Məhkəmə qərarları › İş №1(008)-15/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-15/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-15/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 19-da yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə sonuncunun oğlunu Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul etdirməyə köməklik göstərmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib Zərərçəkmiş şəxs inam və etibarını qazanmış, köməklik göstərməsi üçün müraciət etdikdə bununla əlaqədar hər-hansı səlahiyyətə malik olmadığı halda yalan vəd vermiş, cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs 13 iyun 2022ci il tarixdə ünvan 3 ünvanının qarşısında 15000 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Şahid1 onun tanışıdır. Zərərçəkmiş şəxs ortaq tanışları Şahid1 vasitəsi ilə tanımışdır. Şahid2 onun qızının müəllimi olmuş, aralarında münasibət yarandığı üçün müxtəlif vaxtlarda qohumlarının təhsil məsələlərində onlara köməklik etmişdir. Şahid1 ona müraciət edərək tanışının oğlunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirmək istədiyini bildirmişdir. O, Bakı Dövlət Universitetində müəllim işləyən tanışı Şahid2 ilə danışdıqdan sonra Şahid1 məlumat verəcəyini bildirmişdir. O, Şahid2 zəng edərək tanışının oğlunu Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul etdirməkdə onlara köməklik göstərmək imkanına malik olub-olmaması soruşmuş, Şahid2 məsələnin həllində onlara köməklik edə biləciyini bildirmişdir. O, bu barədə Şahid1 məlumat vermiş, Şahid1 ona məxsus alqı-satqı ofisində 2 dəfə olmaqla ümumilikdə ona 13000 manat pul vermişdir. O, Şahid1 13000 manatı aldıqdan sonra Şahid2 zəng edərək pulun və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul edilmək üçün tələb olunan sənədlərin ondan olduğunu bildirmişdir. Şahid2 dəqiq xatırlamadığı tarixdə onun ofisinə gələrək Zərərçəkmiş şəxs oğlunun Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanından keçirmək üçün ondan 3000 manat götürmüş, pulun geri qalan hissəsini isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid pakında Şahid2 ilə görüşərək ona vermişdir. Şahid2 tez bir zamanda Zərərçəkmiş şəxs oğlunu Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul etdirəcəyini bildirməsinə baxmayaraq verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Zərərçəkmiş şəxs ona zəng edərək məsələnin niyə uzandığı soruşmuş, həmçinin, verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. Zərərçəkmiş şəxs onun telefonu vasitəsi ilə Şahid2 ilə əlaqə saxlamış, Şahid2 tez bir zamanda sonuncunun oğlunu Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul etdirəcəyini bildirmiş, lakin, verdiyi vədə əməl etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Şahid2 dəymiş ziyanı, cinayət üzrə icraata xitam verilməsi üçün dövlət nəfinə ödənilməsi tələb olunan məbləği tam şəkildə ödəyəcəyini ona bildirdiyi üçün o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində dələduzluq əməlinin onun tərəfindən törədildiyini bildirmişdir. Şahid2 maddi problemləri ilə bağlı ona verdiyi vədə əməl etməmiş, onun telefon zənglərini cavablandırmayaraq nömrəsini bloka atmışdır. O, sonradan cinayət işinin istintaqını aparan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədova baş verənləri olduğu kimi danışmış, Şahid2 dəymiş ziyanı tam şəkildə ödəyəcəyinə söz verdiyi üçün dələduzluq əməlinin onun tərəfindən törədildiyini etiraf etdiyini bildirmiş, lakin, müstəntiq Cavid Əhmədov onun dediklərinə əhəmiyyət verməmişdir. O, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 10000 manat ödəmiş, daha sonra, Şahid2 Bakı Dövlət Universitetinin həyətində Mehdi adlı tanışına 3000 manat verərək Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədova veməsini xahiş etmiş, lakin, müstəntiq Cavid Əhmədov qeyd olunan məbləği qəbul etməyərək Zərərçəkmiş şəxs ödəmələrini bildirmişdir. Zərərçəkmiş şəxs geri qalan 3000 ödənilsə də, buna dair qəbz tərtib edilməmişdir. Aralarında olan danışığa əsasən alınan puldan 11000 manatı Şahid2 verilmiş, geri qalan 2000 manat isə aralarında ortaq şəkildə bölünmüşdür. O, Şahid2 pulu verərkən qəbz və ya hansısa sənəd tərtib etməmiş, lakin, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir. O, Zərərçəkmiş şəxs oğlunu Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul etdirməyə köməklik göstərmək imkanına malik olması barədə vəd verməmiş, Şahid2 pulun verilməsində vasitəçi kimi iştirak etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 bir neçə ildir ki, tanıyır və Təqsirləndirilən şəxs onun vasitəsi ilə tanımışdır. Onun oğlu Fərid Bədəlov 2022-ci ildə X2 tərəfindən keçirilən Azərbaycan Respublikası İdman və X1 qəbul imtahanında tələb olunan keçid balını toplaya bilməmiş, Şahid1 azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması üçün sənədləşmə proseslərini həyata keçirdiyindən məlumatı olduğu üçün ona müraciət edərək oğlunun Azərbaycan Respublikası İdman və X1 qəbul olunmasına köməklik göstərmək imkanına malik olub-olmadığını soruşmuşdur. Şahid1 ona geniş imkanlara malik tanışının olduğunu, onunla danışaraq bir-iki günə ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Şahid1 ona zəng edərək məsələnin həllində Təqsirləndirilən şəxs onlara köməklik göstərmək imkanına malik olduğunu bildirmişdir. O, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüş, aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs onlara köməklik edə biləcəyini bunun üçün 15000 manat tələb olunduğunu bildirmişdir. O, həmin vaxt qeyd olunan məbləğdə vəsaitinin olmadığını bildirərək ona bir neçə gün vaxt vermələrini xahiş etmişdir. Şahid1 bir neçə gün sonra onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ona zəng edərək məsələnin həlli üçün tələb olunan məbləği tez bir zamanda çatdırmalarını bildirdiyini demişdir. 2022-ci ilin iyun ayında Azərbaycan Beynəlxalq Bankından ilk dəfə 2000 manat daha sonra 11000 manat, ümumilikdə 13000 manat götürərək Təqsirləndirilən şəxs çatdırması üçün Şahid1 vermişdir. Təqsirləndirilən şəxs ona X2 tərəfindən keçirilən Azərbaycan Respublikası İdman və X1 qəbul imtahan nəticəsindən apellyasiya şikayəti veriləcəyini, onun oğlunun adının siyahıya salınacağını bildirmişdir. Bir müddət sonra Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs əlavə 2000 manat istədiyini demiş, o, Şahid1 oğlunun universitetə qəbulu ilə bağlı ona rəsmi sənəd veriləcəyi təqdirdə həmin məbləği ödəyəcəyini bildirmişdir. Daha sonra Şahid1 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs əlavə olaraq tələb etdiyi 2000 manatı özünün ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun oğlunun Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul edilməsi ilə bağlı söz verdiyi müddət tamam olmasına baxmayaraq, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş, o, bir neçə dəfə Şahid1 məxsus aptekdə Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu müxtəlif səbəblər göstərməklə vaxtı uzatmışdır. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs telefonu vasitəsi ilə işi həll edəcək şəxslə danışmış, həmin şəxs qəbul prosedurunu ona izah edərək gözləməsini bildirmişdir. O, məsələnin həlli üçün 25 oktyabr 2022-ci il tarixədək Şahid1 vaxt vermiş, qeyd olunan müddət tamam olmasına baxmayaraq oğlunun ali təhsil müəssisəsinə qəbul məsələsi həll olunmamışdır. 26 oktyabr 2022-ci il tarixdə Şahid1 barəsində Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı 4 dəfə olmaqla ona ümumilikdə 10000 manat pul ödənilmişdir. Hazırda 3000 manat məbləğində pul ödənilməmişdir. O, övladının işi ilə bağlı Şahid2la pulun ödənilməsi və ya qaytarılması ilə bağlı hər hansı bir danışıq aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə rəfiqə, Zərərçəkmiş şəxs isə tanışdır. Zərərçəkmiş şəxs onu uzun müddətdir ki, tələbələrin xaricdə təhsilini təşkil edən şəxs kimi tanımışdır. Vüsal oğlunun qəbul imtahanlarında az bal toplaması ilə əlaqədar ona bu işdə köməklik göstərilməsini xahiş etmişdir. O, da öz növbəsində bu barədə rəfiqəsi Təqsirləndirilən şəxs məlumat vermişdir. Sonuncu bu sahədə tanışının olduğunu bildirdikdən sonra o, iki dəfəyə ilk dəfə 2000 manat, daha sonra isə 11000 manat, cəmi 13000 manat pulu Zərərçəkmiş şəxs alaraq Təqsirləndirilən şəxs vermişdir. Əldə olunmuş razılığa əsasən 11.000 manat müqabilində Zərərçəkmiş şəxs övladı Azərbaycan Respublikası İdman və X1 qəbul olunmalı, geri qalan 2000 manat isə qazanc olaraq əldə edilməli idi. Bundan sonra Təqsirləndirilən şəxs onun yanında “Asim” adlı şəxsə zəng edərək pulun artıq onda olmasını bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs “Asim” adlı şəxsə pul verməsini şəxsən görməmişdir. Sonradan “Asim” adlı şəxs vaxtı uzadaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən Zərərçəkmiş şəxs pulun geri qaytarılmasını tələb etmişdir. İlk dəfə birlikdə 3000 manat, sonra 1400 manat, daha sonra isə 6000 manat polis idarəsində zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında uzun illərdir ailəvi dostluq etdiyi Təqsirləndirilən şəxs ilə danışanda sonuncu ondan bir nəfər yaxın adamın övladının ali təhsil müəssisəinə tələbə kimi qəbul olunub ona oxumaqda köməklik göstərilməsini xahiş etmişdir. O bir müəllim kimi uşaq oxuyan uşaqdırsa çətinliyi olmayacaq demiş, bundan sonra internet vasitəsi ilə həmin şəxsin imtahandan keçmədiyini görmüş və Vüsalə xanıma həmin şəxs imtahandan kəsilib TQDK-nın nəticələrinə bir də baxmaq lazım olmasını bildirmişdir. O, şəxsən Zərərçəkmiş şəxs tanımamış, həmin şəxs ona övladı ilə bağlı hər hansı bir sənəd verməmişdir. Vüsal adlı şəxsdən Vüsalə xanımın pul almasını ibtidai istintaq zamanı bilmiş, o, nə Təqsirləndirilən şəxs nə də Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə pul almamış, ümumiyyətlə bu barədə Zərərçəkmiş şəxsla əlaqə saxlamamışdır. Vüsalə xanım onun evinə gedib-gələn adam olmuş, o, Vüsalə xanımın qızına da elmi pedaqoji məsləhətlər vermiş, habelə aralarında digər işgüzar münasibətlər olmuşdur. Cinayət işinin 38-ci vərəqəsində olan 01 yanvar 2023-cü il tarixli cinayət işi üzrə axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan 25 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün saxlanılmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan 25 yanvar 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqələrində olan Zərərçəkmiş şəxs tərəfindən imza edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona 10000 manat ödəmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixli Almaniya Federativ Respublikasının Hassfurt SC məhkəməsi tərəfindən həmin ölkənin CM-nin 267B1Abzas 95, bənd 2 maddəsi ilə hər 5 avro pul cəriməsinə görə 130 günlük pul cəriməsinin faizi cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs oğlunu Azərbaycan Respublikası İdman və X1 tələbə kimi qəbul etdirməyə köməklik göstərmək imkanına malik olması barədə vəd verməmiş, Şahid2 pulun verilməsində vasitəçi kimi iştirak etmişdir......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsdən 13000 manat müqabilində pul alaraq Təqsirləndirilən şəxs verməsin bildirmiş, sonuncu isə həmin məbləği alaraq hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid2 verməsini bildirsə də, Şahid2 bu xüsusatı təkzib etmiş, eləcə də, Şahid1 pulun bilavasitə Təqsirləndirilən şəxs tərəfindən Şahid2 verilməsinin şahidi olmamış, həmçinin zərərçəkmiş şəxs də, onun ödədiyi pulun Şahid2 verilməsini təsdiq etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda, yəni istintaq orqanının ittiham elan etdiyi 15000 manat məbləğində deyil, 13000 manat maddi ziyan vurmaqla dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun vurulmuş ziyanın qismən ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 25 yanvar 2023-cü il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar