Məhkəmə qərarları › İş №1(008)-139/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-139/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-139/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində təxminən 40-45 km/saat sürətlə hərəkət edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq yolun hərəkət hissəsini sağ tərəfindən sola doğru keçən piyada X4 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Gülşan İsmayılovaya baş beyinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, ənsə sümüyünün xətti və sol gicgah sümüyünün kəllə əsasına keçən yerini az dəyişən qapalı sınıqları, Vİ döş fəqərəsinin yerini dəyişməyən qapalı sınığı, ağciyərlərin əzilməsi, ikitərəfli hemotoraks (döş boşluqlarına sərbəst qanın yığılması), baş beyinin ödemi kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bilavasitə səbəbli əlaqəli xəsarətlərin yetirilməsinə və həmin xəsarətlərdən müalicə aldığı X11 27 iyul 2024-cü il tarixdə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Toyota Pirus” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində idarə etdiyi avtomobil ilə saatda 40-45 km sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə üzü Arablinika istiqamətində hərəkət etmişdir. Bu zaman gözləmədiyi anda yolun sağ tərəfindən sola doğru yola daxil olan piyadanı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Həmin piyada qadını o, vurmamışdan əvvəl görməmişdir. Qadın qəfildən yola çıxmışdır. Vurduğu an görmüşdür. Zərbə nəticəsində həmin piyadaçı qadın yerə yıxılmışdır. Qadının yanında bir nəfər kişi də olmuşdur. Sonradan həmin şəxsin qadının əri olduğunu bilmişdir. O, dərhai avtomobili saxlayıb kişi ilə birlikdə həmin qadına ilkin tibbi yardım göstərərək qadını maşınına əyləşdirib X12 gətirmişdir. Əri də onunla birlikdə gəlmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib reanimasiyaya salınmışdır. Həmin qadın 27 iyul 2024-cü il tarixədək həmin xəstəxanada müalicə olunmasına baxmayaraq xəstəxanada vəfat etmişdir. Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsindən üzü Arablinika adlanan istiqamətə gedən yolda baş vermişdir. Avtomobilində ondan başqa heç kəs olmamışdır. Hadisədən əvvəl o, piyadaçının yolu keçdiyini hava yağışlı olduğundan görməmişdir.Əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı uşaq var, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, X5 onun arvadıdır. Onlar 1989-cu il tarixdə birgə nikaha daxil olmuşlar. Həmin nikahdan üç övladları dünyaya gəlmişdir. İkisi qız, biri oğlandır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində arvadının işlədiyi “Badu Kübə” restoranından götürüb evə qayıdan zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə üzü Arablinka istiqamətində yolun sağ hissəsi ilə yan-yana arvadı onun sol tərəfindən yola tərəf olan hissə ilə piyada yolun kənarında hərəkətdə olmuşlar. Arvadı ondan aralanaraq səkidə su yığıldığına görə yola çıxmış, o da arvadının sağ tərəfində olmuşdur. Gülşan yola qəfil çıxması ilə arxalarından gələn “Toyota Prius” markalı 77- XD-264 dövlət qeydiyyat nişanlı avtomobil arvadı Gülşanı gəlib vurmuş, Gülşan avtomobilin ön şüşə hissəsinə kimi qalxıb yerə çırpılaraq yuvarlanıb dayanmışdır. Sürücü tanımadığı ancaq sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxs avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Sürücü də hadisə nəticəsində şokda olmuşdur. O da Gülşana tərəf qaçaraq arvadını sürücü ilə köməkləşib avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar. X8 27 iyul tarixinədək xəstəxanada reanimasiya da qalıb müalicə almasına baxmayaraq həmin tarixdə də vəfat etmişdir. Sürücü tərəfindən ona əvvəlcə ümumilikdə 150 manat pul köməkliyi göstərilmişdir. Hazırda ona məhkəmə zalında 5000 manat dəymiş ziyan olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 04 may 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, N.İsmayılov küçəsində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.05-12); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AD 228286 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.14); 04 may 2024-cü il tarixli, 1/3884 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 1032 nömrəli ekspert rəyində göstərilmişdir ki, X2 huşun sopor tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi və subdural hematoması, ənsə, sol təpə və gicgah sümüklərinin kəllə əsasına keçən yerini az dəyişən xətti sınıqları, Vİ döş fəqərəsinin cisminin kompression sınığı, ağciyərlərin kontuziyası, başın təpə-ənsə, boyun nahiyələrinin dərialtı hematomalan, sağ aşıq-baldır və sol diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirdən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (i.v.23-26); Məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 166 nömrəli rəyində göstərilir ki:1.X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qandızma. Ənsə sümüyünün xətti və soi gicgah sümüyünün kəllə əsasına keçən yerini az dəyişən qapalı sınıqları. Vİ döş fəqərəsinin yerini dəyişməyən qapalı sınığı. Ağciyərlərin əzilməsi. İkitərəfli hemotoraks (döş boşluqlanna sərbəst qanın yığılması). Baş beyinin ödemi. -Xəsarətlər həyati olub, G.İ.X6 Mərkəzi PHŞ-yə daxil olmasından (xx.xx.2024-cü il) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bilavasitə səbəbli əlaqəlidir.

2. X1 ölümünə səbəb baş beyinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, ənsə sümüyünün xətti və sol gicgah sümüyünün kəllə əsasına keçən yerini az dəyişən qapalı sınıqları fonunda baş vermiş baş beyinin travmatik ödemi olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 15:30-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən inkar olunmur.

4. X1 adına X11 tərtib olunmuş xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən sərxoşluğu barədə qeydiyyat yoxdur(i.v.40-45); Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli, 49/2/29542/24 saylı məktubdan görünür ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən, xx.xx.1979-cu il Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Nardaran qəsəbəsi, Zeynallı küçəsi, döngə 2, ev 20-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs məxsus AD228286 nömrəli sürücülük vəsiqəsi xx.xx.2020-ci ildən xx.xx.2030-cu il tarixədək aktivdir və informasiya bazasında onun sürücülük hüququnun məhdudlaşdırıması barədə məlumat aşkar edilməmişdir(i.v.59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.64); Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/3104 nömrəli, 06 dekabr 2024-cü il tarixli ekspert rəyində göstərilir ki, “Toyota Prius” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.80-83); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.113-114); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 170 (yüz yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar