Məhkəmə qərarları › İş №1(008)-134/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-134/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-134/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Nihal Yusif oğlu Nurinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxs istehlak miqdarından artıq miqdarda 01 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan təmiz çəkisi 490,0 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023cü il tarixdə saat 18 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsində yerləşən fərdi evin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli gödəkçəsinin içərisindən bir ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 490,0 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 8 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 2023cü ilin oktyabr ayının ortalarında o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Balaxanı qəsəbəsində zibilliyin yanından yerdə narkotik vasitə olan qara sellofanda bir büküm narkotik vasitə olan qurudulmuş marixuana tapmış və istifadə üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsində fərdi evin piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüşdür. Polislər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq o, onlardan yayınmağa çalışmışdır. Lakin onlar ondan şübhələnmişlər və 12-ci PŞ-də dəvət etmişlər. 12-ci PŞ-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan, müdafiəçi təqdim ediləndən sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdi. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdu. Bu səbəbdən o, ağ rəngli gödəkçəsinin içərisindən bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanam təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023 tarixdə saat 18 radələrində polis şöbəsinin inzibati ərazisində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsində iş yoldaşı Şahid1yla xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, müşahidə edib görmüş, ona yaxınlaşıb özünü təqdim edib, şəxsiyyətini təsdiq edən sənədi istəmiş, adını sonradan bildiyi əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs onlardan yayınmaq istədikdə onu saxlayıb Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində tərəfindən müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan bir büküm qurudulmuş marixuananı hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şöbədə ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildi. Daha sonra şəxsin öz tələb və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə axtarış aparılmışdı. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki ağ rəngli gödəkçəsinin cibindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmüş marixuananı təqdim etmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, aşkar olunan narkotik vasitəni zibilliyin yanından tapmışdır. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdı. Maddi sübutun götürülməsinə dair Sabunçu RPİ- nin 12-ci PŞ-nin inzibati binasında protokol tərtib olunmuşdu. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən onlar tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən imza etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini təklif etmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin içərisindən bir ədəd qara sellofana bükülmüş içərisində spesifik iyə malik olan tünd yaşıl rəngli ot kütləsini təqdim etmiş, əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı həmin kütlənin nə olması barədə Təqsirləndirilən şəxs sual vermiş, sonuncu təqdim etdiyi maddənin “nəyşə” olduğunu, bir neçə gün öncə Balaxanı zibilliyindən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (i.v. 32-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 490 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v.41-44). “Maddi sübut kimi tanıma haqqında” 19 oktaybr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 490 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, həmin qurudulmuş marixuanain tədqiqatdan sonra 489,95 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.86). “Maddi sübut kimi tanıma haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.89). Məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 7644 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.109-110). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 18:00-dan tutulmuş hesab edilmişdir (i.v.07). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 1(008)- 406/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.48-53). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.77-79). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.81-82). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2001-ci il tarixli hökmünə əsasən AR CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 mart 2003-cü il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 dekabr 2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 10 may 2022-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.91-93). “Axtarışda olan şəxsin tutulması haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.106). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.116-118). “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 noyabr 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.119). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 1(008)- 1054/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş və 02 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 22 yanvar 2024-cü il tarixli, 3-16-17/38/2-419/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən tutularaq 19 yanvar 2024-cü il tarixdə BİT-ə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və peşman olduğunu, əlil olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində, o cümlədən, ibtidai istintaq zamanı axtarışla tutularaq saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, istintaq zamanı tutularaq 22 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 489,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf edilmiş 15 iş saatına, məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına, cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar