Məhkəmə qərarları › İş №1(008)-137/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-137/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-137/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olunmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyytada olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci tarixdə, saat 09 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinin həyətindəki əl damından dəyəri 250 manat olan 01 ədəd “Fimer” markalı qaynaq aparatı, dəyəri 65 manat olan 01 ədəd “KOMATE Elektrik Plane YH 10-82x3” markalı elektrik rəndəsi, dəyəri 30 manat olan 01 ədəd “BORT BPŞ-751-Q” markalı lobzik mişarı, hər birinin dəyəri 150 manat və 250 manat olan 02 ədəd elektrik laqondası, dəyəri 100 manat olan 01 ədəd akkumulyatorlu elektrik dreli, dəyəri 100 manat olan 01 ədəd avtomobil üçün nəzərdə tutulmuş elektrik hava vuran nasosu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 945 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 7-8 aydır ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında kirayə yaşayır. O, maddi imkanı zəif olduğu üçün oğurluq edərək pul əldə etməyi qərara almış, bu məqsədlə 02 sentyabr 2022-ci il tarixdə, saat 09 radələrində kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətindən ev sahibinə məxsus 01 ədəd qaynaq aparatı, 02 ədəd elektrik laqondası, 01 ədəd elektrik dreli, 01 ədəd özündə cərəyan saxlayan elektrik drelini oğurlayaraq Sabunçu bazarında tanımadığı şəxslərə ümumilikdə 155 manata satmışdır. Əldə etdiyi pulun 30 manatını oğurladığı əşyaların daşınmasına görə yük avtomobilinin sürücüsünə, 100 manatını yeni tutduğu evin aylıq ödənişinə vermiş, geri qalan 25 manata ərzaq məhsulları almışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ev ona məxsusdur. O, evinin həyətində yerləşən tikilini Təqsirləndirilən şəxs kirayə vermişdir. 18 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində olan saxlanc yerinə nəzər yetirdiyi zaman oradan dəyəri 250 manat olan 01 ədəd “Fimer” markalı qaynaq aparatı, dəyəri 65 manat olan 01 ədəd “KOMATE Elektrik Plane YH 10-82x3” markalı elektrik rəndəsi, dəyəri 30 manat olan 01 ədəd “BORT BPŞ-751-Q” markalı lobzik mişarı, hər birinin dəyəri 150 və 250 manat olan 02 ədəd elektrik laqondası, dəyəri 100 manat olan 01 ədəd akkumulyatorlu elektrik dreli, dəyəri 100 manat olan 01 ədəd avtomobil üçün nəzərdə tutulmuş elektrik hava vuran nasosunun oğurlandığını aşkar etmişdir. Evin həyətinə quraşdırılmış təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxdığı zamanı qeyd olunan əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən etmişdir. O, Elvinin həyat yoldaşı ilə əlaqə saxlayaraq Elvinin oğurladığı əşyaları geri qaytarması üçün onlara vaxt vermiş, lakin, Elvin oğurladığı əşyaları geri qaytarmadığı üçün o, məcbur qalaraq polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın tamamilə ödənilməsi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı deyilən ərazidə işdə olarkən tanımadığı şəxs ona yaxınlaşaraq 45 manat müqabilində 01 ədəd qaynaq aparatı satdığını bildirmişdir. O, həmin şəxsdən qaynaq aparatının kimə məxsus olduğunu soruşmuş, həmin şəxs ona qaynaq aparatının özünə məxsus olduğunu bildirmişdir. O, qaynaq aparatının işlək vəziyyətdə olmasını yoxladıqdan sonra həmin şəxsə 45 manat ödəniş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı deyilən ərazidə işdə olarkən tanımadığı şəxs ona yaxınlaşaraq 15 manat müqabilində 01 ədəd elektrik rəndəsi satdığı bildirmişdir. O, həmin şəxsdən elektrik rəndəsinin kimə məxsus olduğunu soruşmuş, həmin şəxs ona elektrik rəndəsinin özünə məxsus olduğunu bildirmişdir. O, elektrik rəndəsinin işlək vəziyyətdə olmasını yoxladıqdan sonra həmin şəxsə 15 manat ödəniş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı deyilən ərazidə işdə olarkən tanımadığı şəxs ona yaxınlaşaraq 20 manat müqabilində 01 ədəd elektrik lobzik mişarını satdığı bildirmişdir. O, həmin elektrik lobzik mişarınının kimə məxsus olduğunu soruşmuş, həmin şəxs ona elektrik lobzik mişarının özünə məxsus olduğunu bildirmişdir. O, elektrik lobzik mişarının işlək vəziyyətdə olmasını yoxladıqdan sonra həmin şəxsə 20 manat ödəniş etmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan 20 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskə keçirilən baxış zaman Təqsirləndirilən şəxs həyətdən çıxan zaman əlində qara rəngli sellofan olduğu müəyyən edilmişdir. Cinayət işinin 79-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 80-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli, 9/6986 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin, 2022-ci ilin sentyabr ayına olan orta bazar və ümumi dəyəri təxminən 345.00 manat müəyyən edilir. Həmin tətqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. 01 ədəd “FİMER K-185” markalı qaynaq aparatı 250 manat, 01 ədəd “KOMATE” Elektrik Plane YH 10-82x3 markalı elektrik rəndəsi 65 manat, 01 ədəd “BORT” BPŞ-751 lobzik mişarı 30 manatdır. Cinayət işinin 84-88-ci vərəqəsində olan 03 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “FİMER K-185” markalı qaynaq aparatı, 01 ədəd “KOMATE” Elektrik Plane YH 10-82x3 elektrik rəndəsi, 01 ədəd “BORT” BPŞ-751 lobzik mişarı iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 137/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 03 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun oğurluq, yəni özgənin əmlakını talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 01 fevral 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 13 (on üç) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 26 (iyirmi altı) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd “FİMER K-185” markalı qaynaq aparatı, 01 ədəd “KOMATE” Elektrik Plane YH 10-82x3 elektrik rəndəsi, 01 ədəd “BORT” BPŞ-751 qlobzik mişarının saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 13 (on üç) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 26 (iyirmi altı) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, 01 ədəd “FİMER K-185” markalı qaynaq aparatı, 01 ədəd “KOMATE” Elektrik Plane YH 10-82x3 elektrik rəndəsi, 01 ədəd “BORT” BPŞ-751 lobzik mişarının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar