Məhkəmə qərarları › İş №1(008)-160/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-160/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-160/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X3 küçəsi 71 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığındakı yolun kənarında küçənin gediş-gəliş çox olan hissəsi olduğu üçün ictimai yer hesab olunan yerdə tanışı Zərərçəkmiş şəxs birlikdə narkotik vasitə əldə edib qəbul etmələri üçün borca pul istəmiş, sonuncunun üzərində pulunun olmadığını bildirməklə ona rədd cavabını verməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq gücünü nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarını kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyməklə üzərinə hücum çəkib sifət nahiyəsindən yumruq zərbəsi vuraraq sonuncuya sol çənə şaxəsi nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə sol yanağın iç səthinin əzilmiş yarası kimi sağlımlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə və onun bu hərəkətinə görə barəsində şikayət edəcəyini bildirərək polisə zəng vurmaq üçün cibindən çıxardığı 120 manat dəyərində bir ədəd “Samsung Galaxy A20” markalı mobil telefon cihazını üzərindəki 5 manat dəyərində bir ədəd sim-kart ilə birlikdə Zərərçəkmiş şəxs əlindən dartıb alaraq və yerə çırpmaqla sındıraraq yararsız hala salıb ümumilikdə Zərərçəkmiş şəxs məxsus 125 manat dəyərində maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Narkoloji Mərkəzdə tanış olmuşdur, aralarında həmişə normal dostluq münasibətləri olub. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, Mirtofiq və digər dostları Şahid üçü birlikdə yol ilə gedərkən o, narkotik almaq üçün Mirtofiqdən borca pul istəmiş, Mirtofiq isə pulu olmadığını bildirərək ona pul verməkdən imtina etmişdir, həmin vaxt Mirtofiqlə aralarında əvvəl söz mübahisəsi düşmüş, sonra isə əlbəyaxa olmuşlar. Ceyhun isə araya girib onları ayırmağa başlamışdır. Həmin vaxt Mirtofiqə yumruqla zərbə vurmuşdur. Mirtofiq əsəbləşərək cibindən telefonunu çıxararaq «102» Xidmətinə zəng vurub şikayət etmək İstəmiş, o da Mirtofiqin bu hərəkətindən əsəbləşərək əl atıb Mirtofiqin əlindəki telefon cihazını alıb yerə çırparaq sındırmışdır. Mirtofiq bundan daha da əsəbləşmiş, sınmış telefonunu yerdən qaldırıb sübut kimi polisə təqdim edəcəyini bildirmişdir. Ceyhun Mirtofiqdən xahiş etmişdir ki, sakit olsun, onun telefonunu necə sındırıbsa, eləcə də düzəltdirəcək və ya əvəzinə yenisini alacaq. O, bir qədər sakitləşdikdən və səhvini dərk etdikdən sonra özü də Mirtofiqdən üzrxahlıq edərək söz vermişdir ki, telefonunu axşamacan düzəltdirib çatdıracaq. Beləcə, onlar həmin vaxt barışaraq razılaşmışlar və ayrılaraq hərəsi öz evlərinə getmişlər. Baş vermiş hadisədə Şahid ümumiyyətlə heç bir təqsiri yoxdur, Ceyhun hadisə vaxtı Mirtofiqə qarşı heç bir qanunsuzluq etməmişdir, Ceyhun yalnız onları ayırmağa və sakitləşdirməyə çalışırmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün təxminən 10 aydır ki, gündəlik olaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinə dərmanlarını qəbul etmək üçün gedib- gəlir. Orada özü kimi narkotik asılılığından müalicə alan Təqsirləndirilən şəxs və Şahid ilə tanış olmuş, aralarında münasibət yaranmışdır, dostluq edirlərmiş. Onlarla birlikdə dərmanlarını qəbul edib piyada yola tərəf hərəkət edən zaman, İsmayıl pula ehtiyacının olduğunu bildirərək ona borca pul verməyini xahiş etmiş, o, pulu olmadığını bildirib İsmayıla rədd cavabı verdikdə isə onu acılamış, aralarında söz mübahisəsi yaranmış, İsmayıl ünvanına söyüş söydüyü üçün əlbəyaxa olmuşlar, yanlarında olan Şahid isə araya girərək onları aralaşdırmağa başlamışdır. Həmin vaxt fürsət tapan İsmayıl onun sifətinə yumruqla zərbə vurmuşdur. O, İsmayıla onu vurduğuna görə barəsində şikayət edəcəyini bildirərək cibindən özünə məxsus “Samsung Galaxy A20” markalı mobil telefon cihazını çıxarıb İsmayılı qorxutmaq üçün guya “102” Xidmətinə zəng vurmaq görüntüsü yaratdıqda isə İsmayıl qəfildən əl atıb telefonunu əlindən almış, yerə çırparaq sındırmışdır. O, telefonunu yerdən qaldırıb yararsız hala düşdüyünü gördükdə daha da əsəbləşmiş, İsmayıla bildirmişdir ki, barəsində polisə şikayət edəcək, sınmış telefonunu da sübut kimi təqdim edəcək. Şikayət edəcəyindən qorxan İsmayılın özü də ondan xahiş etməyə başlamışdır ki, onu bağışlasın, heç yerə şikayət etməsin, onu tovlamağa başlamışdır ki, sındırdığı telefon cihazını aparıb düzəltdirərək axşam evinə gətirib saz vəziyyətdə özünə qaytaracaq. O da onların çox yalvarışlarından sonra bir qədər sakitləşmişdir. Beləcə razılaşdıqdan sonra onlardan ayrılıb çıxıb evə getmişdir. Evdə anası sifətindəki xəsarət izlərini görüb nə baş verdiyi ilə maraqlanmış, o da baş verənləri anasına danışmışdır. Anası Gülüzar da əsəbləşərək zəng vurub hadisə barədə DİN-in “102” Xidmətinə məlumat vermişdir. Hadisə oradakı avtomagistralın kənarında, piyadaların və vətəndaşların gediş-gəlişi çox olan hissəsində baş vermişdir, təxminən 10-15 dəqiqə davam etmişdir, lakin kənardan hadisəyə heç kim müdaxilə etməmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 125 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə Narkoloji Mərkəzdə tanış olmuşdur, aralarında həmişə normal dostluq münasibətləri olub. Mirtofiqə qarşı heç bir zorakılıq göstərməyib, əksinə Mirtofiqin digər ümumi tanışları olan Təqsirləndirilən şəxs ilə dalaşmalarına imkan verməyib. Belə ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında onlar üçü birlikdə yol ilə gedərkən İsmayıl narkotik almaq üçün Mirtofiqdən borca pul istəmiş, Mirtofiq isə pulu olmadığını bildirərək İsmayıla pul verməkdən imtina etmiş, həmin vaxt aralarında əvvəl söz mübahisəsi düşmüş, sonra isə əlbəyaxa olmuşlar. O, aralarına girib onları ayırmağa çalışsa da İsmayıl fürsət tapıb qəfildən əl ataraq Mirtofiqin sifətindən zərbə vurmuş, zərbənin təsirindən Mirtofiq yerə yıxılmışdır. Həmin vaxt Mirtofiq əsəbləşərək cibindən telefonunu çıxararaq «102» Xidmətinə zəng vurub şikayət etmək istəmiş, o isə Mirtofiqdən xahiş etmişdir ki, şikayət etməsin, ayıbdır, üçü də durduq yerdə problemə düşməsinlər. Lakin Mirtofiq onun xahişlərinə məhəl qoymaraq zəng vuracağını bildirmiş, bunu eşidən İsmayıl qəfildən arxasından çıxaraq əl atıb Mirtofiqin əlindəki telefon cihazını dartıb əlindən qaparaq yerə çırpıb sındırmışdır. Mirtofiq bundan daha da əsəbləşmiş, sınmış telefonunu yerdən qaldırıb sübut kimi polisə təqdim edəcəyini bildirmişdir. O, bu hərəkətinə görə İsmayılı həmin vaxt bərk danlamış, Mirtofiqdən isə xahiş etmişdir ki, sakit olsun, İsmayıl onun telefonunu necə sındırıbsa, eləcə də düzəltdirər və ya əvəzinə yenisini alar. Onun danlaqlarından sakitləşən və səhvini dərk edən ismayılın özü də Mirtofiqdən üzrxahlıq edərək söz vermişdir ki, telefonunu axşamacan düzəltdirib çatdıracaq. Beləcə, onlar həmin vaxt barışaraq razılaşmışlar və ayrılaraq hərəsi öz evinə getmişlər. Hadisə vaxtı o, Mirtofiqi vurmayıb, həmin vaxt dalaşmasınlar deyə, o, Mirtofiq ilə İsmayılı yalnız bir birindən ayırmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neft Buruqlarına gedilən yolda S.İ.Ağayev küçəsinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur ( i.v.9-11); Məhkəmə-tibbi ekspertizasının 01 aprel 2024-cü il tarixli, 682 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə şaxəsi nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə sol yanağın iç səthinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v.14-15); 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən 221.2.1-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir (i.v. 31). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 18:45-dən tutulmuşdur(i.v. 62). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v.70); 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən 181.2.1-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir.(i.v.78). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir (i.v.80-81); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-568/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır(i.v.122-125). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs RF-nın Kursk şəhərinin Lenin rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə RF-nın 158-ci maddəsinin 2-ci hissəsinin B, V bəndləri, 30-cu maddəsinin 3- cü hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin B bəndi və 69-cu maddəsinin 2-ci hissəsi iiə (oğurluq) təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, RF-nın Dövlət Dumasının xx.xx.2015-ci il tarixli Amnistiya haqqında qərarının 5-ci bəndinə əsasən cəzadan azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.136-137); Maddi ziyanın ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X1 tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 200 manat məbləğində pul təqdim edilmişdir(i.v. 145). Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, heç bir iddia tələbi yoxdur, Təqsirləndirilən şəxs bağışlayır(i.v.146). 28 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilkin ifadələrindən fərqli məzmunda ifadə vermişdirlər (i.v.155-161); 28 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs və Şahid fərqli ifadələr verməklə bir-birlərini qarşı dediklərini təsdiq etmişlər(i.v 162-168). 11 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri həbslə bağlı olmayan başqa qətimkan tədbiri ilə əvəz olunmuş, onun barəsində CM-nin 181.2.1, 221.2.1, 221.2.2 və 234-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir(i.v.180-189). 11 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.191-192). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 11 dekabr 2024cü il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.210-212); Şəxsiyyət vəsiqəsi və şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var(i.v. 147-148). Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X3 küçəsi 71 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığındakı yolun kənarında küçənin gediş-gəliş çox olan hissəsi olduğu üçün ictimai yer hesab olunan yerdə tanışı Zərərçəkmiş şəxs birlikdə narkotik vasitə əldə edib qəbul etmələri üçün borca pul istəmiş, sonuncunun üzərində pulunun olmadığını bildirməklə ona rədd cavabını verməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq gücünü nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarını kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyməklə üzərinə hücum çəkib sifət nahiyəsindən yumruq zərbəsi vuraraq sonuncuya sol çənə şaxəsi nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə sol yanağın iç səthinin əzilmiş yarası kimi sağlımlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə və onun bu hərəkətinə görə barəsində şikayət edəcəyini bildirərək polisə zəng vurmaq üçün cibindən çıxardığı 120 manat dəyərində bir ədəd “Samsung Galaxy A20” markalı mobil telefon cihazını üzərindəki 5 manat dəyərində bir ədəd sim-kart ilə birlikdə Zərərçəkmiş şəxs əlindən dartıb alaraq və yerə çırpmaqla sındıraraq yararsız hala salıb ümumilikdə Zərərçəkmiş şəxs məxsus 125 manat dəyərində maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), himayəsində azyaşlı uşağın olması(59.1.4), əməlindən səmimi peşman olmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət Məcəlləsinin 221.1-ci maddənin sanksiyasında dörd növ cəza: -cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 11 sentyabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03(üç) ay müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar