Məhkəmə qərarları › İş №1(008)-166/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-166/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-166/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1990-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkum olunmuş, Göy-göl rayonu, Hacıməlik qəsəbə ərazi dairəsi, Hacıməlik qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük stansiyasının həyətində məcburi köçkünlər yataqxanasında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2022-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsi, istixana kombinatında yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub istintaqa məlum olmayan alətlə evin ön tərəfində yerləşən sağdan sola doğru ikinci pəncərəni mexaniki təsir göstərib açaraq içəri daxil olub oradan həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ Dollar nəğd pulunu və hər biri 115 manat dəyərində olmaqla 230 manat dəyərində iki ədəd «İphone 4S» markalı mobil telefonlarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 21 iyul 2022-ci il tarixdə, saat 20:30 radələrində oğurluq etmək qərarına gəlmişdir. O, Zabrat qəsəbəsi ərazisini tanıdığı üçün oradan oğurluq etməyi planlaşdırmışdır. Lakin onun ora getmək üçün avtomobili olmamış, bu məqsədlə düşünmüşdür ki, bir nəfər avtomobili olan tanışına zəng edərək həmin yerə tanışının avtomobili ilə getsin. O, Nemət adlı tanışının avtomobili ilə ora getməyi qərara almışdır. O, Nemətin etibarnamə əsasında «Chevrolet Malibu» markalı, «az ** OJ ***» dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyini bilirdi. Nemətə oğurluq etmək üçün Nemətin avtomobili ilə getdiyini desə, Nemətin onunla getməyəcəyini bildiyi üçün yalandan demişdir ki, onu öz avtomobili ilə Zabrat qəsəbəsində yaşayan anasının qohumugilə aparıb-gətirməsini deməyi müəyyənləşdirmişdir. O, bu məqsədlə «Whatsapp» ani mesajlaşma proqramında Nemətə zəng edərək yalandan «onu Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan qohumumgilə aparmasını» demişdir. Nemət də ona inanaraq razılaşmış, sonra da idarə etdiyi «Chevralet Malibu» markalı, «az ** OJ ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Nərimanov metrostansiyasının qarşısına gəlmişdir. O, Nemətin avtomobilinə əyləşərək Sabunçu rayonu, Zabrat qəsəbəsinə gəlmişdir. O, yolda gedərkən isə Nemətə yolları göstərərək yalandan qohumunun evinə həmin yolun getdiyini demişdir. Yol ilə bir evin qarşısından keçəndə yalandan həmin evin qohumunun olmasını, onu həmin evin qarşısında avtomobildən düşürdüb getməsini demişdir. Nemət oradan getməsə onun evin hasarından içəri daxil olmasını görəcəyini düşünmüşdür. Həmçinin o, Nemətə yalandan qohumunun xcəstə olduğnu demişdir. O, maşından düşdükdən sonra Nemətin avtomobil ilə oradan uzaqlaşıb getməsini gördükdən sonra evin sol tərəfində yerləşən hasara dırmaşaraq oradan içəri daxil olmuşdur. Evin həyətinə daxil olduqda evin giriş qapısının və pəncərələrinin bağlı olmasını görmüşdür. O, buna görə evin plastik pəncərəsini açıb oradan içəri daxil olmaq məqsədilə alət axtarmağa başlamış və bu məqsədlə evin həyətində sol tərəfdə yerləşən yardımçı tikilinin (əl damı) içərisinə daxil olanda, orada pəncərənin qarşısında bir ədəd dəmir link (zubil) görmüşdür. Həmin dəmiri götürərək evin qarşısında dayandıqda qapıdan sol tərəfdə yerləşən ikinci pəncərəni həmin linklə açaraq içəri daxil olmuşdur. Həmin otaq uşaq otağı olmuşdur. Həmin otağı axtarmamış, çünki düşünmüşdür ki, orada hər hansı pul və qiymətli əşya yoxdur. O, həmin otaqdan yataq otağına daxil olmuş və dolabları axtarsa da oradan hər hansı qiymətli əşya tapmamışdır. Bundan sonra digər yataq otağına daxil olmuş və yataq otağında yerləşən çarpayının sol tərəfində yerləşən 1 çəkməcəli dolabın içərisini açanda orada 1 ədəd 100 ABS Dollar pul və 2 ədəd «İphone S4» markalı mobil telefonları görmüşdür. 0, həmin pulu və mobil telefonları götürmüşdür. Lakin başqa şkaflara baxsa da orada nəsə tapmamışdır. Sonra o, «Whatsapp» ani mesajlaşma proqramında Nemətə zəng edərək gəlib onu aparmağını demişdir. O da bundan sonra hasardan aşaraq çölə çıxmış və piyada «şəhər Şossesi» adlanan avtomobil yoluna doğru gəlmişdir. Bundan sonra o, 172 saylı marşurt avtobusuna minərək «Koroğlu» metrostansiyasına qayıtmış, metroya minərək yaşadığı evə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində İstixana Kombinatı adlanan ərazidə özünə məxsus 3 yataq, 1 qonaq, 1 mətbəxt və 1 hamamtualet otaqlarından ibarət 1 mərtəbəli yaşayş evim vardır. Həmin evin hər tərəfi daş hasarla əhatələnmişdir, giriş qapısı 2 taylı, yaşıl rəngli dəmir darvazadan ibarətdir. O, həmin evdə yaşamadığından orada dayısı oğlu Şahid1 tək yaşamışdır. 21 iyul 2022- ci il tarixdə axşam saatlarında Xəyalı yaşadığı evə qonaq çağırmışdır. Xəyal da həmin günü saat təxminən 20:30-da Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində İstixana Kombinatı adlanan ərazidə yerləşən evimdən çıxaraq hazırda yaşadığı Qaraçuxur qəsəbəsindəki evimə qonaq gəlmişdir. Həmin günü Xəyal onlarda qalmış, növbəti gün, yəni 22 iyul 2022ci il tarixdə Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində «İstixana Kombinatı» adlanan ərazidə yerləşən evinə getmişdir. Təxminən saat 10:00 radələrində Xəyal ona mobil telefonla zəng edərək «evdə oğurluq olduğunu» demişdir. Bundan sonra o, həmin evinə getmişdir. O, evin həyətinə daxil olanda giriş darvazasından içəri daxil olduqda evin həyətə tərəf açılan yataq otağının pəncərəsinin açıq vəziyyətdə görmüşdür. Xəyal ona bildirmişdir ki, bir gün əvvəl onlara qonaq gələrkən həmin pəncərəni bağlamışdır. O, evin otaqlarına daxil olduqda evin mətbəxt otağında, qonaq otağında və yataq otaqlarının birində əşyaların naməlum şəxs tərəfindən axtarıldığını görmüşdür. O, Xəyalın yatdığı otaqda yerləşən çarpayının qarşısında dayandıqda sol tərəfində olan çəkməcənin içərisindən ona məxsus olan 1 ədəd 100 ABŞ Dollar pulunun və sağ tərəfdə yerləşən çəkməcədən isə hər birinin dəyəri təxminən 115 manat olan 2 ədəd istifadə edilmiş lakin istifadəyə yararlı olan «İphone 4S» markalı 2 ədəd telefonların oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yəni Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, İstixana kombinatı nömrəsiz fərdi vəsavıs evində tək yaşayır. Həmin ev onun bibisioğlu X1 məxsusdur və o, təxminən 2016-cı ildən halhazıradək orada yaşamışdır. O, fərdi qaydada reklam işləri ilə görmüşdür. Həmin ev 3 yataq, 1 qonaq, 1 mətbəxt və 1 hamam-tualet otaqlarından ibarət 1 mərtəbəli yaşayş evi vardır. Həmin evin hər tərəfi daş hasarla əhatələnmişdir, giriş qapısı 2 taylı, yaşıl rəngli dəmir darvazadan ibarətdir. Ruslan aradabir həmin evə gəlib getmişdir. Ruslan sonuncu dəfə gələrkən evin yataq otağında olan çarpayının özünə məxsus 2 ədəd «İphone 4S» markalı mobil telefonları çarpayının sağ tərəfində yerləşən çəkməcəyə qoymuşdur. Eləcə də həmin 1 ədəd 100 ABŞ Dollar pulu isə çarpayının sol tərəfinə qoymuşdur. 21 iyul 2022ci il tarixdə axşam saatlarında Ruslan onun mobil telefonuma zəng edərək Qaraçuxur qəsəbəsində yerləşən evinə çağırmışdır. O da təxminən saat 21:00 radələrində idarə etdiyi «Toyota Carolla» markalı avtomobili işə salıb Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişdir. O, gecəni Ruslangildə qalmışdır. O, evdə gedərkən işıqları yandırılmış vəziyyətdə qoymuşdur ki, evə kimsə daxil olmasın. Səhəri gün gələndə isə evə gələndə görmüşdür ki, evin giriş qapısından sol tərəfdə yerləşən 2-ci pəncərəsi açıq vəziyyətdədir. O, evə daxil olmuş, yataq otağında daxil olanda oradan pul və 2 ədəd mobil telefonların da oğurlandığını görmüşdür. O, bu barədə Ruslana zəng edib məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin qış aylarından tanımışdır. Həmin ərəfədə onun Gəncə şəhərindən olan tanışı Alik adlı şəxs ona zəng edərək demişdir ki, «Tuncay adlı tanışı vardır, avtomobil qəzası nəticəsində xəsarət alıbdır, ona köməklik edim». O da bundan sonra Tuncay öz mobil nömrəsindən onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və onlar görüşmüşlər, Tuncaya maddi yardım göstərmişdir. Bundan sonra o, dəfələrlə Tuncayla yerlisi kimi görüşmüşdür. «Chevralet Malibu» markalı, «az ** OJ ***» dövlət qeydiyyat nişanlı avtomobili təxminən 18 ay əvvəl almış və hər ay 460 manat pul ödəmişdir. 21 iyul 2022-ci il tarixdə, təxminən saat 20:30 radələrində Tuncay ona «Whatsapp» ani mesajlaşma proqramında zəng edərək xahiş etmişdir ki, «onu Zabrat qəsəbəsində yaşayan qohumugilə aparım və sonra isə gətirim». O da bundan sonra idarə etdiyi «Chevralet Malibu» markalı, «az ** OJ ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Nərimanov metrostansiyasının qarşısına gəlmiş və Tuncayı götürərək Sabunçu rayonu, Zabrat qəsəbəsinə gəlmişdir. Bundan sonra Tuncayın göstərdiyi yollarla avtomobilini idarə edərək Zabrat qəsəbəsində tanımadığı evin qarşısına gəlmişdir. Tuncay ona həmin küçədə avtomobili saxlamağını bildirmiş və o da Tuncayı avtomobildən düşürtmüşdür. Bundan sonra o, avtomobili ilə gəldiyi yolla «Şəhər Şosse»-nə gəlmiş, orada da avtomobil ilə Z.Bünyadov prospektində hərəkət edərək N.Nərimanov metrostansiyasının yaxınlığına gələrək Tuncayı orada düşürdərək yaşadığı evə getmişdir. O, daha sonra isə polis idarəsinə dəvət edildikdə Tuncayın o, Tuncayı Zabrat qəsəbəsinə apardığı günü həmin evlərin birindən oğurluq etmişdir. Lakin o, Tuncayın oğurluq etməsi barədə hər hansı məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)317/2022 saylı, 23 avqust 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə və 800 manat cərimə cəzasına məhkum edilmiş, 27 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Azərbaycan Respublikasının Milli Məclisin 05 noyabr 2021-ci il tarixli «Aminstiya» qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)317/2022 saylı, 23 avqust 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilənərək, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 02 gününə bərabər tutulmaqla, onu cəzasından 02 gün çıxılaraq onun üzərində qəcəza çəkmə müddətinin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablanmaqla, 02 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Görünüdyü kimi Təqsirləndirilən şəxs törətdiyi tam olaraq bitmiş və həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törənməsi tam olaraq sübuta yetmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsi və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair» 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1№li, 03 mart q2005-ci il tarixli qərarından görünür ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cinayət işinin materiallarında olan 27 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,46). Cinayət işinin materiallarında olan 29 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,59). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)629/2022 saylı, 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 76). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər məhkum olunmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkün olmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008) 317/2022 saylı 23 avqust 2022-ci il tarixli hökmü il eyni maddə ilə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd 100 ABŞ dolları Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)317/2022 saylı, 23 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «04»(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə saxlandığı «02» (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkmə müddətinə hesablanmış müddət nəzərə alınsın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03»(üç) il, «11» (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı «27» iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd 100 ABŞ dolları Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar