Məhkəmə qərarları › İş №1(008)-146/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-146/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-146/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1998-ci il tarixdə Ağdam rayonu, Boyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ağdamkənd sahədə qeydiyyatda olan, Bakı şəh., Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Boru Təmiri Zavodu küçəsi, nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə, saat 05:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Opel Astra» markalı, «az ** RA ***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman əvvəllər də bir neçə dəfə birlikdə psixotrop maddə olan metamfetamin qəbul etdiyi tanışı Şahid1 Bakı şəh., 20 Yanvar dairəsi yaxınlığında müştəri qismində avtomobilinə əyləşdirib, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları istiqamətində hərəkətdə olarkən yolda birlikdə psixotrop maddə olan metamfetamin qəbul etdikdən sonra yol kənarında polis avtopatrul avtomobilinin dayandığını görüb psixotrop maddənin təsiri altında olduqları üçün əməllərinin ifşa olunmasından qorxaraq avtomobilin sürətini artırıb Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 19-cu dalan istiqamətində hərəkət etdirərək guya polis əməkdaşlarının onları təqib etməsini və bu səbəbdən də avtomobildən enərək oradan uzaqlaşmalı olduqlarını Şahid1 bildirdikdən sonra onun dərhal avtomobildən enib ondan aralanaraq başqa istiqamətdə qaçdığını görüb, psixotrop maddə qəbul etdiyi üçün Şahid1 ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyindən ehtiyat edib güya törədilmiş başqa bir cinayət haqqında özü məlumat verəcəyi halda hüquq mühafizə orqanlarının əməkdaşlarının diqqəti digər cinayətə yönəltməklə məsuliyyətdən azad ediləcəyini güman edərək yolda rastlaşdığı Şahid2 məxsus «077 300 17 57» nömrəli mobil telefon vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» mərkəzinə və Sabunçu RPİ-in 42-ci PB-nə ərizə ilə müraciət edərək güya naməlum şəxsin ona qarşı bıçaq tətbiq edərək 280 manat məbləğində pulunun ələ keçirilməsi barədə, faktiki baş verməyən ağır cinayətin törədilməsi haqqında yalan məlumat verərək bilə-bilə yalan xəbərçilik etmiş, məlumatı əsasında RPİ-in 42-ci PB-də aparılan təhqiqat zamanı polis əməkdaşları tərəfindən bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq digər şəxsi ağır cinayət törətməkdə ittiham etməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam edib 42-ci PB-də verdiyi izahatında güya naməlum şəxsin ona qarşı bıçaq tətbiq edilərək 280 manat məbləğində pulunun ələ keçirməklə ağır cinayətin törədilməsini bildirib, bununla kifayətlənməyərək yanlış məlumatı əsasında Sabunçu RPİ-in İŞ-də Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş quldurluq ağır cinayətinin törədilməsi barədə bilə-bilə yalan xəbərçilik edərək şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 03 oktyabr 2021-ci il tarixli protokolla, zərərçəkmiş şəxsin dindirilməsi haqqında 15 iyul 2021-ci il tarixli protokolla Şahid1 cinayət törətməkdə ifşa edən saxta sübutlar təqdim edərək süni ittiham sübutları yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021 ilin aprel ayından iyul ayınadək 2111 taksi xidməti şirkətində sürücü olaraq işləmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Nardaran qəsəbəsindən Binəqədi qəsəbəsinə getmək üçün sifariş almışdır. İdarə etdiyi «Opel Astra» markalı dövlət qeydiyyat nişanı «az ** RA ***» olan avtomobillə sifariş olunan yerə gəlmişdir. Yolda olan zaman adını sonradan öyrəndiyi Ələkbər adında sifariş edən şəxsin onun kimi metamfetamin adında psixotrop maddənin qəbul etməsini öyrənmişdir. Söhbət zamanı metamfetamini olduğu təqdirdə istifadə etmək istəyini bildirmişdir. Ələkbər isə üzərində metamfetaminin olduğunu bildirərək Elxana təmənnasız olaraq istifadəsi üçün az miqdarda vermişdir. Binəqədi qəsəbəsinə sifariş olunan yerə çatdıqda Elxan yenidən ondan şəxsi istifadəsi üçün metamfetamin istəmişdir. Ələkbər isə üzərində olmadığını və 15 dəqiqə sonra onu düşürtdüyü yerdə görüşərək təmənnasız verə biləcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, Ələkbərə yenidən zəng vuraraq düşürtdüyü yerdə olduğunu söyləmişdir. Ələkbər oraya gələrək ona yenidən az miqdarda təmənnasız olaraq metamfetamini vermişdir. Təxminən 1-2 gün sonra Ələkbər Elxana zəng vuraraq Binə qəsəbəsindən Z.Bünyatov prospektinə aparmağını xahiş etmişdir. Elxan Ələkbərin dalıyca gələrək idarə etdiyini həmin ki, «Opel Astra» markalı avtomobillə Züya Bünyatov prospektinə düşürtmüşdür. Ələkbər gediş haqqını ödədikdən sonra onlar sağollaşıb ayrılmışlar.13 iyul 2021-ci il tarixdə Ələkbər ona zəng vuraraq 20 Yanvar dairəsindən Sumqayıt şəhərinə onu aparmağını xahiş etmişdir. Elxan 20 Yanvar dairəsinə gələrək Ələkbəri Sumqayıt şəhərinə, oradan isə Binə qəsəbəsinə gətirib düşürtmüşdür. Ələkbər qısa müddət ərzində işlərini yekunlaşdıracağını və onunla birlikdə metamfetamin götürmək üçün Masazır qəsəbəsinə getməyini təklif etmişdir və o razılaşmışdır. Onun Ələkbərin metamfetamini hansı şəxsdən alması barədə məlumatı yoxdur. Yalnız onu bilirmişdir ki, Ələkbər «whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə tanımadığı bir şəxslə razılaşaraq götürürmüşdür. Onlar Masazır qəsəbəsinə çatdıqdan sonra Ələkbər yerini hal hazırda xatırlamadığı kolluqların birinin yaxınlığında saxlayaraq metamfetamini oradan götürmüşdür. Onlar birlikdə oradan çıxaraq Binə qəsəbəsinə yola düşmüşlər. Yolda olan zaman o və Ələkbər metamfetamini qəbul etmişlər. Binə qəsəbəsinə çatdıqdan sonra Elxan 20 Yanvar dairəsində işi olduğu üçün onlar 20 Yanvar dairəsinə birlikdə gəlmişlər. O Ələkbərə yarım saatlıq işi olduğunu bildirərək düşürtmüş təxminən saat 05:00 radələrində dalıyca yenidən qayıtmışdır. Onlar birlikdə Nardaran qəsəbəsinə yola düşmüşlər. Yolda olan zaman Elxan ondan yenidən istifadə üçün metamfetamin istəmişdir. X5 qəsəbəsinə çatdıqda verəcəyini söyləmişdir. Nardaran qəsəbəsi, Ləhic bağları tərəfdə olarkən Elxan yolda post patrul avtomobillərini görərək qorxuya düşmüşdür və düşünmüşdür ki, həmin polis əməkdaşları onların dalıyca gəlir. Sürəti artıraraq avtomobili Ləhic bağları tərəfdə dalanların birinə sürmüşdür. Dalanın sonuna çatdıqda artıq yolun bitdiyini görüb avtomobili saxlayaraq Ələkbərə avtomobildən əşyalarını götürüb qaçmağı söyləmişdir. Bildirdiyinə görə, o həmin vaxtı metamfetamin psixotrop maddəsinin təsiri altında ölmüşdür və düşünmüşdür ki, polis əməkdaşları onların dalıyca gəlirmiş. Onlar Pirşağı istiqamətində qaçmağa başlamışlar. Qaçan zaman həyəcandan Ələkbərin əlində bıçağı görüb ona xəsarət yetirəcəyini düşünmüşdür. Ələkbərin əlində əslində heç nə olmadığını, bıçağı röya kimi gördüyünü bildirmişdir. Bu zaman nə edəcəyini bilməyərək və adını hal hazırda xatırlamadığı tanışının birinə zəng vuraraq mobil telefonla danışmağa başlamışdır. Bu zaman Ələkbər ondan kiminlə danışdığını soruşmuş və o Ələkbərə tanışıyla danışdığını bildirmişdir. Bir neçə saniyə sonra isə Ələkbər ondan aralanaraq Nardaran qəsəbəsi istiqamətində qaçmışdır. O Pirşağı istiqamətində qaçan zaman «Seabreeze» otelinin adını bilmədiyi təhlükəsizlik əməkdaşını rastlamışdır. Mühafizəçi ondan nə baş verdiyini soruşduqda Elxan özünü itirərək ona qarşı tanımadığı şəxsin quldurluq edərək pullarını aldığını və polis orqanına məlumat vermək istədiyini söyləmişdir. Azərbayjan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə zəng vuraraq yalandan tanımadığı şəxsin ona qarşı bıçaqla quldurluq edərək pullarımı aldığını söyləmişdir. Elxan polis orqanın əməkdaşlarının psixotrop maddə qəbul edib tutulacağından qorxduğu üçün yalan məlumat vermişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mahir oğlu ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, psixotrop metafetamindən istifadə edir. 2021-ci ili iyul ayının əvvəllərində yaşadığı Bakı şəh., Nardaran qəsəbəsindən, Binəqədi rayonuna getmək üçün adını hal hazırda xatırlamadığı tanışının telefonu vasitəsi ilə 2111 nömrəli taksi şirkətinə zəng vuraraq taksi sifariş etmişdir. Sifariş əsasında adını sonradan öyrəndiyi Elxan adlı sürücü gəlmişdir. Elxan «Opel Astra» markalı, «az ** RA ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yolda olan zaman Elxanla söhbətləşmiş, söhbət zamanı Elxanın onun kimi psixotrop maddələrin istifadəçisi olduğunu öyrənmişdir. Həmin zaman Elxana üzərində metamfetamin olduğunu bildirmişdir. Elxan ondan çəkməsi üçün metafetamini istəmiş və Ələkbər təmənnasız olaraq Elxana vermişdir. Elxan Ələkbəri sifariş verdiyi ünvana, yəni Binəqədi qəsəbəsinə gətirmişdir. Gediş haqqını Elxana ödədikdən sonra o Ələkbərdən istifadəsi üçün yenidən metamfetamini istəmişdir. O Elxana hal hazırda üzərində olmadığını 15 dəqiqə sonra verə biləcəyini söyləmişdir. Təxminən 15 dəqiqə sonra Elxan ona zəng vurmuş və düşürtdüyü yerdə olduğunu söyləmişdir. Ələkbər oraya gələrək yenidən təmənnasız olaraq az ölçüdə metamfetamini vermişdir. Bu hadisədən təxminən 1-2 gün sonra o Elxana zəng vuraraq Binə qəsəbəsindən Ziya Bünyatov prospektinə aparmasını xahiş etmişdir. Elxan həmin «Opel Astra» markalı avtomobillə Binə qəsəbəsinə gələrək onu götürmüşdür. Onu götürüb Ziya Bünyatov prospektinə düşürtdükdən sonra o Elxana gediş haqqını ödəyərək onunla sağollaşmışdır.13 iyul 2021ci il tarixdə o Elxana zəng vuraraq onu 20 Yanvar dairəsindən Sumqayıt şəhərinə aparmasını xahiş etmişdir. Elxan idarə etdiyi «Opel Astra» markalı avtomobillə onun arxasınca gələrək Ələkbəri Sumqayıt şəhərinə aparmış, oradan isə Ələkbər işlərini yekunlaşdırdıqdan sonra Binə qəsəbəsinə düşürtmüşdür. Binə qəsəbəsinə işlərini yekunlaşdırdıqdan sonra metamfetamini götürmək üçün Masazır qəsəbəsinə birlikdə yollanmışlar. Həmin zaman metamfetamini tanımadığı şəxsdən «whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə almışdır. Həmin şəxs metafetamini hal hazırda yerini dəqiq xatırlamadığı Masazır qəsəbəsində yerləşən kolluqların birinin dibinə qoymuşdur. O metamfetamini götürdükdən sonra 20 Yanvar dairəsinə birlikdə qayıtmışlar. Bu zaman Elxan ona yarım saatlıq işi olduğunu deyərək onu 20 Yanvar dairəsində düşürtmüşdür. Saat təxminən 05:00 radələrində Elxan arxasınca yenidən gələrək onu 20 Yanvar dairəsindən götürmüşdür. Onlar Nardaran qəsəbəsinə doğru yola düşmüşlər. Yolda olan zaman Elxan ondan qəbul etməsi üçün metamfetamini istəmişdir. Ələkbər isə Elxana Nardaran qəsəbəsinə çatdıqdan sonra verəcəyini bildirmişdir. Nardaran qəsəbəsi, Ləhic bağları tərəfdə olarkən Elxan qəflətən arxalarınca polis əməkdaşlarının gəldiyini söyləyərək avtomobilin sürətini artırmışdır. Elxan avtomobili Ləhic bağları tərəfdə olan dalanların birinə sürmüşdür. Dalanın sonuna çatan zaman Elxan yolun artıq bitdiyini görüb avtomobili saxlayaraq düşmələrini söyləmişdir. Düşən zaman ondan avtomobildəki əşyaları götürməsini xahiş etmişdir. Ələkbər tələsdiyindən Elxanın mobil telefonuna məxsus adaptoru götürüb selofanına atmış və avtomobildən enmişdir. Avtomobildən endikdən sonra Elxan qapıları bağlayaraq Pirşağı qəsəbəsi istiqamədində qaçmağa başlamışdır. O Elxanın qaçdığını görüb dalınca qaçmağa başlamışdır. Bu zaman Elxan mobil telefonunu çıxardaraq kiməsə zəng vurub danışmağa başlamışdır. O, Elxandan kiminlə danışdığını soruşduqda Elxan ona X6 işləyən tanışı ilə danışdığını demişdir. Ələkbər Elxanın üzərində psixotrop maddənin olmasından xəbəri olduğunu və onu polis orqanına təslim edəcəyindən qorxaraq ondan aralanıb Nardaran qəsəbəsi istiqamətində qaçmışdır. Səhəri gün öyrənmişdir ki, Elxan ondan polis orqanlarına şikayət etmişdir. Bildirdiyinə görə, Elxanın söylədikləri yalan və böhtandır. O Elxana bıçaq çıxartmamışdır və hədə-qorxu gələrək pullarını almamışdır. O Elxana metafatemini vermədiyi üçün acığını ondan belə çıxmaq istədiyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nardaran qəsəbəsində «Sea Breeze» istirahət kompleksində mühafizəçi işləyir. 13 iyul 2021-ci il tarixdə, səhər saat 05:00 radələrində o postdan işdən növbədən çıxaraq evə gedirdi. Nardaran-Pirşağı yolunun kənarına çıxaraq taksi gözləyən zaman dalanların birində adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs çıxmışdır. Üst baş əzilmiş və çirkli formada idi. Elxan ona yaxınlaşaraq 2111 şirkətində taksi fəaliyyəti ilə məşğul olduğunu, gecə saatlarında narkotik vasitələrin təsiri altında sərnişin qismində olan şəxslərin Elxanı Nardaran qəsəbəsinə sürdürtdüylərini, Elxanı döyərək üzərinə bıçaq çıxartdıqlarını və 280 manat pulunu aldıqlarını bildirmişdir. O Elxana Azərbayjan Respublikasının Daxili İşlər Nazirliyinin 102 mərkəzinə məlumat verməsini məsləhət görmüşdür. Elxan telefonunun enerji zaradkasının tükəndiyini və onun istifadəsində olan telefon vasitəsi ilə 102 xidmətinə zəng vurmağını xahiş etmişdir. O 102 qaynar xəttə zəng vuraraq, özünü təqdim edib Elxanın başına gələn hadisənin təfərrüatlarını qısa formada danışmışdır. Adını hal hazırda xatırlamadığı operator xanım telefonu Elxana verməsini xahiş etmişdir. Elxan onun telefonumu götürərək operatora narkotik vasitələrin təsiri altında sərnişin qismində olan şəxslərin maşınına əyləşdiklərini, Masazır qəsəbəsinə sürdürtdüklərini, orada 280 manat pulunu alıb bankomat vasitəsi ilə karta vurub sonra isə Nardarana sürdürtdüklərini, Elxanı döyərək üzərinə bıçaq çıxardıb şəxsi əşyalarını apardıqlarını, Elxana qarşı quldurluq cinayətin törətdiklərini bildirmişdir. Operator Elxana aidiyyəti ərazi üzrə polis əməkdaşlarına məlumat ötürəcəyini və qısa vaxtda Elxanın öz mobil telefonu vasitəsi ilə əlaqə saxlayacaqlarını bildirmişdir. Danışıq bitdikdən sonra o Elxandan aralanıb öz evinə getmişdir. Sonradan ona məlum olmuş ki, Elxan adında şəxsə qarşı heç bir quldurluq cinayətinin törədilməmiş, Elxan bilə-bilə yalandan hüquq mühafizə orqanlarına xəbərçilik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X4 1996-cı ildən etibarən xidmət edir. 12 iyul 2021-13 iyul 2021-ci il tarixdə Sabunçu RPİ-in 42-ci PB-də növbədə olmuşdur. 13 iyul 2021-ci il tarixdə, saat 06:00 radələrində Azərbayjan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs işlədiyi *2111 taksi xidmətində idarə etdiyi «Opel» markalı, «az ** RA ***» dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəxanı qəsəbəsindən Pirşağı qəsəbəsinə gedən yolda sifariş edən müştərinin üzərində narkotik vasitələr olduğunu, arxalarıyca polis əməkdaşlarının gəlməsi səbəbindən tələsik göstərilən ünvana sürdürtməsini və onu döyərək əlindən 280 manat məbləğində pulu, avtomobilin açarlarını və telefon adapterini götürüb getmişdir. Daxil olmuş məlumat Bakı şəh., Sabunçu RPİ-in 42-ci PB-nin məsul növbətçi Şahid3 tərəfindən HK-1 229 nömrəsi ilə cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında qeydə alınmışdır. Məlumat daxil olduqdan sonra Sabunçu RPİ-in 42-ci PB-in əməliyyat qrupu hadisə yerinə çıxmış və sözü gedən avtomobili Təqsirləndirilən şəxs ilə birlikdə hadisə yerində aşkar etmişlər. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 42-ci PB-nə dəvət olunmuşdur. Bölmədə olan zaman Təqsirləndirilən şəxs özü və bölmənin məsul növbətçisini əvəz edən Şahid3 tərəfindən bilə-bilə yalan xəbərçilik etməyə görə Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə şifahi və yazılı xəbərdar edildikdən sonra, izahat vermişdir. Ərizədə və izahatında 102 qaynar xidmətinə verdiyi şikayəti təsdiqləmiş, yəni 13 iyul 2021-ci il tarixdə, saat 01:00 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu zaman müştəri qismində olan naməlum şəxsin ona arxalarıyca polis əməkdaşlarının gəldiyini üzərində narkotik vasitələrin olduğunu deyib, E.S. Mahmudovun üzərinə basqın edərək 280 manat pulunu və idarə etdiyi avtomobilinin açarlarını aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ərizə və izahatlarla müraciət edən zaman tam fəaliyyət qabiliyyətində olmuş və özünü tam idarə bildiyini söyləmişdir. Toplanmış material 13 iyul 2021ci il tarixdə aidiyyəti üzrə Sabunçu RPİ-nin İŞ-nə göndərilmiş, faktla bağlı Cinayət Məjəlləsinin 181.1 -ci maddəsi ilə cinayət İşi başlanılmışdır. Sonradan onlara məlum olmuş ki, Təqsirləndirilən şəxs qarşı quldurluq cinayəti törədilməmiş, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan zaman sərnişin qismində olan tanışı Şahid1 ilə birlikdə narkotik və psixatrop vasitələrini istifadə etdiyindən yolda polis avtopatrulunu görüb ifşa olunmasından qorxaraq Azərbayjan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və Sabunçu RPİ-in 42-ci PB-nə ağır cinayətin törədilməsi barədə bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Fərhadov X1 Yasəmən Tahir qızının ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2667 saylı, 12 noyabr 2021-ji il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs qərarda göstərilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda onun hərəkətləri Cinayət Məjəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs nümayişkaranəlik, eqosentrizm, situasiyanı öz xeyrinə yönəltmək, cəlbedici davranışı ilə ətrafdakı larin diqqətini üzərinə çəkmək, başqalarının hiss və həyəcanlarına qarşı laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişafından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini dərk etmək və davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 X2 Tibbi Yoxlamanın 4324 saylı, 05 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 noyabr 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən-jinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədilməcinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 296.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən-cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə-iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 29 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 120). Cinayət işinin materiallarında olan 29 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,141). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, himaysində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, əvvəllər məhkum olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən 02 (iki) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar