Məhkəmə qərarları › İş №1(008)-138/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-138/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-138/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,250 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,460 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən iki bükümdə 0,936 qram və 0,314 qram olmaqla ümumi təmiz çəkisi 1,250 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,460 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə və oğurluğa görə məhkum edilmişdir. O, bir neçə müddətdir narkotik vasitələrdən istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bak şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alır. 17 sentyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs ona hazırda xatırlamadığı nömrə göndərərək 50 manat ödəməsini bildirmişdir. O, «M10» ödəmə sistemi vasitəsi ilə həmin şəxsin göndərdiyi nömrəyə 50 manat ödəmiş, İran İslam Respublikası vətəndaşı «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə ona götürməsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu yerin lokasiyasını göndərmişdir. O, 17 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında göndərilmiş lokasiya əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisinə gedərək «Karyer» adlanan yerin yaxınlığındakı yarımtikililərdən birinin qarşısından 02 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini götürərək şəxsi istifadəsi üçün üzərində daşımışdır. 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanı yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək adını və soyadını soruşmuş, özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 42-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci PB-yə getmişdir. Sabunçu RPİ-nin 42-ci PBnin inzibati binasında xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan şalvarının sağ yan cibindən 03 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümlərdən 02 ədədində narkotik vasitə heroin, 01 ədədində isə psixotrop maddə metamfetamin olduğunu, 17 sentyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunan bükümlər zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətlərinə narkotik, psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 18 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, əməliyyat qrupu təşkil edilmiş, o da, əməliyyat qrupuna daxil edilmişdir. Daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, yəni, 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından o, şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Daha sonra videoçəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olubolmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 03 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümlərdən 02 ədədində narkotik vasitə heroin, 01 ədədində isə psixotrop maddə metamfetamin olduğunu, 17 sentyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim edilmiş bükümlər açılmış, 01 ədəd bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, digər 02 ədəd bükümdə isə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd büküm qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 11-ci vərəqəsində olan 18 sentyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqəsində olan 18 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli sağ yan cibindən 01 ədəd bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, digər 02 ədəd bükümdə isə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 44-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/4928 nömrəli, 19 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs 1.Təqsirləndirilən şəxs..." yazı və imzalar olan zərfdə 2 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,936 qram və 0,314 qram olmaqla, ümumi çəkisi 1,250 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,460 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixototrop maddə-metamfetamindir. Ekspertizanın tədqiqatından sonra narkotik vasitə heroinin qalıq hissəsi 1,150 qram, psixotrop maddə metamfetaminin qalıq hissəsi 0,410 qramdır. Cinayət işinin 51-52-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 19 sentyabr 2023-cü il tarixli, 5988 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixomulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 75-76-cı vərəqələrində olan 20 sentyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan 20 sentyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 90-91-ci vərəqəsində olan 20 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,150 qram olan narkotik vasitə heroin və 0,410 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 82-83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər probasiya İdarəsinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-61/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetaini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-748/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilməli, onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1,150 qram olan narkotik vasitə heroin və 0,410 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-748/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin, onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1,150 qram olan narkotik vasitə heroin və 0,410 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar