Məhkəmə qərarları › İş №1(008)-166/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-166/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-166/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah məqsədi ilə 09 avqust 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük Sovxozu adlanan ərazidə yerləşən bağ evinin xüsusi olaraq mişar daşı ilə çəpərlənmiş hasarından keçib, saxlanc yeri olan həyətə qanunsuz daxil olmaqla, həyətə giriş qapısı yerində qoyulmuş içərisində 30 manat dəyərində 01 ədəd əl arabası və 01 ədədin dəyəri 10 manat olan 3 ədəd cəmi 30 manat dəyərində bel olmuş 500 manat dəyərində 01 ədəd dəmir vaqon-konteyneri 156 yükdaşıma xidmətindən sifariş verdiyi, cinayətdən məlumatsız olan sürücü Şahid2 tərəfindən idarə edilən “Hyundai HD-78” markalı 99-JP- 366 dövlət qeydiyyat nişanlı evakuator avtomobilin yükqaldırıcı qurğusu vasitəsi ilə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 560 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 avqust 2024-cü il tarixdə təxminən saat 14:00-15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu adlanan əraziyə torpağa baxmaq üçün getmişdir. Orada olan tanımadığı bir çoban vaqon-konteyneri satdığını bildirmişdir. Həyətin oğlunun həyəti olduğunu, vaqonu ustaların əynini dəyişməsi üçün qoyduğunu bildirmişdir. O, da 156 evakuator xidmətinə zəng edib olduğu ünvanı bildirib özünə məxsus dəmir vaqonkonteyneri götürüb digər ünvana aparmaq lazım olduğunu deyib, evakuator avtomobili sifariş vermişdir. Həmin çobana 30 manat pul vermişdir. Sonradan həmin çoban zəng edib zərərçəkmiş şəxsə deyib ki, vaqonunuzu oğurlayıblar. Evakuatorun köməkliyi ilə həmin vaqon-konteyneri götürmüşlər. Onlar hasardan həyətə aşmadan vaqonun küçəyə olan hissəsindən evakuatrorun qarmağını keçirdərək vaqonu aparmışlar. Vaqon-konteyner hasara bitişik olduğu üçün vaqon-konteyneri götürərkən hasarın bir hissəsi dağılmışdır. Daha sonra o, evakuator avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində dəqiq ünvanı bilmədiyi ünvanda fəaliyyət göstərən metal qəbulu məntəqəsinə gedib orada şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etməklə vaqonkonteyneri 220 manata satmışdır. Onun içərisində zərərçəkmiş şəxsin dediyi əşyalar olmamışdır. Əldə etdiyi puldan evakuator avtomobilin gediş haqqını ödədikdən sonra evakuator avtomobili çıxıb getmiş, o da evinə getmişdir. Vaqon-konteyneri ondan alan şəxsə həmin konteynerin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əldə etdiyi pulu müalicəsi üçün xərcləmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkir. İlk dəfədir cinayət törədib. Əvvəllər məhkumluğu olmamışdır. Hasarın dağılmış hissəsini sonradan düzəltmişdir. Dəymiş 560 manat ziyanı zərərçəkmiş şəxsə ödəməyə çalışsa da, zərərçəkmiş şəxs qəbul etməmişdir. Bundan başqa himayəsində iki yetkinlik yaşına çatmayn uşağı vardır. Bir uşağı “uşaq autizmi”ndən əziyyət çəkir, İİİ qrup əlildir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən bağ sahəsi kimi torpaq sahəsi almışdır. Təxminən 5 il olar ki, həmin torpaq sahəsinə hasarın darvaza olan hissəsinə öz vəsaiti hesabına işlənmiş dəmir vaqon (konteyner) qoydurmuşdur. Maddi imkanı olmadığı üçün hasarın darvaza hissəsinə dəmir vaqon yerləşdirmişdir. Konteyneri 500 manata almışdır. Konteynerin içərisində 30 manat dəyərində 01 ədəd əl arabası, 01 ədədin dəyəri 10 manat olan 3 ədəd 30 manat dəyərində bel olmuşdur. Bundan başqa dəyəri olmayan köhnə ləvazimatlar, alətlər və s. əşyaları yığılmışdır. 09 avqust 2024-cü il tarixdə saat 18:30 radələrində bağ sahəsinin yaxınlığında yaşayan qonşu zəng edərək, ona məxsus həyətdən tanımadığı 03 nəfər şəxslərin konteyneri **-JP-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinə yükləyib apardıqlarını bildirmişdir. Qonşu konteyneri aparan şəxslərdən onların şəxsiyyətləri barədə maraqlandıqda həmin şəxslər guya ona bu barədə məlumat verdiklərini demişlər. Həmin şəxslərin konteyneri oğurladıqlarını başa düşmüşdür. Qeyd olunan ünvana getdikdə görmüşdür ki, ona məxsus bağ sahəsinə girişdə qoyulmuş dəmir konteyner yerində yoxdur, konteyneri olduğu yerə yaxın ərazidə mişar daşı ilə hasarlanmış hasarın bir hissəsi uçub dağılmış vəziyyətdədir. Hasarın uçurulması nəticəsində ona 1.500 manat, oğurluq hadisəsi nəticəsində isə 560 manat maddi ziyan dəymişdir. Sonradan onlara məlum olmuşdur ki, konteyner **-JP-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə aparılmışdır. Hadisə barədə məlumatlı olan yanında olmuş bacısı Elnarə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Mülki iddiasını müdafiə edərək 2060 manat məbləğində pul vəsaitinin X2 tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş qeyd edilən məbləğdə ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 2013-cü ildə bacısı Kəmalə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük sovxozu ərazisindən bağ sahəsi kimi torpaq sahəsi almışdır. Təxminən 5 il olar ki, Kəmalə tərəfindən həmin torpaq sahəsinə hasarın darvaza olan hissəsinə işlənmiş dəmir vaqon (konteyner) qoydurulmuşdur. Konteyneri Kəmalə öz vəsaiti hesabına 500 manata almışdır. 09 avqust 2024-cü il tarixdə saat 18:30 radələrində bağ sahəsinin yaxınlığında yaşayan qonşu zəng edərək, Kəmaləyə məxsus həyətdən tanımadığı 03 nəfər şəxslərin konteyneri **-JP-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinə yükləyib apardıqlarını bildirmişdir. Qonşu konteyneri aparan şəxslərdən onların şəxsiyyətləri barədə maraqlandıqda həmin şəxslər guya Kəmaləyə bu barədə məlumat verdiklərini demişlər. O və Kəmalə həmin şəxslərin konteyneri oğurladıqlarını başa düşmüşlər. Qeyd olunan ünvana gəldikdə görmüşlər ki, Kəmaləyə məxsus bağ sahəsinə girişdə qoyulmuş dəmir konteyner yerində yoxdur, konteyneri olduğu yerə yaxın ərazidə mişar daşı ilə hasarlanmış hasarın bir hissəsi uçub dağılmış vəziyyətdədir. Sonradan onlara məlum olmuşdur ki, konteyner **-JP-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə aparılmışdır. Hadisə barədə istifadəsində olan 070- ***-**- ** saylı mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsində işləyir. Məntəqəyə gətirilən metal tullantılarını fərdi qaydada müxtəlif şəxslərdən şəxsiyyət vəsiqələrin kserosurətini almaqla qəbul edir. 09 avqust 2024-cü il tarixdə saat 21 radələrində məntəqədə olarkən **-JP-*** dövlət qeydiyyat nişanlı «156» evakuator xidmətin yük avtomobili ilə bir ədəd köhnə dəmir vaqon (konteyner) gətirilmişdir. Konteyneri gətirən əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs vaqonun (konteyner) özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş, Ramiz ona şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onunla vaqonun dəyərini razılaşmış və ondan 250 manata həmin konteyneri almışdır. Vaqonun çəkisi ölçülmüş və bununla bağlı qəbz də gətirilmişdir. Qəbzi də götürüb kserosurətini çıxarıb özündə saxlamışdır. Vaqonun çəkisi 720 kq. olmuşdur. Vaqonu qəbul etdikdən sonra Təqsirləndirilən şəxs gəldiyi evakuator avtomobili ilə çıxıb getmişdir. Vaqonun içərisində 01 ədəd əl arabası və 03 ədəd bel olmuşdur. 10 avqust 2024-cü il tarixdə polis əməkdaşları onun işlədiyi məntəqəyə gəlib bildirmişlər ki, bəs Təqsirləndirilən şəxs aldığı vaqon oğurluqdur, Ramiz həmin vaqonu oğurlayıb. Polis əməkdaşlarına bununla bağlı izahat vermiş və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin, ona təqdim etdiyi vaqonun çəkisi ilə bağlı qəbzin kserosurətlərini izahatına əlavə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona bildirdiyi istifadəsində olan mobil nömrəni də polis əməkdaşlarına təqdim etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs görməmiş, tanımamış, ondan hər hansı bir əşya almamışdır. Oğurluq olması barədə ona Təqsirləndirilən şəxs heç bir söz deməmiş, əgər belə bir söz desə idi o, vaqonu almazdı. Təqsirləndirilən şəxs aldığı vaqonu (konteyner) sonradan adını və anket məlumatlarını bilmədiyi şəxsə bir qədər baha qiymətə satıb gəlir əldə etmişdir. Təqsirləndirilən şəxs vaqonu hansı ünvandan oğurlaması, vaqonun kimə məxsus olması barədə məlumatı olmamışdır Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayından etibarən 156 Evakuasiya və Evakuator Xidmətində sürücü işləyir. 09 avqust 2024-cü il tarixdə 17-18 radələrində «156 xidməti»dən ona yönləndilmiş adını və anket məlumatlarını bilmədiyi müştəri ilə əlaqə saxlamışdır. Həmin şəxs ona bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük Sovxozu adlanan ərazidədir və ərazini ona izah etmişdir. Qeyd olunan ünvana getmiş və orada adını sonradan bildiyi Ramiz adlı şəxs ona bildirmişdir ki, bağ sahəsi və orada olan dəmir vaqon-konteyner də ona məxsusdur, onu götürüb metal qəbuluna aparıb vermək lazımdır. Ramiz adlı şəxsə inanmış, evakuatorun bərkidici hissələrini çöldən konteynerə bərkitmişdir. Hasardan aşmamışlar. Konteynerin küçəyə olan hissəsində keçiriləsi yer olmuşdur. Evakuatorun bərkidici hissəsini oraya keçirmiş, idarə etdiyi “Hyundai HD-78” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilin üzərində quraşdırılmış yük qaldırıcı qurğu ilə dəmir vaqon-konteyneri götürüb avtomobilin üzərinə yerləşdirmişdir. Ümumiyyətlə bunun üçün hasardan aşıb içəridən harasa nəsə keçirtməyə ehtiyac yoxdur. Vaqonun küçəyə olan hissəsindən qarmağı keçirtmək kifayətdir. Dəmir vaqon-konteyner hasara bitişik olduğu üçün vaqon-konteyneri götürərkən hasarın bir hissəsi dağılmışdır. Vaqon-konteyneri evakuator avtomobilə yükləyən zaman bir nəfər qonşuluqda yaşayan şəxs çıxıb görmüşdür ki, onlar vaqonkonteyneri götürüb aparırlar. Ramiz həmin şəxsə bağ sahibi olduğunu, konteynerin də ona məxsus olduğunu demişdir. Bundan sonra həmin şəxs aralanıb getmişdir. Daha sonra Ramiz onun idarə etdiyi evakuator avtomobili ilə dəqiq bilmədiyi ünvanda fəaliyyət göstərən metal qəbulu məntəqəsinə gedib orada Ramiz şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etməklə vaqon- konteyneri 250 manata satmışdır. Ramiz ona gediş haqqı ödədikdən sonra o, Ramizdən aralanıb çıxıb getmişdir. Sonradan istintaqdan məlum olmuşdur ki, dəmir vaqon-konteyner Təqsirləndirilən şəxs məxsus olmamış, o, həmin konteyneri gizli olaraq talayıb oğurlamışdır. Şəxsən bu barədə məlumatı olmamış, məlumatı olsa idi konkteyneri avtomobilə yükləmədən dərhal oradan uzaqlaşıb hüquq mühafizə orqanına məlumat verərdi. Konteyneri götürən zaman, yəni evakuatorun üzərinə qaldıran zaman qapısı açıq olduğu üçün içərisində araba olduğunu görmüşdür. Ramiz konteyneri həmin əşyalarla birlikdə satmışdır. Nə o, nə Ramiz hasardan aşıb həyətə daxil olmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi hasarlanmış, darvazası yoxdur. Darvaza yerinə qoyulmuş dəmir vaqon oğurlanmış, hasar həmin yerdən uçurulmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş Milli Onkologiya Mərkəzinin ambulator kartadan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əsas diaqnoz C32.8-qırtlağın yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi cT4aN2bM0 mərhələ İV A G1, diaqnoz qeydi: qırtlağın xərçəngi, qida borusuna invaziya, boyun limfa düyünlərinə metastaz, traxeostomiya, 3 kusr PKT, şüa terapiya və 3 kurs PKT-dən sonrakı vəziyyət cT4aN2bM0 İV A mərhələ qeyd edilmişdir. Eyni zamanda xəstəyə dinamik nəzarət məsləhət olunmuşdur. AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli əlildir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki uşağı vardır. AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən arayışdan görünür ki, X3 uşaq autizmi, kanner sindromu, yüngül kəmağıllılıq,qulluq və maülicə tələb edən ciddi nitq və davranış pzountuları diaqnzou qoyulmuş və İİİ dərəcəli əlildir. AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-166/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Sabunçu RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, zərərçəkmiş şəxs oğurluq nəticəsində ona vurulmuş 560 manat məbləğində ziyanın, eyni zamanda hasarın uçurulması nəticəsində ona əlavə olaraq dəymiş 1500 manat məbləğində ziyanın, ümumilikdə 2060 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə sübutları tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli AR CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, “AR CM-nin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli qərarına əsasən “oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış sahəsinin mənzil hesab edilməsi üçün həmin sahə şəxsi və ailə həyatının yaşandığı və məxfiliyi təmin etmək imkanına malik bir məkan olmaqla, oraya qeyri-qanuni müdaxilə ilə şəxsin şəxsi və ailə həyatının toxunulmazlığına təhlükə yaranmalıdır. Yaşayış sahəsinin mənzil anlayışına daxil ola bilməsi üçün onun yaşayış yeri kimi istifadə edildiyini göstərən xarici əlamətlər olmalı, həmin sahə xarici mühitdən təcrid olunmalıdır. Belə təcrid olunmanın xarakteri, yəni maneələrin nə dərəcədə möhkəm olması əhəmiyyət daşımamaqla, insanların yaşayış tərzinə, sosial və iqtisadi vəziyyətinə, adət-ənənələrə və s. amillərə görə fərqlənə bilər. Həyətyanı torpaq sahəsinin, habelə çəpərlənmiş torpaq sahəsinin “mənzil” anlayışına daxil olub-olmaması ilə bağlı sorğuda qaldırılan məsələyə münasibətdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, torpaq sahəsinin xarici mühitdən ayrılması üçün tədbirlər görülməsi (hasarlanması, çəpərlənməsi və s.), orada şəxsin məişət ehtiyaclarının qarşılanması üçün sahələrin yerləşməsi, şəxsin həmin sahədə şəxsi həyatının müəyyən hissəsini, məsələn istirahətini təşkil etməsi və s. bu kimi işin halları nəzərə alınmaqla, belə sahənin Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə mühafizə olunan dəyərlər baxımından mənzil hesab olunması mümkündür.” Qanunvericiliyin qeyd edilən maddəsinin şərhindən görünür ki, oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi həmin yerlərdə fiziki və hüquqi şəxslərə məxsus qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanıldığından daha ictimai təhlükəli hesab olunur. Şəxs həmin yerlərdə mühafizə olunacaq əşyalarını saxladığından həmin yerlərin mühafizəsində xüsusilə maraqlı olur. Bu məqsədlə, yəni həmin sahələrin mühafizəsi üçün xüsusi tədbirlər görür. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki hallarından məlum olur ki, torpaq sahəsinin sahibi tərəfindən həmin sahə digər ətraf sahələrdən ayrılaraq hasarlanmış və hasarın bir hissəsinə darvaza əvəzinə mülkiyyətçi tərəfindən vaqon yerləşdirilmişdir. Bu işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs tərəfindən məhz həmin vaqon gizli olaraq talanmışdır. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs hasardan aşmadığını, evakuator vasitəsilə həmin vaqonun götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş evakuator sürücüsü Şahid2 da bildirmişdir ki, hasardan aşıb həyətə daxil olmamışlar, ümumiyyətlə vaqonu götürmək üçün hasardan aşıb həyətə daxil olmağa ehtiyac yoxdur, evakuatorun bərkidici hissələrini vaqonun küçəyə olan hissəsinin bir yerindən keçirtmək kifayətdir. Yəni, göründüyü kimi zərərçəkmiş şəxsin hasara aldığı torpaq sahəsinə təqsirləndirilən şəxs tərəfindən daxil olunmamışdır. Bundan başqa oğurluq cinayətinin predmeti zərərçəkmiş şəxsin ətraf sahələrdən ayıraraq mühafizə etdiyi torpaq sahəsinin daxilində yerləşən hər hansı əşya deyil, məhz həmin sahəni mühafizə etmək məqsədilə çəkilən hasarın bir hissəsini təşkil edən vaqon olmuşdur. Mülkiyyətçi tərəfindən həmin vaqon mühafizə olunan sahənin daxilində saxlanılmadan, yəni bu yolla onun digər yan təsirlərdən qorunma imkanı təmin edilmədən həmin sahənin mühafizəsi üçün bir vasitə kimi istifadə edilmişdir. Bu isə həmin vaqonun oğurlanmasının saxlanc yerinə daxil olmaqla oğurluq kimi qiymətləndirilməsini istisna edir. Mülkiyyətçi şüurlu olaraq onun üçün əhəmiyyət kəsb edən əşyaları xüsusi mühafizə altına alaraq digər yan təsirlərdən məsələn talanmaqdan qorumaq üçün həmin əşyaları saxlanc yerlərində, xüsusi mühafizə olunan yerlərdə saxlayaraq mülkiyyətini mühafizə altına almış olur. Bununla da kənar şəxslərin şüurunda həmin sahənin mühafizə olunduğu kimi bir təəssürat yaranmış olur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hasarın bir hissəsini təşkil edən vaqonun oğurlanması CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır. Bundan başqa məhkəmə vaqonun içərisində olan əşyaların oğurlanması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında həmin vaqonun içərisində hər hansı əşyanın olmadığını bildirmişdir. Şahid2 isə vaqonun içərisində hər hansı əşyanın olmasını vaqonu evakuatara qaldıran zaman vaqonun qapısı açıq olduğundan gördüyünü, təqsirləndirilən şəxsin hasarı aşaraq həyətə daxil olmadığını bildirmişdir. Belə olan halda şəxsin əməlinin vaqona qanunsuz daxil olaraq oradakı əşyaların oğurlanması kimi qiymətləndirilməsi qanunvericiliyin tələbinə uyğun deyil. AR CM-nin 177-ci maddəsi subyektiv cəhətdən birbaşa qəsdlə və tamah niyyəti ilə törədilən cinayətdir. Yəni, şəxs özgəsinin əmlakını qanunsuz və əvəzsiz olaraq götürdüyünü dərk edir, bunun əmlakın mülkiyyətçisinə real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini qabaqcadan arzu edir. Tamah niyyəti qeyd edilən cinayətin subyektiv cəhətinin zəruri əlamətidir. Yəni, şəxsin vaqonun içərisində olan əşyaları götürmək niyyətinin olduğunun müəyyən edilməməsi həmin əşyalara münasibətdə oğurluq cinayətinin törədilməsi qənaətinə gəlinməsini istisna edir. İşin faktiki hallarından da görünür ki, şəxsin qəsdi məhz vaqonun oğurlanmasına yönəldilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid də bildirmişdir ki, vaqonu evakuatora qaldıran zaman qapısı açıq olduğundan içərisində araba olduğunu görmüşdür və təqsirləndirilən şəxs hasardan aşıb həyətə daxil olmamışdır. Evakuator sürücüsü gələnə qədər təqsirləndirilən şəxsin bunu müəyyənləşdirməsi, yəni vaqonun içərisində əşyaların olduğunu bilməsi və qəsdinin həmin əşyalara yönəlməsini təsdiq edən hər hansı mötəbər sübuta rast gəlinməmişdir. Sübut olmadığı halda məhkəmənin belə bir qənaətə gəlməsi yalnız ehtimala əsaslana bilər ki, bu da qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Bundan başqa məhkəmə qeyd etməyi vacib hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan belə məlum olur ki, vaqonun içərisində olan əşyaların dəyəri 60 manatdır. Halbuki AR CM-nin 177-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi CM-nin 177.2.3-cü maddəsi ilə məsuliyyətin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya sahibinə dəymiş ziyanın məbləği 100 manatdan yuxarı olmalıdır. Hazırki iş üzrə isə istintaq orqanı tərəfindən vaqonun içərisində olan əşyalara münasibətdə zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği 60 manat müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CMnin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini, İ qrup əlil olmasını, himayəsində İİİ qrup əlil uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, eyni zamanda xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə (ev dustaqlığında) saxlanıldığı müddət nəzərə alınaraq ümumilikdə 01 ay 29 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, zərərçəkmiş şəxs oğurluq nəticəsində ona vurulmuş 560 manat məbləğində ziyanın, eyni zamanda hasarın uçurulması nəticəsində ona əlavə olaraq dəymiş 1500 manat məbləğində ziyanın, ümumilikdə 2060 manat məbləğində pulun X1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin hasarın uçurulması nəticəsində ona 1500 manat məbləğində ziyanın dəyməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, hasarın sökülmüş hissəsi təqsirləndirilən şəxs tərəfindən bərpa olunaraq hörülmüşdür. (bu halı zərərçəkmiş şəxs özü təsdiq etmişdir) Ona görə məhkəmə hesab edir, mülki iddia qismən təmin edilməli və 560 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 5 manat dövlət rüsumu, ümumilikdə 565 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs-mlüki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən AR CM-nin 177.1-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətlər nəzərə alınaraq ümumilikdə 1 ay 29 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin və Təqsirləndirilən şəxs 560 manat pul və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 5 manat dövlət rüsumu, ümumilikdə 565 manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 20 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 120 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra keçirilən məhkəmə iclasları zamanı isə sərf etdiyi 8 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 88 manat məbləğində vəsait, cəmi 208 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar