Məhkəmə qərarları › İş №1(008)-169/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-169/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-169/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-257/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,703 qram kustar üsulla hazırlanmış psixotrop metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın arxa sağ yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 6 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,354 qram, 0,498 qram, 0,297 qram, 0,200 qram, 0,182 qram, 0,172 qram, ümumi təmiz çəkisi 1,703 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manat müqabilində bir neçə bükümdə psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. 21 sentyabr 2022 tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində piyada gəzərkən iki nəfər polis əməkdaşının ona yaxınlaşdığı görərək həyəcanlanmış və oradan uzaqlaşmağa çalışmış, lakin, polis əməkdaşları buna imkan verməyərək onu saxlamışlar. Polis əməkdaşları ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmiş, o, üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədin olmadığını bildirmiş, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət edilmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birinə gətirildikdən sonra onun hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli şalvarın arxa sağ yan cibindən üzərində saxladığı 6 ədəd bükümü çıxaraarq polis əməkdaşlarına təqdim etmiş, sorğu zamanı, polis əməkdaşlarına həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümlərə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində edir və polis mayoru rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə xidmət etdiyi ərazidə cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, ictimai asayişin qorunması və s. daxildir. Xidməti ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin artması ilə əlaqədar mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması üçün ərazidə xidmət aparılır. 21 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamada və dövriyyəsində şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmiş, bölməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs bölməyə gətirilməsinə dair raport tərtib edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını, lakin, şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini bildirmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, göy rəngli şalvarın arxa sağ yan cibindən 6 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, sorğu zamanı, polis əməkdaşlarına həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən həm özünün istifadəsi, həm də satış məqsədilə 100 manat müqabilində aldığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunduqdan sonra protokolun və qablaşdırılmış zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 şahid X2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 10-cu vərəqəsində olan 21 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqəsində olan 21 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa sağ yan cibindən 05 ədəd siqaretin qızılı rəngli kağızına 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli, kristal formalı maddə aşkar olunuraq götürülmüşdür. Həmin protokolda təqsirləndirilən şəxsin psixotrop maddəni əldə etməsinin məqsədi “satmaq” kimi qeyd edilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 47-48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 6/5386 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,354 qram, 0,498 qram, 0,297 qram, 0,200 qram, 0,182 qram, 0,172 qram ümumi təmiz çəkisi 1,703 qram ağ rəngli kristallik maddə hissəciklərdən ibarət kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1.523 qramdır. Cinayət işinin 76-79-cu vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 805/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan 23 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.523 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 87-91-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-257/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün onun cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 07 oktyabr 2022-ci il tarixli, 5859 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-cu vərəqəsində olan 27 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzası 360 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 19 dekabr 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(008)- 620/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-uiıı 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 06 ay 04 gün hissəsi 6 ay azaldılmış, qalan 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 05 noyabr 2021-ci il tarixindən etibarən tam çəkib qurtardığına görə cəzaçəknıə müəssisəsindən dərhal azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə hərəkətlərin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın arxa sağ yan cibindən aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində daşıması müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə və saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadəsi üçün əldə etdiyini” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirən halın olmamasını kimi nəzərə alır və cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halı nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-257/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 sentyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1.523 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.523 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar