Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-163/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq bağlar massivi, Nəriman Əliyev küçəsi döngə 16, fərdi nömrəsiz bağ evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə, saat 20 radələrində işlədiyi "xxxx" MMC-yə məxsus BMC markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən dayanacaqdan hərəkətə başlamaq istəyərkən avtobusa daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs qapını gec açmasına bildirdiyi iradı qəbul etməyərək bunu cüzi səbəb kimi bəhanə edib avtobusdakı sərnişinlərin gözü qarşısında uca səslə nalayiq ifadələr işlədib mübahisə yaradaraq ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoyub cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan hərəkətlər edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq sonuncuya alt dodaq nahiyəsinin qançırı və əzilmiş yarası, alın nahiyəsinin sıyrığı, sağ qulaq önü və boyun nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid xəsarətlər yetirib şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 6 ildir ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. 27 may 2024-cü il tarixdə günorta saatlarında o, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 nömrəli avtobusu sürmək üçün işə başlamış, onun işi günorta saat 13 radələrindən axşam saat 23:00-dək olmuşdur. O, idarə etdiyi avtobusla həmin gün saat 20:20-də Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsində yerləşən avtobus dayanacağına gəlmiş, həmin vaxt orada ev yanğını hadisəsi də baş vermişdir. O, avtobus dayanacağından tərpənərək üzü Bilgəh qəsəbəsi istiqamətinə idarə etdiyi avtobusu hərəkətə gətirən zaman ev yanğını olduğu üçün həmin yolda sıxlıq baş vermiş, bu səbəbdən də o, idarə etdiyi avtobusla yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bu zaman sonradan adını bildiyi Natiq adlı şəxs yolun solundan qaçaraq sağ tərəfə keçmiş, avtobusun qabaq qapısına şillə və təpik zərbələri vuraraq avtobusu saxlamağı ondan tələb etmişdir. O, da bu səbəbdən avtobusu saxlamış, qapını açmış, bu zaman Natiq ona nalayiq ifadələr işlədərək “avtobusu niyə saxlamırsan”, “atanın avtobusudu?” demiş, o isə Natiqə “mən avtobusu dayanacaqdan kənarda saxlaya bilmərəm” ifadəsini işlətmiş, həmçinin,, yol sol tərəfində olduğu üçün sonuncunu görmədiyini bildirmişdir. Natiq avtobusa mindikdən sonra onun idarə etdiyi avtobusun arakəsmə şüşəsinə sillə və yumruq zərbələri vuraraq ona “səni cıraram, səni boğaram” ifadəsini işlətmişdir. Bu zaman o, avtobusda olan sürücü oturacağı ilə arakəsmə qapısını açmış və Natiqdən avtobusdan düşməyi tələb etmişdir. Onun Natiqdən avtobusdan düşməsini tələb etməsinin səbəbini isə Natiqin ona mane olması və avtobusu normal şəkildə idarə etməsinə imkan verməməsi olmuşdur. Bunda sonra avtobusda olan sərnişinlərlə bir yerdə Natiqi qolundan tutaraq avtobusdan düşürmüşlər. O, ümumiyyətlə Natiqə heç bir xəsarət yetirməmişdir. Natiq özü də onun ayaq nahiyyəsindən yapışaraq avtobusdan düşmək istəməmişdir. O isə ümumiyyətlə avtobusdan yerə düşməmiş və Natiqə nə avtobusda, nə də avtobusdan kənarda heç bir xəsarət yetirməmişdir. İşin ibtidai araşdırılması zamanı "xxxx" MMC-yə hadisənin baş vermə saatlarına uyğun olmayan vaxt aralığına aid video görüntülərin əldə edilməsinə dair sorğu verilmiş və həmin sorğuya "xxxx" MMC tərəfindən disk təqdim edilməklə cavab verilmiş, ona ibtidai istintaq dövründə heç bir video görüntü göstərilməmişdir. Hadisənin baş vermə saatlarına uyğun olan vaxt aralığına dair ikinci sorğu isə verilməmişdir. Bundan əlavə, həmin vaxt ətrafda yanğın olduğu səbəbindən orada yolu tənzimləyən polis işçiləri də hadisə yerində olmuşdur. Əgər deyildiyi kimi, o, Natiqə xəsarət yetirmiş olsa idi, həmin polis əməkdaşları yerindəcə ona müdaxilə edərdilər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, sürücü kabinəsində olmuş, lakin Natiq həmin kabinənin şüşəsini yumruqlamış, avtobusda etik norma və qaydalara riayət etmədiyi üçün məcbur olaraq sürücü kabinəsindən çıxmış və Natiqin bir qolundan sərnişinlər, digər qolundan isə o, tutaraq Natiqi avtobusdan çölə çıxarmışlar. Bu zaman Natiq ona və sərnişinlərə müqavimət göstərərək avtobusdan düşmək istəməsə də, o, özünü təmkinli apararaq Natiqi vurmamış, sonuncuya hər hansı xəsarət yetirməmişdir. Avtobusda baş verən hadisəni dəqiq olduğu kimi xatırlayır. Tərəfindən Natiqə qarşı zor tətbiq edilməmiş, sonuncunun xəsarət almasına səbəb ola biləcək davranış sərgiləməmiş, ümumiyyətlə o, avtobusdan yerə düşməmişdir. Hadisə baş verən gün ərazidə yanğın hadisəsi olduğu üçün ərazidə çox sayda polis əməkdaşları olmuş və həmin polis əməkdaşları hadisə baş verən zaman avtobusun yanında olmuşlar, ona bu barədə hər hansı irad bildirilməmiş, avtobusun hərəkətini davam etdirməsi xahiş olunmuşdur. Natiqin həmin xəsarətləri necə alması barədə məlumatı olmamışdır. Natiq avtobusda hər hansı şəxslə mübahisə etməmiş, sadəcə olaraq sərnişinlər Natiqin hərəkətlərindən narahat olduqları üçün onunla birlikdə Natiqi avtobusdan düşürtmüşlər. Bu zaman Natiqə o, və ya hər hansı başqa şəxs xəsarət yetirməmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmişə qarşı heç bir cinayət törətmədiyini və Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 may 2024-cü il tarixdə işdən çıxıb Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Baku store” mağazasına getmiş və oğlu Təvəkkülün doğum günü olduğu üçün həmin mağazadan 1 ədəd tort almışdır ki, evinə gedərək oğlunun ad gününü qeyd etsin. O, mağazadan çıxdıqdan sonra yolu keçərək H.Əliyev parkına tərəf gedən H.Heybətov küçəsində yerləşən avtobus dayanacağına gəlmiş, həmin vaxt orada ev yanğını hadisəsi də baş vermişdir. O, avtobus dayanacağında dayanaraq avtobus gözləmiş, həmin gün saat 20:20-də üzü Bilgəh istiqamətinə tərəf gələn "xxxx"a məxsus 172 saylı üzərində 15766 nömrəsi yazılan avtobus dayanacaqda saxlamayaraq, irəlidə saxlamış və qapını açmamışdır. Bu zaman o, həmin avtobusun qabaq qapısına yaxınlaşaraq qapını əli ilə döyərək sürücüyə qapını açmağı bildirmiş, lakin sürücü qapını açmamışdır. O, təkrarən 2-ci dəfə qapını döydükdən sonra həmin sürücü qapını açmış və o, avtobusun içərisinə daxil olan zaman sürücü tez qapını bağlamış, bu zaman avtobusun qapısı ona dəyərək sıxmış, o da tez özünü avtobusun içərisinə atmışdır. Bundan sonra o, həmin sürücüyə “bu avtobus xalqın avtobusudu, sənin atandan sənə miras qalmayıb demiş və üstünə qışqırmışdır”. Bundan sonra həmin sürücü avtobusda olan arakəsməni açaraq onun üzərinə hücum çəkmiş, əl və ayaq zərbələri ilə onun sifət nahiyəsinə vuraq, qulağını və boynunu cırmaqlamış, onu nalayiq ifadələr ilə söyərək təhqir etmişdir. O, bu zaman bir əli ilə tortu tutaraq, digər əliylə isə sifətinə zərbə dəyməməsi üçün özünü qorumuşdur. Bundan sonra sürücü onu təpiklə itələyə-itələyə avtobusdan yerə düşürmüş, yerdə də sürücü öz hərəkətlərinə davam etmiş, onu nalayiq ifadələr ilə təhqir edərək, onu vurmuşdur. Daha sonra isə ətrafda olan tanımadığı şəxslər onları aralamış, sonra həmin sürücü avtobusa əyləşərək oradan uzaqlaşmışdır. Ətrafda baş verən yanğın hadisəsi ilə bağlı orada polis əməkdaşları olduğundan o, həmin polis əməkaşlarına yaxınlaşmış və xahiş etmişdir ki, onu polis şöbəsinə aparsınlar, polis əməkaşları isə onu polis şöbəsinə apara bilməyəcəklərini bildirmişlər. Bundan sonra o, dərhal 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermiş və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gedərək ərizə və izahat yazmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, sürücüyə qışqırsa da, lakin sürücünü vurmamışdır. Sürücü arakəsməni açaraq bir başa onun üzərinə hücum etmiş və ona xəsarətlər yetirmiş, daha sonra isə sürücü onu yumruq və təpiklə vuraraq avtobusdan çölə çıxarmış, yerdə də öz hərəkətlərini davam etdirmişdir. Sürücü onu təpiklə vurub avtobusan düşürtmüş, lakin bu zaman o, yıxılmamışdır. O, polis şöbəsində şikayət ərizəsi yazdıqdan sonra yaşadığı evə getmiş və oğlunun ad gününü təbrik etmişdir. Bu zaman oğlu tortun hansı səbəbdən əzildiyini soruşduqda, o oğluna baş vermiş hadisə barədə danışmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Ukrayna Respublikasının vətəndaşıdır və 2020-ci ildən Azərbaycan Respublikasında yaşamağa gəlmişdir. O, hər il doğum gününü 27 mayda qeyd etmişdir. Həmin gün axşam saatlarında atası Natiq evə gələrək onun doğum gününü təbrik etmiş və ona tort hədiyyə etmişdir. Lakin atası evə girəndə əsəbi olduğunu və ona aldığı tortun əzilmiş formada olduğunu görmüşdür. O, atasından əsəbi olduğunun səbəbini soruşduqda atası ona avtobus sürücüsü ilə dalaşdığını, avtobus sürücüsünün onu söyüb təhqir etdiyini və ona xəsarət yetirdiyini, bu səbəbdən də Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinə gedərək ərizə yazdığını demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə baş verən zaman orada olmamış, sadəcə olaraq atası evə gələndə atasının danışdıqlarından bilmişdir ki, avtobus sürücüsü atasını döymuşdur. Atası evə daxil olan zaman aldığı tortun bir hissəsinin əzildiyini və atasının üzündə zərbə izləri, boynunun arxasında və dodağının altında cızıq izləri olduğunu görmüşdür. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsidir. Hadisə, qeyd olunan ünvanda yerləşən “Baku Store” ticarət mərkəzinin yanındakı avtobus dayanacağında baş vermişdir. Cinayət işinin 14-cü vərəqində olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı Nizami Hüseynov tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs "xxxx" MMC-yə məxsus 172 № 15766 № avtobusda döyülməsi faktı ilə əlaqədar olaraq 172 № 15766 № avtobusun sürücüsünün kimliyi barədə və avtobusda quraşdırılmış müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə saat 19:50-dən 22:00-dək qeydiyyata alınmış video görüntülərini diskə köçürdüb onlara göndərməsinə göstəriş verilməsini xahiş etmişdir. Cinayət işinin 15-ci vərəqində olan "xxxx" MMC-nin Bakı şəhəri Sabunçu RPİ-nin 14cü PŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, “13-18/2-919/2024 nömrəli cavab məktubundan görünür ki, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dair müvafiq videogörüntü və nəqliyyat vasitəsini idarə etmiş sürücünün anket məlumatları Sizə təqdim edilir.”. Təqsirləndirilən şəxs, mobil nömrə: ***-***-**-**; Qoşma DVD – 1 ədəd. Cinayət işinin 17-18-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2024-cü il tarixli, 1244 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs alt dodaq nahiyəsinin qançırı və əzilmiş yarası, alın nahiyəsinin sıyrığı, sağ qulaqönü və boyun nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 45-ci vərəqində olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 92-ci vərəqində olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 adlı azyaşlı övladı vardır. Cinayət işinin 108-ci vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin Marşrut xətlərinin idarəolunması şöbəsində avtobus sürücüsü vəzifəsi üzrə əmək müqaviləsi əsasında işə başlamışdır. "xxxx" MMC-də işlədiyi müddət ərzində vəzifəsində özünü təvazökar, məsuliyyətli, üzərinə düşən vəzifə və səlahiyyətlərini vicdanla yerinə yetirən işçi kimi göstərmişdir. Öz funksional vəzifələrini tam və vaxtında yerinə yetirmiş, işlədiyi mühitdə nümunəvi işçi kimi iş bacarığını dolğun bir şəkildə nümayiş etdirmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 28 fevral 2025-ci il tarixli, 13-18/2-399/2025 nömrəli məktubundan görünür ki, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun 27 may 2024-cü il tarixə aid müvafiq videogörüntüsünü, avtobusda quraşdırılmış “Digital video recorder”də yerləşən “hard disk drive”da görüntülərin yazılma prosesi avtomatik rejimdə yeniləndiyi üçün saxlanma müddəti bitdiyindən təqdim etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi X1 Xidmətinin 18 mart 2025-ci il tarixli, 3/2- 6248/25 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyil. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 27 may 2024-cü il tarixdə, saat 20 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəblərini, baş vermə yerini, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mübahisə 27 may 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Baku Store” ticarət mərkəzinin yaxınlığında dayanacaqdan bir qədər kənarda "xxxx" MMC-yə məxsus BMC markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 saylı marşrut xəttində fəaliyyət göstərən 15766 seriyalı ictimai nəqliyyatda ilkin olaraq zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə sərt şəkildə irad bildirməsi, yəni “bu avtobus xalqın avtobusudu, sənin atandan sənə miras qalmayıb” ifadəsini işlətməsi ilə başlamışdır. (bu halı məhz zərərçəkmiş özü təsdiqləyir) Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 27 may 2024-cü il tarixdə saat 20 radələrində zərərçəkən şəxsin təşəbbüsü ilə başlayan mübahisə nəticəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ümumi istifadədə olan ictimai nəqliyyat vasitəsindən kənarlaşdırması xuliqanlıq hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “bu avtobus xalqın avtobusudu, sənin atandan sənə miras qalmayıb” ifadəsini işlətməsi, bu səbəbdən də, Təqsirləndirilən şəxs sürücü kabinindən çıxaraq Zərərçəkmiş şəxs qolundan tutmaqla, sonuncunu ictimai nəqliyyatdan düşürməsi, Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasına qarşı deyil, etik norma və qaydaları pozan zərərçəkmiş şəxsə yönəldiyindən onun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Baku Store” ticarət mərkəzinin yaxınlığında dayanacaqdan bir qədər kənarda "xxxx" MMC-yə məxsus BMC markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 saylı marşrut xəttində fəaliyyət göstərən 15766 seriyalı ümumi istifadədə olan ictimai nəqliyyat vasitəsində xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri etməsi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə qeyd edir ki, ittiham tərəfinin bütün sübutları (şahid ifadəsi, “hadisə yerinə baxış haqqında” protokol, ekspertizanın rəyi) Təqsirləndirilən şəxs tərəfindən 27 may 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Baku Store” ticarət mərkəzinin yaxınlığında dayanacaqdan bir qədər kənarda "xxxx" MMC-yə məxsus BMC markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 saylı marşrut xəttində fəaliyyət göstərən 15766 seriyalı ümumi istifadədə olan ictimai nəqliyyat vasitəsində xuliqanlıq hərəkətləri etməsini sübut etməməklə bərabər, onun xuliqanlıq hərəkətləri etməsi mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla məhkəmə qeyd edir ki, ittiham tərəfindən təqdim edilmiş sübutlar həm birbirilə, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutlarla uyğunsuzluq təşkil edir və işin əhəmiyyət kəsb edən hallarını müəyyən etməyə imkan vermir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilir ki, “xx.xx.2024-cü ildə Maştağa qəsəbəsi, H.Heybətov küçəsində 172 nömrəli avtobusun sürücüsü onunla mübahisə edərək onu döymüşdür ”(i.v.5). Belə ki, ittiham tərəfi Zərərçəkmiş şəxs ərizəsini sübut növü kimi qəbul etməklə həmin ərizəni Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən hal kimi qiymətləndirir. Lakin, zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin barəsində ifadə verdiyi şəxsə qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs suallara bir-biri ilə ziddiyət təşkil edən cavablar vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində sürücünün onun əlində olan torta təpik zərbəsi vuraraq tortu yararsız vəziyyətə saldığını qeyd etsə də, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə sürücü ona hücum edərkən bir əli ilə tortu tutaraq, digər əliylə isə sifətinə zərbə dəyməməsi üçün özünü qoruduğunu, şikayət yazdıqdan sonra həmin tort ilə evə gedərək oğlunun ad gününü təbrik etdiyini, tortun bir hissəsinin əzildiyini bildirmişdir. Yaranmış ziddiyyətlə bağlı məhkəmə ilk öncə qeyd edir ki, ifadələrin dəqiq təhlili ilə reallığa uyğun gəlməyən vəziyyət yaranır, belə ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əlində olan torta təpik vurulur, lakin həmin tort hansısa formada sonuncunun əlindən yerə düşməməklə yararsız hala düşür, sonradan isə Zərərçəkmiş şəxs həmin tortla evə gedərək oğlunun ad gününü təbrik edir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs onu ictimai nəqliyyat vasitəsində təpiklə vuraraq avtobusdan düşürtmüş, bu zaman o, yıxılmamış, daha sonra Təqsirləndirilən şəxs yerdə də öz hərəkətlərinə davam etmişdir. Bu məqamda məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs təpiklə vuraraq avtobusdan düşürtmüş olması və nəticədə sonuncunun yıxılmaması, ümumiyyətlə Zərərçəkmiş şəxs təpik zərbələrindən xəsarət almaması həqiqətə uyğun gəlmir. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs hadisəni olduğu kimi deyil, şişirdilmiş formada bildirmişdir ki, bununla da zərərçəkmiş şəxsin ifadəsi şübhə altına alınmaqla öz mötəbərliyini itirir. Beləliklə də görünür ki, zərərçəkmiş şəxsin ifadələri müəyyən hissələrdə bir-biri ilə ziddiyət təşkil edir. Həmçinin, məhkəmə iclasında dindirilən Şahid hadisənin necə baş verməsinin şahidi olmadığını, atasının evə tortla gəldiyini, tortun bir hissəsinin əzildiyini, bu zaman atasının sürücü tərəfindən döyüldüyünü bildirməsini göstərmişdir. Ona görə də Zərərçəkmiş şəxs və hadisə yerində olmayan oğlu Şahid ifadələri ittihamın əsasını təşkil edə bilməz və bu ifadələr digər sübutlarla təsdiq edilməyərək təkzib edilir. Bu məqamda məhkəmə qeyd edir ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmiş təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Bununla yanaşı, məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş üzləşdirmə protokoluna qiymət verərkən bildirir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı söylədiklərini qəbul etməmiş və onu vurmadığını demişdir. Üzləşdirmə protokolunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı dediklərini qəbul etmədiyindən, hadisənin baş verməsi üzləşdirmə protokolunda yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə öz əksini tapır. Bu səbəbdən də üzləşdirmə protokolu yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə ittiham orqanı tərəfindən sübut kimi qəbul edilmiş üzləşdirmə protokolu da sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəy yalnız rəydə sadalanan xəsarətlərin Zərərçəkmiş şəxs olmasını təsdiq edən sübut növü kimi götürülə bilər. Lakin həmin rəy qeyd olunan xəsarətlərin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini dəlalət etməməklə bərabər ittihamın əsasını təşkil edən mötəbər sübut növü kim qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2024-cü il tarixli, 1244 nömrəli rəyində təhqiqatçının “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilən müddətə və şəraitə uyğun gəlməsi göstərilsə də, ilk növbədə göstərilən şəraitin, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi hadisəsinin baş veribverməməsi aydınlaşdırılmalıdır. Çünki, “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur, əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən tibbi ekspert rəyi ittihamın əsasını təşkil edə bilər. Lakin, hazırkı ittiham üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt yetirilməsi, kim tərəfindən və hansı şəraitdə yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs həmin tarixdə və şəraitdə xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Bundan başqa iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Baku Store” ticarət mərkəzinin yanındakı avtobus dayanacağında baş verməsi qeyd olunsa da, təqsirlənirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mübahisə 27 may 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Baku Store” ticarət mərkəzinin yaxınlığında dayanacaqdan bir qədər kənarda "xxxx" MMC-yə məxsus BMC markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 saylı marşrut xəttində fəaliyyət göstərən 15766 seriyalı ictimai nəqliyyatda baş vermişdir. Bundan əlavə, məhkəmə xüsusilə qeyd edir ki, cinayət-prosessual qanunvericilik növündən və xarakterindən asılı olmayaraq bütün cinayət işləri üzrə mütləq sübuta yetirilməli olan halların dairəsini müəyyən edir (CPM-in 139-cu mad.). Cinayət hadisəsinin baş vermə faktı və hallarının (cinayətin törədilmə vaxtı, yeri, üsulu və digər halların) iş üzrə toplanmış mötəbər, şəxsin təqsirliliyi barədə qəti nəticəyə gəlməyə imkan verən sübutlarla müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin imperativ tələbidir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara (hadisə yerinin hadisə baş verdiyi vaxtda olan videogörüntüləri və hadisəni görmüş şahidlərin ifadələri) əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Belə ki, cinayət işinin materiallarından və verilmiş ittihamdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xuliqanlıq hərəkətlərinə yol verilməsinə dair ibtidai istintaq orqanında real faktlar əsasında əldə edilmiş mötəbər sübut mövcud olmamış, yalnız zərərçəkmiş şəxsin formal mülahizələri və sonuncunun xəsarətlərinin olmasına dair ekspert rəyi əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Halbuki, ibtidai araşdırma orqanı ilk öncə işin faktiki hallarını yəni, Zərərçəkmiş şəxs xəsarətlərin kim tərəfindən, necə, hansı formada və şəraitdə yetirilməsini araşdırmalı, mübahisənin baş verdiyi "xxxx" MMC-yə məxsus BMC markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı 172 saylı marşrut xəttində fəaliyyət göstərən ümumi istifadədə olan ictimai nəqliyyat vasitəsində olan kamera görüntülərinə, həmçinin, qeyd edilən ərazidə quraşdırılmış kamera görüntülərinə baxış keçirilməli, kamera görüntüləri yetərsiz olduğu halda zərərçəkmiş şəxsin xəsarətlərindən götürülmüş nümunələrin və Təqsirləndirilən şəxs götürülmüş nümunələr ilə uyğunluq təşkil edib-etməməsi, həmçinin Təqsirləndirilən şəxsda bamaqlarında və ya əlinin hər hansı hissəsində hər hansı xəsarət, iz olubolmaması barədə ekspertiza keçirilməsi barədə qərar qəbul etməli, hadisənin iştirakçısı olmuş və görmüş şəxslərin dairəsi müəyyənləşdirilməli, həmin gün orada olan digər şəxslər də iş üzrə şahid qismində dindirilməli, bununla da qeyd edilmiş hallarının baş verib-vermədiyi aydınlaşdırılmalı olduğu halda, bu edilməmiş və iş üzrə hadisənin şahidi olmamış zərərçəkmiş şəxsin oğlunun dindirilməsi ilə kifayətlənmişdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə, Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərə yol verərək xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Ona görə də məhkəmə hesab edir ki, cinayət işlərinə baxılması zamanı işin mühüm əhəmiyyətli faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək ibtidai istintaq orqanının əməlin hüquqi tövsifi üzrə nəticələrinin düzgünlüyü kifayət qədər yoxlanılmalı və son nəticədə maddi və prosessual normaların tələblərinə, onların təfsiri üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərinə uyğun olan məhkəmə qərarlarının çıxarılmasına nail olunmalıdır. Bundan irəli gələrək məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilir, ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, həmçinin zərərçəkmiş şəxs tərəfindən çıxış edən ailə üzvü olan oğlu ilə) məhdudlaşmışdır. İttiham tərəfinin təqdim etdiyi tək şahid konkret olaraq Şahid ifadəsindən görünür ki, o, hadisə yerində olmamışdır, hadisənin baş vermə mexanizmini görməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin şəxsin ifadəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsində istifadə oluna bilməz. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, ittihamı əsaslandıran arqument mövcud deyil. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, yəni onun vəziyyətini hər hansı formada ağırlaşdıran şəkildə qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəməyə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı Nizami Hüseynovun "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 13-18/2-919/2024 nömrəli cavab məktubunda **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dair müvafiq videogörüntünün polis şöbəsinə təqdim edilməsi (Qoşma: DVD – 1 ədəd) göstərilsə də, lakin, videogörüntü (DVD – 1 ədəd) cinayət işinin materiallarına əlavə edilməmişdir. Ümumiyyətlə videogörüntünün mövcudluğuna dair ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən cinayət mühakimə icraatının obyektivliyini təmin etmək məqsədi ilə baş verməsi ehtimal edilən hadisə gününə dair video görüntülərin məhkəməyə tədqim edilməsi barədə müvafiq orqanlara sorğular verilsə də, hadisədən uzun müddət keçməsi ilə əlaqədar videogörüntülərin olmaması əsası ilə müvafiq qurumlar ("xxxx" MMC və DİN-nin X1 Xidməti) tərəfindən məhkəməyə videgörüntülər təqdim olunmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qolundan tutmaqla ictimai nəqliyyat vasitəsindən kənarlaşdırsa belə, onun bu hərəkəti xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və sonuncunun ona qarşı etik norma və qaydalara uyğun olmayan tərzdə danışmasının, həmçinin onun işinə yaradılmış maneənin qarşısını alan hərəkətlər kimi təzahür etmişdir. Məhkəmə istintaqı zamanı əldə olunmuş mötəbər, əsaslı və təkzibedilməz sübutlar isə təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edir. Bununla da, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla uzlaşmadığı üçün həqiqətdən uzaq hesab edilməlidir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən həddə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. İşin mötəbər sübutlarla tam şəkildə aydınlaşdırılmayan, şübhəli olan məqamlarına əsaslanaraq ittihamedici hökm çıxarıla bilməz. Belə olan halda, Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən hər hansı əsaslı və mötəbər sübut olmadığı üçün, ittiham aktında göstərilən əməlin törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, ekspert rəyinin özlüyündə məhz təqsirləndirilən şəxs tərəfindən xəsarətlərin yetirilməsi istiqamətdə sübutedici əhəmiyyət kəsb etməməsini, xəsarətlərin məhz zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsinin ekspertiza zamanı müəyyən edilməməsini və yuxarıda göstərilən digər xüsusatları nəzərə alaraq hesab edir ki, xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər; 28.1 və 28.2-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) iş saatına görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 28 (iyirmi səkkiz) iş saatına görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(008)-163/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-163/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver