Məhkəmə qərarları › İş №1(008)-148/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-148/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-148/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3, 69.3 maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılmış cəzasına məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Quba rayonu 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə saat 21:00-da ünvan 2 ünvanında ailə münasibətlərinin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən bədəninin müxtəlif yerlərinə əli ilə vuraraq həyat yoldaşı Mustafayeva Səadət Bəgi qızına sağ bazu, sol diz oynağı, sağ bud nahiyələrinin sıyrıq və qançırlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, dərəcəsinə görə xəsarətlərdən ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V barmağının dırnaq sədəfinin travmatik qopubaralanması və dırnaq yatağına qansızma, dırnaq falanqasının əziyi xəsarətləri yetirdiyinə görə isə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan təxminən 3-4 il sonra Bakı şəhərinə köçmüş və 10 ildən artıqdır ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə yaşamışdırlar. O, təxminən 4 il bundan öncə Bakıxanov qəsəbəsində Humay adlı qadınla tanış olmuş və onunla qeyri-rəsmi qaydada münasibət saxlamışdır. Onun həmin qadınla münasibətini həyat yoldaşı Səadət təxminən 2 ildən sonra başa düşmüşdür. O, Humay adlı qadınla münasibət saxladığı üçün bir neçə ay öncə ailəsində mübahisə olmuş və həmin mübahisə zamanı qaynanası Bahar xanımı əli ilə vurub xəsarət yetirmişdir. Qaynanası Bahar xanım bu barədə polisə şikayətçi olsa da, sonradan onunla barışmış və barışıqdan sonra qeyrirəsmi münasibətdə olduğu Humay adlı qadınla münasibətlərini soyutmuşdur. Lakin bütün bunlara baxmayaraq həyat yoldaşı Səadət ona inanmamış və həmin qadınla münasibətdə olduğunu deyib onu əsəbləşdirmişdir. İşdə olduğu zamanlarda mobil telefonuna zəng edərkən gec cavab verdiyi halda qısqanclıq nümayiş etdirərək mübahisə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində işdə olduğu zaman əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Humay adlı qadın ona zəng etmiş və həyat yoldaşı Səadətlə Bakıxanov qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzi yaxılığında təsadüfi olaraq görüşdüyünü və həmin görüş zamanı aralarında sözlü mübahisə olduğunu, eləcə də ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir, Səadət barəsində bir tədbir görmədiyi təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt o, əsəbləşmiş və Humaya öz iradını bildirib işdən çıxaraq yaşadığı ünvana getmişdir. O, evə daxil olduqdan sonra həyat yoldaşı Səadətə əsəbləşərək nə üçün həmin qadınla yolda mübahisə etdiyini sual vermiş və bu zaman Səadət onunla kobud rəftar edərək cavab qaytardığından əsəbləşdiyi üçün Səadətin üzərinə gedib əli ilə onu vurmuşdur. Həmin vaxt Səadət sağ əlini sifət nahiyəsinə qaldıraraq özünü müdafiə etmək istəyərkən, onun ilk vurduğu zərbə Səadətin sağ əlinə dəyib barmağına xəsarət yetirmişdir. Əsəbi sakitləşmədiyi üçün təkrar olaraq əli ilə Səadətin bədəninin bir neçə yerinə zərbələr vurmuş və bundan sonra isə yaşadığı ünvandan çıxaraq evi tərk etmişdir. Baş vermiş hadisə ilə bağlı həyat yoldaşı Səadət polisə şikayət etmişdir. Zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan iki övladları dünyaya gəlmişdir. Ailə qurduqdan bir neçə il sonra Bakı şəhərinə köçərək kirayə yaşamışdır. İlk ailə qurduğu vaxtlarda Elşən ilə münasibətləri yaxşı olsa da, lakin sonradan həyat yoldaşı Elşən Humay adlı qadınla münasibət saxlaması səbəbindən ailədə mübahisə düşmüşdür. Baş verənlərə aydınlıq gətirilməsi üçün anası Bahar onların kirayə yaşadıqları ünvana gəlmiş və həyət yoldaşı Elşən ilə bu barədə söhbət edərək öz iradını bildirmişdir. Həmin vaxt həyat yoldaşı Elşən anası Baharla mübahisə etməyə başlamış və mübahisə zamanı anasına zərbə vurub xəsarət yetirmişdir. Elşən anasına xəsarət yetirdiyi üçün polisə şikayət etmiş, faktla bağlı müvafiq araşdırma aparıldıqdan sonra işə məhkəmə qaydasında baxıldığını və ailənin dağılmaması naminə anası həyat yoldaşı Elşəndən şikayətçi olmamış və onun bağışlamışdır. Bu hadisədən qısa müddət keçməsinə baxmayaraq Elşən öz hərəkətlərinə davam etmiş və həmin Humay adlı qadınla münasibət saxlamışdır. O, şübhələndiyi üçün bu barədə həyat yoldaşı Elşənə bir neçə dəfə iradını bildirsə də, Elşən əməlini etiraf etməyib onu aldatdığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 20:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzi yaxınlığında həyat yoldaşı Elşənin qeyri-rəsmi münasibətdə olduğu Humay adlı qadınla təsadüfi olaraq üzləşmiş və həmin vaxt o, qadının yanından keçərkən üzünə baxmış, eləcə də ünvanına xoşagəlməz sözlər işlətmişdir. Bu zaman özünü ələ ala bilməyib qarşılıqlı olaraq həmin qadının cavabını vermişdir. Həmin qadınla qarşılaşma zamanı aralarındada sözlü mübahisə yaranmış, bundan sonra isə o, yaşadığı ünvana geri dönmüş və yolda evə gedərkən həyat yoldaşı Elşənə zəng etmiş, Elşənin isə mobil telefonu məşğul olmuş və onun mübahisə etdiyi Humay adlı qadınla danışdığını bildirmişdir. Bir qədər sonra yaşadığı ünvana çatmış və çox keçmədən Elşən evə gəlmişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmış və yaranmış mübahisə zamanı Elşən baş verənlərə görə onu günahlandırıb üzərinə gedərək onu vurmuşdur. Həmin vaxt o, zərbədən qorunmaq məqsədi ilə sağ əlini sifətinə tutmuş və Elşənin vurduğu ilk zərbə sağ əlinə dəyib barmağına xəsarət yetirmişdir. Daha sonra isə bədəninin bir neçə yerinə əli ilə zərbələr vurub döydükdən sonra evi tərk edərək getmişdir. O baş vermiş hadisə ilə bağlı Quba rayonunda yaşayan anası Bahar xanıma məlumat vermiş və anası bu barədə DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Hazırda Elşənlə barışmışdır, ondan şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinin baxış keçirilməsi haqqında 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 1 ünvanına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.8-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2025-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V barmağının dırnaq sədəfini travmatik qopub aralanması və dırnaq yatağına qansızma, dırnaq falanqasının əziyi; sağ bazu, sol diz oynağı, sağ bud nahiyələrinin sıyrıq və qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V barmağının dırnaq sədəfini travmatik qopub aralanması və dırnaq yatağına qansızma, dırnaq falanqasının əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; sağ bazu, sol diz oynağı, sağ bud nahiyələrinin sıyrıq və qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.19-20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3, 69.3 maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılmış cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəza müddəti 01 il azaldılaraq cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v.55-56; 57-66; 67-69); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları üçün məhkəmədən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən CM-nin 73.2-ci maddəsinə əsasən xitam verildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışmasını(CM-59.1.12)nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin həmin hökm üzrə olan məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan, eləcə də hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, şəxsin məhkumluğu ödənmədən hazırki cinayət əməlini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar