Məhkəmə qərarları › İş №1(008)-151/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-151/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-151/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-X2, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 avqust 1981-ci il tarixdə İmişli şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Neftçilər qəsəbəsi, ev 02-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 06 iyul 2022-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən «Pətək» marketin yaxınlığında yolun kənarı ilə gedən X3 idarə etdiyi «Kia Rio» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşaraq, onun əlində saxladığı, içərisində 480 manat və həmin dövrə olan məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dolları nəğd pul olan, ümumi dəyəri 10 manat olan pul qabını dartaraq əlindən alıb açıq talayaraq X3 830 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir olar «Kia Rio» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. Lakin işləri zəif olmasına görə maddi vəziyyəti yaxşı olmamışdır. Maddi vəziyyətinin yaxşı olmamasından dolayı qızını universitetdə oxutdurmuqda çətinlik çəkmişdir. 06 iyul 2022-ci il tarixində, saat 14:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Pətək» marketin yanı ilə idarə etdiyi «Kia Rio» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gedirmiş. Bu zaman yolun sol kənarı ilə bir nəfər qadının getdiyini, əlində pul qabı olduğunu görmüşdür. Maddi vəziyyətinin pis olması səbəbindən qadının pul kisəsini götürərək avtomobillə oradan uzaqlaşmağı planlaşdırmışdır. Bu məqsədlə avtomobili həmin qadının yanına sürmüş, qəfildən əlində tutduğu pul kisəsini dartaraq götürmüş və idarə etdiyi avtomobilin sürətini artıraraq oradan uzaqlaşmışdır. Hadisə yerindən təqribən 2 km uzaqlaşdıqdan sonra avtomobili yolun kənarında saxlayaraq pul kisəsinin içərisinə baxış keçirtmiş və içərisindən 185 manat pul olduğunu görmüşdür. Pul qabından pulları götürmüş, pul qabını isə avtomobilində saxlamışdır. Əldə etdiyi 185 manat pulun 60 manatını idarə etdiyi «Kia Rio» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobilin icarə pulunu ödəmişdir. Qalan pulun bir hissəsinə evinə bazarlıq etmişdir. Qalan pulla isə həmin günü axşam saatlarında yaşadığı evin yaxınlığında yerləşən kafedə oturaraq yemək yeyərək spirtli içki qəbul etmişdir. Halhazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, neçə ildir ki, «Dahilər Kids» uşaq baxçasında müəllimə işləyir. Həmçinin yaşadığı evdə uşaq hazırlığı ilə məşğul olur. 06 iyul 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən «Pətək» marketə getmişdir. Marketdən evi üçün 10 manatlıq bazarlıq etmiş, eyni zamanda internet borcu olan 20 manatı ödəmişdir. Daha sonra oradan çıxaraq piyada yaşadığı evə doğru hərəkət etmişdir. Hərəkət etdiyi zaman içərisində 480 manat, 200 ABŞ dolları nəğd pul, eyni zamanda yaşadığı evin qaz sayğacının kartı, eyni zamanda müxtəlif ödəniş çekləri olan pul qabını sağ əlində tutmuşdur. Evinə doğru getdiyi zaman yanına boz metallik rəngli, sonradan dövlət nömrə nişanının sonunun 643 olduğunu bildiyi, markasını isə xatırlamadığı avtomobil yaxınlaşmışdır. O, həmin avtomobilə fikir verməmiş və bu zaman avtomobili idarə edən şəxs əlində tutduğu pul qabını əlindən dartaraq götürmüş və avtomobili yüksək surətlə idarə edərək oradan uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5650 saylı, 10 avqust 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, təxminən 20x10 sm ölçülü, süni dəri materialından olan, çəhrayı rəngli, zəncirbəndlə açılıb-bağlanan pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 10.0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 iyul 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən-soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, ekspertiza rəy və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən-soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,35). Cinayət işinin materiallarında olan 08 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,46). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 08 iyul 2022-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 59). Cinayət işinin materiallarında olan 08 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 63). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən, 08 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut-bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 20x10 sm ölçülü, süni dəri materialdan olan, zəncirbəndlə açılıb-bağlanan pul kisəsi sahibinə zərərçəkmiş şəxsə qaytarılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səəkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut-bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, 20x10 sm ölçülü, süni dəri materialdan olan, zəncirbəndlə açılıb-bağlanan pul kisəsi sahibinə zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar