək marketdən çıxmış, “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşdığını, içərisində olan pomidorların dağıldığını görmüşdür. O, avtomobilinə yaxınlaşaraq nəzər yetirdiyi zaman avtomobilin üzərinə pomidor dağıldığını, avtomobilin sol arxa qanad, arxa kapot, arxa sol fara, saxlanc yerinin kilidinin, sol arxa təkərinin cırıldığını, sol qapının əzildiyini görmüşdür. Baş vermiş hadisə nəticəsində 1400 manat dəyərində avtomobilinə maddi ziyan dəymişdir Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. “Toyota-Prius” markalı, 90-UY- 235 dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə əsasında idarə edir. 18 iyun 2022-ci il tarixdə, saat 21:40 radələrində “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində hərəkətdə olarkən “Grandmarket”in qarşısında “Ford-Tranzit” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək əks yola çıxıb onun avtomobilinin arxa hissəsinə zərbə ilə dəymiş, daha sonra dayanmış vəziyyətdə olan “Chevrolet-cruze” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili aşmışdır. Baş vermiş hadisə zamanı ona dəymiş zərər 1150 manat təşkil edir. Cinayət işinin 25-ci vərəqəsində olan 19 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-66-cı vərəqəsində olan 20 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan "xxxx" MMC-nin avtomobilə dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7040 manat maddi zərər dəymişdir. Cinayət işinin 105-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 106-108-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 9/5902 nömrəli ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı “Toyota-Prius” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1105,00 manat müəyyən edilir. O cümələdən: Dəyişilməli hissələrin qiyməti 495, 00 manat; Təmir-bərpa işlərinin qiyməti - 610,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2010-cu il buraxılışlı Chevrolet-Cruze markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1040,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 490,00 manat; Təmir-bərpa işlərinin qiyməti 550,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı Ford Transit yük markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 6195,00 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 4265,00 manat; Təmir-bərpa işlərinin qiyməti 1930,00 manat. Cinayət işinin 112-116-cı vərəqəsində olan 16 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 96-97-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan mülki iddiaya əlavə olunmuş ******* saylı, 18 iyun 2022-ci il tarixli qaimə fakturadan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs kiloqramı 1,30 manatdan olmaqla 1,5 ton – cəmi 1950 manat məbləğində pomidor almışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsini ələ keçirmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 185.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 iyun 2022-ci il tarixdən saat 01:30-dan 20 iyun 2022-ci il tarix saat 11:40-dək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 8145 (səkkiz min yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 8145 (səkkiz min yüz qırx beş) manat və 137 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut “Ford-Tranzit” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev .
Məhkəmə qərarları › İş №1(008)-130/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-130/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver