Məhkəmə qərarları › İş №1(008)-139/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-139/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-139/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs Quliyeva Ləman Mürvət qızının, 07 saylı vəkil bürosunun vəkili Mirzəyev Təyyar Balarza oğlunun iştirakı ilə 10 sentyabr 1990-cı il tarixdə Ucar rayonu, Qaracallı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Əhmədov Gilman Telman oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Telman oğlu 23 sentyabr 2020-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs Mürvət qızı ilə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Q.Qarayev küç., 19 nömrəli ünvanda yerləşən kirayədə yaşadığı evdə olarkən, saat 20:00 radələrində Zərərçəkmiş şəxs telefonla danışdığı şəxs barədə məlumat verməməsi və telefonu söndürməsi səbəbindən qısqanclıq zəmində aralarında yaranmış mübahisə zamanı onu əl və ayaqla qəsdən vurub döymüş, o evdən getmək istəyəndə isə mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs vuraraq ona sağ bud və sağ sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları, sağ yanaq nahiyəsinin və sağ əlin sıyrıqları, sağ göz yuvasıüstü nahiyənin qançırı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığın yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əhmədov Gülman Telman oğlu ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Ləman ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından bir yaşlı Zeynəb adlı qızları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra Bakı şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı rayon və qəsəbələrdə kirayədə yaşamışlar. Fəhlə işlədiyi üçün ailəsini dolandırmaqda və kirayə pulunu əldə etməkdə çətinlik çəkmişdir. Buna baxmayaraq arvadı Ləman sahibinin də yaşadığı fərdi ev yox, bina evində icarəyə mənzil götürməyi tələb etmişdir. Ona bunun maddi çəhətdən çətin olduğunu izah etsə də, Ləman başa düşmək istəməmişdir. Bu və digər səbəblərdən bir neçə dəfə sözlə ailə daxili mübahisələri olmuşdur. Hadisədən bir həftə əvvəl Ləman kirayədə yaşadıqları Bakıxanov qəsəbəsində yerləşən həyət evini bəyənmədiyini deyib, onu yeni, daha rahat evə köçürülməsini tələb etməyə başlamışdır. Buna görə yenə də, mübahisə baş vermişdir. Ləman uşağı onun yanında qoyub, evi tərk edib getmişdir. Bir neçə saat sonra Ləmanın gəlmədiyini görüb, onun istifadəsində olan «***-***-**-**» nömrəsinə zəng vurmuşdur. Ləman telefonu söndürmüşdür. Onunla heç cür əlaqə saxlaya bilməmişdir. İki gün sonra Ləman evə qayıtmış, Ləmandan harada olmasını soruşanda bildirmişdir ki, evdən çıxandan sonra Sumqayıt şəhərində yaşayan rəfiqəsi Fatiməgilə gedib, 2 gün orada qalmışdır. Ləmanın davranışları müəyyən şübhələr yaratmışdır. Belə ki, bir ailə kimi ona qarşı münasibətinin soyuduğunu hiss etmişdir. Bu da onu qıcıqlandırmışdır. Buna görə də tez-tez spirtli içki qəbul etməyə başlamışdır. 23 sentyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evə gələndə Ləman və qızı Zeynəb evdə olmuşlar. Ləmanın «Samsung Y 4» markalı mobil telefonu cərəyana qoşulmuş, digər bir telefonu əlində saxlamış və həmin telefona zəng gəlmişdir. Ləmandan əlindəki telefonun kimə məxsus olmasını, zəng vuran barədə soruşmuş və telefonu ondan tələb etmişdir. Ləman telefonu ona verməkdən imtina etmiş və bildirmişdir ki, həmin telefonu tanışı ona bağışlayıb. Zəng vuran şəxsin də kim olduğunu bildirməmişdir. Hansı nömrədən zəng gəldiyini öyrənmək üçün güclə telefonu Ləmandan alanda Ləman telefonu söndürdüyündən telefonun kodunu bilmədiyi üçün açıb gələn nömrəyə baxa bilməmişdir. Ləman isə telefonun kodunu deməmiş, əksinə qışqıraraq telefonu almağa çalışmışdır. Telefona baxarkən üzərində olan nömrədən əlavə telefonun qapağının arxa hissəsində daha üç telefon nömrəsi olduğunu görmüşdür. Ləman həmin nömrələr barədə heç bir məlumat verməmiş, tək öz həyatını yaşamaq istədiyini deyib qışqırırdı. Əsəbi halda Ləmanı döyüb və stolun üstündən kiçik ölçülü mətbəx bıçağını götürüb, bıçaqla Ləmanın yan hissəsinə vurmışdur. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Quliyeva Ləman Mürvət qızı ifadəsində göstərmişdir ki, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş və həmin nikahdan 1 yaşlı qızları var. Ailə həyatı qurduqdan sonra Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşamağa başlamışlar. Əri Gülman fəhlə işlədiyindən və az pul qazandığından maddi vəziyətləri çətin olmuşdur. Gülman tez-tez evə içkili vəziyyətdə gəlir, qısqanclıq zəminində mübahisələri baş verirdi. 23 sentyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində qızı Zeynəblə evdə olarkən Gülman yenə içkili vəziyyətdə evə gəlmişdir. Gülmandan uşaq bezi alıb- almamasını soruşanda cavab verməmiş və heç bir səbəb olmadan əl-ayaq zərbələri ilə onu döyməyə başlamışdır. Qızını götürüb evdən getmək istəyəndə Gülman stolun üstündəki mətbəx bıçağını götürüb bıçaqla zərbə endirmişdir. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüquqi Şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1498 saylı, 09 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, vət. Quliyeva Ləman Elşad qızında sağ bud və sağ sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaralan, sağ yanaq nahiyəsinin və sağ əlin sıyrıqları, sağ gözyuvasıüstü nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən sağ bud və sağ sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, sağ yanaq nahiyəsinin və sağ əlin sıyrıqları, sağ gözyuvasıüstü nahiyənin qançırı bərk küt əşyanın təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də özü tərəfindən yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 14 dekabr 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Əhmədov Gülman Telman oğlu Bakı şəh., Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşıdrılması cəzasına məhkum edilmişdir. 08 noyabr 2019-cu ildə cəza müddəti bitmişdir. Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. İnsan Hüquqlarının və X2 haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Əhmədov Gülman Telman oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Əhmədov Gülman Telman oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Əhmədov Gülman Telman oğlunun törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə görəsağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxs Əhmədov Gülman Telman oğlunun, zərərçəkmiş şəxs Quliyeva Ləman Mürvət qızının ifadələrini dinləyib, barışıq ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Əhmədov Gülman Telman oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmasını, mübahisənin ailə-məişət problemi üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Əhmədov Gülman Telman oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Əhmədov Gülman Telman oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əhmədov Gülman Telman oğlu barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Əhmədov Gülman Telman oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar