Məhkəmə qərarları › İş №1(008)-149/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-149/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-149/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bədiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1987-ci il tarixdə Bərdə rayonu, Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkumluğu olmayan, Bərdə rayonu, Mirzəxan Qaraqoyunli Ə/D, Cumalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanının qonaq otağında qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əl zərbələri ilə sifətindən, baş nahiyəsindən və qolundan qəsdən vuraraq ona ağrı simptomu ilə müşayiət olunan sol alın-təpə və sol bazu nahiyələrinin dərialtı hematomaları, sağ said nahiyəsinin qançırı, üst dodağın qançırı və əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə səhərə yaxın saat 06 radələrində o, evə gəlmişdir. Evdə bir qədər yatmaq üçün uzansa da, yuxusu gəlmədiyi üçün İlahənin mobil telefonunu götürüb vaxt keçirmək istəmişdir. İlahənin mobil telefonunda bir qədər sosial şəbəkə insteqrama daxil olub baxdıqda, orada İlahənin başqa bir kişi ilə yazışmalarını görmüşdür. Həmin günü saat 09 radələri olardı, İlahəni yanına çağırıb həmin yazışma barədə deyib, aydınlıq gətirməsini tələb etmişdir. Buna görə aralarında mübahisə yaranmış və İlahə uşaqlar olan otağa keçmişdir. İlahənin uşaqlar olan otaqda olmağına görə dəfələrlə çağırsa da, İlahənin otaqdan çıxmadığını görüb yanına getməmiş və İlahənın yanında uşaqlar olduğuna görə sakitləşmişdir. Gün ərzində evdə olarkən uşaqlara görə evdə sözsöhbət salmamış, lakin ara-sıra sözlə İlahəni hədələyib məsələyə aydınlıq gətirməsini, bu barədə valideynlərinə zəng edib özünün deməsini tələb etmişdir. İlahə isə dediklərinə əməl etmədiyindən və nə üçün başqa kişi ilə əlaqə saxlamasını açıqlamadığı üçün həmin günü saat təxminən 18 radələrində uşaqlar yatan zaman İlahədən uşaqların və özünün şəxsiyyət vəsiqələrini, İlahənin özünün maaş kartını istədikdə, İlahə yenə dediyini etməyərək istədiklərini verməkdən imtina etmişdir. Bu səbəbdən o, yenidən əsəbləşmiş və aralarında yenidən mübahisə yaranmışdır. Bu zaman İlahə öz şəxsiyyət vəsiqəsini və maaş kartını eyvandan yerə atmışdır. İlahənin hərəkətlərinə artıq dözə bilmədiyi üçün daha da əsəbləşib sillə və yumruqla İlahənin sifətindən, baş nahiyəsindən, eyni zamanda qollarına vurub sol qolundan tutub dəhlizdən qonaq otağına dartmışdır. Qonaq otağına daxil olan kimi yenə İlahədən telefondakı mesajla bağlı ona açıb hər şeyi deməsini tələb etdikdə, İlahə qaçaraq evdən həyətə düşmüşdür. O, isə evdə qalmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, İlahə onun tərəfindən döyülməyilə bağlı polisə şikayət etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cü ildə Təqsirləndirilən şəxs iiə rəsmi ailə həyatı qurmuş, bu nikahdan 2 azyaşlı oğlan övladları vardır. 2018-ci ildən etibarən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşamağa başlamışlar. Hər bir ailədə olduğu kimi onların da ailəsində söz-söhbətləri olmuşdur. Lakin indiyədək polisdə şikayətləri olmayıbdır. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə olarkən təxminən səhər saat 06 radələrində əri Nəsib evə gəlmiş, həmin günü saat 09 radələrində yoldaşı Nəsib yaşadığı evdə olan zaman onu yanına çağırıb telefonunda digər şəxslə olan yazışmanı ona göstərmişdir. Buna görə aralarında mübahisələri yaranmış və o, uşaqlar olan otağa keçmişdir. Nəsib onun uşaqlar olan otaqda olmağına görə onu dəfələrlə çağırsa da, o, Nəsibin yanına getməmişdir. Nəsib isə uşaqların yanında olduğuna görə sakitləşmişdir. Gün ərzində evdə olarkən uşaqlara görə əri ona sözlə hədə-qorxu gəlsə də, hər hansı bir fiziki güc tətbiq etməmişdir. Həmin günü saat təxminən 18 radələrində Nəsib ondan uşaqların və onun şəxsiyyət vəsiqələrini, onun maaş kartını istədikdə o, vermək istəməmişdir. Bu səbəbdən Nəsib yenidən əsəbləşib onunla yenidən mübahisə etməyə başlamışdır. Bu zaman o, öz şəxsiyyət vəsiqəsini və maaş kartını eyvandan yerə atmışdır. Nəsib bu hərəkətinə daha da əsəbləşmiş, sillə və yumruqla sifətindən, baş nahiyəsindən, eyni zamanda qollarına vuraraq sol qolundan tutub onu dəhlizdən qonaq otağına dartmışdır. Qonaq otağına daxil olan kimi Nəsib üzərinə gələndə o, birtəhər evdən çıxıb həyətə düşmüşdür. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları ünvan 3 ünvanın qonaq otağında baş vermişdir. Həmin vaxt evdə Təqsirləndirilən şəxs və 2 azyaşlı uşaqlarından başqa heç heç kəs olmadığından və uşaqlar yatdıqları üçün hadisəni heç kəs görməmişdir. Aralarında baş vermiş mübahisə 3-4 dəqiqə çəksə də, Nəsibin onu vurmağı qısa zaman kəsiyində olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında baş vermişdir. -İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3189 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan sol alın-təpə və sol bazu nahiyələrinin dərialtı hematomaları, sağ said nahiyəsinin qançırı, üst dodağın qançırı və əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Sabuncu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sabuncu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs X3 da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraatda və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar