Məhkəmə qərarları › İş №1(008)-165/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-165/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-165/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində 02 il 03 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək ona Azərbaycan Respublikası Mənzil X8 tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yeni inşa edilmiş sosial yaşayış evlərindən ucuz qiymətə mənzil verdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" Bank ASC-nin Abşeron rayon filialının inzibati binasının içərisində Zərərçəkmiş şəxs1 3500 manat pulunu, xx.xx.2022- ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “Ucuz Market” adlanan marketdəki “eManat” aparatından özünə məxsus 697*******5775 nömrəli kart hesabına göndərdiyi 500 manat pulunu, xx.xx.2022-ci il tarixdə eyni işə görə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 155 ünvanında yerləşən "xxxx" ASC-nin Binəqədi rayon filialının inzibati binasının içərisində Zərərçəkmiş şəxs1 1200 manat pulunu və içərisində 300 manat olan "xxxx" ASC-nin 5243 7544 4066 1567 nömrəli kartını alıb kartın məxfi kodunu Zərərçəkmiş şəxs1 öyrənərək həmin gün kart hesabından 300 manat pulunu çıxarmış, daha sonra 2022-ci ilin oktyabr ayında, istintaqa məlum olmayan tarixdə eyni işə görə ünvan 3 ünvanında yerləşən "xxxx" Bank ASC-nin Abşeron rayon filialının inzibati binasının içərisində Zərərçəkmiş şəxs1 2000 manat pulunu, 2022-ci ilin oktyabr ayında, istintaqa məlum olmayan tarixdə bir həftə ərzində Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Ailə Sağlamlıq” Mərkəzinin qarşısında üç dəfəyə Zərərçəkmiş şəxs1 2000 manat pulunu, 2022-ci ilin oktyabr ayında, istintaqa məlum olmayan tarixdə eyni işə görə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Mehdiabad Gənclər Şəhərciyi”-də yerləşən 6 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 2800 manat pulunu, 2022-ci ilin oktyabr ayında, istintaqa məlum olmayan tarixdə eyni işə görə eyni ünvanda Zərərçəkmiş şəxs1 500 manat pulunu, 2022-ci ilin noyabr ayında, istintaqa məlum olmayan tarixdə eyni işə görə eyni ünvanda Zərərçəkmiş şəxs1 2500 manat pulunu, 2022-ci ilin noyabr ayında, istintaqa məlum olmayan tarixdə eyni işə görə eyni ünvanda Zərərçəkmiş şəxs1 3000 manat pulunu, ümumilikdə 18.300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 övladı X2 barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyini Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq 2023-cü ilin oktyabr ayında, istintaqa məlum olmayan tarixdə ünvan 7 ünvanında Zərərçəkmiş şəxs2 7000 manat pulunu, 2023cü ilin noyabr ayında istintaqa məlum olmayan tarixdə eyni işə görə iki dəfəyə Zərərçəkmiş şəxs2 3000 manat pulunu, ümumilikdə 10.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2022-ci ilin sentyabr ayından tanımışdır. Belə ki, həmin vaxtlar o, icarəyə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. İlhaməni də taksi fəaliyyəti ilə məşğul olarkən sərnişin qismində lazım olan ünvana apararkən tanımış və münasibətləri aranmışdır. O, Zərərçəkmiş şəxs1 dəfələrlə idarə etdiyi avtomobil ilə lazım olan ünvanlara aparmış, İlhamə ilə söhbət zamanı İlhamə kreditlə ev almaq istədiyini bilmişdir. O, qərara gəlmişdir ki, İlhaməni aldadıb mənzil almağına köməklik etmək adı ilə ondan pul alıb ələ keçirsin. Buna görə də ona bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir, sadəcə olaraq hal-hazırda şənbə günü olduğundan boş qalmamağa görə taksi fəaliyyəti ilə məşğul olur. Hətta o, idarə etdiyi avtomobildə şəxsiyyət vəsiqəsini İlhaməyə göstərmiş, İlhamə şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonuna çəkmişdir. Söhbət zamanı İlhamə evinin olmadığı üçün ona evə ehtiyacı olduğunu bildirmişdir. O da ona demişdir ki, həmin ev işində ona köməklik edə bilər. Həmçinin Baki Şəhəri, Yasamal rayonu ərazisində “MİDA” yaşayış kompleksində yerləşən mənzillərdən birində satılmayan evlərdən qeyri-qanuni yolla evin alınması işini təşkil edə bilər. İlhamə Zamiqə inandığı üçün qardaşı Abdullayev Elxanın nömrəsini və öz nömrəsini ona vermişdir. Bir neçə gün sonra o, İlhamə ilə əlaqə saxlayıb yerlərin məhdud olduğunu, indi 5000 manat pul versə, adının siyahıya düşəcəyini, həm də daha münasib qiymətə mənzil alacağını bildirmişdir. İlhamə ona hal-hazırda pulunun olmadığını bildirmişdir. O, isə İlhaməyə təklif etmişdir ki, banka gedib kredit götürək, növbəti günə 5000 manat pul çatmalıdır. 2022-ci ilin sentyabr ayının 28-də o, İlhaməni işlədiyi Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Ailə Sağlamlıq Mərkəzi”ndən götürmüş, idarə etdiyi avtomobil ilə onlar birlikdə ünvan 3 ünvanında yerləşən "xxxx" Bankın Abşeron rayon filialına yaxınlaşmışlar. O, İlhaməyə demişdir ki, özünün də həmin işdə xeyri olduğu üçün həmin işi həll etməkdə ona köməklik göstərəcək. Həmin gün "xxxx" Bankın Xırdalan şəhərində yerləşən filialında İlhamə 3500 manat kreditə pul götürüb bankın içində ona vermişdir. xx.xx.2022-ci il tarixdə İlhamə kart nömrəsi yadında qalmayan kart hesabına Abşeron rayonu ərazisindən 500 manat pul göndərmişdir. Sabahısı gün o, İlhamə ilə əlaqə saxlayaraq 2500 manat ödəyəcəyi təqdirdə evin qiymətinin daha da güzəştli olacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, İlhamə ilə görüşərək onunla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 155 ünvanında yerləşən “Unibanka” aid bank filialına getmişlər. Orada İlhamə öz adına 1200 manat kreditə pul götürmüş, bundan başqa ona "xxxx"a aid içərisində 300 manat olan kart vermişlər. İlhamə elə həmin vaxt 1200 manat pulu və içərisində 300 manat olan kartı bankın qarşısında ona vermişdir. Həmin gün İlhamənin ona verdiyi kartdan 300 manat pulu o, çıxartmışdır. Həmin gündən bir neçə gün sonra 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə o, yenidən İlhamə ilə Xırdalan şəhərində yerləşən “Kapital Bank” filialına yaxınlaşmış, İlhamə bankdan yenidən 2000 manat kredit götürüb ona vermişdir. Bununla da o, həmin vaxta qədər İlhamədən 7500 manat pul almalı olmuşdur. Həmin ərəfələrdə mənzil işinin həll olunması üçün o, yenidən İlhamədən pul istəmişdir. İlhamə 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamdığı günlərdə bir həftə ərzində Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Ailə Sağlamlıq Mərkəzi”nin qarşısında ona 700 manat, daha bir neçə gün sonra 700 manat, daha bir neçə gün sonra sonra 600 manat pul vermişdir. Bundan sonra o, yenə də müxtəlif bəhanələrlə İlhamədən pul istəməyə davam etmişdir. İlhamə ondan ev məsələsinin nə yerdə qaldığını soruşduqda yalandan ona aid olmayan bir evin sxemlərini və videosunu göstərmişdir. Həmçinin 2022ci ilin oktyabr ayında o, İlhamənin qardaşı Abdullayev Elxan Eldar oğluna sosial yardım düzəldəcəyini demişdir. Buna görə 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə İlhamə qardaşı Abdullayev Elxan Eldar oğluna sosial yardım düzəldəcəyi ilə bağlı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “ Mehdiabad Gənclər şəhərciyində” yaşadığı binanın qarşısında ona 2800 manat pul vermişdir. Lakin bir neçə gün sonra o, İlhaməyə demişdir ki, qardaşının sosial yardım almaq məsələsi almmır, həmin pulu onun ev almaq məsələsi ilə bağlı ona verdiyi pulun üzərinə gəlsin. Bundan başqa 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamdığı tarixdə İlhamə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” yaşadığı binanın qarşısında ona 500 manat pul vermişdir. Bundan bir müddət sonra 2022-ci ilin noyabr ayında dəqiq xatırlamdığı tarixdə o, İlhamədən yenidən pul istədikdə o, öz qızıllarını lombarda girov qoyub 2500 manat pul götürüb Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” yaşadığı binanın qarşısında ona vermişdir. Həmin gündən bir neçə gün sonra o, İlhamə ilə əlaqə saxlayıb evə görə təcili 3000 manat pulun lazım olan şəxsə çatmalı olduğunu demiş, bir neçə gün sonra, 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” İlhamə yaşadığı binanın qarşısında ona 3000 manat pul vermişdir. Bununla da İlhamə ona 18.300 manat pul vermiş olmuşdur. O, İlhaməyə demişdir ki, 2022-ci ilin noyabr ayının 15-də Yasamal rayonunda yerləşən “MİDA” da yerləşən mənzillərdən biri ona veriləcəkdir. Lakin o, bütün bunları İlhaməyə yalandan demiş, İlhamənin mənzil alması ilə bağlı hər hansı bir iş görməmişdir. Sonradan isə o, vaxt qazanmaq üçün İlhaməyə demişdir ki, 2022-ci ilin noyabr ayının 15-də yaranmış problemlərlə əlaqədar mənzillərin bölgüsü olmamışdır. Beləliklə hər dəfə İlhamə ona zəng edib mənzil ilə bağlı soruşanda ona demişdir ki, mənzil bölgüsü yaxın günlərdə olacaqdır. Hətta o, 2022-ci ilin dekabr ayının 13-də İlhaməni Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksinə aparıb yalandan binaların birini göstərib ona məxsus mənzilin həmin binada olacağını bildirmişdir. Sonradan İlhamə mənzil almaq məsələsininin alınmadığını görüb ondan pullarını tələb etməyə başlamışdır. O da buna görə İlhamədə olan mobil nömərədən istifadə etməmiş, onunla əlaqəni kəsmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 qarşıda dədləduzluq edib pullarını ələ keçirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin may ayında tanımışdır. Onlar “Tik-Tok” sosial şəbəkəsində tanış olmuş, sonradan isə ər-arvad kimi yaşamışlar. O, müxtəlif ünvanlarda kirayə ev tapıb Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin evdə yaşamışdır. Sonuncu dəfə ünvan 9 ünvanında yerləşən evi kirayə götürüb ər-arvad kimi yaşamışlar. 2023-cü ilin sentyabr ayında 2022-ci il təvəllüdlü X5 adam bıçaqlayıb sağlamlığa ağır xəsarət yetirdiyi üçün Suraxanı RPİ-nin İŞ-də müstəntiq tərəfindən barəsində cinayət işi istintaq olunurdu. Zərərçəkmiş şəxs2 Suraxanı rayonunda yerləşən evini həmin ərəfədə 19000 manata satmışdır. O, Gözəlgülə demişdir ki, narahat olmasın, 8000 manat pul düzəltsin, o da, üzərinə 7000 manat pul qoyub onun oğlu Əmrahın barəsində olan cinayət işinin xitam olunması məsələsinin həllinə köməklik edəcək. Beləliklə 2023-cü ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 oğlu X9 barəsində olan cinayət işinin xitam olunması məsələsinin həlli ilə bağlı Gözəlgüldən Sabunçu rayonunda yaşadıqları ünvanda 2.000 manat, daha bir neçə gün sonra 2000 manat, daha bir neçə gün sonra 2500, daha bir neçə gün sonra 1500 manat pul almışdır. Beləliklə o, 2023-cü ilin oktyabr və noyabr ayı ərzində hissə-hissə olmaqla Gözəlgüldən 8.000 manat pul almışdır. Həmçinin o, Gözəlgülün qohumundan 700 manat borc pul aldığı, qonşulardan xırda-xırda müəyyən məbləğdə pul aldığı üçün Gözəlgülə demişdir ki, onun əvəzinə borclarını bağlasın, o özü imkanı olanda həmin pulları ona ödəyər. Bundan başqa Gözəlgül onun üçün kreditə 1000 manata mobil telefon götürüb ona vermiş, lakin bir neçə ay sonra həmin telefonu ondan almış, həmin telefon hazırda Gözəlgülün özündədir. Əməlindən çox peşmandır. Məhkəmədən himayəsində yaşlı, xəstə anasının, övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi 2022-ci ilin sentyabr ayının sonlarından tanımışdır. 2022-ci ilin sentyabr ayının sonlarında yaşadığı evdən iş yerinə gedən zaman taksi sifariş etmişdi. Həmin vaxt taksidə söhbət zamanı Təqsirləndirilən şəxs ilə tanışlığı yaranmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir, sadəcə olaraq hal hazırda şənbə günü olduğundan boş qalmamağa görə taksi fəaliyyəti ilə məşğul olur. O maşında gedən zaman şəxsiyyət vəsiqəsinin şəklini çıxardıb ona inanmağı üçün şəklini çəkməyini istəmişdir. O da onun şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonuna çəkmişdir. Bu söhbət zamanı o, evi olmadığı üçün Zamiqə evə ehtiyacı olduğunu bildirmişdir. Zamiq də ona demişdir ki, həmin ev işində ona köməklik edə bilər. Həmçinin Baki Şəhəri, Yasamal rayonu ərazisində “MİDA” yaşayış kompleksində yerləşən mənzillərdən birində satılmayan evlərdən qeyri-qanuni yolla evin alınması işini təşkil edə bilər. O da Zamiqə inandığı üçün onun əlaqə nömrəsini götürmüşdür. Bundan sonra o, taksidən düşərək onunla sağollaşıb getmişdi. O, Zamiqə inandığı üçün qardaşı Abdullayev Elxanın nömrəsini və öz nömrəsini də Zamiqə vermişdir. Bir neçə gün sonra Zamiq onunla əlaqə saxlayıb yerlərin məhdud olduğunu, indi 5000 manat pul versə, adının siyahıya düşəcəyini, həm də daha münasib qiymətə mənzil alacağını bildirmişdir. O, Zamiqə hal-hazırda pulunun olmadığını bildirmişdi. Zamiq ona təklif etmişdi ki, banka gedib kredit götürək, növbəti günə 5000 manat pul çatmalıdır. 2022-ci ilin sentyabr ayının 28-də Zamiq onun işlədiyi Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Ailə Sağlamlıq” mərkəzinə gəlib onu avtomobilinə əyləşdirmiş, Zamiqin idarə etdiyi avtomobil ilə onlar birlikdə ünvan 3 ünvanında yerləşən "xxxx" Bankın Abşeron rayon Filialına yaxınlaşmışlar. Zamiq ona demişdir ki, özünün də həmin işdə xeyri olduğu üçün həmin işi həll etməkdə ona köməklik göstərəcəkdir. Həmin gün “Kapital Bank”ın Xırdalan şəhərində yerləşən filialında o, 3500 manat kreditə pul götürüb bankın içində Zamiqə vermişdir. xx.xx.2022-ci il tarixdə o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “Ucuz Market” adlanan marketdəki “eManat” aparatından həmin işlə bağlı Zamiqin kart hesabına 500 manat pul göndərmişdir. Sabahısı gün Zamiq onunla əlaqə saxlayaraq 2500 manat ödəyəcəyi təqdirdə evin qiymətinin daha da güzəştli olacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zamiq onunla görüşərək birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 155 ünvanında yerləşən “Unibanka” aid bank filialına getmişdir. Orada o, öz adma 1200 manat kreditə pul götürmüş, bundan başqa ona "xxxx"a aid içərisində 300 manat olan kart vermişlər. O, həmin vaxt 1200 manat pulu və içərisində 300 manat olan kartı bankın qarşısında Zamiqə vermişdir. Həmçinin həmin kartın kodunu da Zamiqə demişdir ki, pulu kartdan çıxara bilsin. Həmin gün Zamiq ona demişdir ki, ona verdiyi kartdan 300 manat pulu çıxartmışdır. Həmin gündən bir neçə gün sonra 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamdığı tarixdə Zamiq yenidən onunla Xırdalan şəhərində yerləşən “Kapital Bank” filialına yaxınlaşmış, o, bankdan yenidən 2000 manat kredit götürüb Zamiqə vermişdir. Bununla da həmin vaxta qədər Zamiq ondan 7500 manat pul almış olmuşdur. Həmin ərəfələrdə mənzil işinin həll olunması üçün Zamiq ondan yenə də pul istəmişdir. O, 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamdığı günlərdə bir həftə ərzində Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən Ailə Sağlamlıq mərkəzinin qarşısında Zamiqə 700 manat, daha bir neçə gün sonra 700 manat, daha bir neçə gün sonra sonra 600 manat pul vermişdir. Bundan sonra Zamiq yenə də, müxtəlif bəhanələrlə ondan pul istəməyə davam etmişdir. O, Zamiqdən ev məsələsinin nə yerdə qaldığını soruşduqda yalandan ona aid olmayan bir evin sxemlərini və videosunu göstərmişdir. Həmçinin 2022-ci ilin oktyabr ayında Zamiq onun qardaşı Abdullayev Elxan Eldar oğluna sosial yardım düzəldəcəyini demişdir. O da qardaşı Elxan ilə bu barədə söhbət etmiş, qardaşı Elxan ona demişdir ki, hazırda onun pulu yoxdur, o, onun əvəzinə 2800 manat Zamiqə versin, pulu olanda ona verəcəkdir. O da buna görə 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə tanışlarından pul tapıb qardaşı Abdullayev Elxan Eldar oğluna Zamiqin sosial yardım düzəldəcəyi ilə bağlı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” yaşadığı 6 nömrəli binanın qarşısında Zamiqlə görüşüb ona 2800 manat pul vermişdir. Lakin bir neçə gün sonra Zamiq ona demişdir ki, qardaşının sosial yardım almaq məsələsi alınmır, həmin pulu onun ev almaq məsələsi ilə bağlı ona verdiyi pulun üzərinə gəlsin. Bundan sonra 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” yaşadığı 6 nömrəli binanın qarşısında Zamiqə 500 manat pul vermişdir. Bundan bir müddət sonra 2022-ci ilin noyabr ayında dəqiq xatırlamdığı tarixdə Zamiq ondan yenə də, pul istədikdə o, öz qızıllarını lombarda girov qoyub 2500 manat pul götürüb Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” yaşadığı 6 nömrəli binanın qarşısında Zamiqə vermişdir. Həmin gündən bir neçə gün sonra Zamiq onunla telefon əlaqəsi saxlayıb evə görə təcili 3000 manat pulun lazım olan şəxsə çatmalı olduğunu demişdir. Bir neçə gün sonra, 2022-ci ilin noyabr ayında dəqiq xatırlamdığı tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Mehdiabad Gənclər şəhərciyində” o, yaşadığını 6 nömrəli binanın qarşısında Zamiqə 3000 manat pul vermişdir. Bununla da o, Zamiqə 18.300 manat pul vermiş olmuşdur. Zamiq ona demişdir ki, 2022-ci ilin noyabr ayının 15-də Yasamal rayonunda yerləşən “MİDA” da yerləşən mənzillərdən biri ona veriləcəkdir. xx.xx.2022-ci il tarixdə Zamiqdən xəbər çıxmadığını görüb onunla telefon əlaqəsi saxlayıb mənzil barədə ondan soruşanda Zamiq ona demişdir ki, yaranmış problemlərlə əlaqədar 2022-ci ilin noyabr ayının 15-də mənzillərin bölgüsü olmamışdır. Beləliklə hər dəfə o, Zamiqə zəng edib mənzil ilə bağlı soruşanda ona demişdir ki, mənzil bölgüsü yaxın günlərdə olacaqdır. Hətta 2022-ci ilin dekabr ayının 13-də Zamiq onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksinə aparıb yalandan binaların birini ona göstərib ona məxsus mənzilin həmin binada olacağını bildirmişdir. Sonradan o, mənzil almaq məsələsininin alınmadığını görüb Zamiqdən pullarını tələb etməyə başlamışdır. Lakin Zamiq yaxın vaxtlarda pulu qaytaracağını bildirsə də, sonradan mobil nömrəsini söndürüb onunla əlaqəni kəsmiş, o da, məcbur olub Zamiqin barəsində polisə şikayət etmişdir.Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Mənzil X8 tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yeni inşa edilmiş sosial yaşayış evlərindən ucuz qiymətə mənzil verdirəcəyini yalandan vəd verib aldadaraq ümumilikdə onun 18.300 manat pulunu ələ keçirmişdir. Bununla bağlı istintaq zamanı mülki iddia vermişdir. Təqsirləndirlən şəxs ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Hazırda mülki iddiasını müdafiə edir və məhkəmədən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin may ayında “Tik-tok” sosial platformasında tanış olmuşdur. Zamiqlə “kəbin” kəsdirmiş və ailə kimi yaşamağa başlamışlar. Zamiq onu Abşeron rayonu, Atçılıq deyilən ərazidə evə aparmış, həmin evin özünün olduğunu bildirmiş, 1 ay həmin evdə qalmışlar. X11 isə Suraxanıda yerləşən evində qalmışdır. O, sonradan bilmişdir ki, Abşerondakı ev kirayə evdir, o, öz evinə qayıtmışdır. Onlar bir müddət ayrı yaşamışlar. 2023-cü cü ilin iyun ayında Zamiq onun adına mağazadan “Pocco” markalı telefonu kreditə götürmüş, ümumi məbləğ 1000 manat təşkil etmişdir. Hazırda o, həmin məbləği banka ödəyə bilməmiş, bank həmin pulu ondan tələb etmişdir. Həmin vaxtdan bir neçə gün sonra qardaşının yoldaşı Nərgiz ona zəng edərək Zamiqə 700 manat pul verdiklərini demişdir. O, həmin vaxt bilmişdir ki, Zamiq Nərgizin kürəkənindən ona təqaüd düzəltmək adı ilə 700 manat pul alıb, sonra isə demişdir ki, təqaüd almaq məsələsi alınmır, həmin 700 manat pul borc olaraq onda qalsın, borcunu ödəyəcəkdir. O, Nərgizə həmin pulun alınmasından məlumatsız olduğunu, həmin puldan ona çatmadığını bildirmişdi, aralarında sözlə mübahisə düşmüş, bir-birilərini söymüşlər. Daha sonra Nərgizin kürəkəni İzzət ona zəng etmiş, biri-birilərini telefonda söymüş, həmin vaxt yanında olan oğlu həmin söyüşləri eşitmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində İzzət öz avtomobili ilə Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində yaşadığı evin qarşısına gəlmiş, oğlu X5 bıçaqla İzzətə xəsarət yetirmişdir. Həmin hadisə ilə bağlı Suraxanı RPİ-nin İŞ-də cinayət işi başlanmışdı, hazırda oğlu Əmrah həmin işlə bağlı 3 il azadlıqdan məhrum etmə cəzası almışdır. 2023-cü ilin sentyabr ayının sonlarında o, Zamiqin əvəzinə 700 manat pulu İzzətə ödəmişdir. Zamiq onun oğlu Əmrah Səfərlinin tutulmağını eşidib ona demişdir ki, oğlu ona görə tutulub, ona görə ona kömək edəcək. O, oğlu Əmrahın işi ilə bağlı Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində yaşadığı həyət evini 19.000 manat satmış, ünvan 7 ünvanında yerləşən mənzili kirayə götürmüş, Zamiqlə kirayədə bir evdə yaşamağa başlamışlar. Həmin evdə yaşadıqları müddətdə, Zamiq ona bildirmişdir ki, müstəntiqlə danışıb, oğlunun sərbəst buraxılması və cinayət işinin xitam edilməsi üçün 15.000 pul lazımdır. Zamiq ona demişdir ki, o özü də oğlu Əmrahın işi ilə bağlı ona pul köməkliyi edəcəkdir. O, Zamiq ilə razılaşmış, 2023-cü ilin oktyabr ayının ortalarında dəqiq tarix xatırlamadığı tarixdə ünvan 7 ünvanında 7.000 manat pul vermişdir. Həmin gündən 5 gün sonra Zamiq ona demişdir ki, Əmrahın işi ilə bağlı yenə də, pul lazımdır. O da yaşadıqları evdə 2000 manat pulu Zamiqə vermişdir. Həmin vaxt 2023-cü ilin oktyabr ayının sonları olarmış, lakin dəqiq tarixi xatırlamır. Həmin gündən daha 3 gün sonra 2023cü ilin noyabr ayının əvvəllərində dəqiq xatırlmadığı tarixdə Zamiq ona demişdir ki, Əmrahın işi ilə bağlı yenə də, pul lazımdır. O da yaşadıqları evdə 1.000 manat pulu Zamiqə vermişdir. Beləliklə o, Zamiqə oğlu Əmrahın barəsində olan cinayət işinin xitam etdirmək məsələsini həll etmək üçün ümumilikdə 10.000 manat pul vermişdir. X7 barəsində olan cinayət işinin xitam etdirmək məsələsini həll etməmişdir. Həmin vaxtlar ona məlum olmuşdu ki, Zamiq əvvəllər yaşadığı Köhnə Suraxanı qəsəbəsindəki qonşusu Anaş adlı qadından 700 manat, digər qonşusu Rəna adlı qadından 700 manat, Sahilə adlı qadından 400 manat, Sahilənin qardaşından 500 manat, rəfiqəsi Çinarədən 300 manat, 500 manat oğlu Nicatın işlədiyi yerdə olan adını xatırlamadığı iş yoldaşından 500 manat borc pul almış, həmin şəxslər ona görə onlara borc pul vermişlər. O, Zamiqin oğlu Əmrahın barəsində olan cinayət işinin xitam etdirmək məsələsini həll etmək adı ilə ondan 10.000 manat alıb heç bir iş görmədiyini başa düşəndən sonra Zamiqdən ona verdiyi pulu geri istəmişdir. Zamiq də ona demişdir ki, yaxın vaxtlarda ona verdiyi 10.000 manat pulu geri qaytaracaqdır. 2023-cü ilin dekabr ayının əvələrində isə Zamiq telefon nömrəsini söndürmüş, onunla əlaqəsini kəsmiş, bir daha evə gəlməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Şikayətçidir və dəymiş ziyanı ödənilmədiyi halda məhkəmədən təqsirləndirilən şəxs barəsində sərt cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs kimi tanınma haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs kimi tanınma haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 367/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 2 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X1 Zamiqin içərisindəki 300 manat pulu çıxarıb ələ keçirdiyi "xxxx" ASC-nin 5243 7544 4066 1567 nömrəli kartının fotoşəklini, "xxxx" Bank ASC-nin Abşeron rayon filialından 3500 manat pulu kreditə götürməsi ilə bağlı cədvəlin surətini, "xxxx" ASC-nin Binəqədi rayon filialındakı 1200 manat pulu kreditə götürməsi ilə bağlı müqavilənin surətini və 500 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərdiyi qəbzin surətini istintaqa təqdim etmiş və həmin sənədlər istintaq tərəfindən götürülmüşdür. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində tutularaq Mehdiabad PB-nə gətirilmiş və Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elna olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Mülki iddiaçı qismində tanınma haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Bakı şəhər Probasiya İdarəsinin 20 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər Probasiya idarəsində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 07 ay 22 gün cəzası qalmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-367/2022 saylı hökmü ilə 2 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdadır, xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 07 ay 22 gün cəzası qalmışdır. Məhkəmə məktubda məhkumun cəzasının hesablanması ilə bağlı qeyd edilənlərlə bağlı bildirmək istəyir ki, əvvəla Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu halda onun cəzasının çəkilməmiş hissəsi xx.xx.2025-ci il tarixə hesablana bilməz. Digər tərəfdən məktubda nəyə görə cəzanın çəkilməmiş hissəsinin 01 il 07 ay 22 gün olması əsaslandırılmamışdır. Şifahi olaraq icra məmuru ilə əlaqə saxladıqda bunun izahını verə bilməmiş və bu cür hesablamanı təsdiq edəcək sənədləri təqdim edə bilməmişdir. Elektron məhkəmə informasiya sistemində təqsirləndirilən şəxs barəsində “digər məhkəmə və icra işləri” barədə məlumatlarda Təqsirləndirilən şəxs inzibati qaydada tənbeh edilməsinə rast gəlinməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi onun cəzanı icra edən orqanda qeydə alındığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hazırki cinayət işi üzrə tutulduğu xx.xx.2024-cü il tarixə qədər hesablanmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs çəkilməmiş cəzasının 1 ay 15 gün olduğu müəyyən olunur. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-367/2022 saylı hökmü ilə təyin olunmuş 2 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılmasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya tam birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəsəcini nəzərə alaraq əvvəllər törətdiyi cinayətə görə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası dövründə yenidən cinayət törətməsini cəzanın islah təsirinin yetərli olmamaqla cəzanın məqsədinə çatılmadığı qənaətinə gələrək hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyana görə 18.300 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(005)-367/2022 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 ay 15 gün hissəsi azadlığın məhdudlaşdırılmasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza 02 il 05 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 18.300 manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar