Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-140/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 25 ev 6-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi fərdi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd sellofan bükümündə təmiz çəkisi 1,524 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 24 08.2024-cü il tarixdə saat 14:00 radələrində Sabunçu RPİ-nin 12~ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində fərdi nömrəsiz evin yaxınlığında özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 12-ci PŞ-də onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünün içərisində təmiz çəkisi 1,524 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində fərdi nömrəsiz evin yaxınlığında saxlanıldığı qeyd olunsa da, əslində evindən yatdığı yerdən polis əməkdaşları aparmışlar. Belə ki, günorta saat 1-2 radələrində evində yatarkən onu kimlərsə oyatmışdır. Oyanıb mülki geyimdə 4 nəfər polis əməkdaşını otağında görmüşdür. Evlərinin qapısı hər zaman açıq olduğundan polislər qapını döymədən içəri keçmiş, qardaşı və anası həmin zaman koridorun başında zalda olduqlarından polislərin evə daxil olmalarından xəbərləri olmamışdır. Onu yuxudan oyatdıqdan sonra hay-küy salıb anasıgili çağırdıqda anası və qardaşı bilmişlər ki, evdə polislər var və onu aparmaq üçün gəliblər. Bu zaman o polislərdən nə üçün gəldiklərini soruşduqda, polislər ona “gedək səbəbini biləssən” demişlər. 4 nəfər polis əməkdaşı onu çölə çıxarmış və maşına əyləşdirmişdlər. Çölə çıxdıqda qonşusu İlhamın da polislər tərəfindən saxlanıldığını görmüşdür. Bu zaman İlham artıq bir polis əməkdaşı ilə maşında əyləşmiş, gözləyirmiş. Bundan sonra 4 nəfər arxa oturacaqda əyləşməklə 6 nəfər X7 markalı avtomobillə polis bölməsinə getmişlər. Polis bölməsində 2 nəfər ona təzyiq edərək “İndiyə qədər sənə dəyməmişik, indi bununla razılaşmalısan” deyərək psixoloji təzyiq etmiş və narkotik vasitəni öz narkotik vasitəsi kimi təqdim etməli olduğunu bildirmişlər. Bundan başqa, yüngül cəza veriləcəyini, amma dediklərini etməzsə daha ağır ittiham verəcəkləri ilə qorxutmuşlar. O da ailə vəziyyəti ilə əlaqədar və daha ağır maddə ilə ittiham olunmaqdan qorxduğundan onlar dediklərini etmiş və narkotik vasitəni öz üzərindən çıxmış kimi təqdim etmişdir. Qorxduğu üçün daha sonra bu hallarla bağlı heç bir səlahiyyətli quruma müraciət də etməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bir dəfə evlərinin 5-6 otaqlı, bir dəfə isə 4-5 otaqlı olduğunu bildirmişdir. Evləri böyük olduğuna görə çöldən çağıranda səs eşidilmir. Buna görə də polislər evə daxil olarkən qardaşı və anası səsi eşitməmişlər. Əvvəllər törətdiyi oğurluq əməlinə görə gələn polislərdən biri Bəxtiyar adlı şəxs evi tanıyır, Nəvainin otağının hansı olduğunu bilir, buna görə də o yatdığı otağa daxil olaraq onu oyatmışlar və bütün bu müddət ərzində qardaşı və anası polislərin evə daxil olmasını bilməmişlər. Onlar yalnız Nəvai onları çağırdıqdan sonra gələrək Nəvaini hara apardıqlarını soruşmuşlar. “Təzyiq edilib” dedikdə, polislərin üstünə qışqırmasını, psixolojik olaraq təzyiq etmələrini nəzərdə tutduğunu bildirmişdir. Hər hansı xəsarəti olmamışdır. Qonşunun kamerası var həmin kameranın videogörüntülərini götürmək mümkündür. O aparılarkən çox səs-küy olmamışdır, bundan başqa hava isti olduğundan çöldə qonşulardan heç kim olmamış, yalnız anası və balaca qardaşı olmuşdur. 4 uşağı var, uşaqlarına o özü baxır. Uşaqların onun himayəsində olması ilə bağlı təsdiqedici bir sənədi yoxdur. Daimi istifadə etdiyi mobil nömrə olmamışdır. Anası, qardaşı və uşaqları ilə ortaq istifadə etdikləri bir nömrə var. Həmin nömrə anası və qardaşı Xankəndində olarkən onların istifadəsində olmuşdur. Prokurorun yanına aparılarkən üzərində xəsarət izi olmamışdır, döyülməmişdir, amma təzyiq olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, o, ailəlidir, himayəsində 14 yaşlı Gülanə adlı, 13 yaşlı Ayan adlı, 11 yaşlı Ayşən adlı və 3 yaşlı İnci adlı dörd qız övladları vardır. O əvvəllər oğurluq cinayəti törətməyə görə xx.xx.2021 -ci il tarixdə həbs edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən 02 ay 16 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. O azadlığa çıxdıqdan sonra arada narkotik vasitə heroindən çəkməklə istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan "kakos” deyilən narkotik vasitə heroinə ehtiyacı olduğuna görə həmin gün saat təxminən 12 radələrində Sabunçu qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat ödəməklə bir ədəd sellofan bükümdə narkotik vasitə “kakos” adlanan heroini alıb yaşadığı ünvana doğru piyada gedən zaman həmin gün saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsindən keçərkən iki nəfər mülki geyimli şəxlər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və şəxsiyyətini təsdiq edən sənədi ondan istəmişlər. Heç bir sənədi olmadığından və üzərində olan narkotiklə bağlı ifşa olunmağından qorxaraq o onlardan yayınmağa çalışmışdır, lakin, polis əməkdaşları tərəfindən saxlanılaraq 12-ci polis şöbəsinə gətirilmişdir. Sabunçu qəsəbəsində yerləşən 12-ci PŞ-də inzibati otaqların birində ona dövlət hesabına müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qismində təyin edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə axtarış keçiriləcəyi elan edildikdə o müdafiəçinin iştirakından imtina etmişdir, buna səbəb isə üzərindən narkotik maddənin aşkar edilməsinə vəkilinin şahid olmaması və gələcəkdə onu daha yaxşı müdafiə etməsi olmuşdur. Təhqiqatçı tərəfindən şəxsi axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir qanunsuz maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman o əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümündə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalayaraq təsdiq etmişlər. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir predmet və ya əşya götürülməmişdir. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində narkotik vasitə olan “kakos” deyilən narkotik vasitə heroini Sabunçu qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat ödəməklə əldə etmişdir və o heç bir narkotik maddələrin satışı ilə məşğul olmur, ancaq özü istifadə edir. O başqa heç bir yerdə narkotik və ya psixotrop maddələr saxlamır. O hər hansı mobil telefondan və abonent nömrəsindən istifadə etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 24 avqust 2024-cü ildə polis əməkdaşı Şahid1 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi fərdi evin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həm xarici görkəmindən narkotik vasitə istifadəçisinə bənzəməsindən, həm də onlardan yayınmağa çalışmasından onlarda şüphə yaratmışdır. Həmin bu şüphələrlə bağlı şəxsi Sabunçu RPİnin 12-ci PŞ-nə gətirmişlər. Polis Şöbəsində şəxsin üzərinə baxış keçirərkən sellofana bükülmüş maddə aşkar etmişlər, şəxs də üzərindən çıxan maddənin narkotik vasitə olduğunu və onu şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. Hadisənin avqust ayında baş verməsi və üzərindən bir qədər vaxt keçməsi səbəbindən nə qədər narkotik vasitə aşkarlandığı yadında qalmayıb. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, onu 24 avqust tarixdə günorta saatlarında evin içində yox, fərdi yaşayış evinin önündə saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hadisənin üzərindən çox keçdiyindən dəqiqliklə xatırlamır. Amma şəxsi 2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində Elşən Mehtiyev küçəsində fərdi ünvansız fərdi yaşayış evinin önündə saxlamışlar. Bu zaman yanında Şahid2 olmuşdur. Daha sonra onu öz avtomobili ilə 12-ci polis bölməsinə aparmışlar və orada şəxsin üzərinə videoçəkiliş ilə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsin üzərindən ağ sellofanda olan büküm çıxmışdır. Nəvai onun narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, onu 24 avqust tarixdə günorta saatlarında evin içində yox, fərdi yaşayış evinin önündə saxlamışlar. Nəvaini apardıqları avtomobil onun şəxsi avtomobili olduğundan avtomobili o idarə etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, onun evinin arxa bağı Nəvainin evi ilə qonşuuqda yerləşir. O gedib Nəvaini çağıranda Nəvainin qardaşı onun yatdığını bildirmiş, o da evin yanındakı ərazidə gəzişməyə başlamışdır. Bir neçə dəqiqə sonra ağ cip gəlmiş və içindən 4 nəfər düşərək, biri ona tərəf gəlmiş, digər 3 nəfər isə Nəvaigilin evinə daxil olmuşdur. Nəvai də, o da evdən getdiklərindən üzərlərində heçnə olmamışdır. Daha sonra 2 polis əməkdaşı Nəvaini evdən çıxarmış, onlar hamısı həmin ağ cipdə əyləşərək polis bölməsinə getmişlər. Nəvaini çölə çıxaranda o bir polis əməkdaşı ilə qapının yanında dirəyin yanında dayanmışlar. Polis bölməsinə getdikdə hərəsinin önünə 1 qram qoyaraq “götürməlisiz” demişlər. Onlar da məcbur qalaraq götürmüşlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq məhkəmə iclas zalında olan polis əməkdaşı Şahid1 da həmin zaman orada olduğunu, amma onu saxlayan polisin məhz həmin polis olub-olmadığını və avtomobili idarə edən şəxsin Şahid1 olub-olmadığını xatırlamadığını bildirmişdir. Bundan başqa öz cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində bu halları qeyd etmədiyini, səbəb olaraq isə həmin iş öz işi olduğundan çəkindiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şübhəli şəxsin tutulması haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i-v.04); "Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “Kakos” olduğunu, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.25-26); Məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2024-cü il tarixli 3-16- 16/2-6/4314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 159” möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,524 qram maddə kütləsi kustar üsülla hazırlanmış narkotik vasitə - heroindir. (i.v. 35-37) İstintaq zamanı şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov kimi təqdim edir. Bundan sonra otaqda mülki geyimdə olan şəxslərdən 12-ci PŞ CAŞ-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və digəri isə 12-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid1 kimi, mülki geyimdə olan saxlanılan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. X3 12-ci Polis Şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi səbəbindən gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edir, sonra isə üzərində şəxsi axtarış keçiriləcəyini elan edir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim edir. Sorğu-sual zamanı o həmin həmin maddənin “kakos” adlanan narkotik vasitə olmasını saxlanılmazdan əvvəl Sabunçu qəsəbəsindən şəxsi istifadəsi üçün 30 manata əldə etməsini və üzərində saxlamasını bildirir. Saxlanılarkən ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı sübut əhəmiyyətli əşya və predmet aşkar edilmir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə 01 ədəd sellofan bükümdə zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənr, iştirakçılar tərəfindən imzalarla zərfin üzəri təsdiq edilir. (i.v 57) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında "vəsatətin müdafiə olunmasından imtina edilməsi” barədə 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.78-80); "Qətimkan tədbirinin seçilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.81-83); Təqsirləndirilən şəxsin tutulmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsin barəsində polisin nəzarəti altına verilməsi barədə qətimkan tədbiri seçilmişdir.(i.v 133-134) "Maddi sübut kimi tanıma” haqqında 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,524 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 1,424 qram qalıq hissəsi Sabunçu RPİ-nin saxlancına verilmişir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən həmin hökm qüvvədə saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur.(i.v.103-104); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.141-142); Sübutların qiymətləndirilməsi haqqında 16 dekabr 2024-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş 1,524 qram narkotik vasitə heroin qanunsuz olaraq əldə edildiyi naməlum mənbənin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən material ayrılaraq əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün aidiyyət üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir. Şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Sabunçu RPİ-nin 12-ci PŞ-də qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD diski iş üzrə maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq qalan 1,424 qram qalıq hissəsinin Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə alınmış təqsirləndirilən şəxsin eirafedici ifadəsi, şahid qismində dindirmə protokolları, məhkəmə-kimyəvi ekspertiza rəyi, baxış və axtarış protokolları cinayət işi üzrə sübut növü tanınmışdır. (i.v 144-149) Bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2024-cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək şəxsin barəsində “həbs” qətimkan tədbiri seçilmiş və şəxs tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutularaq Bakı İstintaq Təcridxanasına gətirildiyindən cinayət işi üzrə icraat təzələnmişdir. 240050707 saylı cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 24 avqust 2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılmışdır. 240050707 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirmə barədə 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və hazırki cinayət işi üzrə üzrə şahid qismində dindirilərkən dedikləri ilə bağlı təqsirləndirilən şəxs qismində dindirilərkən hər hansı bir məlumat qeyd etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə və narkotik vasitəni üzərində daşımaması, məhkəmə iclaslarında vermiş olduğu birbirindən fərqlənən detallar barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə üzərindən heç bir şey çıxmadığını bildirsə də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək üzərindən narkotik vasitənin çıxmasını inkar etməmiş, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları ona qışqıraraq psixi təzyiq göstərmiş, bu səbəbdən şəxsi axtarış və götürmə zamanı bükümün ona məxsus olmasını demişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib- verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı psixi təzyiq edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, bədənində hər hansı xəsarətin olmadığını bildirmiş və ümumi sözlərlə polis əməkdaşı tərəfindən psixi təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini, nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında əvvəl otağına 4 nəfər polis əməkdaşının daxil olaraq onu oyatdığını bildirsə də, daha sonra otağına 3 polis əməkdaşının daxil olduğunu, polis əməkdaşının birinin isə çöldə İlhamı tutduğunu bildirmişdir. Polis əməkdaşlarının adlarını bilmədiyini bildirsə də, daha sonra polis əməkdaşlarının evdə olan anasına və qardaşına görünmədən onun otağına necə getdiklərini soruşduqda polislərdən birinin – “Bəxtiyar” adlı şəxsin onu oğurluq cinayəti ilə bağlı tanıdığını, otağının da hansı olduğunu bildiyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polislər onu evdən çıxararkən İlhamın polis əməkdaşlarından biri ilə avtomobilin arxa oturacağında oturduğunu bildirsə də, Şahid3 şahid kimi dindirilərkən bunun əksini, Nəvainin evdən çıxarıldığı zaman evin qapısının yanında polis əməkdaşı ilə dayandığını bildirmişdir. Qeyd olunan ziddiyyətlə əlaqədar Nəvaiyə sual verildikdə, sözlərini dəyişdirərək İlhamın avtomobilin arxa oturacığında tək oturduğunu, polis əməkdaşının isə qapının yanında dayandığını bildirmişdir. Məhkəmə iclas zalında olan polis əməkdaşı Şahid1 isə Nəvainin söylədiyi ilə əlaqədar həmin nəqliyyat vasitəsinin onun şəxsi avtomobili olduğunu, şübhəli şəxsin heç zaman polis əməkdaşı tərəfindən nəqliyyat vasitəsində nəzarətsiz tək əyləşməyə icazə vermədiyini bildirmişdir. Bundan başqa müdafiə tərəfinin şahidi qismində dindirilmiş Şahid3 Şahid1 adlı şəxsi görsə də onu saxlayanın və avtomobili idarə edən şəxsin həmin şəxs olub-olmaması ilə bağlı suallara cavab verməmişdir. Eyni zamanda Şahid3 şahid qismində dindirilərkən 24 avqust 2024-cü il tarixdə saxlanıldığı zaman öz üzərində heçnə olmadığını bildirsə də, özünün təqsirləndirildiyi cinayət işi üzrə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,346 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı ittiham üzrə həm istintaq müddətində, həm də məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şahid3 Təqsirləndirilən şəxs məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verməsindən bir neçə gün sonra iş üzrə şahid qismində dindirilmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə və suallara cavablarla bağlı qonşusu və uzun müddətli tanışı olan Şahid3 məlumat verə bilmək üçün kifayət qədər zamanı olmuşdur. Hər iki şəxsin hadisə günü olan ümumi hallarla bağlı cavabları uyğunluq təşkil etsə də, daha detallı suallarla bağlı cavabları ziddiyyətli və biri-digərinin və özlərinin söylədiklərinə uyğun olmamışdır. Həmin uyğunsuzluqlar və ziddiyyətlər yuxarıda qeyd olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Şahid3 və Təqsirləndirilən şəxs eyni gündə eyni küçədə günün eyni saatlarında saxlanılması Təqsirləndirilən şəxs təqsirsizliyinin sübut olunması üçün yetərli deyildir. Çünki hər iki şəxs həmin ərazidə yaşayır, qonşudurlar və şübhəli şəxs qismində saxlanılma halları ilə bağlı zaman və ünvan olaraq sənədləşmə onların dedikləri ilə uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs evdən aparıldığını bildirsə də ev ünvanı “ünvan 3 qismində saxlanıldığı ünvan isə sənədləşmələrdə “Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, fərdi nömrəsiz evin yaxınlığı” qeyd olunmuşdur. Belə olduqda anten dairə məlumatlarının götürülməsi də şəxsin təqsirsizliyinin sübut olunması üçün əhəmiyyət kəsb etməyəcəkdi. Bundan başqa, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə onun evdən aparılması ilə bağlı qonşunun kamerasının görüntüləri olduğunu bildirsə də, həmin videogörüntünü əldə etməmiş, sonrakı iclaslarda isə 6 ay müddət keçdiyinə görə həmin videogörüntünün avtomatik silindiyini bildirmişdir. Halbuki, şəxs 30 yanvar 2025-ci il tarixdə elə bir videogörüntü olduğunu, məhkəmə isə təqdim etməsini dedikdə şübhəli şəxs qismində tutulduğu 24 avqust 2024-cü il tarixin üzərindən cəmi 05 ay 06 gün keçmişdi. Əgər həqiqətən də elə bir video var idisə və həqiqətən də avtomatik silinirdisə həmin iclasdan sonra Təqsirləndirilən şəxs həmin videonu əldə etmək üçün 01 aya yaxın zamanı olmuşdur. Bütün bu müddət ərzində onun evdən aparılması ilə bağlı videonun əldə edilməsi üçün qonşusuna müraciət etməməsi ümumiyyələ elə bir videogörüntünün olması ilə bağlı ciddi şübhə yaradır. Təqsirləndirilən şəxs onun polis əməkdaşları tərəfindən evdən aparıldığı zaman anasının və qardaşının gördüyünü bildirsə də, anası və qardaşı məhkəmə iclaslarında iştirak etdiklərindən onların şahid qismində dindirilməsi mümkün olmamışdır. Ümumiyyətlə isə müdafiə tərəfinin həmin şəxslərin şahid qismində dindirilmələri ilə bağlı vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ittiham tərəfinin şahidlərinin ifadələri arasında hər hansı ziddiyət olmamasını, Təqsirləndirilən şəxs isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və Təqsirləndirilən şəxsun yalan ifadə verməyə görə məsuliyyət daşımamasını, eləcə də əlavə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxsin evdən tutulub aparılması ilə bağlı ifadəsində Təqsirləndirilən şəxsun verdiyi ifadə ilə ziddiyyətli məqamları, həmçinin Şahid3 özünün təqsirləndirilən şəxs qismində cəlb olunduğu ********* saylı cinayət işi üzrə özünü təqsirli bilərək istintaq zamanı bu hallar barədə məlumat verməməsini, nəzərə alaraq digər şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1 -ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3- cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1 -ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmü ilə Şəki Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əlavə olaraq, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək onun şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3.), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət və barəsində elan edilmiş axtarış qərarına əsasən 3 dekabr 2024cü il tarixdə saxlanıldığı 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalmış Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,424 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-140/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-140/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver