Məhkəmə qərarları › İş №1(008)-155/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-155/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-155/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, Yardımlı rayonu, Yolocaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ümumi dostu Zərərçəkmiş şəxs, həmçinin digər qohum və dostları ilə birgə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən “İydəlik" kafesindən şam edib çıxarkən, kafe işçisinin dediyi 41 manat hesabın çox olmasını əsas gətirərək hesabla razılaşmadıqda, Zərərçəkmiş şəxs ondan hesab məsələsinə qarışmamasını tələb edib artıq saydığı pulu özünün ödəyəcəyini üzərinə götürərək 41 manatı ödəmiş, həmin kafenin qarşısında olarkən ödədiyi 41 manatı və kafeyə gələrkən mağazadan aldıqları 2 şüşə arağa görə ödənilən 12 manatı toplayaraq onun payına düşən 10 manatdan 6 manatı arağa görə ödəməsini nəzərə alıb qalan 4 manatı tələb edərkən, sonuncunun artıq saydığı pulu kafeyə ödəməsini üzərinə götürsə də, ondan 4 manat tələb etməsi səbəbindən Zərərçəkmiş şəxslə şəxsi münasibətlərinin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı, təpik və yumruqla qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrindən vuraraq çənə nahiyəsinin kəsilmiş yarası, hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematomaları, alın nahiyəsinin qançırı, ənsə, sağ gözyuvası altı, hər iki dirsək oynağı, qarın və bel nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə baş verən gün, yəni xx.xx.2023-cu il tarixdə onunla birgə "Omid” Tikinti materialları mağazasında işləyən Şahid vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü ıl tarixdə saat 20 radələrində iş yoldaşı Namiqlə qərara gəlmişlər ki, satıcı işlədikləri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "Omid" Tikinti materialları mağazasından çıxıb əvvəllər bir neçə dəfə yemək yedikləri, həmin küçədə, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “İydəlik” kafesində şam etsinlər. Həmin vaxt Namiq bildirmişdir ki, dostu Aydını da zəng vurub dəvət edəcək, o, etiraz etməmiş, belə ki, Namiq Aydını həmişə yaxşı insan kimi təriflədiyindən artıq Aydını qiyabi olaraq tanımışdır. Həmin gün saat 22 radələrində Bakıxanov qəsəbəsində yerləşən “İydəlik” kafesində görüşüb birgə yemək sifariş verdikdən sonra, Namiq kafedə gözləmiş, o, isə Aydınla birgə kafenin yaxınlığındakı mağazaya gedib 12 manata 2 şüşə araq alaraq kafeyə qayıtmışlar. Arağın pulundan 6 manatını Aydın, 6 manatını isə o, vermişdir. O, Namiq və Aydınla birgə yemək yeyərkən araq içməmiş, lakin məclisdə hamı araq içdiyindən kollektivdən geri qalmaması üçün elə görünüş yaratmışdır ki, guya araq içir. Lakin qədəyindəki arağı oturduğu masanın altına boşaltmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində kafeni bağlayaraq bütün işçilər, hətta onlara qulluq edən xidmətçi də onlardan üzrhaqlıq edib getmişlər, lakin kafeni işlədənlər Namiqı və Aydını tanıdıqlarından kafeni tərk etməkləri barədə heçnə deməmişlər. Kafedə yalnız gözətçi qalmışdır. xx.xx.2023-cü il tarixsə saat 01:40 radələrində gözətçi onlara mehribançılıqla demişdir ki, kafe çoxdan bağlanıb, istəyir ki, kafenin giriş-çıxış qapısını da bağlasın. Onlar qərara gəlmişlər ki, kafedən durub hər kəs öz evinə getsin. Onlara xidmət edən gözətçi hesabın 41 manat təşkil etdiyini demiş, o, Namiq və Kamil hesaba narazılıq edib hesabın az etməli olduğunu bildirmiş, kafenin gözətçisi ilə sözlə mübahisə etmişlər. Aydın həddindən artıq sərxoş olduğundan stoldan qalxa bilməsə də, ona demişdir ki, “sən heçnəyə qarışma, sən danışığını bilmirsən”. Aydın kafenin gözətçisinə bildirmişdir ki, hər şey yaxşıdır, hesab çox deyil, çatmayan pulu özü düzəldib verəcək. Aydın ona, Namiqə və daha sonra onların masasına gələn Kamilə və Calala demişdir ki, “Famillə birgə 12 manata aldıqları arağın və 41 manat kafenin hesabının pullarını toplasaq 53 manat edir, belə olan təqdirdə hər kəs 10 manat 50 qəpik ödəməlidir, Namiq, Kamil və Calal 10 manat versinlər, Famillə birgə 12 manat arağa verdiyimizdən əlavə olaraq 4 manatda Famildən alacam, 34 manatın üstünə 7 manat əlavə edib hesabı verəcəm”. O, Aydına demişdir ki, hesab çoxdur, imkan versin hesabı dəqiqləşdirsin. Aydın bildirmişdir ki, o, söhbətlərinə qarışmasın, özü hesab məsələsinı həll edəcək. O, kənardan dayanaraq müşahidə aparmış, Aydın, Namiqdən, Cəlaldan və Kamildən, hər birindən 10 manat olmaqla cəmi 30 manat alaraq üstünə 11 manat əlavə edib kafenin 41 manat hesabını vermişdir. Onlar saat 02 radələrində kafenin həyətindən küçəyə çıxmış, kafenin gözətçisi hər tərəfi daş hasardan olan kafenin giriş-çıxış qapısını bağlamışdır. Gecə saatları olduğundan kafenin qarşısında və ümumiyyətlə küçədə bir nəfər də olsun şəxs olmamışdır. Kafenin qarşısında Aydın, Calal, Namiq və Kamillə dayanıb söhbət edərkən Aydın ona bildirmişdir ki, arağın pulundan başqa əlavə olaraq 4 manat da ödəməlidir, özü də əlavə olaraq 4 manat və 3 manat ödəyib. O, demişdir ki, yavaş danışsın, yanlarından kimsə ötərsə xırdaçılıq etməklərini bilməsin. Gecələr işləməsinin yaratdığı yorğunluq və eyni zamanda onlara artıq deyilən hesabla Aydının razılaşaraq həmin pulu onlardan tələb etməsi ona çox toxunmuş, əsəbləri gərginləşmiş və aralarında yaranmış mübahisə zamanı ətrafa baxıb heç kimin olmadığını görüb Aydının belindən təpik vurmuş, Aydın sərxoş olduğundan vuran kimi yerə yıxılmış, yumruq və təpiklə Aydının baş və bədəninin müxtəlif nahiyələrindən vurmuş, həmin anda Kamil, Calal və Namiq araya girərkən qaçaraq onlardan uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrındə işdən çıxıb evə gedən zaman metronun “Neftçilər” stansiyasının yaxınlığında olarkən, 2013-cü ildən dostluq etdiyi Şahid ona zəng vurub bir yerdə əyləşib yeyib-içməklərini təklif etmişdir. O, Namiqin təklifini qəbul edib əvvəllər bir neçə dəfə yemək yedikləri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "İydəlik” adlanan kafedə görüşməklərinə razılaşmışdır. Saat 22 radələrində Namiq, sonradan tanıyaraq adını bildiyi Təqsirləndirilən şəxs ilə birgə kafeyə gəlmişlər, Namiq onu Famillə tanış edərək bir yerdə “Omid” Tikinti materialları mağazasında satıcı işlədiklərim bildirmişdir. Qısa müddətdə Famillə mehriban münasibətləri yaranmış, birgə yemək sifariş verərək Namiq kafedə gözləmiş, o, isə Famillə birgə kafenin yaxınlığındakı mağazadan 12 manata 2 şüşə araq alıb kafeyə qayıtmışlar. Arağın pulundan 6 manatını Famil, 6 manatını isə özü vermişdir. O, Namiq və Famillə birgə yemək yeyib içərkən saat 22:30 radələrində Namiqin qardaşı və onun da mehriban münasibətdə olduğu X1 da kafeyə gəlmiş və eyni masaya əyləşib yemək yeməyə başlamışdır. Söhbət zamanı Calal, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Napoleon” şadlıq sarayında işlədiyini bildirmiş, Familin də xalası oğlu X2 həmin şadlıq sarayında işlədiyi üçün Cəlaldan Kamili tanıyıb-tanımadığını soruşmuş, Calal bildirmişdir ki, Kamillə tanışdırlar. Odur ki, Famil xalası oğlu Kamilə zəng vuraraq Kamili də kafeyə dəvət etmişdir. Bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Kamil kafeyə gəlmiş və birlikdə yeyib içməklərini davam etdirmişlər. xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində kafeni bağlayaraq bütün işçilər, hətta onlara qulluq edən xidmətçi də onlardan üzrhaqlıq edib getmişlər, onunla Namiq kafenin daimi müştərisi olduqlarından kafeni işlədən onlara kafeni tərk etmələri barədə heç nə deməmişlər. Kafedə yalnız gözətçi qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 01:40 radələrində hesabı istəyərkən xidmət edən gözətçi hesabın 41 manat təşkil etdiyini demişdir. Namiq hesaba narazılıq edib hesabın az etməli olduğunu bildirmişdir. O, həddindən artıq sərxoş olduğundan konkret olaraq hesablarının çox və ya ədalətli olmasını dərk edə bilməmişdir. Lakin ayıq olan Namiq, Famil və Kamil hesabın çox olmasını deyərək kafe işçisi ilə sözlə mübahisə etmişlər. O, Calalla birgə müdaxilə edib bildirmişdir ki, hesab artıq etməyib, əgər pul çatmazsa özü üstünü düzəldib hesabı verəcək. O, Familə, Namiqə, Kamilə və Calala demişdir ki, Famillə birgə 12 manata aldıqları arağın və 41 manat kafenin hesabının pullarını toplasa 53 manat edir, belə olan təqdirdə hər kəs 10 manat 50 qəpik ödəməlidir. O, Namiqə, Kamilə və Calala demişdir ki, hər biri 10 manat versinlər, Famillə birgə 12 manat arağa verdiklərindən əlavə olaraq hər biri 4 manat da ödəyəcəklər, yığılacaq 37 manatın üstünə 3 manat da özü əlavə edib hesabı verəcək. Onun kafenin işçisinin tərəfini tutması, həmçinin Familin əlavə olaraq 4 manatda verməli olduğunu deməsi Famili ondan narazı salmış, Famillə şəxsi münasibətləri pozulmuşdur. O, Namiq, Calal və Kamilin ona verdiyi cəmi 30 manatın üstünə 11 manat əlavə edərək kafenin hesabını verib saat 02 radələrində kafenin həyətindən küçəyə çıxmış, kafenin gözətçisi hər tərəfi daş hasardan olan kafenin giriş-çıxış qapısını bağlamışdır ki, yenidən kafeyə qayıtmasınlar. Gecə saatları olduğundan kafenin qarşısında və ümumiyyətlə küçədə heç kim olmamışdır. Kafenin qarşısında Calal, Namiq, Kamil və Famillə dayanıb söhbət edərkən Familə bildirmişdir ki, arağa görə ödədiyi 6 manatdan başqa əlavə olaraq 4 manat da ödəməlidir, özü də əlavə olaraq 4 və 3 manat, cəmi 7 manat ödəmişdir. Famil isə əlavə ödənişə görə etiraz edərək onunla mübahisə etmişdir. Famil sözlə mübahisə etdikləri halda təpiklə belinin sol tərəfindən zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılarkən yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrindən zərbə vurmuşdur. Həmin anda Kamil, Calal və Namiq araya girərkən Famil qaçaraq onlardan uzaqlaşmışdır. O, ayağa qalxıb DİN-in “102” Xidməti zəng mərkəzinə məlumat vermiş və 13-cü Polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 17-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sabunçu rayon şöbəsinin 26 iyul 2023-cü il tarixli, 1737 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənə nahiyəsinin kəsilmiş yarası, hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematomaları, alın nahiyəsinin qançırı, ənsə, sağ gözyuvasıaltı, hər iki dirsək oynağı, qarın və bel nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlərin törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xəsarətlərdən çənə nahiyəsinin kəsilmiş yarası kəsici kənara malik əşya (alət), hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematomaları, alın nahiyəsinin qançırı, ənsə, sağ gözyuvasıaltı, hər iki dirsək oynağı, qarın və bel nahiyələrinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcəsinə görə çənə nahiyəsinin kəsilmiş yarası, hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematomaları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Alın nahiyəsinin qançırı, ənsə, sağ gözyuvasıaltı, hər iki dirsək oynağı, qarın və bel nahiyələrinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 59-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 101-104-cü vərəqələrinsində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Sabunçu RPİ-nin MSYdən azad edilmişdir. İş materiallarının 108-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 01 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 156.4, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar