Məhkəmə qərarları › İş №1(008)-16/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-16/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-16/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, USMD-32, ailəvi yataqxanada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yeni yaşayış massivində ünvansız evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 20 may 2021 -ci il tarixdən başlayaraq 17 iyun 2015-ci il tarixdə anadan olmuş X1 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150 manat, ümumilikdə cəmi 300 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(008)-2019/ 2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 3(008)-4313/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 27 sentyabr 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 9600 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021 -ci ilin mart ayından 2024-cü ilin mart ayının 5-dək yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində qeyri-rəsmi olaraq ev-tikinti təmiri işləri ilə məşğul olmuş və aylıq gəliri orta hesabla 400 manat müqabilində təşkil edirmiş. 2024-cü ilin mart ayının 5-dən etibarən isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aylıq icarə haqqı 500 manat olan avtomobillərin yuyulması məntəqəsini işlədərək bütün xərclərdən əlavə gündəlik qazancı orta hesabla 12- 15 manat müqabilində təşkil edir. Avtomobillərin yuyulması məntəqəsində istifadə etdiyi bütün avadanlıqlar isə ona Məşğulluq İdarəsinin 4 saylı DOST mərkəzi tərəfindən müqavilə əsasında bir il müddətinə verilmişdir. 2005-ci ilin iyul ayının 19-da X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və rəsmi nikahlarından 2008-ci ilin noyabr ayının 22-də Roza adlı bir qız övladımız dünyaya gəlmişdir. Bir müddət yaşamaqlarına baxmayaraq həyat yoldaşı Kamilə Əhmədova uzun sürən xəstəlikdən sonra 2014-cü ilin əvvəllərində dünyasını dəyişmişdir. Bundan sonra azyaşlı qızı Roza onun himayəsində qaldığı üçün sonuncunun böyüdülməsində əziyyət çəkdiyi üçün yenidən evlənmək qərarına gəlmiş və 2014-cü ilin sentyabr ayının 14-də Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 17 iyun 2015-ci il tarixdə Hüseyn adlı bir oğlan və 02 dekabr 2016-cı il tarixdə Aydan adlı bir qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2016-cı ilin ayının 14-də ona heç bir söz demədən bir azyaşlı uşağı götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Valideynlərinin himayəsində yaşadığı müddət ərzində Aydan adlı qızları dünyaya gəlmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2017-ci ilin ortalarında ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 17 aprel 2017-ci il tarixdən başlayaraq 17 iyun 2015-ci il tarixdə anadan olmuş Hüseyn Kərimovun və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş Aydan Kərimovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 90 manat, ümumilikdə cəmi 180 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 17 may 2017-ci il tarixli, 2(048)- 847/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimen- tə görə ödəməli olduğu məbləği vaxtı-vaxtında ödəməyə başlamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2021-ci ilin əvvəllərində alimentin artırılması barədə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən alimentin məbləği artırılaraq 17 iyun 2015-ci il tarixdə anadan olmuş Hüseyn Kərimovun və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş Aydan Kərimovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150 manat, ümumilikdə cəmi 300 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 17 mart 2021-ci il tarixli, 2(008)- 2019/2021 saylı qətnamə çıxarılmışdır. O, həmin məhkəmə tərəfindən çıxarılmış qətnamədən narazı olğuğu üçün qətnamədən apellyasiya şikayəti verməyinə baxmayaraq Apellyasiya Məhkəməsində işə baxılan zaman çıxarılmış qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarı ilə o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs olunandan sonra, o, Lerik Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 2(048)-847/2017 saylı qətnaməsini tam olaraq etdiyi üçün icra məmuru tərəfindən həmin qətnamə üzrə icraata xitam verilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs- nın şikayətinə əsasən icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. O, məhkəmə qətnaməsindən sonra icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021 -ci il tarixli, 2(008)-2019/2021 saylı qətnaməsi üzrə alimentə görə heç ödəniş etməmiş, 19 yanvar 2024-cü il tarixədək 9600 alimentə görə borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə 4500 manat məbləğində ödəniş etmişdir. Qalan məbləği ayda minimum 1000 manat olmaqla ödəyəcəyinə söz verir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin sentyabr ayının 14-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 17 iyun 2015-ci il tarixdə Hüseyn adlı bir oğlan və 02 dekabr 2016-cı il tarixdə Aydan adlı bir qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2016-cı ilin avqust ayında bir azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Valideynlərinin himayəsində yaşadığı müddət ərzində 02 dekabr 2016-cı il tarixdə Aydan adlı bir qızları dünyaya gəlmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığından məcburiyyət qarşısında qalaraq 2017-ci ilin ortalarında sonuncudan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 17 aprel 2017-ci il tarixdən başlayaraq 17 iyun 2015-ci il tarixdə anadan olmuş Hüseyn Kərimovun və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş Aydan Kərimovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 90 manat, ümumilikdə cəmi 180 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 17 may 2017-ci il tarixli, 2(048)-847/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği vaxtı-vaxtında ona ödəniş etməyə başlamışdır. Bundan sonra, o, 2021-ci ilin əvvəllərində aliment məbləğinin artırılması barədə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən alimentin məbləği artırılaraq 17 iyun 2015- ci il tarixdə anadan olmuş Hüseyn Kərimovun və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş Aydan Kərimovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150 manat, ümumilikdə cəmi 300 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 17 mart 2021-ci il tarixli, 2(008)-2019/2021 saylı qətnamə çıxarılmışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs həmin məhkəmə tərəfindən çıxarılmış qətnamə ilə razı olmadığı üçün qətnamədən apellyasiya şikayəti verməyinə baxmayaraq Apellyasiya Məhkəməsində işə baxılan zaman çıxarılmış qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunandan sonra Lerik Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 2(048)-847/2017 saylı qətnaməsini tam olaraq icra edərək həmin qətnamə üzrə ona alimentə görə borclu olduğu məbləği tam olaraq ödəniş etdiyi üçün və həmin qətnamə üzrə alimentə görə borcu qalmadığına görə ərizəsinə əsasən icra məmuru tərəfindən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən şikayətinə əsasən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(008)- 2019/2021 saylı qətnaməsi üzrə alimentə görə ona heç bir ödəniş etməmiş və 19 yanvar 2024-cü il tarixədək 9600 manat məbləğində qalıq borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı ona 4500 manat məbləğində ödəniş edilmişdir. Hazırda qalan məbləğin ödənilməsi üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(008)-2019/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 17 iyun 2015-ci il təvəllüdlü X1 və 02 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra işi Şahid1 icraatında olmuşdur. İcra sənədi 27 may 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək sürəti bildirişlə və xəbərdarlıqla bərabər həmin tarixdə poçt vasitəsi ilə borclunun qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-31 .A/YAT ünvanına göndərilmiş, həmçinin borcluya şəxsən təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə şöbəyə çağırılmasına baxmayaraq çağırışlardan boyun qaçırmış və bu səbəbdən Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə borclunun şöbəyə gətirilməsinə göstəriş verilməsi ilə bağlı məktub göndərilmiş və borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından şöbəyə gətirilməsi təmin edilməmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığından 10 sentyabr 2021-ci il tarixdə borclunun barəsində axtarş qərarı qəbul edilərək aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu RPİ-nə göndə- rimiş və 16 oktyabr 2021 -ci il tarixdə 51996 nömrəli axtarış işi açılmışdır. 21 fevral 2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən qeydiyyatsız yaşadığı ünvana gedilərək borcun ödənilməsi məqsədi ilə əmlaka baxış keçirilmiş, baxış zamanı tələbin yönələ biləcəyi əmlakı aşkar edilməmiş və bu barədə akt tərtib edilmişdir. Borclu icra sənədində qeyd edilən tələbi təmin etmədiyindən barəsində inzibati protokolla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmiş və qeyd edilən rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 3(008)-4313/2023 saylı inzibati xəta haqqında qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş üzrə tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 2(048)- 847/2017 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən aliment borcu hissəvi qaydada olmaqla tam şəkildə ödəniş olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə tələbkar Zərərçəkmiş şəxs ikinci ərizəsində qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021 -ci il tarixli, 2(008)-2019/2021 nömrəli icra sənədi üzrə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə 9600 manat məbləğində borcu olduğunu və bu səbəbdəndə, sonuncunun barəsində cinayət işinin qaldırılmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 31 oktyabr 2022-ci il tarixli, 8(008)- 627/2022 saylı qərardadına əsasən təqdimat təmin edilmiş və qərardad icra olunmasından ötrü 12 dekabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 17 mart 2022- ci il tarixli, **********4 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, borclu Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyata alınmamışdır. Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 aprel 2022-ci il tarixli, **********915500 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, borclu Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı qeyd olunmuşdur. Eyni zamanda Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 71 saylı Mənzil- Kommunal İstismarı Sahəsindən daxil olmuş 19 oktyabr 2023-cü il tarixli, 32 nömrəli xasiyyətnaməyə əsasən borclu Təqsirləndirilən şəxs barəsində sahəyə heç bir şikayət daxil olmadığı qeyd edilmişdir. İcra dövründə borclu Təqsirləndirilən şəxs eyni məzmunlu izahatlar verərək aliment borcunu işsiz olduğundan ödəyə bilmədiyini qeyd etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməsinə dair xəbərdarlıq və cinayət məsuliyyətinə cəlb olunacağı barədə məktublar şəxsən təqdim edilmişdir. 10 avqust 2023-cü il tarixdə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. Sözü gedən icra sənədi üzrə borclu tərəfindən ödənişlər edilməmiş və təqdimat verilən tarixə kimi 9600 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun ödənilməsi dəfələrlə borclu Təqsirləndirilən şəxs tələb edilmiş, lakin o, borc öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar Şahid1 tərəfindən baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(008)- 2019/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat, cəmi 300 manat alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (i.v.11-13). “İcraat başlama haqqında” 27 may 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(008)-2019/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, həmin tarixdə qərar və tələbin könüllü icrası barədə bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir (i.v.16). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agetntliyi 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatda deyildir, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir (i.v.39). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 8(008)- 627/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.52-53). Lerik Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 2(048)-847/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 17 aprel 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (i.v.90- 92). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 3(008)- 4313/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.97-101). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agetntliyi 3 saylı DOST Mərkəzə dəvət olunmuş, ona "xxxx" MMC-də mühafizə rəisi, "xxxx" ASC-də mühafizəçi işləri təklif edilmiş, o, mühasib iş təklifini qəbul etmiş və onun işlə təmin olunması üçün elektron göndəriş formalaşdırılmışdır (i.v.111). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs iş materiallarında olan 04 aprel 2024-cü il və 21 may 2024-cü il tarixli ifadələrindən görünür ki, o, həmin ifadələrində bildirmişdir ki, “Alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bu vaxta qədər tam ödəməməsinin səbəbi iki azyaşlı uşağını onunla görüşməyə icazə verməməsi olmuş, o da bu səbəbdən aliment borcunu ödəməkdən yayınmışdır” (i.v.123-129; i.v.184-189). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi bu xüsusat onun məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmasının bariz nümunəsidir. Belə ki, Zərərçəkmiş şəxs uşaqlarının ataları ilə görüşməsinə icazə verməməsi özüözlüyündə dövlət adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq üçün əsas olmamaqla uşaqların atası olaraq Təqsirləndirilən şəxs uşaqları ilə görüşmək üçün görüş günlərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə ərizə ilə müraciət etməsi üçün əsasdır ki, hazırda iş materialları ilə onun belə bir ərizə ilə məhkəməyə müraciət etməsi halı da müəyyən edilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz əməlinə haqq qazandırmaq üçün irəli sürdüyü həmin dəlil əsassız olmaqla öz təsdiqini tapmamış və iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs ötən illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, məhkəmə qətnamənin icrası üçün yetərli tədbirlər görməmiş və məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 03 aprel 2024cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.169). “Qətimkan tədbiri seçmək haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 190). “eManat” vasitəsi ilə ödənişi təsdiq edən 28 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən 300 manat məbləğində aliment ödənişi edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 1(008)- 16/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirlii Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 3-16-17/40/2-4972/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 04 fevral 2025-ci il tarixdə BİT-na təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş yazılı ərizədən görünür ki, ona məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 4500 manat məbləğində aliment borcu ödənilmiş, o, qalan məbləğin ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə etiraz etmir. 2300 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü (X4) uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsə dəymiş zərərdən qismən ödəniş etməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmaması, həmçinin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini tam təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməməsi, onun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılaraq bir sıra hüquqlarına məhdudiyyət qoyulmaqla islah olunmasının mümkün olması, onun hər ay aliment borcundan ödənişlər etməsinin təmin edilməsi üçün fərdi əməklə məşğul olmasının mümkünlüyü diqqətə alınmaqla onun cəmiyyətdən tam təcrid edilməməsinin xeyirlərinə aliment ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşaqlarının da mənafeyinə xidmət etməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun məhkəmə istintaqı zamanı tutularaq saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tutularaq 03 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 11 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 22 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar