Məhkəmə qərarları › İş №1(008)-130/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-130/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-130/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşayan, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-m 234.1-ci maddəsi ilə təqsirli bilinərək 7 ay müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda, yəni təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 7 ay azadlıqdan məhrum edilməklə ünvan 3 ünvanda yerləşən Abşeron rayon məhkəməsinin zalından həbsə alınmış, hökmün icrası ilə əlaqədar xx.xx.2024-ci il tarixdə Abşeron RPİ-nin Müvəqqəti saxlama yerindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasma yerləşdirilən zaman, həmin tarixdə saat 12:10-da BİT-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ayaqqabısının sol tayının daban hissəsində gizlədilmiş ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış 1 bükümdə xeyli miqdarda təmiz çəkisi 0,260 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında sədrlik edən bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu hazırki cinayət əməlinin törədilmə yeri verilmiş ittihama əsasən Abşeron rayonu olduğundan cinayət işinin aidiyyat üzrə göndərilməsi barədə proses iştirakçılarının fikrini soruşur. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi aidiyyat məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Cinayət Məcəlləsinin 27-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.2-ci mədəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə CM-in 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını saxlama uzanan cinayətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. İş materiallarında olan sənədlərdən, eləcə də təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 7 ay azadlıqdan məhrum edilməklə ünvan 3 ünvanda yerləşən Abşeron rayon məhkəməsinin zalından həbsə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməli onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, yəni həbs olunduğu ünvan 3 ünvanda yerləşən Abşeron rayon məhkəməsində başa çatmışdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar