Məhkəmə qərarları › İş №1(008)-153/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-153/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-153/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri təqsirli bilinərək 10 (on) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 1,636 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 22 oktyabr 2023- cü il tarixdə, saat 12:15-də Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində fəaliyyət göstərən “İL” marketin yaxınlığında saxlanılıb həmin bölməyə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,636 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir narkotik vasitələrdən istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bak şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alır. 22 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində olduğu zaman üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. Həmin gün, yəni, 22 oktyabr 2023-cü il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində fəaliyyət göstərən “İL” marketin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək adını və soyadını soruşmuş, özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getmişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında polis əməkdaşları xidməti otaqların birində ona hüquq və vəzifələri izah etdikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olduğunu, 22 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində olduğu zaman üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində alaraq üzərində daşıdığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 22 oktyabr 2023-cü il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə barədə işlədiyi Sabunçu RPİ-nin 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə ondan və 15-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, yəni, 22 oktyabr 2023-cü il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində fəaliyyət göstərən “İL” marketin yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək, bir qədər onunla söhbət etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə işlədikləri polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından o, şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən, Təqsirləndirilən şəxs əynində olan əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olduğunu, 22 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində olduğu zaman üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində alaraq üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş içərisində psixotrop maddə olan büküm qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 22 oktyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqəsində olan 22 oktyabr 2023-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal şəklində olan narkotik maddəyə oxşar vasitə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 40-41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5688 nömrəli, 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 161” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,636 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetamin qalıq çəkisi 1.586 qramdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan 24 oktyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSYdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan 24 oktyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-ci vərəqəsində olan 28 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.586 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi 87-ci vərəqəsində olan 04 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 92-93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 26 oktyabr 2023-cü il tarixli, 7025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-84-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Əhmədov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2012-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə əməli sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək yeni baxışa qaytarılmış və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2012-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri təqsirli bilinərək 10 (on) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 08 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,586 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi – 1,586 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar