Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-156/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd şəffaf sellofan bükümlərdə təmiz çəkiləri 0,332 qram, 0,111 qram, 0,110 qram və 0,050 qram ümumi təmiz çəkisi 0,603 qram qəhvəyi rəngli maddə narkotik vasitə heroini və şəxsi istehlak miqdarında 01 ədəd siqaretin gümüşü kağızı bükümündə təmiz çəkisi 0,072 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 avqust 2022ci il tarixdə, saat 18:50-də Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Keçid 1 ünvanı yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq 14-cü PB-yə aparılmış, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Prima” sözləri yazılmış siqaret qutusunun içərisində 04 ədəd şəffaf sellofan bükümündə təmiz çəkiləri 0,332 qram, 0,111 qram, 0,110 qram və 0,050 qram ümumi təmiz çəkisi 0,603 qram olan qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü kağızı bükümündə təmiz çəkisi 0,072 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, bir neçə müddətdir ki, n arkotik vasitələrdən istifadə edir və narkotik vasitələri Bak şəhəri ərazisində tanımadıqları şəxslərdən alır. O, 11 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 40 manat müqabilində 04 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü kağız bükümdə psixotrop maddə metamfetamin alıb, üzərində «Prima» sözləri yazılmış siqaret qutusuna qoyaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. 11 avqust 2022-ci il tarixdə, saat 18:50 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Keçid 1 ünvanı yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı onu Sabunçu RPl-nin 14-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində 05 ədəd büküm olan üzərində “Prima” sözləri yazılmış siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin maddənin nə olduğu soruşulduqda o, 04 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 01 ədəd siqaretin gümüşü kağız bükümdə isə psixotrop maddə metamfetamin metamfetamin olduğunu, həmin narkotik vasitələri 11 avqust 2022ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunan bükümlər ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru vəzifəsində çalışır və polis baş leytenantı rütbəsi daşıyır. O, 11 avqust 2022-ci il tarixdə, saat 18:50 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Keçid 1 ünvanı yaxınlığında xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 14-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində 05 ədəd büküm olan üzərində “Prima” sözləri yazılmış siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən təqdim edilən bükümlərdə nə olduğu soruşulduqda o, 04 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 01 ədəd siqaretin gümüşü kağız bükümdə isə psixotrop maddə metamfetamin metamfetamin olduğunu, həmin narkotik vasitələri 11 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 12-ci vərəqəsində olan 11 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqəsində olan 11 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Prima” sözləri yazılmış siqaret qutusunun içərisində 04 ədəd şəffaf sellofan polietilenə bükülmüş və 01 ədəd siqaretin gümüşü kağızı bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 6/4297 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°100» dairəvi möhür əksi və «... Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, iştirakçılar - iki imza; X1 oğlu -imza... xx.xx.2022.» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 04 (dörd) ədəd bükümlərdəki təmiz çəkiləri - 0,332 qram, -0,111 qram, -1,110 qram, -0,050 qram, ümumi təmiz çəkisi - 0,603 qram olan qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdəki təmiz çəkisi - 0,072 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.483 qram, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.062 qramdır. Cinayət işinin 74-76-ci vərəqələrində olan 13 avqust 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan 13 avqust 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 20 avqust 2022-ci il tarixli xx/xx-11620 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-15 fevral 2021-ci il tarixdə «Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə qeyd olunan mərkəzdə stasionar müalicədə olmuşdur. Cinayət işinin 95-96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 23 avqust 2022-ci il tarixli 4679 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 97-103-cü vərəqəsində olan 19 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.483 qram olan narkotik vasitə heroin və 0.062 qram psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 91-92-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 12 iyul 2013cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, təyin edilmiş vaxtından əvvəl şərti azad etmə müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X3 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0.483 qram olan narkotik vasitə heroin və 0.062 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 0.483 qram olan narkotik vasitə heroin və 0.062 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-156/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-156/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver