Məhkəmə qərarları › İş №1(008)-165/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-165/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-165/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bilgəh qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə 20 aprel 2023-cü il tarixdə, saat 07:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 1ci Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından aşmaqla həyətinə, oradan isə həyətdəki saxlanc yerinin içərisinə qanunsuz daxil olaraq orada saxlanılan, Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 300 manat olmaqla ümumi dəyəri 600 manat olan iki ədəd dəmir boruları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1.162 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanda yerləşən «Damla» şadlıq sarayının qarşısınadək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün 21 aprel 2023-cü il tarixdə, saat 21:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi 14-cü Polis Bölməsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində 1.162 qram təmiz çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə, səhər saat 07:00 radələrində Maştağa qəsəbəsi 1-ci Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olması sonradan, artıq polisdəki araşdırma zamanı ona məlum olmuş fərdi evin hasarından aşmaqla həyətinə oradan isə həyətdəki saxlanc yerinə daxil olaraq oradan iki ədəd dəmir boruları gizli olaraq talayıb həyətin darvazasından bayıra çıxarmaqla sürüyərək yola tərəf aparmışdır. Oradan isə zəng vurub çağırdığı tanış taksi sürücüsü Tərlan adlı şəxsin avtomobilinə yükləyərək qəsəbə ərazisindəki metal qəbulu məntəqəsinə aparıb özününki kimi təqdim etməklə 40 manata satmışdır. Əldə etdiyi həmin pulun 30 manatını özünə götürmüş, 10 manatını isə yükdaşıma xidmətindən istifadə etdiyi Tərlan adlı şəxsə vermişdir. 21 aprel 2023-cü il tarixdə isə səhər saatlarında Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, əvəllər də bir neçə dəfə narkotik vasitə aldığı, adını, ünvanını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxslə təsadüfən rastlaşaraq həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs də ondan 60 manat pul alaraq əvəzində cibindən çıxardığı bir ədəd içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olan sellofan bükümü verərək oradan uzaqlaşmışdır. Bükümü şalvarının cibinə qoyaraq yaşadığı evə getmiş, evdə bir hissəsini istifadə etmiş, qalan hissəsini isə cibində saxlayaraq üzərində gəzdirmişdir. Saat 21:30 radələrində yaşadığı qəsəbə ərazisindəki Daş Karxanası küçəsində gəzişərkən onu polis əməkdaşları saxlayaraq ondan şübhələndiklərini və bununla əlaqədar onlarla birlikdə 14-cü Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Maştağa qəsəbəsi 1-ci Albalılıq yaşayış massivində fərdi evdə yaşayır. Yaşadığı həmin evlə üzbə-üz yerləşən dörd bir tərədən daşla hasarlanmış həyət də ona məxsusdur. Əvvəllər həmin həyətdə toyuq-cücə saxladığından orada yaşayış olmamışdır. Amma həyətdə toyuq damı kimi istifadə etdiyi daş tikili var, son vaxtlar həmin tikilini saxlanc yeri kimi istifadə etməklə içərisinə özünə məxsus tikinti materiallarını yığırdı. 20 aprel 2023-cü il tarixdə evdən küçəyə çıxdıqda görmüşdür ki, həmin həyətinin darvazası açıq vəziyyətdədir. Həyətə daxil olduqda isə müəyyən etmişdir ki, darvaza içəri tərəfdən açılmış, həyətdəki saxlanc yerinin qapısı da açıqdır. Saxlanc yerinə daxil olub əşyalarına nəzər saldıqda müəyyən etmişdir ki, orada olan iki ədəd iri dəmir boruları oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 ilə birlikdə 21 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar, saat 21:30 radələrində qəsəbədəki Daş Karxanası yaşayış massivi ərazisindəki «Damla» şadlıq evinin yaxınlığında diqqətləri bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər orta yaşlı şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırır, adını və soyadını belə zorla deyirdi. Həmin şəxsi 14-cü Polis Bölməsinə aparmışlar. 14-cü Polis Bölməsində müvafiq sənədləşdirmə işlərinə başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynində olan qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan şəffaf polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılmazdan bir qədər əvvəl Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 60 manata alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Məmmədkərim oğlu ifadəsində göstərmişdir ki, 2023-cü ilin yaz aylarından Bilgəh- Maştağa yolunun kənarında yerləşən metal qəbulu məntəqəsini icarəyə götürüb işlədir. Hazırda barəsində istintaq aparılan Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, aralarında heç bir münasibətləri olmamışdır. Həmin şəxsi ilk dəfə 2023-cü ilin aprel ayının təxminən sonlarında onun işlədiyi metal qəbulu məntəqəsinə satmaq üçün tullantı dəmir boruları gətirəndə görmüşdür. Əvvəlcədən aralarında heç bir razılıq və ya sövdələşmə olmamışdır. Həmin şəxs cəmi bircə dəfə onun məntəqəsinə mal gətirib. Təxmini xatırlayır ki, ona ümumi çəkisi 100 kq olan iki ədəd dəmir boru gətirmişdir. Həmin boruları mənətəqəsinə sürücüsünü tanımadığı «VAZ 2104» markalı taksi avtomobili ilə gətirmişdir. Borulara görə o həmin şəxsə 40 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2371 №li, 22 aprel 2023-cü il tarixli məhkəmə narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarvınının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitəlrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Zərflər Üçün №100» daiərəvi möhür əksi olan «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş….» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi-1.162 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.112 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X5 Ambulator X1 3446 №li, 03 iyun 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan «asılılıq sindromu»-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum oulnmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru R.Q.Güləliyev tərəfindən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantları Şahid1 və YYÇ iş üzrə inspektoru polis leytenantı Şahid2 barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilib ondan ötrü ki, 21 aprel 2023-cü il tarixdə, saat 21:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 aprel 2023-cü il tarixli qərara əsasən Sabunçu RPİ-in 14-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim etmiş, həmin qəhvəyi rəngli toz şəkilli maddənin «kakos» deyilən vasitə olmasını, həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 60 manata aldığını, özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daışmasını bildirmişdir. Bir ədəd video diskə baxış keçirilərkən müəyyən oldu ki, şəxsi axtarış və götürmə Sabunçu RPİ-in 14-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim etmişdir. Həmin qəhvəyi rəngli toz şəkilli maddənin «kakos» deyilən vasitə olmasını, həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 60 manata aldığını, özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daışmasını bildirmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında 12 sentyabr 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 №li, 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə tətbiq olunur, həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş mərhumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №li qərərından görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların «Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Cinayət işinin materiallarında olan 21 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 21:30 radələrində tutulmuş hesab edilir ( səh.,13). Cinayət işinin materiallarında olan 23 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs dindirilməsi 23 aprel 2023-cü il tarixdə, saat 11:10-da başlanmış, həmin tarixdə saat 12:25-də bitmişdir ( səh.,67). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən qəbul edilmiş 23 aprel 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 84). Cinayət işinin materiallarında olan 23 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Əsədullla oğlu barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 86). Cinayət işinin materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Əsədullla oğlu barəsində axtarış elan olunmuşdur (səh., 143). Cinayət işinin materiallarında olan 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əsədullla oğlu könüllü olaraq istintaq orqanına gəlmişdir (səh., 149). Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 1(008)165/2024 №li, 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əsədullla oğlu barəsində «həbs» qətimkan tədbiri seçilməklə axtarışa elan edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 5120/24 №li, 30 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Əsədullla oğlu 18 mart 2024-cü il tarixdə Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən tutularaq, 19 mart 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayətlər törətməsini, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «18» mart 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs «21» aprel 2023-cü il tarixdən «23» aprel 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X5 Ambulator X1 3446 №li, 03 iyun 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan «asılılıq sindromu»-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-1.112 qram heroin məhv edilməli, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəcinə əsasən «02» (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdən 23 aprel 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət cəmi «02» (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «18» mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-1.112 qram heroin məhv edilsin, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar