Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-131/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən, hal-hazırda tikinti işləri aparılan fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla evdə laqonda, nərdivan, elektrik kabellərini və iki ədəd elektrik drelinin olduğunu müşahidə etməklə, həmin əşyaları dəyərləndirərək onları oğurlayıb sata biləcəyinə əmin olub, lakin bütövlüklə bir dəfəyə götürə bilmədiyinə görə həmin vaxt evdən yalnız ikinci mərtəbədə olan, 01 ədəd 180 manat dəyərində, “Acer-2300” markalı laqonda cihazı və evin həyətindən 01 ədəd alüminiumdan olan, 200 manat dəyərində nərdivanı götürüb gizli olaraq talayaraq, həmin vaxt oğurlaya bilmədiyi evdə qalan kabelləri və iki ədəd elektrik drelini də gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində həmin ünvana yenidən gələrək evin taxta qapısının qıfılını sındıraraq ünvana qanunsuz daxil olub evin ikinci mərtəbəsindən 1 ədəd, 50 metr uzunluqda, dəyəri 300 manat olan baraban tipli naqilləri, 1 ədəd, dəyəri 300 manat olan “Silver 650” markalı dreli, 01 ədəd, dəyəri 200 manat olan “İnko 350” markalı dreli, 4 top (hər topda 100 metr olmaqla), dəyəri 220 manat olan naqilləri və açıq vəziyyətdə uzunluğu 150 metr, dəyəri 80 manat olan elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1.480 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 03 may 2022-ci il tarixdə, saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən tikinti işləri aparılan ev görərək həmin evdən oğurluq etməyi qərara almışdır. O, yaşayış evinə pəncərədən qanunsuz daxil olub, ətrafa nəzər yetirmiş, orada, laqonda, nərdivan, elektrik kabelləri və iki ədəd elektrik drelinin olduğunu görmüş, həmin əşyaları tək başına bir dəfəyə daşıya bilməyəcəyi üçün, həmin vaxt, evin ikinci mərtəbəsində olan 01 ədəd laqondanı və 01 ədəd alüminium nərdivanı götürərək oradan uzaqlaşmışdır. O, 11 may 2022-ci il tarixdə, saat 05:00 radələrində yenidən oğurluq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinə gedərək taxta qapının kilidini qırıb evə daxil olmuş, evin ikinci mərtəbəsindən 1 ədəd baraban tipli naqilləri, 02 ədəd dreli, 4 top naqilləri və açıq vəziyyətdə elektrik naqillərini özü ilə gətirdiyi kisəyə dolduraraq oradan uzaqlaşmışdır. O, oğurladığı naqilləri boş ərazidə doğrayaraq əritmiş, daha Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə apararaq 65 manata satmışdır. O, digər oğurladığı əşyaları isə maşın ilə metal toplayan şəxslərə satmışdır. O, oğurladığı əşyaları sattdığı şəxslərə, özünün usta olduğunu, həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. O, sonuncu dəfə 18 may 2022-ci il tarixdə, günorta saatlarında yenidən oğurluq etmək məqsədi ilə qeyd olunan ünvana getmiş, pəncərini açaraq evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra tanımadığı şəxslə üz-üzə gəlmiş, həmin şəxs onu saxlayaraq ondan evə girməsinin səbəbini soruşmuşdur. O, narkotik vasitənin təsiri altında olduğu üçün həmin şəxsin əlindən çıxaraq oradan uzaqlaşmağa çalışmış, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən izahatı alınarkən törətdiyi oğurluq əməllərini etiraf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin evdə tam təmir olunmadığı üçün daimi yaşayış olmamış, lakin, evdə təmir işləri getdiyi üçün tez-tez həmin ünvanda olmuşdur. 11 may 2022-ci il tarixdə saat 09:30 radələrində qeyd olunan evə gəldiyi zaman evin taxtadan olan giriş qapısının qıfılının sındırıldığını, ikinci mərtəbədəki pəncərənin açıq vəziyyətdə olmasını görərək ikinci mərtəbəyə qalxıb ətrafa nəzər yetirmiş, 300 manat dəyərində 50 metr uzunluqda barabanlı uzadıcı elektrik naqilinin, 300 manat dəyərində 1 ədəd “Silver-650” markalı drelin, 200 manat dəyərində “İnco-350” markalı drelin, 180 manat dəyərində “Acer 2300” markalı laqondanın, ümumilikdə 220 manat dəyərində hər birində 100 metr uzunluqda olmaqla 4 top 4 mm diametrli elektrik naqilinin, 80 manat dəyətində olan 150 metr uzunluqda elektrik naqilinin, evin arxa tərəfində olan 6 metr uzunluğunda alüminium materialdan olan 200 manat dəyərində nərdivanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermiş, Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. O, 18 may 2022-ci il tarixdə, günorta saatlarında təmir işləri ilə əlaqədar fərdi yaşayış evində olduğu zaman ayaq səsi eşidərək həmin yönə getmiş, tanımadığı bir nəfər şəxsin evə daxil olduğunu görərək həmin şəxsə tərəf getmişdir. Həmin şəxs onu görərək qaçaraq oradan uzaqlaşmağa çalışmış, o, dərhal polis əməkdaşlarına məlumat vermiş, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 112 nömrəli poçtun yaxınlığında metal qəbulu məntəqəsi işlədir. 11 may 2022-ci il tarixdə, səhər saatlarında metal qəbulu məntəqəsində olduğu zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq mis metal satmaq istədiyini bildirmiş, o, həmin şəxsdən satmaq istədiyi metalı haradan əldə etdiyini soruşduqda, həmin şəxs usta işlədiyini, tikintidə özünün artıq qalmış kabellərinin hissələrini doğrayaraq əldə etdiyini demişdir. O, misi tərəziyə qoyaraq çəkisinin təxminən 6 kiloqrama yaxın olduğunu müəyyən etmiş, bunun müqabilində həmin şəxs 65 manat ödəmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan 18 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-67-ci vərəqələrində olan 20 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 68-70-ci vərəqələrində olan 20 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 84-cü vərəqələrində olan 30 iyun 2022-ci il tarixli qəbzindən surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müstəntiqə təqdim edilmiş 1500 manat Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Cinayət işinin 85-ci vərəqələrində olan 30 iyun 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 101-102-ci vərəqəsində olan 01 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-131/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-131/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver