Məhkəmə qərarları › İş №1(008)-139/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-139/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-139/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixində İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən avtoservisin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 oğluna məxsus “Nissan Patrul” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidlənməmiş, açarının isə üzərində olmasından istifadə etməklə avtomobilin mühərrikini işə salaraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən, tanışı Zərərçəkmiş şəxs1 işlətdiyi “Kibar” su sexinin giriş qapısının açarını Zərərçəkmiş şəxs1 dediyi vaxtda sexin təmizlənməsi məqsədilə sonuncudan əvvəlcədən götürüb 20 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 1 ünvanında yerləşən “Kibar” su sexinin qarşısına gəlib azad giriş-çıxışı üçün icazəsi olmadığı halda özündə olan açar vasitəsilə sexin giriş qapısını açaraq oraya qanunsuz daxil olub sexin içərisindən Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 170 manat dəyərində 01 ədəd “Almaz” markalı prefaratoru, 100 manat dəyərində 01 ədəd “Bosch” markalı dreli, 55 manat dəyərində 01 ədəd “Candan” markalı qaynaq aparatını, 90 manat dəyərində 01 ədəd “Dewalt” markalı mişarı, hər birinin qiyməti 110 manat olmaqla ümumilikdə 220 manat dəyərində 02 ədəd laqondanı, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 72 manat dəyərində 24 ədəd qaz açarını, hər birinin qiyməti 6 manat olmaqla ümumilikdə 12 manat dəyərində 02 ədəd kəlbətini və hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində 05 ədəd burğacı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 744 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 12 aprel 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus asfalt zavodun ərazisinə hasardan aşmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 450 manat olan 100 metr uzunluğunda elektrik kabelini gizli olaraq talayıb zərərçəkmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 19 aprel 2022-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində yerləşən 65 saylı fərdi evə hasardan aşmaqla qanunsuz daxil olaraq, fərdi evin həyətində olan hamam otağından ümumi dəyəri 100 manat olan hamam aksessuarlarını, fərdi evin həyətyanı sahəsindən isə 350 manat dəyərində dəmir tullantıları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 24 aprel 2022-ci il tarixdə, saat 19:20 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində yerləşən metal qəbulu məntəqəsinə plastik pəncərənin şüşəsini sındırıb, pəncərəni sıxıb açmaqla saxlanc yerinə qanunsuz daxil olub, məntəqədə ümumi dəyəri 800 manat olan, 60 kiloqram çəkidə mis və əlvan metalları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 04 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub, fərdi evin plastik pəncərəsini qırıb açmaqla yaşayış sahəsinə keçərək divarda olan 1100 manat dəyərində elektrik kabellərini kəsib gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 1100 (bir min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə, 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, 2018-ci ilin may ayında cəzasının sonu ilə azad olunmuşdur. 15 yanvar 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində bir nəfər şəxsin su daşımaq üçün fəhlə axtarması ilə bağlı verdiyi elanı görərək həmin şəxsin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək iş elanına görə əlaqə saxladığını bildirmiş, daha sonra həmin şəxslə görüşmüş, ünvan 1 ünvanında yerləşən “Kibar” adlı su sexindən evlərə maşın ilə su daşınması fəaliyyətinə başlamışdır. 19 yanvar 2022-ci il tarixdə axşam saatlarında spirtli içki qəbul edərək yatmış, 20 yanvar 2022-ci il tarixdə səhər işə getmiş, obyektin sahibi Miraş işdə olmadığı üçün o, qapını açaraq içəri daxil olmuş, orada müəyyən təmir işləri görmüşdür. O, axşam spirtli içki qəbul etdiyi üçün özünü narahat hiss etmiş, “Go” markalı alkoqol tərkibli içki alaraq qəbul etmişdir. İçki içdikdən sonra vəziyyəti daha da, pisləmiş, o, obyektdə olan “Almaz” adlı prefaratoru, 01 ədəd kiçik dreli, 01 ədəd plastmas boru birləşdirən qaynaq aparatını, 01 ədəd nazik mişarı, 02 ədəd laqondanı, 24 ədəd açarı, 02 ədəd kəlbətini, bir neçə burğacı götürərək yaşadığı ünvana yollanmış, oğurladığı avadanlıqları tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 11 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən adsız kafedə oturaraq spirtli içki qəbul etmiş, təxminən saat 23:30 radələrində kafedən çıxaraq oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivinə gəlmişdir. Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən "xxxx" MMC-yə məxsus asfalt zavodun girişinin qarşısından keçdiyi zaman elektrik kabelləri çəkildiyini görərək bir qədər kənarda qaranlıq yerdə dayanmış, bir neçə dəqiqə müşahidə apararaq ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq içəri daxil olmuş, orada olan elektrik naqillərini kəsərək yaşadığı ünvana aparmışdır. 12 aprel 2022-ci il tarixdə, səhər saatlarında oğurladığı kabelləri əridərək mis halına çevirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesində yerləşən “Merinos” adlı obyektin yanındakı metal qəbulu məntəqəsini işlədən Sultan adlı şəxsə 120 manat sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 18 aprel 2022-ci il tarixdə iş axtarmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə getmiş, işlə bağlı bir neçə yerə müraciət etməsinə baxmayaraq iş tapa bilməmişdir. Həmin gün, yəni, 18 aprel 2022-ci il tarixdə, axşam saatlarında adını xatırlamadığı kafedə oturaraq spirtli içki qəbul etmiş, təxminən saat 23:30 radələrində kafedən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsinə gəlmiş, küçə ilə piyada hərəkət edən zaman evlərdən birinin işıqlarının yanmadığını görərək həmin evdən oğurluq etməyi qərara almışdır. O, bir müddət kənarda dayanaraq evi və ətrafı müşahidə etmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin həyətinə daxil olmuş, həyətə baxış keçirdiyi zaman həyətdə dəmir tullantıların olduğunu görmüşdür. İlk əvvəl dəmir tullantıları hissə-hissə hasardan çıxararaq kənara yığmış, daha sonra fərdi yaşayış evinin həyətinə geri qayıdaraq yenidən baxış keçirmiş, həyətyanı sahədə qapısı açıq olan otaq olduğunu görərək ora daxil olmuşdur. O, hamam otağından su kranını, hamam duşunu, eyni zamanda, bir neçə hamam aksessuarlarını götürərək hasardan çölə çıxarmış, dəmir tullantılar ilə birlikdə yaşadığı evə gətirmişdir. 19 aprel 2022-ci il tarixdə, səhər saatlarında su kranını, hamam duşunu, hamam aksessuarlarını və dəmir tullantıları Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesində yerləşən “Merinos” adlı obyektin yanındakı metal qəbulu məntəqəsi işlədən Sultan adlı şəxsə 40 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 24 aprel 2022-ci il tarixdə, saat 17 radələrində iki ədəd 0.250 litrlik araq alaraq qəbul etmiş, daha sonra, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən “Cəbrayıl” məktəbi kimi tanınan orta məktəbin yaxınlığında tanışı “Salman” adlı Özbəkistan Respublikası vətəndaşı ilə görüşmüş, bir az söhbət etdikdən sonra ondan ayrılmışdır. O, bir müddət əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində gördüyü velosipedi oğurlamaq məqsədi ilə həmin ünvana getmiş, yolda olarkən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində yerləşən metal qəbulu məntəqəsinin bağlı olduğunu görərək oradan oğurluq etməyi qərara almış, bir müddət kənarda dayanaraq ətrafı müşahidə etmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra məntəqənin yan tərəfində yerləşən hasardan aşaraq həyətə daxil olmuş, yerdən dəmir parçası götürərək plastik pəncərənin arasına salıb pəncərəni açaraq içəri keçmişdir. O, orada olan kisənin içərisinə mis yığıldığını görərək həmin kisəni pəncərədən çölə çıxarmış, daha sonra özü də pəncərədən çölə çıxmışdır. Daha sonra içərisində mis olan kisəni məntəqənin hasarından çölə tullamış, özü də hasardan aşaraq oradan uzaqlaşmaq istədiyi zaman tanışı Salmanla qarşılaşmış, Salman onun oğurluq etdiyindən şübhələndiyi üçün ona müxtəlif məzmunlu suallar vermiş, o, suallara dağınıq cavablar verməklə oğurluq etdiyini etiraf etməmiş, Salmanda şübhə yaratmamaq üçün onunla birlikdə yaxınlıqda yerləşən “Rabil” marketin qarşısınadək gəlmiş, orada Salmanla sağollaşdıqdan sonra yenidən metal qəbul məntəqəsinə geri qayıdıb içərisində mis olan kisəni götürərək “Rabil” marketin yaxınlığına gəlmişdir. O, daha sonra kisəni orada olan boruların arasında gizlədərək yaşadığı evə getmişdir. 25 aprel 2022-ci il tarixdə, saat 10 radələrində oğurladığı misi “Vaz 21011” markalı avtomobillə səyyar metal yığımı ilə məşğul olan şəxsə 77 manat müqabilində satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 03 may 2022-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən adsız kafedə oturaraq spirtli içki qəbul etmiş, həmin gün, saat 23:40 radələrində kafedən çıxaraq oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. 04 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsum küçəsində piyada gəzərək oğurluq etmək üçün ev axtarmış, həmin vaxt fərdi yaşayış evlərindən birinin işıqlarının yanmadığını görərək həmin evə daxil olmaqla oradan oğurluq etməyi qərara almışdır. O, ilk öncə bir müddət kənarda dayanaraq ətrafı müşahidə etmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşaraq fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuş, həyətə daxil olduqdan sonra fərdi yaşayış evinin tikilməkdə olduğunu görərək evin plastik pəncərəsinin kilidini sındırmış, daha sonra içəri daxil olaraq divara quraşdırılmış elektrik naqillərini divardan çıxararaq kəsmiş, kəsdiyi elektrik kabellərini fərdi yaşayış evinin həyətindən tapdığı torbaya yığıb hasardan aşaraq yaşadığı evə getmişdir. Həmin gün, səhər saatlarında yaşadığı evin yaxınlığında elektrik kabellərini yandıraraq mis halına çevirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesində yerləşən “Merinos” adlı obyektin yanındakı metal qəbulu məntəqəsini işlədən Sultan adlı şəxsə 60 manat müqabilində sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 22 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə yaşadığı evə doğru piyada hərəkət etmiş, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısından keçərkən ağ rəngli “Nissan Patrul” markalı avtomobilin dayandığını görərək avtomobilə yaxınlaşmış, avtomobilin içərisində sürücünün olmadığını görərək avtomobilin qapılarını yoxlamışdır. Avtomobilin qapıları kilidlənmədiyi üçün o, qapını açaraq ön oturacaqda sükan arxasında əyləşmiş, avtomobilin açarları üzərində olduğu üçün mühərriki işə salaraq oradan uzaqlaşmışdır. O, qaçırdığı avtomobili təxminən 1 saat idarə etmiş, lakin, yol-nəqliyyat hadisəsi törətdiyi üçün avtomobildən enərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində yerləşən “Merinos” mağazasının yanında yerləşən obyektdə əlvan metal qəbulu ilə məşğul olur. 24 aprel 2022-ci il tarixdə, saat 09 radələrində həmişəki kimi sexi açaraq işləməyə başlamış, həmin gün, saat 19 radələrində işlətdiyi sexi bağlayaraq yaşadığı evə getmişdir. 25 aprel 2022-ci il tarixdə, saat 09 radələrində yenidən sexə gəldiyi zaman sexin plastik pəncərəsinin sındırılaraq açıldığını görərək sexdən oğurluq edildiyini düşünmüş, içəri daxil olaraq baxış keçirdiyi zaman ümumi çəkisi 60 kiloqram, ümumi dəyəri isə 800 manat olan mis və əlvan metalların oğurlandığını müəyyən etmişdir. Daha sonra sexdə quraşdırılmış videomüşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxış keçirmiş, bir nəfər başında papaq olaq şəxsin pəncərədən içəri daxil olaraq kisədə olan mis və əlvan metalları oğurladığını görərək Sabunçu RPİ-nin 12-ci PŞ-yə müraciət etmişdir. 06 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-dən ona zəng edilərək polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində olduğu zaman ona məxsus sexdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. Bundan əlavə, 12 aprel 2022-ci il tarixdə, saat 11 radələrində işdə olduğu zaman əvvəllər bir neçə dəfə işlətdiyi obyektə gələrək metal tullantılar satan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona mis metallar təqdim edərək onları satmaq istədiyini bildirmiş, Qismət gətirdiyi malları tərəzidə çəkərək hesablamış və ona gətirdiyi malların dəyərinin 120 manat olduğunu bildirmişdir. Qismət onunla razılaşaraq 120 manat müqabilində mis metallar ona satmışdır. 19 aprel 2022-ci il tarixdə, saat 11 radələrində işdə olduğu zaman Təqsirləndirilən şəxs yenidən onun işlədiyi sexə gələrək metal tullantılar, o cümlədən, su kranı, hamam duşu və hamam aksessuarları təqdim edərək satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi avadanlıqları 40 manat müqabilində ondan almışdır. 04 may 2022-ci il tarixində, saat 11 radələrində işdə olduğu zaman Təqsirləndirilən şəxs yenidən onun işlədiyi sexə gələrək metal tullantılar, təqdim edərək satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi avadanlıqları 60 manat müqabilində ondan almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təxminən 7 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsum küçəsində 2 sot torpaq sahəsi almış, lakin maddi imkanı zəif olduğu üçün orada ev tikə bilməmişdir. Təxminən 2 il əvvəl həmin torpaq sahəsində özünə ev tikməyə başlamış, 2022-ci ilin əvvəlində evin tikintisini başa çatdırmışdır. Evin daxilində təmir işləri yekunlaşmadığı üçün orada yaşayış olmamış, buna baxmayaraq mütəmadi olaraq həmin evə gedərək nəzarət etmişdir. 03 may 2022-ci il tarixdə, saat 11 radələrində evdə olmuş, həmin vaxt hər hansı oğurluq faktı aşkar etməmişdir. 04 may 2022-ci il tarixdə, saat 11 radələrində yenidən qeyd olunan evə getmiş, evin plastik pəncərəsinin sındırılmış vəziyyətdə olduğunu görərək evdən oğurluq edildiyindən şübhələnmiş, içəri daxil olaraq evə baxış keçirdiyi zaman divardan çəkilmiş elektrik kabellərinin kəsilərək oğurladığını müəyyən etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş, məlumat əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1100 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində yerləşən 65 saylı fərdi ev atasına məxsus olmuş, atası rəhmətə getdikdən sonra həmin ev qardaşı ilə ona qalmış, lakin, sonradan qardaşı da, vəfat etmişdir. O, mütəmadi olaraq həmin evə nəzarət etmiş, sonuncu dəfə, 17 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində yerləşən 65 saylı fərdi yaşayış evində olmuş, həmin vaxt hər hansı oğurluq faktı aşkar etməmişdir. 19 aprel 2022-ci il tarixdə, saat 09 radələrində qeyd olunan ünvana getdiyi zaman evin həyətində olan ümumi dəyəri 350 manat olan dəmir tullantıların yerində olmadığını görmüş, fərdi evin həyətinə ətraflı baxış keçirdiyi zaman həyətdə olan hamam otağından ümumi dəyəri 100 manat olan bir ədəd su kranının, hamam duşunun və hamam üçün müxtəlif aksessuarlarının oğurlandığını müəyyən etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş, məlumat əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 450 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən "Kibar" su sexinə işçi lazım olduğu üçün, günəmuzd işçi olaraq Təqsirləndirilən şəxs işə götürərək gündəlik 12 manat əmək haqqı vermişdir. 18 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində, sexdə olan çənin yuyulması və zibillərin atılması üçün Qismət ondan sexin açarlarını götürmüş, lakin, açarı ondan götürən zaman ona yalnız onun icazəsi olduqdan sonra sexə daxil olmasını bildirmişdir. 19 yanvar 2022-ci il tarixdə Qismət ona bu barədə məlumat verdikdən sonra sexə gələrək orada təmizlik işləri görmüş, növbəti gün, yəni, 20 yanvar 2022-ci il tarixdə, saat 10:00 radələrində onun xəbəri olmadan Qismət yenidən sexə gedərək orada olan 170 manat dəyərində 01 ədəd "Almaz” adlı prefaratoru, 100 manat dəyərində 01 ədəd “Bosch” markalı kiçik dreli, 55 manat dəyərində 01 ədəd plastmas borusunu birləşdirən “Candan” markalı qaynaq aparatını, 90 manat dəyərində 01 ədəd “Dewalt” adlı mişarı, 220 manat dəyərində 02 ədəd laqondanı, 72 manat dəyərində 24 ədəd santexnikada istifadə olunan açarı, 12 manat dəyərində iki ədəd kəlbətini və 25 manat dəyərində 05 ədəd burğacı oğurlamışdır. 21 yanvar 2022-ci il tarixdə sexdən oğurluq edildiyini aşkar etdikdən sonra quraşdırılmış video müşahidə kameralarının görüntülərinə baxış keçirmiş, sexdən qeyd olunan avadanlıqların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Qismət qeyd olunan avadanlıqları təmir işləri ilə bağlı götürdüyünü, tez bir zamanda geri qaytaracağını bildirmiş, lakin, sonradan onun zənglərini cavablandırmamış, götürdüyü avadanlıqları geri qaytarmamışdır. Daha sonra, o, bununla bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 744 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən asfalt zavod "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyindədir. 12 aprel 2022-ci il tarixində, saat 10 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən asfalt zavodun ərazisində yerləşən iki tikili arasındakı elektrik kabelləri naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Bununla bağlı zavodun nümayəndələri tərəfindən araşdırma aparılmış və bu zaman zavod ərazisindən ümumilikdə 100 metrə yaxın elektrik naqillərinin kəsilərək oğurlandığını müəyyən etmişlər. Bu barədə onlara məlumat verildikdən sonra dərhal onlar tərəfdən də araşdırma aparılmış və bu zaman şirkətə ümumilikdə 450 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 oğlu ifadəsində göstərmişdir ki, “Nissan Patrul” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. 22 noyabr 2021-ci il tarixdə, saat 21:50 radələrində idarə etdiyi “Nissan Patrul” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən avtotəmir sexinə gəlmiş, avtomobili sexin yaxınlığında saxlayaraq sexə getmişdir. O, sexə getdiyi zaman avtomobilin açarı üzərində qalmış, avtomobilin qapılarını bağlamamışdır. Həmin gün, saat 22:20 radələrində işlədiyi sexdən çıxdığı zaman avtomobilin saxladığı yerdə olmadığını görərək ətrafda olan şəxslərdən avtomobilinin harasa aparılması barədə məlumatlarının olub-olmamasını soruşmuş, lakin, həmin şəxslər bununla bağlı məlumatları olmadığını bildirmişdir. O, avtomobilinin qaçırıldığını düşündüyü üçün DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, məlumat əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatı alınmışdır. Bir müddət sonra ona avtomobilini qaçıran şəxs tərəfindən yol-nəqliyyat hadisəsi törədildiyi və avtomobilinin zədələndiyi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən asfalt zavodunda mühafizəçi işləyir. Vəzifəsi zavodun ərazisinin mühafizəsini təşkil etməkdən ibarətdir. 12 aprel 2022-ci il tarixində, saat 09 radələrində işə gələrək xidmətə başlamışdır. Saat 10 radələrində zavodun ərazisinə gəzərək baxış keçirməyə başlamış və bu zaman ərazidə olan iki tikili arasındakı elektrik kabellərinin kəsildiyini aşkar etmişdir. Dərhal bu barədə asfalt zavodun səlahiyyətli şəxslərinə məlumat vermiş və onların nümayəndələri orada ölçmə işləri aparmışlar. Ölçmə işləri aparıldıqdan sonra ümumilikdə 100 metrə yaxın elektrik naqillərinin kəsilərək oğurlandığını müəyyən etmişlər. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Asflat Zavodun rəhbərliyinin tapşırığı əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-yə yaxınlaşaraq ərizə və izahat vermişdir. Ərizə və izahat verdikdən sonra polis əməkdaşları hadisə yerinə baxış keçirdərək müvafiq fotoşəkillər çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əbdülzadə X1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 20 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdən səhər yeməyi üçün çörək almağa görə çıxmış, qapıdan çıxarkən bir nəfər tanımadığı şəxsin yaşadığı evin yan tərəfində olan “Kibar” adlı su sexinin qapısını bağlayarkən görmüşdür. O, yoluna davam etmək istəyərkən həmin şəxs onu çağırmış və salam verərək qapının ağzındakı “Mercedes 190” markalı maşının onun olub-olmadığını soruşmuşdur. O, “Mercedes 190” markalı maşının ona məxsus olduğunu bildirmiş, daha sonra həmin şəxs Miraşın qaynı olduğunu demişdir. O da, heç bir söz soruşmayaraq yoluna davam etmişdir. Cinayət işi materiallarında olan 06 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild 1, səhifə 60-61). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 375/2022 saylı, 07 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 may 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (c.i, cild 1, səhifə 154-157.) Cinayət işi materiallarında olan 08 may 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. (c.i, cild 1, səhifə 159-162.) Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild 2, səhifə 73). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1549 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 275,00 manat müəyyən edilir. 01 ədəd “Almaz” markalı prefarator 100 manat, 01 ədəd “Bosch” markalı drel 40 manat, 01 ədəd “Candan” markalı qaynaq aparatı 30 manat, 01 ədəd “Dewalt” markalı mişar 80 manat, 02 ədəd kəlbətin hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat, 05 ədəd burğac hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 15 manat. (c.i, cild 2, səhifə 74). Cinayət işi materiallarında olan 28 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus metal qəbulu sexindən və “Kibar” su sexindən baş vermiş oğurluq hadisələrinin video görüntülərini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (c.i, cild 2, səhifə 248-260). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 26 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzanın müddəti 04 (dörd) il 06 (altı) aya endirilmiş, 26 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (c.i, cild 1, səhifə 267-270.) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 may 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 məxsus metal qəbulu sexindən və “Kibar” su sexindən baş vermiş oğurluq hadisələrinin video görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar