Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-149/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 17A ünvanında qeydiyyatda olmaqla ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0,990 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 28 may 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12-ci polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində saxladığı təmiz çəkisi- 0,990 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman narkotik vasitə istifadəçisi olsa da, üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu evinin qarşısından deyil, yatdığı yerdə evin içərisindən götürüb aparmışlar. Onu götürməyə gələn polis əməkdaşlarının sayı iki deyil, yeddi-səkkiz nəfər olmuşdur. Onlar qanunsuz olaraq onun yaşadığı mənzilin yataq otağına daxil olmuşlar. O, gözünü açdığında evində mülki geyimdə olan polis əməkdaşlarını görmüşdür. Onu yatdığı paltarda evdən çıxarmışlar. Bu zaman o, belə getməsinin ayıb olduğunu, şalvarını geyinməsi üçün ona şərait yaradılmasını istəmişdir. Bundan sonra polis əməkdaşları onun şalvarını gətirmişlər və polislərin onu aparmağa gəldikləri avtomobildə şalvarını geyinmişdir. İttiham aktında şahid kimi göstərilən şəxslərdən heç birinin onu götürməyə gələn polis əməkdaşlarının içərisində olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis bölməsində ona qarşı hər hansı fiziki və psixi zorakılıq tətbiq edilmədiyini, polis əməkdaşlarının onu ərazidən tanıdıqlarını və onunla çox yaxşı rəftar etdiklərini, polis əməkdaşlarının onu bölməyə gətirərək cinayətdə ittiham etmələrinin səbəbinin onun narkotik vasitə istifadəçisi olmasına baxmayaraq ərazidə narkotik satanları döyməsi, onlara qarşı mübarizə aparmasının olması, dəfələrlə öncə polis bölməsinə dəvət edildiyini və bu kimi hərəkətlərə yol verməməsi, polisin işinə qarışmaması barədə xəbərdar olunduğunu, bu səbəbdən polis əməkdaşlarının onu hadisə günü bölməyə gətirərək onun AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini, istintaq zamanı könüllü şəkildə etirafedici ifadələr verdiyini, bunun səbəbinin isə özünü narkotikdən istifadə etdiyinə görə cəzalandırmaq olduğunu, polis bölməsində ona hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən bölməyə gətirildiyi gün polis bölməsinə çox sayda şəxs gətirimiş və onlara külli miqdarda narkotik vasitəni daşımalarını etiraf etmələri üçün onlara təzyiqlər edilmişdir. Bu zaman o, qorxduğundan ona verilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Çünki düşünmüşdür ki, əgər etiraf etməsə ona daha ağır maddə ilə ittiham veriləcək. Bu səbəbdən etirafedici ifadələri imzalamışdır. İttiham aktında şahid kimi göstərilən şəxslərdən Rəşad adlı şəxs onu götürməyə gələn polis əməkdaşlarının arasında olsa da, Əmrahın orada olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs çıxışında və son sözündə isə bir daha o çirkaba qayıtmaq istəmədiyini, narkotik vasitələrdən istifadə etdiyinə görə peşman olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inispektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə, saat 17 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inispektoru, polis leytenantı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altmda olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi işlədikləri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu qeyd etdiyi polis şöbəsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 12-ci polis şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Allahverdiyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Rauf Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub- olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd Alcatel markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Rauf Allahverdiyev tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, 2 aya yaxındır ki, istifadə etdiyini bildirmişdir. Bundan sonra Eyyub Tağıy evdən aşkar edilərək götürülmüş içərisində maddə olan büküm təhqiqatçı Rauf Allahverdiyev tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq polis əməkdaşı mobil telefonunun hər zaman üzərində olmadığını, ümumiyyətlə əməliyyatçıların hər zaman üzərlərində mobil telefonu götürmədiklərini, bəzi hallarda bölmədə, bəzən şəxsi avtomobillərində qoyduqlarını, həmin avtomobili digər əməliyyatçıların da idarə etdiyini, bu səbəbdən mobil telefonun anten dairələrinin müxtəlif ərazilərdə göstərməsinin mümkün olduğunu bildirmişdir. Şahid1 polis orqanlarından xaric edildiyindən, onun iştirakının təmin edilməsi məqsədi ilə lazımi tədbirlərin görülməsinə baxmayaraq şahidin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış və bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 may 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı X6 Tağıyevə üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefon çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Rauf Allahverdiyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, 2 aya yaxındır ki, istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm təhqiqatçı Rauf Allahverdiyev tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır ( i.v. 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 29 may 2022 -ci il tarixli, 6/3028 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N° 159” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən.... ” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,990 qram qəhvəyi rəngli madddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir (i.v. 32-35). “Maddi sübut kimi tanıma haqqında” 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,990 qram olan narkotik vasitə heroin iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,890 qram çəkidə heroin Sabunçu RPİ-nin saxlancına verilmişdir (i.v.85). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 03 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş mobil telefona baxış keçirilmiş, mobil telefonun çıxış və daxil olan zənglər siyahısında, eləcə də mesajlar bölməsində və “Whatsapp” adlı proqramda olan SMS yazışmalarda, həmşinin səsli yazışmalarda cinayət işi üzrə sübuti əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir (i.v.89). 06 iyun 2022-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş mobil telefon Təqsirləndirilən şəxs tərəfindən əthvil alınmışdır (i.v.91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 sentyabr 2022 -ci il tarixli, 5197 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 123-124). “Sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.127-134). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin və ya psixotrop maddənin olmadığını, sadəcə narkotik vasitə istifadəçisi olduğundan və buna görə özünü cəzalandırmaq istədiyindən etirafedici ifadələrə imza etdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun öz müdafiəsi üçün irəli sürdüyü dəlili tamamilə absurd hesab edir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin özünü həbs olunmaqla və ya cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırmaq istəməsi məntiqli və inandırıcı deyil. Əgər Təqsirləndirilən şəxs özünü narkotik vasitədən istifadə etdiyi üçün cəzalandırmağın yolunu yalnız cinayət məsuliyyətinə cəlb edilməsində görürdüsə, onun öz təşəbbüsü ilə polisə gedərək narkotik vasitə istifadə etdiyini, üzərində narkotik vasitə olduğunu bildirmək üçün kifayət qədər imkanı olmuş, lakin o, bunu etməmiş, yalnız polis əməkdaşları özləri onu ifşa etdikdən sonra özünün “deməsinə görə törətmədiyi cinayətdə” təqsirli hesab edilərək cəzalandırılması qərarına gəlmişdir. Bununla yanaşı, məhkəmənin diqqətini çəkən və təqsirləndirilən şəxsin öz müdafiəsi üçün göstərdiyi xüsusatlarda səmimi olmamasına dəlalət edən digər bir hal ondan ibarətdir ki, sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadələri imza etməsinin səbəbi kimi tamamilə başqa hala istinad etmiş və bildirmişdir ki, polis əməkdaşları tərəfindən bölməyə gətirildiyi gün polis bölməsinə çox sayda şəxs gətirimiş və onlara külli miqdarda narkotik vasitəni daşımalarını etiraf etmələri üçün onlara təzyiqlər edilmişdir. Bu zaman o, qorxduğundan ona verilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Çünki düşünmüşdür ki, əgər etiraf etməsə ona daha ağır maddə ilə ittiham veriləcək. Bu səbəbdən etirafedici ifadələri imzalamışdır. Təqsirləndirilən şəxsin sonuncu məhkəmə iclasında göstərdiyi həmin xüsusatla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 30 may 2022-ci il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis bölməsində psixoloji təzyiqlər göstərilərək özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyi təqdirdə ona qarşı daha ağır ittihamın irəli sürülməsi bildirildiyindən o, müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi 30 may 2022-ci il tarixdən bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək və ona göstərilmiş psixoloji təzyiqlər barədə məlumat vermək üçün kifayət qədər imkanı və vaxtı olmuşdur. Lakin hazırda Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hər dəfəsində istintaq zamanı etirafedici ifadələri imzalamasının səbəbi kimi fərqli, birinin digəri əlaqəsi olmayan hallara istinad etmişdir ki, bu da onun hazırda məhkəmə iclasında verdiyi ifadələrində səmimi olmasına və cinayət məsuliyyətindən boyun qaçırmaq üçün özünün müdafiəsi üçün müvafiq dəlilləri irəli sürməsinə dəlalət edir. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin dindirilən zaman ittiham aktında şahid qismində göstərilmiş Şahid2 və Şahid1 onu aparan polis əməkdaşlarının arasında olmadıqlarını göstərsə də, sonuncu məhkəmə iclasında həmin polis əməkdaşlarının içərisində Şahid2 olduğunu, Şahid1 isə olub-olmadığını xatırlamadığını bildirmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin iş üçün əhəmiyyətli halları təhrif etməsinin göstəricisidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq psixoloji təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefon çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Rauf Allahverdiyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, 2 aya yaxındır ki, istifadə etdiyini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı onun polis əməkdaşları tərəfindən evdən aparılmasını təsdiq edə biləcək qonşularının olduğunu bildirdiyindən müdafiə tərəfi həmin şəxslərin məhkəmə iclasına çağırılaraq dindirilməsi barədə vəsatət vermiş və vəsatət təmin edilərək həmin şahidlər məhkəmə iclasına dəvət edilərək dindirilmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına bir neçə maşın gəlmişdir. Sonra gələn şəxslər avtomobildən enərək onlardan biri Eyyubgilin həyətinə qonşunun hasarından keçib tullanaraq darvazanı içəridən açmış, digər şəxslər isə darvaza açıldıqdan sonra içəri daxil olmuşlar. Sonra Eyyubu yarıçılpaq alt paltarında sürüyüb gətirmişlər, Eyyub əynini geyinmək üçün icazə istəsə də, onu zorla avtomobilə otuzduraraq geyinməyə icazə verməmişlər. Verilmiş suallara cavab olaraq şahid kənarda dayanaraq hadisəni izlədiyini, polis əməkdaşlarının neçə nəfər olduqlarını bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Eyyubun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Hadisə günü Eyyubun evdən polis əməkdaşları tərəfindən çıxarılaraq avtomobilə otuzdurulduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, hadisə günü həyətdə olmuşdur. Səs gəldiyini eşidərək Eyyubgil tərəfə getmişdir. Bir neçə xarici avtomobilin gəldiyini, içərisindən həm polis formasında, həm də xidməti geyimdə şəxslərin düşdüyünü, onlardan birinin Eyyubgilin hasarından tullanaraq darvazanı açdığını, digərlərinin darvazadan içəri daxil olduqlarını görmüşdür. X15 geyimdə gətirmişlər. Eyyub geyinmək üçün polis əməkdaşlarından icazə istədikdə, ona icazə verilmiş və iki dəqiqəlik evə gedərək əynini geyinmişdir. Verilmiş suallara cavab olaraq şahid Dilarənin polislərin hasardan tullandıqlarını görmədiyini və sonradan gəldiyini, Eyyubun əynində sport şalvar olduğunu, onun geyinmək üçün polis əməkdaşı ilə birlikdə evə qayıdaraq köynəyini dəyişdiyini, sport şalvarını isə dəyişmədiyini, Eyyubgilin həyətinə polis əməkdaşının qonşunun hasarı vasitəsi ilə deyil, öz hasarlarından tullandığını bildirmişdir. Məhkəmə iclasında şahid ifadələrindəki bəzi xüsusatların dəqiqləşdirilməsi üçün təqsirləndirilən şəxsə ünvanlanmış sullara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evdən çıxarılan zaman maykada və qısa şalvarda (briccidə) olduğunu, onlardan geyinmək üçün icazə istədikdə onu evə qayıtmağa qoymadıqlarını, cins şalvarının evdən polis əməkdaşlarından biri tərəfindən gətirildiyini və avtomobilin içərisində həmin şalvarı geyindiyini bildirmişdir. Məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində bütün zəruri tədbirləri görərək belə qənaətə gəlir ki, məhkəmə iclasında hadisə görən şahidlər qismində müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin təqsirləndirilən şəxslə qonşu olaraq onunla çox yaxşı və səmimi münasibətdə olduqlarını, həm şahidlərin öz ifadələri, həm də şahidlərlə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli uyğunsuzluqların olduğunu nəzərə alaraq şahid ifadələrini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəza çəkməkdən qorumaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, yuxarıda göstərilən ifadələrdən görünür ki, şahid X5 polis əməkdaşının Eyyubgilin həyətinə qonşunun hasarı vasitəsi ilə tullandığını, Eyyubu yarıçılpaq alt paltarında sürüyüb gətirdiklərini, Eyyub əynini geyinmək üçün icazə istəsə də, onu zorla avtomobilə otuzdurduqlarını və geyinməyə icazə vermədiklərini bildirməsinə baxmayaraq digər şahid X1 polis əməkdaşının hasardan tullandığı zaman orada olmadığın və sonradan gəldiyini, polis əməkdaşının birbaşa Eyyubgilin hasarından həyətə tullandığını, Eyyubu Sport geyimdə gətirdiklərini, Eyyub geyinmək üçün polis əməkdaşlarından icazə istədikdə, ona icazə verildiyini və iki dəqiqəlik evə gedərək əynini geyindiyini göstərmişdir ki, bu da şahid ifadələrinin özü-özlüyündə tutarsız olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə iclasında şahid X5 polis əməkdaşlarının Eyyubu yarıçılpaq alt paltarında sürüyüb gətirdiklərini, Eyyub əynini geyinmək üçün icazə istəsə də, onu zorla avtomobilə otuzdurduqlarını və geyinməyə icazə vermədiklərini, şahid X4 isə Eyyubu Sport geyimdə gətirdiklərini, Eyyub geyinmək üçün polis əməkdaşlarından icazə istədikdə, ona icazə verildiyini, polis əməkdaşı ilə birlikdə evə qayıdaraq köynəyini dəyişdiyini, sport şalvarını isə dəyişmədiyini bildirsə də, təqsirləndirilən şəxs şahidlərdən tam fərqli olaraq polis əməkdaşları tərəfindən evdən çıxarılan zaman maykada və qısa şalvarda (briccidə) olduğunu, onlardan geyinmək üçün icazə istədikdə onu evə qayıtmağa qoymadıqlarını, cins şalvarının evdən polis əməkdaşlarından biri tərəfindən gətirildiyini və avtomobilin içərisində həmin şalvarı geyindiyini bildirmişdir ki, bu da nəinki şahid ifadələrinin biri-biri ilə uzlaşmamasının, o cümlədən, şahid ifadələri ilə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyətlərin olmasının göstəricisidir. Bununla yanaşı, şahid X5 polis əməkdaşlarının Eyyubu sürüyüb gətirdiklərini bildirməsinə baxmayaraq, təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini və xəsarətlərinin olmadığını bildirmişdir ki, bu da şahidin hadisələri obrazlı şəkildə ifadə etməyə çalışmasının və bununla da məhkəmədə daha inandırıcı təəssürat yaratmaq istəməsinin göstəricisidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi çıxışında Şahid1 anten məlumatları əsasında onun hadisə günü təqsirləndirilən şəxs saxlanıldığı zaman başqa ərazidə olmasına istinad etsə də, göstərsə də, məhkəmə qeyd edir ki, şəxsin telefonun başqa yerdə olması onun birmənalı şəkildə başqa ərazidə olması qənaətinə gəlməyə imkan verə bilməz. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid2 özünün və digər əməliyyatçıların bəzən telefonlarını öz şəxsi avtomobillərində və ya bölmədə qoyduqlarını, həmin şəxsi avtomobillərin digər əməliyyatçılar tərəfindən də idarə edildiyini bildirmişdir ki, belə olan halda şahidin telefonun anten dairələrinin başqa ərazidə göstərməsi onun hadisə günü təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Göstərilənləri ümumiləşdirərək məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələrin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 28 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 28 may 2022-ci il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir (i.v. 14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.76-78). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 may 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.79-80). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.100). “Axtarışda olan şəxsin tutulması barədə” 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir (i.v.111). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır (i.v.118-121). 02 ədəd şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2008-ci il təvəllüdlü (X7) və 29 mart 2013-cü il təvəllüdlü (X8) övladları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı (AR CM-59.1.4), bir yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu və axtarışla tutularaq saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək tutularaq saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0, 890 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-149/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-149/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver