Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-161/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində qanunsuz olaraq xeyli miqdarda, yəni 5 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya edərək həmin bitkilərin yarpaqlarını dərib qurutmaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından qurudulmuş vəziyyətdə ümumi təmiz çəkisi 50,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı evinin pəncərəsinin qarşısında saxlamış, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 42-ci PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanın yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən yaşayış evinin qarşısında olan həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 355,0 qram olan 05 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirilərkən yaşayış evinin pəncərəsinin qarşısından isə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından qurudulmuş 50,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı evin qarşısında yerləşən həyətyanı sahədə güllərin arasında çətənə bitkisi kollarının bitdiyini görərək onların yaxşı inkişaf etməsi kollara su verərək qulluq etmiş, bitki kolları inkişaf etdikcə şəxsi istifadəsi üçün bitki kollarının yarpaqlarını dərərək qurutmaq məqsədi ilə evin günəş işığı düşən pəncərəsinin qarşısına yığmışdır. 28 iyul 2022-ci il tarixdə, yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanının qarşısında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu RPİ-nin 42-ci PB-nin polis əməkdaşları olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, polis bölməsinin inzibati binasında o, Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.1 və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Ona yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin əkilməsi bağlı onlara məlumat daxil olduğu, məlumatın yoxlanılması məqsədi ilə həyətyanı sahəyə baxış keçirilməsi zərurəti yarandığını bildirmişdir. O, baxışın keçirilməsinə etirazı olmadığını bildirərək buna dair ərizə təqdim etmiş, baxış zamanı, müdafiəçinin iştirakına zərurət olmadığını bildirmişdir. Bundan sonra, o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana yollanmış, polis əməkdaşları tərəfindən dəvət olunmuş aqranomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ondan yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-əkmədiyi soruşulmuş, əkdiyi halda yerini könüllü şəkildə göstərməyi təklif edilmişdir. Bundan sonra o, evinin həyətyanı sahəsində güllərin arasında əkdiyi çətənə bitkisinin kollarını polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun yaşadığı fərdi evə də baxış keçirilmiş, baxış zamanı yaşayış evinin pəncərəsinin qarşısından çətənə bitkisinin qurudulmuş yarpaqları aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş çətənə bitkisi kollarının sayı 3 olmasına baxmayaraq polis əməkdaşları bir kolun budaqlarını da müstəqil kol kimi nəzərə alıb beş kol kimi sənədləşdirmişlər. Polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi və oradan əkilmiş çətənə bitkilərinin aşkar olunub götürülməsinə dair protokol tərtib olunaraq baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisini əkməsi və onlara qulluq etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və Sabunçu RPİ 42-ci PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi evin qarşısında gedilmişdir. Qeyd olunan ünvana çatdıqdan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında ona yaxınlaşıb özlərini təqdim edib Sabunçu RPİ-nin 42-ci PBnin polis əməkdaşları olduqlarını bildirərək özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra, barəsində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsinə dair məlumat daxil olduğu üçün Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmiş, polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.1 və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Ona yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin əkilməsi bağlı onlara məlumat daxil olduğu, məlumatın yoxlanılması məqsədi ilə həyətyanı sahəyə baxış keçirilməsi zərurəti yarandığını bildirilmiş, Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazı olmadığını bildirərək buna dair ərizə təqdim etmiş, baxış zamanı, müdafiəçinin iştirakına zərurət olmadığını bildirmişdir. Bundan sonra birlikdə yaşadığı ünvana yollanılmış, daha sonra polis əməkdaşları tərəfindən alim-aqronom mütəxəssisin iştirakı ilə ondan fərdi evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ondan yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-əkmədiyi soruşulmuş, əkdiyi halda yerini könüllü şəkildə göstərməyi təklif etmişlər. Bundan sonra o, evinin qarşısındakı həyətyanı sahəsinin güllər əkilmiş sahəsində 05 ədəd çətənə bitkisi əkməsini göstərərək həmin bitkiləri gələcəkdə istifadə etməsi üçün əkərək qulluq etdiyini bildirmişdir. Həmin bitkilərin yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, alaq otlarından təmizləndiyini, suvarıldığını və diblərinin götürüldüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə şəxsi baxış keçirilmiş, baxış zamanı yaşayış evinin həyətə baxan pəncərəsinin önündə çətənə bitkisinin qurudulmuş yarpaqları aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün tərəflərindən polietilen torbalara yığılaraq möhürlənərək götürülmüş, buna dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 28 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən, evin həyətyanı sahəsində güllərin arasında əkilmiş 05 ədəd bitki kolları, həmin evin pəncərəsinin qarşısında bitki kollarının dərilmiş yarpaqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 42-ci vərəqəsində olan 28 iyul 2022-ci il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən həyətyanı sahəyə tərəfindən aqronomik baxış keçirilərkən həyətyanı sahədə yetişdirilmiş bəzək bitkiləri arasında əkilməsi və becərilməsi qadağan olunan 60-100 sm hündürlükdə 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Bu bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır. Həmin bitkilər polis əməkdaşları tərəfindən çıxarılaraq paketə qoyulub möhürlənmişdir. Eyni zamanda yaşayış evinin pəncərəsi önündə çətənə bitkisinin yarpaq hissələri yığılıb qurudulmaq üçün sərilmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 56-57-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 7/843 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli kağız paketdə təmiz çəkisi 50,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd qara rəngli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi 355,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata sərf edildikdən sonra çətənə bitkisinin qalıq çəkisi 354.75 qram, marixuananın qalıq çəkisi 49.95 qramdır. Cinayət işinin 86-cı vərəqəsində olan AZ-T seriyalı, 201168 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı övladı var. Cinayət işinin 92-94-cü vərəqələrində olan 30 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-96-cı vərəqələrində olan 30 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 116-117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 15 sentyabr 2022-ci il tarixli, 5222 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 118-126-cı vərəqəsində olan 21 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 354.75 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 49.95 qram olan marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 102-103-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 28 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 354.75 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 49.95 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 354.75 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 49.95 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-161/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-161/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver