Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-136/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı,heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində qonaq qismində iştirak etdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən «Mono pub» restoranında həmin restoranda qonaq qismində iştirak edən Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə baş vermiş, bu zaman münasibətlərə aydınlıq gətirmək məqsədilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan küçəyə dəvət edərək mübahisəni davam etdirərək kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə bir neçə dəfə yumruqla sifət nahiyəsindən qəsdən vuraraq ona sol göz yuvası-alın nahiyəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızına, sağ göz yuvasının qançırı, sağ bazunun sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində dostu Amilin ad günü münasibəti ilə ünvan 2 fəaliyyət göstərən «Mono pub» restoranına gəlmşdir. Bir qədər oturduqda sonra Amilin dost-tanışı kabinetə daxil olmuş və onlarla birgə spirtli içki qəbul etməyə başlamışlar. Təxminən saat 23:00 radələrində telefon ilə danışa danışa yemək stolunun üzərinə söykənmişir. Əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Sərxan adlı şəxs ona irad bildirmişdir. O, isə Sərxandan üzr istəyib öz yerinə əyləşmişdir. Sonradan Sərxan adlı şəxslə söz mübahisələri yaranmışdır. Söz mübahisəsi zamanı Sərxanla restoranın həyətinə çıxmışlar. Orada Sərxan ona qarşı söyüş işlətdiyinə görə əli ilə Sərxanın boynundan tutub ayağıyla badalaq verib yeri yıxmış və özü də Sərxanın üzərinə yıxılmışdır. Sonra Sərxanı yerdə olan zaman bir neçə dəfə yumruqla sifət nahiyəsinə zərbələr endirmişdir. Bu zaman restoranın admistratoru Abbas və restoranda iştirak edən şəxslərdən Toğrul, bundan başqa tanımadığı 2-3 nəfər başqa şəxslər gəlib onları ayırmışlar. Bundan sonra söhbətə son qoymaq üçün Sərxanla yaxınlıqda yerləşən «Araz» marketə tərəf gəlmişlər və orada bir qədər söhbət etdikdən sonra uzaqlaşıb çıxıb getmişlər. Hal hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə dostu Amilin doğum günü idi. Amil onu axşam saatlarında ünvan 2 fəaliyyət göstərən «Mono pub» restorana ad gününü keçirməyə dəvət etmişdir. O da təxminən saat 20:00 radələrində ünvan 2 fəaliyyət göstərən «Mono pub» restoranına gəlmişdir. Masanın ətrafında tanıdığı və tanımadığı dost-tanış əyləşmişdir. Onların içərisində doğum günü olan Amil ilə 9-10 ildir ki, dostluq münasibəti vardır. Birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra eyni masanın ətrafında əyləşən Elmir adlı şəxs ilə söz mübahisələri baş vermişdir. Söz mübahisəsinə səbəb Elmirin spirtli içkinin təsiri altında yemək yedikləri masanın üzərində əyləşməsi olmuşdur. Bu hərəkətinə görə Elmirə iradını bildirmiş, Elmir isə öz hərəkətlərinə davam edərək onun dediklərinə əhəmiyyət verməmişdir. Gecə saatı olduğundan məclis dağılmaq üzrə idi və qonaqların demək olar ki, çoxsu çıxıb getmişdir. Artıq 17 sentyabr 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Elmirlə restoranın həyətinə çıxmışlar. Həyətə çıxan zaman Elmir qəflətən gələrək gözləmədiyi anda onun boynundan əli ilə tutub ayağı ilə badalaq verib yerə yıxmış və özü də üzərinə yıxılmışdır. Yerdə olanda da Elmir yumruqla bir neçə dəfə onun üz və baş nahiyəsindən zərbələr vurmağa başlamışdır. Bu zaman adını sonradan bildiyi restoranın administrator Abbas, məclisdə iştirak edən yaxın tanışı Toğrul və yoldan keçən tanımadığı 2-3 nəfər şəxs Elm iri ondan ayırmışlar. Onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə dostu Amilin doğum günü idi. Amil onu və digər tanmışları axşam saatlarında ünvan 2 fəaliyyət göstərən «Mono pub» restorana ad gününü keçirməyə dəvət etmişdir. O, təxminən saat 20:00 radələrində ünvan 2 fəaliyyət göstərən «Mono pub» restoranına gəlmişdir. Masanın ətrafında tanıdığı və tanımadığı dost-tanış əyləşmişdi. Birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra eyni masanın ətrafında əyləşən qiyabi tanıdığı Elmir adlı şəxsin onun dostu və kirvəsi olan Sərxanla arasında söz mübahisələri baş vermişdir. Söz mübahisəsinə səbəb Elmirin spirtli içkinin təsiri altında yemək yedikləri masanın üzərində əyləşməsi olmuşdur. Bu hərəkətinə görə Sərxan Elmirə iradını bildirmişdir. Elmir isə bu hərəkətinə davam edərək Sərxanın haqlı iradına əhəmiyyət verməmişdir. Gecə saatı olduğundan məclis dağılmaq üzrə idi və qonaqların demək olar ki, çoxu çıxıb getmişdir. Artıq 17 sentyabr 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Elmirlə Sərxan restoranın həyətinə çıxmışlar. Bir qədər sonra və restoranın admistratoru Abbas adlı şəxs də həyətə çıxış, həyətə çıxan zaman Elmir qəflətən gələrək gözləmədikləri anda Sərxanla mübahisə edərək Sərxanın boynundan tutub, ayağı ilə badalaq verib Sərxanı yerə yıxmışdır. Elmir yerdə olan zaman özü də Sərxanın üzərinə yıxılmış və Sərxanın üz nahiyəsindən yumruqla bir neçə dəfə vurmağa başlamışdır. Bu zaman o, Abbas adlı şəxs, eyni zamanda yoldan keçən tanımadığı 2-3 nəfər cavan oğlanlar yaxınlaşıb Elmiri Sərxanın üzərindən qaldılrıb ayırmışlar. X3 özləri söhbət etmək üçün bir qədər kənara çəkilmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1 həftəyə yaxındır ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 41/43 fəaliyyət göstərən «Mono pub» restoranında adminstrator vəzifəsində işləməyə başlamışdır. 16 sentyabr 2022-ci il tarixdə axşam saatlarında restorana bir neçə nəfər şəxs ad günlərini qeyd etmək üçün gəlmişdilər. Onlar yemək yeyib spirtli içki qəbul etmişlər. 17 sentyabr 2022-ci il tarixdə, təxminən saat 02:00 radələrində həmin ad günü mərasiminə yığışan iki nəfər şəxsin obyektin çölündə səs-küy səslərini eşitmişdir. Dərhal obyektin çölünə çıxdıqda həmin şəxslərin bir-birləri ilə münaqişə etdiyini görmüşdür. Bundan sonra sonradan adını Elmir kimi bildiyi şəxs digər şəxsin boynundan əli ilə tutub ayağı ilə badalaq verib yeri yıxmış və yerdə olan zaman özü də həmin şəxsin, yəni adını sonradan bildiyi Sərxan adlı şəxsin üzərinə yıxılaraq bir neçə dəfə yumruqla Sərxanın sifətindən vurmağa davam edən zaman, o, orada məclisdə iştirak edən şəxslərdən biri və tanımadığı 2-3 nəfər yoldan keçən şəxslər yaxınlaşıb Elmiri Sərxanın üstündən qaldırıb onları aralamışlar. Sonra dalaşan şəxslər, yəni Sərxanla Elmir söhbət etmək üçün kənara çəkilmişlər. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X4 tərəfindən verilmiş 2216 saylı, 24 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol göz yuvası-alın nahiyəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma, sağ göz yuvasının qançırı, sağ bazunun sıyrığıbərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 17 sentyabr 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində və özü tərəfindən özünə yetrilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 30 sentyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 213-1.2.1, 70-ci maddələri təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. 04 mart 2022-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs barəsindəsınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməyə görə-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, tərəflər arasında barışıq vardır. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, tərəflər arasında barışıq olmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, tərəflər arasınba barışığın olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-136/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-136/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver