Məhkəmə qərarları › İş №1(008)-131/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-131/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-131/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, tikinti sahəsində baş usta işləyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şahvəlli Ə/D, Göyərçin Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" MMC ilə 21 fevral 2024-cü il tarixdə 21/02 nömrəli “Xidmət” müqaviləsi bağlamış Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən xx.xx.2010-cu il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs kimi qeydiyyata alınaraq sahibkarlıq fəaliyyətini həyata keçirən Şahid1 ilə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlayaraq dəmirçi işinə qəbul olunub, Şahid1 xx.xx.2024-cü il tarixli 01 nömrəli əmri ilə baş usta (iş icraçısı) kimi təhlükəsizlik texnikasına cavabdehlik daşıyaraq ona işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra təmir işlərinin aparıldığı sahəyə buraxmaq, daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərinə uyğun tədbirlər məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması və sair işləri görmək, işlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək kimi texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət etmək vəzifələri həvalə edilməsinə baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X19” yaşayış massivinin Nardaran qəsəbəsi ərazisinə aid, 16-cı dalanda yerləşən “Palm Beach” lahiyəsi üzrə yeni inşa olunan yeddi mərtəbədən ibarət olması nəzərdə tutulmuş altıncı yaşayış binasının dəmir-qəlib işlərini həyata keçirərkən peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, bilikləri yoxlanılmamış X7 fəhlə kimi işə cəlb edərək iş meydançasında təmizlik işləri aparmaq kimi sərbəst işə buraxıb hündürlükdə işlərin aparılması zamanı işçilərin hündürlükdən yıxılmalarının qarşısını almaq üçün zəruri texniki təhlükəsizlik tədbirləri görmədiyinə (ətrafın qoruyucu məhəccərlə bağlamadığına), daimi təhlükəli istehsal amillərinin təsiri zonaları (hündürlükdə yerləşən məhəccərsiz zonalar) qəbul edilmiş formaya uyğun təhlükəsizlik nişanları və yazıları ilə nişanlamadığına və təmizlik işlərinin təhlükəsiz şəraitdə aparılmasına nəzarət etmədiyinə görə 09 iyun 1980-ci il tarixdə təsdiq edilmiş İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 2.1, 2.2, 2.26-cı bəndlərinin qaydalarını pozmuş, nəticədə onun ehtiyatsızlığından X10 xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X19” yaşayış massivinin Nardaran qəsəbəsi ərazisinə aid, 16-cı dalanda yerləşən “Palm Beach” yaşayış kompleksinin altıncı binasının yeddinci mərtəbəsinin yeni betonlanmış döşəməsinə qalxıb qəlibdən sökülmüş taxtalardan mismarları çıxardan zaman müvazinətini itirərək qoruyucu məhəccərlə təmin edilməmiş, habelə təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmamış iş sahəsinin kənarından binanın birinci mərtəbəsinin yerləşdiyi bərk küt örtüyə malik yer səthinə yıxılaraq baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və beyinciyə qansızma, sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli, çənə sümüyünün yerini dəyişən qapalı sınıqları, ağciyərlərin kontuziyası (əzilməsi), iki tərəfli lllll-İV-V qabırğaların yerini az dəyişən qapalı sınıqları, sol balıdır sümüklərinin açıq qəlpəli sınıqları, sağ gicgah təpə və sol baldır nahiyələrinin əzilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlər alıb hadisə yerində ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 ilə tanış olandan onunla bağladığı əmək müqaviləsi əsasında onun briqadasında dəmirçi usta kimi işləməyə başlamışdır. Onların briqadası görüləcək işlərdən asılı olaraq 8-9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərmişdir. Bildiyinə görə Mahir 2024-cü ilin yanvar ayında Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzində 16-cı dalanda “Palm Beach” lahiyəsi üzrə inşa edilməkdə olan yeni yaşayış binasının dəmir-qəlib işlərini icra etməklə bağlı podratçı təşkilat olan "xxxx" MMC ilə razılığa gəlmişdir. O özü də həmin briqadada baş usta kimi işə başlamaq üçün öz şəxsiyyət vəsiqəsini Mahirə vermişdir ki, onunla əmək müqaviləsi bağlanılsın. xx.xx.2024-cü il tarixdə Şahid1la "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən tikilməkdə olan binanın beton qəlib işlərinin icrası onların briqasına həvalə edilmişdir. Tikilməkdə olan bina 7 mərtəbədən, iki girişdən ibarət olacaqdı. Onlar tikinti sahəsində briqada şəkilində görüləcək işlərdən asılı olaraq bir neçə usta və fəhlədən ibarət tərkibdə işləyirmişlər. Onun tikinti sahəsində baş usta kimi vəzifəsi işə başlamazdan əvvəl işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış etməkdən, təlimatlandırmaqdan, sahədə çalışan işçilər arasında iş bölgüsü aparmaqdan, onların işlərinə nəzarəti həyata keçirməkdən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdehlik daşımaqdan ibarətdir. X10 tikinti sahəsində fəhlə kimi işləmişdir. Onu işə özü cəlb etmiş, buna qədər onunla heç bir tanışlığı, münasibəti olmamışdır. Eltac tikinti sahəsində fəhlə kimi fəaliyyət göstərmiş, onun işi tikinti meydançasında olan zibilləri təmizləməkdən, qəlibdən sökülmüş taxta parçaları üzərində olan mismarları çıxarmaqdan, sökülmüş qəlib taxtalarını, səliqəli şəklildə toplayıb bir kənara yığmaqdan ibarət olmuşdur. Eltacın dəqiq olaraq nə vaxtdan işə başladığını xatırlamır. O, işlərin çox olması səbəbindən onunla əmək müqaviləsinin bağlanması üçün sənədlərini Şahid1 adlı şəxsə verməyi unutmuşdur. xx.xx.2024-cü il tarixdə həmişə olduğu kimi saat 08 radələrində işə gəlmişlər. Həmin gün işə başlamazdan əvvəl o, işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edib təlimat vərəqəsində imza atdırmışdır. Bir gün əvvəl binanın 7-ci mərtəbəsinin döşəməsi təzə betonlandığı üçün həmin gün onların elə də çox işləri olmamışdır. Buna görə də işçilərin əksəriyyəti təlimatlandırma jurnalına imza atmalarına baxmayaraq işə cəlb olunmayaraq tərəflərindən evə buraxılmışlar. Təxminən 7 nəfər işçi isə iş sahəsində qalmışdır. Həmin gün ustalara lift şaxtasının qurşaqlarını açmağı, qəlibin ölçüsünü çıxartmağı tapşırmışdır. Tikinti sahəsində olan fəhlələrə, eləcə də Eltaca meydançada təmizlik işləri aparmalarını, yerdə olan taxta qalıqlarını, eləcə də mismarları toplamalarını tapşırmışdır. Hava günəşli və sakit olmuş, iş vaxtı hər hansı bir problem olmamışdır. Eltac özü də həmin gün ona səhhətindən şikayətlənməmiş, hər hansı bir probleminin olduğunu deməmişdir. Eltacın işi digər ustalarla yanaşı binanın 6-cı mərtəbəsində təmizlik işləri aparmaqdan ibarət olmuşdur. Təxminən saat 12 radələrində o, binanın 7-ci mərtəbəsinə qalxıb oradan işləyən qəlibçinin işinə bir qədər nəzarət etdikdən sonra pilləkənlə 6-cı mərtəbəyə enmişdir. Eltaca tapşırmışdır ki, binanın 7-ci mərtəbəsinə qalxıb qəlibdən sökülmüş taxtalardan mismarları çıxarsın. Bir qədər 6-cı mərtəbədə işləyən fəhlələrə nəzarət etdikdən sonra 5-ci mərtəbəyə enmişdir ki, ordan lazimi avadanlıqları götürsün. Bu zaman işçilərdən kiminsə “düşdü” deyə qışqırdığını eşidib tez 6-cı mərtəbəyə doğru qalxmaq istəyəndə görmüşdür ki, orada çalışan işçilər pilləkanda onu qarşılamışlar. O, işçilərdən nə baş verdiyini soruşduqda onlar Eltacın 7-ci mərtəbədən aşağı düşdüyünü bildirmişlər. Onlar tez pilləkanla aşağı düşmüş, bu zaman Eltac binaya perpendikulyar şəkildə giriş hissənin qarşısında yerdə sağ böyrü üstə uzanıqlı vəziyyətdə olmuşdur. Həmin vaxtı Eltac hərəkətsiz vəziyyətdə olmuş, huşu özündə olmamışdır. Dərhal TTY-a zəng vurmuş, baş vermiş hadisə ilə bağlı öz rəhbərliyini məlumatlandırmışdır. Bundan sonra hadisə yerinə TTYS-nın həkimləri gəlmişlər. Onlar Eltacı müayinə etdikdən sonra öldüyünü bildirmişlər. Daha sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Bi daha qeyd edir ki, o gündəlik olaraq işə başlamazdan əvvəl işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edir, təlimatlandırma aparmaqla bu barədə vərəqələrə imza atdırır. Hadisə baş verən günü Eltacın işi yalnız təmizlik işlərinin aparılması olduğuna görə, əynində yalnız öz köhnə paltarları olmuş, başında isə dəbilqəsi olmuşdur. Sadəcə yıxılan zaman həmin dəbilqə başından çıxıb yıxıldığı yerdən təxminən 10-15 metr aralıya düşmüşdür. İşçilər əsasən tikinti meydançasının mərkəzində işlədikləri meydançanın kənarlarında heç bir iş icra olunmamışdır. Bu səbəbdən də məhəccərin vurulmasına zərurət olmamışdır. O, işçilərə tapşırmışdır ki, tikinti meydançasının kənarına yaxınlaşmasınlar. Tərəfindən məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması ilə bağlı hər hansı tədbir görülməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X11 ifadəsində göstərdi ki, mərhum X10 onun doğma qardaşıdır. Qardaşı əvvəllər Yardımlı rayonunda yaşasa da, təxminən 2024-cü ilin aprel ayından etibarən işləmək üçün Bakı şəhərinə gəlib Sumqayıt şəhərində ünvanını dəqiq bilmədiyi evdə həmkəndlisi ilə birlikdə kirayədə yaşamışdır. Qardaşı Bakı şəhərinə gəldikdən sonra müxtəlif tikinti sahələrində fələliklə məşğul olub özünün dolandırmışdır. Bu müddət ərzində onlar tez-tez bir-birləri ilə telefonla əlaqə saxlayır, danışıqlar zamanı qardaşı ona hər hansısa bir probleminin olduğunu deməmişdir. Bildiyinə görə son zamanlar Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Seabreeze” istirahət mərkəzində yeni tikilməkdə olan binalarda fəhləlik etmişdir. Lakin onun dəqiq olaraq hansı şirkətin işçisi olduğunu bilmir. Eltac ona iş rejimindən, eləcə də iş yoldaşlarından şikayətlənməmiş, səhətində də hər hansı bir şikayəti olmamışdır. O, sonuncu dəfə qardaşı ilə xx.xx.2024-cü il tarixdə telefonla əlaqə saxlamış, həmin vaxtı ona kimdənsə şikayətlənməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olsa da, onunla telefon əlaqəsi olmamışdır. Təxminən saat 13:10 radələrində özü də işdə olan zaman qardaşı Eltacın iş yoldaşları ona zəng vurub onun yeni tikilməkdə olan hündür mərtəbəli binanın 6-cı mərtəbəsində müvazinətini itirərək yerə yıxılaraq ölməsi barədə məlumat vermişlər. O, bunu eşidən kimi dərhal “Seabreeze” istirahət mərkəzinin yerləşdiyi əraziyə gəlmişdir. O, hadisənin dəqiq olaraq necə və hansı şəraitdə baş verdiyini bilmir. Lakin qardaşının iş yoldaşlarının dediyinə görə həmin gün binanın altıncı mərtəbəsində betonlama işləri başa çatdığı üçün ustalar tərəfindən qəliblər sökülmüşdür, qardaşı və ərazidə olan digər fəhlələr isə taxta parçalarını kənara daşımış, təmizlik işlərinin görürmüşlər. Bu zaman qəflətən qardaşı müvazinətini itirmiş və 6-cı mərtəbədən yerə yıxılaraq ölmüşdür. Hadisə yerinə gələndə görmüşdür ki, qardaşının əynində iş yerindən verilən gödəkçə, ayağında isə botinka olmuşdur. İşlədiyi yerin əməkdaşları tərəfindən qardaşının dəfni, qəbir daşının düzəldilməsi ilə bağlı onlara maddi yardım göstərilmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1997-ci ildən müxtəlif tikinti sahələrində fəhlə kimi işləməyə başlamış, sonra isə sərbəst şəkildə dəmirçi-qəlibçi usta kimi işləmişdir. xx.xx.2010-cu il tarixdə 2 saylı Ərazi Vergilər Departamentində Fiziki şəxs kimi qeydiyyata alınaraq briqadası ilə birlikdə fəaliyyət göstərməyə başlamışdır. Bu məqsədlə usta və fəhlələrdən ibarət briqada yaratmış, həmin işçi qüvvəsi ilə müxtəlif şirkətlərlə bağladığı xidmət müqavilələri əsasında tikinti sahəsində dəmir və qəlib işlərini icra edir. O, əsasən tikinit sahəsində gördüyü işlərdən asılı olaraq bir neçə nəfərdən ibarət tərkibdə çalışır. "xxxx" MMC-nin direktoru Elxan Salmanovu təxminən 2023-cü ilin sonlarından tikinti sahəsində çalışan tanışlarının vasitəsi ilə tanımışdır. Həmin dövrdə Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzində 16-cı dalanda “Palm Beach” lahiyəsi üzrə yeni yaşayış binasını inşa etməyə başlamışlar. Onlar tanış olan zaman Elxan Salmanov təklif etmişdir ki, yeni tikilməkdə olan binanın qəlib dəmir işləri onun briqadası tərəfindən həyata keçirilsin. O da onun bu təklifinə razılıq verdikdən sonra 21 fevral 2024-cü il tarixdə podratçı təşkilat olan "xxxx" MMC ilə aralarında 30/11 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, tikilməkdə olan binanın beton qəlib işlərini briqadası hesabına icra etməyi öz öhdəsinə götürmüşdür. İşçilərini toplayaraq onlara dair məlumatları "xxxx" MMC-nin mühasibatlığına təqdim etmiş, onlarla arasında bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Xidmət müqaviləsinə görə tikilidə beton qəlib işlərinin 2024-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulmuşdur. Tikilməkdə olan bina 7 mərtəbədən, iki girişdən ibarət olacaqdı. Onlar işin icrasına fevral ayının sonlarından etibarən başlamışlar. Hər gün saat 08-də işə gəlir, saat 17:30 radələrində isə iş vaxtı başa çatmışdır. Günorta saat 13-dən 14-ə qədər isə işçilərə nahar fasiləsi verilmişdir. O, eyni zamanda başqa tikinti sahələrində də çalışdığı üçün bir neçə yerdə eyni vaxtda nəzarəti həyata keçirmək ona çətinlik yaradır. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixli əmri ilə tikinti sahəsində texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin mühafizəsinə cavabdehliyi baş usta vəzifəsini icra edən işçisi Təqsirləndirilən şəxs həvalə etmişdir. Bundan sonra öz vəzifə təlimatları ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs işi sahədə çalışan işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış etməkdən, onlar arasında iş bölgüsü aparmaqdan, onların işlərinə nəzarəti həyata keçirməkdən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdehlik daşımaqdan ibarət olmuşdur. O özü də tez-tez tikinti sahəsinə gəlib görülən işlərlə tanış olub, çıxıb getmişdir. Təqsirləndirilən şəxs hər gün işə başlamazdan əvvəl tikinti sahəsində çalışan işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edib, təlimatlandırdıqdan sonra bu barədə tərtib edilmiş təlimatlandırma vərəqəsinə imza atdırmışdır. Orada çalışan işçilərin hər biri xüsusi geyim forması, qoruyucu vasitələr və fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Razi özü işçilər arasında iş bölgüsü aparmış, hər bir işçiyə görəcəyi işlər barədə məlumat vermiş, gün ərzində tikinti sahəsində çalışan işçilərin işlərinə də baş usta kimi Razi özü nəzarəti həyata keçirmişdir. İşlədikləri bir neçə ay ərzində hər hansı bir problem olmamışdır. X10 da təxminən bu ilin avqust ayından etibarən tikinti sahəsində fəhlə kimi işləmişdir. Onu tikini sahəsinə Təqsirləndirilən şəxs özü gətirmiş, buna qədər Eltacla heç bir tanışlığı, münasibəti olmamışdır. İşlədiyi müddətdə Eltacı çox sakit, mədəni, ibadətlə məşğul olan şəxs kimi tanımışdır. Bu müddət ərzində onun heç kimlə mübahisəsi, ədavəti olmamışdır. Onun özü də digər işçilər kimi hər gün saat 08-də işə başlamış, saat 17:30-da iş vaxtı başa çatanda çıxıb getmişdir. Eltac tikinti sahəsində fəhlə kimi fəaliyyət göstərmiş, onun işi tikinti meydançasında olan zibilləri təmizləməkdən, qəlibdən sökülmüş taxta parçaları üzərində olan mismarları çıxarmaqdan, sökülmüş qəlib taxtalarını, səliqəli şəklildə toplayıb bir kənara yığmaqdan ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdə həmişə olduğu kimi saat 08 radələrində iş sahəsinə gəlib bir gün əvvəl binanın 7-ci mərtəbəsinə vurulmuş betona baxıb yas mərasimində iştirak etmək üçün Sabirabad rayonuna getmişdir. İşə başlamazdan əvvəl Təqsirləndirilən şəxs işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edib təlimat vərəqəsində imza atdırdıqdan sonra onlar arasında iş bölgüsü aparmışdır. O, çıxıb getdiyi üçün tikinti sahəsində qalan 3 nəfər qəlibçi usta, 4 nəfər qəlibçi fəhlənin həmin gün hansı işləri icra etmələrindən xəbəri olmamışdır. Dediyi kimi onlar arasında iş bölgüsünü Razi özü icra etmişdir. O, rayonda olan zaman təxminən saat 12:10 radələrində Razi ona zəng vurub Eltac Mirzəzadənin binanın 7-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə məlumat vermişdir. O, bunu eşidən kimi dərhal Bakı şəhərinə qayıtmış, hadisə baş verən ünvana gəlmişdir. Ora çatanda artıq hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, nə baş verdiyini soruşduqda Razi ona bildirmişdir ki, həmin gün Eltac Mirzəzadəyə, eləcə də tikinti sahəsində çalışan digər fəhlələrə binanın 6-cı mərtəbəsində tikinti meydançasında təmizlik işlərini aparmalarını tapşırmışdır. Onların işi qəlibdən çıxmış taxta parçaları üzərində olan mismarları çıxarmaqdan, taxtaları toplamaqdan ibarət olmuşdur. Təxminən saat 12 radələrində hamının başı öz işinə qarışdığı zaman Eltac həmin işləri binanın 7-ci mərtəbəsində icra etmək üçün Razinin göstərişi ilə həmin mərtəbənin döşəməsinə qalxmış, heç kimin görmədiyi şəraitdə meydançanın kənarından yıxılaraq ölmüşdür. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Səhv etmirsə Eltac tikinti sahəsinə 2024-cü ilin avqust ayında gəlmişdir. Onu tikinti sahəsində fəhlə işinə Təqsirləndirilən şəxs qəbul etmişdir. Tikinti işləri sürətlə icra edildiyi üçün həmin dövrdə baş qarışıq olduğundan Eltacla əmək müqaviləsi bağlanmamışdır. Uzun illərdir ki, tikinti sahəsində beton qəlib işlərini icra edir. Bu sahədə onun özünün və briqadasında çalışan ustaların kifayət qədər təcrübəsi var. Dediyi kimi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına cavabdeh kimi briqadasında baş usta işləyən Təqsirləndirilən şəxs adlı şəxsi təyin etmişdir. xx.xx.2024-cü il tarixdən etibarən Razi özü işçilər arasında iş bölgüsünün aparmış, işçiləri təhlükəsiz iş şəraiti ilə təmin etmiş, gördükləri işə, iş vaxtı əməyin mühafizəsi qaydalarına riayət etmələrinə də Razi özü nəzarət etmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 8-9 il olar ki, bir yerdə işləyir. Onun kifayət qədər təcrübəyə malik olduğunu bilir. Buna görə də, tikinti sahəsində çalışan işçilərə cavabdehliyi ona həvalə etmişdir. Hətta bu barədə əmri imzalamazdan əvvəl "xxxx" MMC-yə məlumat vermiş, şirkətin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şifahi şəkildə sorğu-sual olunaraq bilik səviyyəsi yoxlanıldıqdan sonra onun əmri "xxxx" MMC tərəfindən də təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X12 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 3-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 16-cı dalanda “Sea Breeze” ailəvi istirahət mərkəzinin tərkibində olan “Palma Beach” layihəsi üzrə inşa olunan yeni yaşayış binasıdır. Binanın 6 mərtəbəsi inşa edilmiş, betonlama işləri başa çatdırılmışdır. Bina hər tərəfdən qumluq sahə ilə əhatə olunur, yaxın ətrafda başqa yaşayış binası yoxdur. Bina bir girişli olmaqla, 7 mərtəbədən ibarət olması nəzərdə tutulur. Binanın 6-cı mərtəbəsindən perpendikulyar şəkildə kalonlar armaturlanaraq üzəri taxtalarla qəliblənib betonlanmışdır. Hazırda 7-ci mərtəbənin inşası üçün hazırlıq işləri aparılır. Binanın bütün mərtəbələrinin kənarları açıq vəziyyətdədir, məhəccər quraşdırılmamışdır. Binanın 7-ci mərtəbəsinin döşəməsi betonlanmış vəziyyətdədir, 6-cı mərtəbədən armatur kalonlar yuxarı istiqamətdə qaldırılmışdır. 7-ci mərtəbənin döşəməsi üzərində taxta parçaları səliqəli şəkildə bir kənara yığılmışdır. Baxış iştirakçısı Razi Bəndəlıyevin verdiyi məlumata görə fəhlə işləyən X10 həmin gün binanın 7-ci mərtəbəsinin düşəməsi üzərində təmizlik işləri aparan zaman qəflətən hündürlükdən yıxılaraq ölmüşdür. Binanın giriş hissəsindən 3 metr irəlidə yerdə arxası üstə uzanıqlı vəziyyyətdə kişi cinsi meyiti vardır. Meyitin əynində narıncı göy rəngli gödəkçə, ağ rəngli yun köynək, ağ göy rəngli qısaqol köynək, boz rəngli mayka, göy rəngli cins şalvar, qara rəngli finka, boz rəngli tuman, bir cüt qara rəngli idman ayaqqabısı və bir cüt qara rəngli corab vardır. Paltarların yuxarı hissəsi qana və torpağa bulaşmışdır. Meyit bir qədər qoltuq büküşlərində istidir, qaçıma çeynəmə əzələlərində inkişaf etmişdir. Meyit ləkələri gövdənin ön və sağ yan səthində yerləşir, qırmızımtıl rəngdədir. Əllə müayinə etdikdə sağ gicgah və alın sümüklərində patoloji hərəkətlilik qeyd olunur. Meyitin ağız və burun dəliklərindən qan axır. Sağ alın gicgah nahiyəsində 5x1 sm ölçüdə kənarları nahamar, mənfəzindən sınmış sümüklərin qəlpələri görünən qanayan yara vardır. Gözləri örtülü vəziyyətdədir, qüzehli qişa qəhvəyi rəngdədir. Ağzında olan dişləri təbiidir. Saçı qara rəngdədir, 0,6 sm ölçüdədir. Çənə sümüyündə patoloji hərəkətlilik vardır. Boynu düzgün komfiquriyasiyalıdır, patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi silindrik formadadır, hər iki tərəfi simmetrikdir. Qabırğalarda patoloji hərəkətlilik qeyd olunur. Qarnı döş qəfəsindən aşağı səviyyədədir. Divarları gərginləşməmişdir. Cinsiyyət üzvləri kişi tipli olub düzgün inkişaf etmişdir, zədəsizdir. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi təmiz və zədəsizdir. Sol baldır orta 1/3-nin ön səthində 2.5 x 1.2 sm ölçüdə kənarları nahamar, mənfəzində sınmış sümük qəlpəsi görünün qanayan yara vardır. Yuxarı və aşağı ətrafların digər iri borulu sümüklərində patoloji hərəkətlilik yoxdur. Cinayət işinin 45-ci vərəqində olan xx.xx.2024-cü il tarixli, 01 nömrəli əmrdən görünür ki, Şahid1 "xxxx" MMC ilə bağlanan müqaviləyə əsasən, hündür mərtəbəli yaşayış binasının tikintisində istehsalatda texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə, təhlükəsiz əmək şəraitinin yaradılmasına və əməyin mühafizəsinə cavabdehlik briqadada çalışan X8 həvalə edilmişdir. Cinayət işinin 46-cı vərəqində olan xx.xx.2024-cü il tarixli “Vəzifə Təlimatı”ndan görünür ki, təmir-tikinti meydançasını mühafizə etmək; işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək; işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərin yoxlanılması təşkil edildikdən sonra tikinti-təmir işlərinin aparıldığı sahəyə buraxmaq; daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərinə uyğun məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması və s. İşləri görmək; işlərin göülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək; işçilər tərəfindən Azəbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına, tikintidə təhlükəsizilk norma və qaydalarına riayət edilmısini təmin etmək, həmin norma və qaydaların tələblərinə əməl etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq; əməyin mühafizəsi və tikintidə texniki təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq; işlərin görülməsi zamanı texniki göstəricilərinə görə işlərin təhlükəsiz icrasına uyğun olan avadanlıqlardan və texniki ləvazimatlardan istifadə etmək “İcraçı”nın vəzifə borclarına daxildir. Təqsirləndirilən şəxs vəzifə təlimatı ilə tanış olaraq imzası ilə təsdiqləmişdir. Cinayət işinin 158-ci vərəqində olan Sumqayıt ŞİH-nin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS-i tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 159-cu vərəqində olan AZE seriyalı 11166542 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci ildə Sumqayıt şəhərində anadan olmuş Bəndalızadə Eltonun atası kimi Bəndəlıyev Razi, anası kimi Bəndəlıyeva Sayad qeyd olunmuşdur. Cinayət işinin 160-cı vərəqində olan AZE seriyalı 11166512 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci ildə Sumqayıt şəhərində anadan olmuş Bəndalızadə Sevilin atası kimi Bəndəlıyev Razi, anası kimi Bəndəlıyeva Sayad qeyd olunmuşdur. Cinayət işinin 162-170-ci vərəqələrində olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs dəmirçi vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 173-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 177-181-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 243 nömrəli rəydən görünür ki, mərhum X3 aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin maddəsinin əzilməsi; baş beyin maddəsinə və beyinciyə qansızma; sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli, çənə sümüyünün yerini dəyişən qapalı sınıqları; ağciyərlərin kontuziyası (əzilməsi); ikitərəfli ll-lll- İV-V qabırğaların yerini az dəyişən qapalı sınıqları; sol baldır sümüklərinin açıq qəlpəli sınıqları; sağ gicgah təpə və sol baldır nahiyələrinin əzilmiş yaraları. Xəsarətlər həyati olub X4 ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərildiyi kimi hündürlükdən bərk küt örtüyə malik səth üzərinə yıxılması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tirvək arupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 188-192-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli, 10/9509 nömrəli rəyindən görünür ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “See Breeze” istirahət mərkəzində 16-cı dalanda “Palm Beach” layihəsi üzrə yeni yaşayış binasının inşası ilə bağlı işlərə əmək müqaviləsi bağlanılmamış (kənar), təhlükəsilzik texnikası və peşə hazırlığı üzrə bilik səviyyələri yoxlanılmamış işçinin cəlb edilərək sərbəst işə buraxılmasına yol verdiyinə və hündürlükdə təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün zəruri texniki təhlükəsizlik tədbirləri görmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2, 1.16, 1.19, 1.20, 2.1, 2.2, 2.26cı bəndlərinin tələbləri pozulmuşdur. Sabunçu rayonu, Nardaran qəsəbəsi, “See Breeze” istirahət mərkəzində 16-cı dalanda “Palm Beach” layihəsi üzrə yeni yaşayış binasının inşası ilə bağlı işlərə əmək müqaviləsi bağlanılmamış (kənar), təhlükəsizlik texnikası və peşə hazırlığı üzrə bilik səviyyələri yoxlanılmamış işçinin cəlb edilərək sərbəst işə buraxılmalarına yol verdiyinə görə İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2, 1.16, 1.19, 1.20-ci bəndlərinin tələbləri "xxxx" MMC-nin hadisə baş vermiş sahə üzrə iş icraçısı (sahə rəisi) və fiziki şəxs Şahid1 tərəfindən pozulmuşdur ki, bu da hadisənin baş verməsinin təşkilati səbəbi olmuşdur. Hündürlükdə işlərin aparılması zamanı işçilərin hündürlükdən yıxılmalarının qarşısını almaq üçün zəruri texniki təhlükəsizlik tədbirləri görmədiyinə (ətrafın qoruyucu məhəccərlə bağlamadığına), daimi təhlükəli istehsal amillərinin təsiri zonaları (hündürlükdə yerləşən məhəccərsiz zonalar) qəbul edilmiş formaya uyğun təhlükəsizlik nişanları və yazıları ilə nişanlamadığına və təmizlik işlərinin təhlükəsiz şəraitdə aparılmasına nəzarət etmədiyinə görə İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 2.1, 2.2, 2.26-cı bəndlərinin tələbləri tikinti işlərinə rəhbərlik etmiş və təhlükəsizlik texnikasına cavabdehlik daşımış baş usta (iş icraçısı) Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur ki, bu da baş vermiş hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Yer səthindən hündürlükdə (tikilməkdə olan binanın 7-ci mərtəbəsində) yerləşən iş meydançasında işlərin təhlükəsiz şəraitdə aparılmasının təmin edilmədiyini nəzərə aldıqda, zərərçəkmiş X4 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Cinayət işinin 236-237-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə görə, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. Mövcud Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənilməsini, həmçinin himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladlarının olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar