Məhkəmə qərarları › İş №1(008)-149/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-149/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-149/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.717 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2023-cü il tarixdə, saat 21:30 radələrində Sabunçu RPİ-in 13cü PŞ-in əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün ünvan 2 ünvanda saxlanılaraq PŞ-in inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 0.717 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilrək götürülmüşdür. Bundan başqa o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.417 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində Sabunçu RPİ-in 13-cü PŞ-in əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün ünvan 3 ünvanda saxlanılaraq PŞ-in inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0.417 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilrək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi ərazisində üzdən tanıdığı əvəllər də bir neçə dəfə narkotik vasitə aldığı, adını, ünvanını dəqiq bilmədiyi şəxslə təsadüfən rastlaşaraq ondan özü istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs də ondan 20 manat pul alaraq əvəzində cibindən çıxardığı bir ədəd içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olan sellofan bükümü ona verərək oradan uzaqlaşmışdır. O həmin bükümü şalvarının cibinə qoyaraq yaşadığı Bakıxanov qəsəbəsində yerləşən ev istiqamətində getmişdir. Evə çatmağına bir qədər qalmış R.Qəmbərov küçəsi 4 ünvanın yaxınlığında saat 21:30 radələrində onu polis əməkdaşları saxlayaraq ondan şübhələndiklərini bildirmişlər. Onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə getməyini, orada üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O etiraz etməmiş və polislərlə birlikdə Polis Şöbəsinə getmişdir. Orada üzərinə videoçəkilişə axtarış aparılmışdır. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. Özü könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. 08 avqust 2023-cü il tarixdə, saat 06:00 radələrində Bülbülə qəsəbəsində üzdən tanıdığı 40 yaşlarında olan şəxsdən 10 manat verməklə narkotik vasitə hesab edilən kakos kimi tanıdığı heroini almışdır. Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 29 C ünvanın qarşısında 08 avqust 2023-cü il tarixdə, 21:00 radələrində dayanan zaman iki nəfər sonradan özlərini təqdim edəndə polis olduqlarını bildiyi şəxslər ona yaxınlaşmışlar. Onların polis olduğunu bilib yayınmaq üçün qaçmaq istəyəndə ondan şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşub şübhəli cavab verdiyi üçün polis əməkdaşları tərəfindən dəvət edilərək 13-cü Polis Şöbəsinə aparılmışdır. Orada üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən bir bükümdə siqaretin gümüşü kağızına bükülmüş kakos kimi tanıdığı maddəni masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmış, həmin gün saat 21:30 radələrində Bakıxanov qəsəbəsi, R.Qəmbərov 4 ünvanın yaxınlığında diqqətini bir nəfər əvvəllər tanımadığı, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cavan oğlan cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özünü təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduğunu bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırmış, adını və soyadını belə zorla demişdir. Sorğu-sual zamanı onun danışdıqca sanki üzərində olan nə isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Şöbəsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün Bül-bülə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş yoldaşı Şahid2 ilə xidməti ərazidə gəzən zaman 08 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, şəxsiyyət vəsiqəsini təsdiq edən sənədinin olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs şəxsiyyətini tsədiq edən sənədinin olmamasını dedikdən sonra özünü şübhəi aparıb qaçmaq istəyəndə onu 13- cü Polis Şöbəsinə getməyi təklif etmişlər. 13-cü Polis Şöbəsinə getdikdən sonra xidməti otaqlardan birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etmişdir. Baxış zamanı qəhvəyi rəngli toz şəkilli maddələr aşkar edilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş kütlələr ona məxsusdur. Həmin kütlələri tanımadığım şəxsdən 08 avqust 2023-cü il tarixdə səhər saatlarında 10 manata əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2518 saylı, 02 may 2023-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün №160» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən........» və.s sözlər, soyadlar, imzalar olan zərfdəki bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.717 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi-0.717 qram, tədqiqata sərf edilən miqdarı-0.05 qram, qalıq-0.667 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 6/4253 saylı, 09 avqust 2023-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün №160» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Şübhəli şəxs Təqsirləndirilən şəxs, imza iki imza Təhqiqatçı: R.Babayev imza…..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.417 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi-0.417 qram, tədqiqata sərf edilən miqdarı-0.05 qram, qalıq-0.367 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X2 4976 saylı, 05 avqust 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X2 5127 saylı, 10 avqust 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, həmin görüntüdə Təqsirləndirilən şəxs 01 may 2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsindən üzdən tanıdığı şəxsdən narkotik vasitəni 20 manat ödəməklə almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, həmin görüntüdə Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı şəxsdən 10 manat ödəməklə narkotik vasitə almışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd şəffaf sellofan bükülünün içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd şəffaf sellofan bükülünün içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən- satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 01 may 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 21:30 radələrindən tutulmuş hesab edilmişdir (səh.,101). Cinayət işinin materiallarında olan 03 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,137). Cinayət işinin materiallarında olan 03 may 2023-cü il tarixli vəsatətin müdafiə olunmasından imtina oulnması barədə Bakı şəhəri Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh.,153). Cinayət işinin materiallarında olan 03 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçiçlmişdir (səh.,156). Cinayət işinin materiallarında olan 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (səh.,172). Cinayət işinin materiallarında olan 08 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 21:00 radələrindən tutulmuş hesab edilmişdir (səh.,13). Cinayət işinin materiallarında olan 10 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,47). Cinayət işinin materiallarında olan 10 avqust 2023-cü il tarixli vəsatətin müdafiə olunmasından imtina oulnması barədə Bakı şəhəri Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh.,63). Cinayət işinin materiallarında olan 10 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçiçlmişdir (səh.,66). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayətlər törətməsini, onun alternativ cəza ilə islah olunmasının mümkün olmadığını, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasın, eyni əməli təkrar olaraq törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixə, 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.367 və 0.667 qram heroin məhv edilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 202 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixə, 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixə kimi «04» (dörd) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.367 və 0.667 qram heroin məhv edilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 202 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar