Məhkəmə qərarları › İş №1(008)-152/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-152/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-152/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə 2022-ci ilin sentyabr-noyabr ayları ərzində mühafizəçi işlədiyi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinin mühafizəçi otağından 1200 manat dəyərində 01 ədəd «Gree-24000 BTU» markalı kondisioner, bağ evinin sauna otağından 1000 manat dəyərində 01 ədəd «Gree-18000 BTU» markalı kondisioner, «Toshiba-60000 BTU» markalı kondisonerin 3000 manat dəyərində mühərrikini, 1500 manat dəyərində soyutma sistemini, 1800 manat dəyərində elektrik idarəetmə sistemini, 500 manat dəyərində mühərrikin elektrik naqillərini, bağ evinin sauna otağında və həyətyanı sahəsində olan hovuzların 1000 manat dəyərində mühərriki, ümumilikdə 10000 (on min) manat dəyərində əmlakı şəxsi ehtiyaclarına sərf edərək cəmiyyət tərəfindən ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə qəsdən mənimsəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Təxminən bir il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evində fəhlə olaraq işə başlamış, daha sonra ona aylıq 500 manat məvacib qarşılığında həmin bağ evində gözətçi olaraq işləməsi, həmçinin bağban işləməsi təklif olunmuş, o, etiraz etməyərək bağ evində işə başlamışdır. Bir müddət sonra maddi vəziyyəti yaxşı olmadığı üçün satmaq məqsədi ilə bağ evində olan kondisionerin şəklini çəkərək lalafo.az saytına elan yerləşdirmiş, tanımadığı şəxs onunla əlaqə saxlayaraq kondisionerə baxmaq istədiyini bildirmişdir. O, həmin şəxsi işlədiyi bağ evinə dəvət etmiş, kondisionerə baxdıqdan sonra həmin şəxs ona 220 manat ödəmiş, o, kondisioneri bərkidildiyi yerdən sökərək həmin şəxsə vermişdir. Bir neçə ay sonra yenidən ona pul lazım olduğu üçün satmaq məqsədi ilə bağ evində olan digər kondisionerin şəklini çəkərək lalafo.az saytına elan yerləşdirmiş, tanımadığı şəxs onunla əlaqə saxlayaraq kondisionerə baxmaq istədiyini bildirmişdir. O, həmin şəxsi işlədiyi bağ evinə dəvət etmiş, kondisionerə baxdıqdan sonra həmin şəxs ona 140 manat ödəmiş, o, kondisioneri bərkidildiyi yerdən sökərək həmin şəxsə vermişdir. 2022-ci ilin noyabr ayında bağ evinin çöl hissəsinə quraşdırılmış kondisionerin mühərrikini sökərək Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi ərazisinə apararaq orada yerləşən metal qəbulu məntəqəsində 15 manat satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evindəki əmlak ona şifahi qaydada həvalə olunmuş, qeyd olunan əmlakın ona həvalə olunmasına dair hansısa rəsmi müqavilə tərtib edilməmişdir. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəyərək vurulmuş zərəri aradan qaldırmışdır. Bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də direktor vəzifəsində işləyir. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evində 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs mühafizəçi kimi işləməyə başlamış, bağ evinin girişində yerləşən gözətçi evində yaşamışdır. 30 iyun 2023-cü il tarixdə "xxxx" MMC-nin işçisi Şahid1 Ərrəhaman oğlu həmin bağ evinə getdiyi zaman orada gözətçi otağında olan «Gree- 24000 BTU» markalı kondisionerin, mənzilin sauna otağında olan «Gree-18000 BTU» markalı kondisionerin və mənzilin özündə olan «Toshiba-60000 BTU» markalı kanal tipli kondisonerin mühərrikinin oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə ümumilikdə 4500 manat maddi ziyan dəymişdir. Tərəflərindən polisə müraciət olunarkən tam araşdırılma aparılmadığı üçün dəymiş ziyan 10000 manat göstərilmiş, lakin, sonradan dəymiş ziyanın 4500 manat olduğu müəyyən edilmiş, bununla bağlı istintaq zamanı prokurorluğa və istintaq şöbəsinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-yə təmir işləri ilə əlaqədar dəvət olunmuş, bir neçə ay sonra aparılan təmir işləri dayandırılmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləyən fəhlə kimi tanımış, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ailə üzvlərinin rayonda yaşadığını, bağ evində qalmaq istədiyini bildirmişdir. O, bununla bağlı rəhbərliyə məlumat vermiş, razılıq verildikdən sonra Təqsirləndirilən şəxs bağ evinin girişində olan gözətçi otağında qalaraq ağacları sulamış, həmçinin evə gözətçilik etmişdir. 2022-ci ilin noyabr ayında "xxxx" MMCyə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinə getdiyi zaman gözətçi otağında quraşdırılmış kondisionerin yerində olmadığını görərək Təqsirləndirilən şəxs kondisionerin harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ilk öncə ümumiyyətlə gözətçi otağında kondisioner quraşdırılmadığını bildirmiş, lakin, sonradan o yatdığı zaman kondisioneri dostlarının sökərək apardığını demişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs tərəfindən 02 ədəd kondisionerin və 01 ədəd kondisioner mühərrikinin oğurlandığını müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə hansı məbləğdə ziyan vurulduğunu tam xatırlamır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi, Nardaran yolu, qaya üstü deyilən yerdə əlvan metal qəbulu məntəqəsində işləyir. Təxminən, 2-3 ay əvvəl tanımadığı, birinci dəfə gördüyü bir nəfər şəxs işlədiyi yerdə ona yaxınlaşıb əlində olan “Yamaha” markalı, “DOL 12H” modelli kondisoner mühərrikini və təxminən 1 kiloqram kabeli ona satmağı təklif etmiş, o həmin şəxslə razılaşmışdır. Həmin təklif etdiyi mühərriki və 1 kiloqram kabeli 15 manata almağı razılaşmışdır. Bundan sonra o, həmin şəxsi tanımadığı üçün şəxsiyyətini təsdiq edən sənədinin hər iki üzününün fotoşəkilini mobil telefon vasitəsilə çəkmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxs ona motor və kabeli yaşadığı evdə artıq olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin kabelləri və su mühərrikini, mis və aliminuma görə çəki ilə almış və Təqsirləndirilən şəxs gətirdiyi mühərrik və kabellərdə çəki ilə təxminən, 15 manatlıq mis və aliminum olmuşdur. Bundan sonra həmin şəxs həmin motoru və kabelləri ona vermiş, o da həmin motorun və kabellərin müqabilində 15 manat məbləğində pul vermiş, həmin şəxs də çıxıb getmişdir. O, həmin kabelləri yandıraraq alminum əldə etmiş və motoru isə özündə saxlamışdır. O, həmin motorun oğurluq olduğunu qətiyyən bilməmişdir. O, həmin motoru 15 manat məbləğində pul müqabilində almış, motoru ona satan adamı isə tanımamışdır. Cinayət işinin 3-10-cu vərəqəsində olan 30 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotolardan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinin mühafizəçi otağında olan “Gree” markalı və əsas evdə quraşdırılmış “Gree” markalı kondisioner, mənzildə olan “Toshiba” markalı kondisionerin mühərrikinin, soyutma sistemi, elektrik idarəetmə sistemi, mühərrəkin elektrik naqillərinin, hovuzun mühərrikinin elektrik naqillərinin yerində olmadığı müəyyən edilmişdir. Cinayət işinin 40-ci vərəqəsində olan 24 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan 25 iyul 2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, 01 ədəd “Yamaha” markalı, “DOL 12H” modelli kondisoner mühərriki iş üzrə şahid qismində dindirilmiş Şahid2 tərəfindən istintaqa təqdim edilmişdir. Cinayət işinin 91-93-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-589/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-108-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-724/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan 20 sentyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 123-124-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7219 nömrəli, 04 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmuş 01 ədəd kondisioner mühərrikinin 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti təxminən 160, 65 manat, təqdim edilməyən istifadədə olmuş kondisionerlərin 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4584 manat müəyyən edilir. Cinayət işinin 168-173-cü vərəqəsində olan 26 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evindən oğurluqla bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 174-179-cu vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid2 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 01 ədəd “Yamaha” markalı, “DOL 12H” modelli kondisoner mühərriki iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılmışdır. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, eləcə də ittiham aktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilmişdir ki, həmin məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin, əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin, beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırkı iş üzrə həm zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və eləcə də, iş üzrə keçirlmiş ekspertiza rəyi ilə zərərçəkmiş şəxsə dəymiş ziyanın beş min manatdan az olduğu müəyyən edildiyi üçün təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən 179.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı üçün və ona dəymiş ziyanı ödədiyi üçün cinayət təqibinin icraatına xitam verilməlidir və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 01 ədəd “Yamaha” markalı, “DOL 12H” modelli kondisoner mühərrikinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43, 344-347, 356, 358, 384 və 385-ci maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4cü maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, 01 ədəd “Yamaha” markalı, “DOL 12H” modelli kondisoner mühərrikinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar elan olunduqdan sonra ondan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar