Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-136/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - X5 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xx xxxxxx 2019-cu il saat 10:00 radələrində ünvan 2 ünvanında keçmiş arvadı X3 ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə əli ilə qəsdən vuraraq ona burun sümüyünün yerini dəyişən sınığı (burun tənəffüsünün pozulması ilə) ilə müşaiyət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 özünü ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə qumuş, birgə nikahdan Mərvə Qənbərli adında 1 yaşlı övladları var. Evləndikdən sonra Zərərçəkmiş şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdərxanı qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Evin birinci və 2-ci mərtəbəsində yaşayış otaqları olmuş, lakin 3-cü mərtəbədə yaşayış olmamışdır. Həmin evdə o, arvadı Səbinə, atası Azər Mirzəyev, anası Gültəkin Qənbərli, babası Ağababa Mirzəyev, qardaşı Əli Mirzəyev və 2018-ci il təvəllüdlü qızı Mərvə Qənbərli birgə yaşamışlar. Bundan başqa, evdə xidmətçi kimi işləyən Qənimət hər gün evə gəlib ev işlərini görmüşdür. Evləndikdən sonra Zərərçəkmiş şəxs ilə ilkin mərhələdə münasibəti yaxşı olsa da, daha sonra Səbinə ilə şəxsi və ailə məsələlərinə görə münasibətləri pozulmuşdur. Son olaraq xx.xx.2019-cu il saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşadığı evin 2-ci mərtəbəsində olan otaqların birində Səbinə ona qızı Mərvəni həyətə düşürdüb gəzdirmək istədiyi bildirmiş, o isə Səbinəyə həyətdə kənar şəxslərin olduğunu, axşam həyətə düşüb uşağı gəzdirə biləcəyini demişdir. Səbinə onunla razılaşmamış və ona kobud cavab vermişdir. O, Səbinəyə danışığına diqqət etməsini bildirmiş, Səbinə ona tutduğu iradı səmimi qəbul etmək əvəzinə onunla mübahisəni davam etdirmiş və həyətə düşməkdə israr etmişdir. Mübahisə zamanı Səbinənin hər iki qolundan əli ilə tutub onu silkələmiş, daha sonra Səbinə ilə üz-üzə vəziyyətdə sol əli ilə onun qolundan və sağ əli ilə ağzından tutaraq sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı qızı Mərvə ağlamış və Səbinə onun yanına digər otağa keçmiş, o isə işə getmişdir. xx.xx.2019-cu il saat 16 radələrində anası Gültəkin Qənbərli ona zəng edərək, Səbinənin evdə olmadığını, atası Şahid1 gəlib onu və qızı Mərvəni apardığını demişdir. O, dərhal evə getmiş, Səbinənin ondan xəbərsiz evdən getdiyi üçün əsəbiləşib ona zəng etməmiş və onu axtarmamışdır. X15 evdən getdikdən sonra ona zəng etsə də, Səbinə telefonu açmamışdır. Daha sonra, atası Azər Səbinənin atası Şahid1la əlaqə saxlamış və Səbinəni xəbərsiz öz evinə aparması barədə irad bildirmişdir. Həmin vaxtdan sonra o, Səbinəyə zəng etməmiş və onu axtarmamışdır. Daha sonra, məhkəmə qərarı ilə rəsmi şəkildə boşanmışlar. Hadisə günü o, Səbinəyə əli və ya digər əşya ilə hansısa xəsarət yetirməmiş, sadəcə onu sakitləşdirmək üçün əli ilə ağzından tutub sıxmışdır. Zərərçəkmiş şəxs ekspert rəyində göstərilən xəsarətləri hansı şəkildə alması barədə məlumatı yoxdur, lakin güman edir ki, həmin sınıq Səbinənin 2017-ci ildə burnunda keçirdiyi əməliyyatın nəticəsində qalmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdə İlham Mirzəyev ilə ailə qurmuş, birgə nikahdan Mərvə Mirzəyeva adında qızları var. O, evləndikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə keçmiş əri İlham Mirzəyevin yaşadığı evə gəlin köçmüşdür. Evin birinci mərtəbəsində kənd təsərrüfatı malları ilə bağlı satış ofisi, yaşayış otaqları, 2-ci mərtəbə yaşayış otaqları olmuş, 3-cü mərtəbədə yaşayış olmamışdır. Həmin evdə o, əri İlham Mirzəyev, qayınatası Azər Mirzəyev, qaynansı Gültəkin Mirzəyeva, Azər Mirzəyevin atası Ağababa Mirzəyev, qayını Əli Mirzəyev və 2018-ci il təvəllüdlü qızı Mərvə Mirzəyeva birgə yaşamışdır. Bundan başqa, evdə xidmətçi kimi işləyən Qənimət və Dilbər adlı xanımlar hər gün evə gəlib ev işlərini görmüşdür. İlhamın qohumu X8 evin birinci mərtəbəsində olan kənd təsərrüfatı mallarının satışı ofisində satıcı işləmiş və hər gün orada olmuşdur. İlham Mirzəyev ilə nişanlı olduğu müddət və evliliklərinin ilk 3-4 ayı ərzində münasibətiləri normal olmuş, daha sonra İlhamın ona qarşı həddindən artıq qısqanc və kobud davranmasına görə münasibətləri pozulmuşdur. Qızı Mərvə anadan olduqdan sonra İlham ona qarşı daha da soyuq və kobud olmağa başlamış, o cümlədən ailə məsələlərinə görə aralarında yaranan mübahisələr zamanı onu dəfələrlə təhqir etmiş və döymüşdür. İlkin mərhələdə İlhamın onu döyməsi və təhqir etməsi barədə heç kimə heçnə deməmiş, 2018-ci ilin dekabr ayında İlhamın onu mütəmadi olaraq ailə məsələlərinə görə təhqir etməsi və döyməsi barədə anası Sevər Qəmbərovaya telefonla danışan zaman məlumat vermiş və bu barədə ondan məsləhət almışdır. Anası Sevər ona səbrli olmasını, hər ailədə söz söhbət ola biləcəyini, baş verənləri qaynanası Gültəkin Mirzəyevaya danışmasını bildirmişdir. O, həmin ərəfələrdə qaynanası Gültəkin Mirzəyevaya yaşadıqları evdə İlhamın ona qarşı olan kobud münasibəti, onu döyməsi və təhqir etməsi barədə danışmış və İlhama irad bildirməsini xahiş etmişdir. Qaynanası Gültəkin ona ailə məsələlərinə qarışmayacağını, bu barədə ona bir daha heçnə deməməsini bildirmişdir. xx.xx.2019-cu il saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşadıqları evin 2-ci mərtəbəsində olan otaqda X2 həyətə düşürdüb gəzdirmək üçün icazə istəmiş, İlham ona kobud cavab verərək icazə verməmişdir. O, İlhamdan icazə verməməsinin səbəbini soruşmuş və öz narazılığını bildirmişdir. İlham bu sözünə görə onu və valideynlərini təhqir etmiş, o, İlhama danışığına diqqət etməsini demiş, İlham ona cavab qaytarmağından əsəbiləşib onun üzərinə hücum etmiş və dəhlizdə sifətindən sillə ilə bir dəfə vurmuşdur. İlhama onu mütəmadi olaraq təhqir etməsindən və döyməsindən bezdiyini bildirmiş, İlham təkrar üzərinə gəlib sinəsindən əli ilə evin 2-ci mərtəbəsində olan digər otaqa itələmiş, ona dediyi sözə görə onu peşman edəcəyini deyərək üzərinə hücum etmiş və sol əli ilə ağzını tutub sağ yumruğu ilə sifətindən, burnundan və ağız nahiyyəsindən bir-neçə dəfə vurmuşdur. Bu zaman o güclü ağrı hiss etmiş, burnu və ağız nahiyyəsi qanamışdır. Həmin vaxtı qızı Mərvənin digər otaqda ağlaması səbəbindən İlham onun yanından uzaqlaşmış və qızı Mərvənin yanına getmişdir. O həmin vaxt otaqda olan dəsmalla burnundan və ağzından axan qanı silmiş, qızı Mərvənin yanına getmişdir. Orada İlhama burnunda güclü ağrı hiss etdiyini, onu həkimə aparmasını xahiş etmişdir. İlham həkimə gedəcəkləri halda bu məsələdən polisin xəbəri olacağını bildirmiş, daha sonra İlham evdən getmiş və gedərkən onun həyatını bundan daha betər edəcəyini bildirmişdir. Bir müddət sonra burnunda olan ağrılar artdığı və qanı dayanmadığı üçün qayınanası Gültəkinə zəng etmiş, ancaq o, telefon zənginə cavab verməmişdir. Buna görə o, otaqdan çıxaraq yaşadığı evdə xidmətçi işləyən Qənimət adlı xanımdan qaynanası Gültəkinin harada olmasını soruşmuş, Qənimət Gültəkinin evdə olmadığını bildirmişdir. Həmin vaxt burnunda qanaxma davam etmiş, o, anası Sevərə whatsapp ani mesaclaşma sistemində görüntülü zəng edərək İlhamın onu döyməsini, digər baş verənləri danışmış və bu barədə atasına məlumat verməməsini xahiş etmişdir. Təxminən saat 13 radələrində atası Səfail zəng edərək yaşadığı evə gələcəyini bildirmiş, təxminən saat 14 radələrində atası Səfail sözügedən ünvana gəlmişdir. O, baş verənləri atası Səfailə danışmış, atası onun burnunun qanadığını, sifətində olan xəsarətləri görüb əsəbləşərək əşyalarını toplamağını, onunla birlikdə gəlməsini bildirmişdir. O, ilkin mərhələdə atası ilə razılaşmamış və qızı Mərvəyə görə ailəsinin dağılmaması üçün getmək istəmədiyini bildirmişdir. Atası Səfail israr etdikdən sonra onunla razılaşaraq qızı Mərvəyə aid olan əşyaları toplamış, özünə məxsus olan əşyalardan heçnə götürməmişdir. Daha sonra, atası Səfail ilə birlikdə Ağababa Mirzəyevin otağına getmiş, atası ona İlhamın onu səhər saatlarında döydüyünü və öz evinə aparacağını demişdir. Ağababa atası Səfailə bu məsələdən xəbəri olmadığını və onu öz evinə aparmasının məsləhət olacağını demişdir. O, atası ilə birlikdə atasıgilin yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxslə barışmaq istəmədiyini bildirərək ona layiqli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır və xx.xx.2017-ci il tarixdə İlham Mirzəyev ilə nikaha daxil olub. Həmin evlilikdən X7 adında qızı var. Nişanlandıqdan bir neçə ay sonra İlham mütəmadi olaraq Səbinəni incitmiş, bir-neçə dəfə Səbinəyə nişanı qaytarsını bildirsə də, Səbinə buna razı olmamışdır. İlham evləndikdən sonra da, dəfələrlə Səbinəni döymüş və təhqir etmişdir. İlkin vaxtlar Səbinə ona bu barədə heçnə deməsə də, yanvar ayının sonlarında onlara getdiyi zaman Səbinədə xəsarətlərin olduğunu görmüş və onun şəklini çəkmişdir. Lakin, Səbinə ondan dəfələrlə bu barədə atasına məlumat verməməsini xahiş etmişdir. xx xxxxxx 2020ci il tarixdə Səbinə whatsapp vasitəsi ilə görüntülü zəng edərək uşağı həyətə düşürmək üçün İlhamdan icazə istədəyini, İlham razılıq vermədiyini, niyə icazə vermədiyini soruşduğu üçün İlhamın ona cavab qaytarmasını irad tutaraq onu döydüyünü, burnundan qan gəldiyini bildirmişdir. O, Səbinəyə bu barədə atasına məlumat verəcəyini bildirmiş, daha sonra əri Səfailə zəng edərək baş verənləri danışmışdır. Səfail onların evinə gedərək baş verənləri müzakirə etmək üçün İlhamın atasına 2 dəfə zəng edərək ora çağırsa da, o, həkimdə olduqlarını bildirərək evə qayıtmamışdır. Daha sonra, İlhamgil ilə birgə evdə yaşayan İlhamın babasının yanına gedərək baş verənləri danışıb və Səbinəni evlərinə aparacağını bildirmişdir. Daha sonra, atası Səbinəni yaşadıqları evə gətirmiş, evə gəldikləri zaman Səbinənin üzü, burnu şişmiş vəziyyətdə olmuşdur. Daha sonra, Səbinənin üzündə şişkinlik yaranmış, o, həkim çağırmağı təklif etsə də, həkim gələrsə bu barədə polisə məlumat verəcəyi üçün Səbinə həkimin çağırılmasına razı olmamışdır. Ailənin bərpası üçün onlar çox cəhd etsə də, qarşı tərəf bununla razılaşmamışdır. Sonradan İlhamın boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildikdə Səbinəni həkimə apararaq müayinədən keçirərək polisə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. İlham Mirzəyevin atası Azər Mirzəyev onun tanışıdır və onlar ailəvi dost olmuşlar. Qızı Səbinə xx.xx.2017-ci il tarixdə İlham Mirzəyev ilə nikaha daxil olmuş və birgə nikahdan Mərvə Mirzəyeva adında övladları var. Evli olduqları dövrdə İlhamın Səbinəni incitməsi barədə İlhamın atası Azərə məlumat vermiş, lakin İlhamın atası Azər bu barədə heç bir tədbir görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə arvadı Sevər İlhamın yaşadıqları evdə Səbinəyə xəsarət yetirməsi və qızı Səbinənin vəziyyətinin yaxşı olmaması haqda ona məlumat vermiş, o, Səbinəyə zəng edərək hazırlaşmasını, onu gəlib aparacağımı bildirmişdir. Daha sonra, İlhamın atası Azərə zəng edərək onunla görüşüb danışmaq istədəyini bildirmiş, Azər ona evə axşam gələcəyini demişdir. O, Səbinəni götürməyə getdiyi zaman onun üzündə, burnunda xəsarətlər olmuş, Azər evə gəlmədiyi üçün bu barədə Azərin atasına məlumat verərək Səbinəni aparacağını bildirmişdir. Daha sonra, Səbinəyə məxsus qızıl zinət əşyalarını Azərin yeznəsi Vüqar Mirzəyevə vermiş və oradan Bakı şəhərində yaşadıqları evə getmişlər. Evə gəldikdən sonra həkimə müraciət edəcəkləri təqdirdə hadisə barədə polisə məlumat veriləcəyini düşündükləri üçün həkimə müraciət etməmişlər. Daha sonra, ailənin bərpası üçün cəhdlər etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, bir neçə ildir İlham Mirzəyevin atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evdə xidmətçi kimi işləyir. Səhər saat 9-da iş vaxtı başlayır, saat 19-da bitir. xx xxxxxx 2019-cu il saat 11-12 radələrində Səbinə mətbəxə gələrək qaynanası Gültəkin xanımın harada olmasını ondan soruşmuş və o, Səbinəyə qaynanasının evdə olmadığını bildirmişdir. Səbinə mətbəxə gəldiyi zaman onun üzündə hər hansı bir xəsarət və ya qan izi görməmiş o, hadisənin birbaşa şahidi olmamışdır. Sadəcə evdə danışılan zaman İlhamın Səbinəni döyməsini ailə üzvlərindən eşitmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İlham Mirzəyev onun qaynıdır. Səbinə və İlhamla daim normal münasibətləri olmuş və heç bir zaman İlhamla aralarında ailə məsələləri ilə bağlı söhbət olmayıb. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Azər Mirzəyevə məxsus evə qonaq kimi getmiş, təxminən saat 11-12 radələrində Səbinə ona yaxınlaşaraq Azər müəllimin harada olmasını ondan soruşmuş və o, Azər Mirzəyevin evdə olmadığını bildirmişdir. Səbinə ona yaxınlaşaraq İlham və onun atası Azəri soruşduğu vaxt o, aydın şəkildə onun üz nahiyyəsini görmüş, həmin zaman onun üzündə şişkinlik və qan izi olmamışdır. Təxminən saat 13-14 radələrində evdə təhlükəsizlik kameralarının olduğu otaqda olan zaman monitordan Səbinənin atası Səfailin gəldiyini, onların evlərinin giriş hissəsinə qalxdığını və daha sonra oradan müəyyən əyşaları aşağı daşıdığını görmüşdür. Həmin zaman Səbinənin bir-neçə günlük qalmaq üçün atasıgilə getdiyini düşünmüşdür. Səbinə qızı Mərvə ilə birlikdə maşına mindikdən sonra atası Səfail onun olduğu otağa gəlmiş, stolun üzərinə qızılları düzərək telefonla çəkiliş apardıqdan sonra həmin qızılları Azər Mirzəyevə çatdırmağını bildirərək evin giriş qapısının açarını ona vermişdir. Daha sonra, baş verənlər barədə o, Azər Mirzəyevə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert rəyini də sübut növü kimi qəbul edir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 737 saylı rəyindən görünür ki, X1 burun sümüyünün yerini dəyişən sınığı (burun tənəffüsünün pozulması ilə) aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarət şəxsin özünün göstərdiyi şəraitdə, yəni yumruqla burun nahiyyəsinə vurma nəticəsində əmələ gələ bilər, müddəti tibbi sənədlərə əsasən müayinədən 5-6 ay əvvəl olmaqla özünün göstərdiyi tarixə, xx.xx.2019-cu ilə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 48-50) Cinayət işi materiallarında olan “Avrasiya Hospital”ın xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 05.04-xx.xx.2017-ci il tarixində “Avrasiya Hospital”da “Aşağı konxaların hipertrofiyası. Septum deviasiya-dördkünc qığırdağın sağa yarımçıxığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəyə xx.xx.2017-ci il tarixdə “Rinoseptoplastika, Konxo RF” cərrahiyyə əməliyyatı aparılmışdır. (i.v. 139) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, T 36/2019 saylı rəyindən görünür ki, Qənbərli (Mirzəyeva) Şəbinə Səfail qızının xx.xx.2019-cu il tarixdə Lənkəran MRX- da rentgenoloci və LOR həkiminin müayinələrində aşkar edilmiş tənəffüs pozğunluğu ilə müşayiət olunan burun sümüklərinin yerinidəyişən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti rentgenoloci müayinəsindən 5-6 ay əvvələ uyğun gəlir və özünün göstərdiyi tarixdə, yəni xx.xx.2019-cu ildə yetirilməsi də inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Qeyd edilən sınığın xx.xx.2017-ci il tarixdə aparılan rinoseptoplastika cərrahi əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. (i.v. 168-170) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyi” X17 353 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs (Mirzəyevada) burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerinidəyişən sınığı olmuşdur. xx.xx.2019-cu il tarixdə Lənkəran MRX-da aparılmış rentgen və LOR həldminin müayinəsi, xx.xx.2020-ci ildə 34 saylı şəhər poliklinikasında icra edilmiş rentgen tədqiqatın nəticələri ilə təsdiq edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Sınıqların yaranma müddəti rentgenoloci müayinə zamanı sınıq nahiyyəsində bitişmə elementlərinin inkişaf dərəcəsinə əsasən ekspert-radioloq tərəfindən təyin edilir. Qeyd edilən sınığın xx.xx.2017-ci il tarixdə aparılmış rinoseptikoplastika cərrahiyə əməliyyatı ilə səbəbli əlaqəsi yoxdur. Burun sümüklərində sınıq hadisənin baş vermə vaxtından asılı olmayaraq rentgenoloci və klinik əlamətlərlə təsdiq edilir. Burada rentgenoloci müayinə zamanı sınığın bitişmə fazası, klinik olaraq isə burun tənəffüsünün pozulma dərəcəsi təyin edilmir. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 133-134) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 23 sentyabr 219-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. (i.v. 38) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, X5 əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, X9 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs X5 «…hadisə günü o, Səbinəyə əli və ya digər əşya ilə hansısa xəsarət yetirməmiş, sadəcə onu sakitləşdirmək üçün əli ilə ağzından tutub sıxmışdır» deməsi iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, məhkəmətibbi ekspertiza rəyləri ilə tam təkzib olunur. Beləliklə, X5 məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, əksinə təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə X5 əvvəllər məhkum olunmamasını, gəncliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X6 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məhkəmədə olan davranışını nəzərə alır və X6 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli X5 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası X5 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. X9 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-136/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-136/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver