Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-164/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü işgüzar, işə düzəldə bilən şəxs kimi qələmə verib, vəzifəli şəxslərlə yaxın əlaqəsi olduğunu bildirməklə etibarını qazanıb, heç bir səlahiyyəti olmadığı halda onu 2500 manat pul müqabilində “BP” şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyini vəd edib aldadaraq bu üsulla xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında 300 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb, bununla kifayətlənməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə yönəlmiş dələduzluq hərəkətlərini inadla davam etdirib, ələ keçirmək niyyətində olduğu pulun qalan hissəsini də almaqdan ötrü özünə daha da inam yaratmaq və süni yaratdığı etibarı bərkitmək üçün xx.xx.2024-cü il tarixdə saat 11 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, H.Ərəblinski küçəsində yerləşən 16 saylı notariat ofisində onunla arasında guya borc müqaviləsi bağlatdıraraq həmin tarixdə və ünvanda 2200 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb, ümumilikdə 2500 manat məbləğində pulu vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 2500 manat məbləğində maddi zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü işgüzar, işə düzəldə bilən şəxs kimi qələmə verib, vəzifəli şəxslərlə yaxın əlaqəsi olduğunu bildirməklə etibarını qazanıb, heç bir səlahiyyəti olmadığı halda onu 2000 manat pul müqabilində “BP" şirkətinə fəhlə vəzifəsinə işə düzəldəcəyini vəd edib aldadaraq özünə daha da inam yaratmaq və süni yaratdığı etibarı bərkitmək üçün xx.xx.2024-cü il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, H.Ərəblinski küçəsində yerləşən 16 saylı notariat ofisində onunla arasında guya borc müqaviləsi bağlatdıraraq həmin tarixdə və ünvanda Zərərçəkmiş şəxs2 2000 manat nağd pul vəsaitini alıb keçirməklə Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi zərər vurub təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verilmiş ifadəsini təsdiq etdiyini, hazırda ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun kiçik qardaşıdır. Təqsirləndirilən şəxs təxminən 3 ay olar ki, tanıyır. Teymuru anası Lalənin bir nəfər tanışı olan "Həqiqət” adlı şəxsin vasitəsi ilə tanımışdır. “Həqiqət”in anası ilə münasibəti olduğu üçün onların işsiz olduğunu bilirmiş. Həqiqət anasınaa bildirmişdir ki, bir nəfər şəxs var, onun oğlunu da işə düzəldəcək, onu da işə düzəldə bilər. Daha sonra Həqiqət Teymurun mobil nömrəsini ona vermiş ki, zəng edib özü görüşsün. 2024-cü ilin avqust ayının ortalarında Teymurla zəngləşib görüşmüşdür. Teymur yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə özünü iş görən, işə düzəldən adam kimi təqdim edib, onu 3000 manata "BP” şirkətinə hər hansı avtomobilin sürücüsü vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. O isə 3000 manatının olmadığını, 2500 manat verə biləcəyini bildirmişdir. Teymur razı olmuş və o, ananın adına olan, lakin faktiki onun pulu ilə alınmış, ona məxsus Opel Astra markalı avtomobilini satmış və bundan bir neçə gün sonra ilk olaraq xx.xx.2024-cü il tarixdə X3 Polis şöbəsinin binasının qarşısında Teymura 300 manat pulu öz avtobilində vermişdir. Bu zaman yanlarında başqa şəxs yox olmamışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında isə Teymur onunla Bakıxanov qəsəbəsində yerləşən 16 saylı Notariat ofisində borc müqaviləsi bağlayaraq 2200 manat pulu ondan almışdır. Teymur bu müddətdə qardaşı Şahini də “BP” şirkətinə fəhlə işinə düzəldəcəyini bildirdiyi üçün onlar pullarının az olmasını, 2000 manat pul düzəldə biləcəklərini demişlər. Teymur 2000 manata razı olduğu üçün qardaşı Şahin özü dostları və qohumlarından borc alıb, 2000 manat pul düzəltmiş və özü Teymurla xx.xx.2024-cü il tarixdə 16 saylı Notariat ofisində borc müqaviləsi bağlayaraq 2000 manat pulu qardaşından almış və guya onu da işə düzəldəcəkmiş. Lakin bundan sonrakı müddətdə Teymur nə onları işə düzəltdi, nə də pullarını qaytardı. Beləliklə Teymur ona 2500 manat, qardaşına isə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda ona vurulmuş zərərin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun böyük qardaşıdır. Təqsirləndirilən şəxs təxminən 3 ay olar ki, tanıyır. Teymuru anası Lalənin bir nəfər tanışı olan Həqiqət adlı şəxsin vasitəsi ilə tanımışdır. Həqiqətin anası ilə münasibəti olduğu üçün onların işsiz olduqlarını bilirmiş. Həqiqət anasına bildirmişdir ki, bir nəfər şəxs var, onun oğlunu da işə düzəldəcək, qardaşı Sahili də buna görə işə düzəldə bilər. Daha sonra Həqiqət Teymurun mobil nömrəsini Sahilə veribmiş ki, zəng edib özü görüşsün. 2024-cü ilin avqust ayının ortalarında Sahil Teymurla zəngləşib görüşmüşdür. Teymur yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə özünü iş görən, işə düzəldən adam kimi təqdim edib, onu 3000 manat pula “BP” şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyini bildirmiş, lakin Sahil pulunun az olmasını dediyi üçün 2500 manat verə biləcəyini bildirmişdir. Teymur onunla razılaşmış və qardaşı anasının adına olan, lakin faktiki onun pulu ilə alınmış, ona məxsus Opel Astra markalı avtomobilini satmış və bundan sonra xx.xx.2024-cü il tarixdə X3 Polis şöbəsinin binasının qarşısında Teymura 300 manat pulu öz avtobilində vermiş, xx.xx.2024-cü il tarixdə isə Teymura Bakıxanov qəsəbəsində yerləşən 16 saylı Notariat ofisində borc müqaviləsi bağlayaraq 2200 manat qalan pulu vermişdir. Teymur bu müddətdə onu da “BP” şirkətinə adi fəhlə işinə düzəldəcəyini bildirdiyi üçün onlar pullarının az olmasını, 2000 manat pul düzəldə biləcəklərini demişlər. Teymur 2000 manata razı olduğu üçün o özü dostları və qohumlarından borc alıb, 2000 manat pul düzəltmiş və özü Teymurla xx.xx.2024-cü il tarixdə 16 saylı Notariat ofisində borc müqaviləsi bağlayaraq 2000 manat pulu ona vermişdir. Lakin bundan sonrakı müddətdə Teymur nə onları işlə düzəltmiş, nə də pullarını qaytarmışdır. Beləliklə Teymur ona 2000 manat, qardaşına isə 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda ona vurulmuş zərərin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pulu aldığı yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində yerləşən 16 saylı Notariat Kontorudur (i.v.7-8). 19 avqust 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında notarial qaydada borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2200 manat borc vermiş, borc alan borcu 19 sentyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür (i.v. 27). 04 sentyabr 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında notarial qaydada borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2000 manat borc vermiş, borc alan borcu 04 oktyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür (i.v. 28). “Sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, 19 avqust 2024-cü il və 04 sentyabr 2024-cü il tarixli 02 ədəd notarial qaydada bağlanmış borc müqavilələri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v.115-119). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Tutma haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə, saat 12:20-də tutulmuşdur (i.v.47). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli, 4(008)- 688/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.76-80). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək AR CMnin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.81-82). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 1(008)- 203/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.83-99). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 4(008)- 764/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 gün, 09 fevral 2025-ci il tarixədək uzadılmışdır (i.v.108-112). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- 19 avqust 2024-cü il və 04 sentyabr 2024-cü il tarixli 02 ədəd notarial qaydada bağlanmış borc müqavilələri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 19 avqust 2024-cü il və 04 sentyabr 2024-cü il tarixli 02 ədəd notarial qaydada bağlanmış borc müqavilələri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-164/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-164/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver